Mezazoy dərinliyi və müasirlik
Çoxəsrlik
inkişaf yolu və zəngin
ənənələri olan Azərbaycan elminin böyük
simaları arasında görkəmli alim və
ictimai xadim, Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, Dövlət mükafatı
laureatı, əməkdar elm xadimi, akademik Akif Əlizadənin özünə məxsus mühüm xidmətləri və xüsusi yeri vardır. Akademik Akif Əlizadə ölkəmizdə
və beynəlxalq aləmdə geologiya
sahəsində özünün elmi məktəbini yaratmış,
yaradıcı fəaliyyəti yüksək təşkilatçılıq
işi, fəal vətəndaşlıq
missiyası ilə üzvi surətdə əlaqələndirməyi
bacarmış böyük alim - təşkilatçı kimi
qəbul olunur. Yarım əsrdən
çoxdur ki o, geniş mənada yer elmləri və təbiət elmlərinin,
xüsusən də geologiya elminin inkişafı sahəsində yorulmadan ardıcıl və səmərəli
şəkildə fəaliyyətini davam
etdirməkdədir.
Akademik Akif Əlizadənin
şəxsi və elmi tərcümeyi-halı
geniş mənada geologiya
elmi və Azərbaycan geologiyası ilə
üzvi surətdə bağlıdır. Geologiya Akif Əlizadə üçün elmlə həyatı birləşdirən
möhkəm bir körpüdür.
Abşeron coğrafiyası mühitində
formalaşmış, Azərbaycan Sənaye İnstitutunun
geoloji-kəşfiyyat fakültəsini bitirmiş,
qısa müddət Suraxanıneft mədənlərində
çalışmış Akif Əlizadə
1957-ci ildən etibarən taleyini həmişəlik
olaraq geologiya elminə
bağlamışdır. Artıq 57 ildir ki, o, Azərbaycan geologiya elminin
inkişafı yollarında ardıcıl olaraq,
yorulmadan səmərəli şəkildə
fəaliyyət göstərməkdə davam
edir.
Məlum
olduğu kimi, Azərbaycan
geologiya elmi son yüzillikdə
formalaşmışdır. Ölkənin təbii sərvətləri
nəzərə alınmaqla Azərbaycanda neft
geologiyası və dağ-mədən geologiyası daha çox inkişaf etmiş, perspektivli sahə kimi həmişə
diqqət mərkəzində dayanmışdır. Bununla yanaşı,
XX əsrdə Azərbaycanda paleontologiya elm sahəsi də yaranmış və Təbaşir
dövrünün öyrənilməsi
istiqamətində də özünəməxsus mühüm nailiyyətlər
qazanılmışdır. Akif Əlizadə
də həyatını həm Azərbaycan, həm də dünya üçün yeni və aktual olan paleontologiya sahəsinə
həsr etmişdir. Yer
kürəsinin Mezazoy qatının dərinliklərində
baş verən proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin ciddi və
səmərəli araşdırmaları ilə yeni bir dərinlik
qazanmışdır. Akademik Akif Əlizadənin tədqiqatları
Aralıq dənizi ətrafından Qafqaza,
Xəzər dənizi hövzəsinə qədərki böyük bir
coğrafiyanı əhatə edir. Görkəmli alimin özünəməxsus
paleontoloji metodları və
yanaşmaları ilə, necə deyərlər, Yerin təkinin dərinliklərinin geologiya ilə yanaşı, coğrafiya,
zoologiya, biokimya elmlərinin
kompleks tətbiqi əsasında və riyazi elementlərin cəlb edilməsi vasitəsilə
daha dəqiq öyrənilməsinin əhəmiyyəti,
elmi cəhətdən faydalı olduğu əsaslandırılmışdır.
Akif müəllimin böyük
uğurla 1961-ci ildə təqdim etdiyi namizədlik, 1969-cu ildə müdafiəyə
çıxardığı doktorluq
dissertasiyaları Azərbaycan geopaleontologiyasında mühüm elmi hadisə kimi diqqəti cəlb etmişdir.
Akademik Akif Əlizadənin imzası ilə yarım əsrdən
artıq dövrdə təqdim olunan
çoxsaylı əsərlər, monoqrafik
tədqiqatlar, mühüm nəzəri və
təcrübi əhəmiyyətə malik
olan məqalələr, elmi-kütləvi
xarakterli əsərlər Azərbaycan geologiya elminin inkişaf yolunu, mühüm uğurlarını əks
etdirən qiymətli və zəngin irsdir.
Akademik Akif Əlizadənin
əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir
coğrafiyanın geopaleontozoologiyası sistemli
şəkildə tədqiq olunub ümumiləşdirilmişdir.
Qafqazın Azərbaycan hissəsinin
geopaleontozoologiyasının elmi əsaslarla
tədqiqi də akademik Akif
Əlizadənin adı ilə bağlıdır. Bu, Azərbaycan geologiya
elminə, azərbaycanşünaslığa sanballı elmi xidmətdir. Kiçik
Qafqazın və Macarıstanın timsalında Şərqi
Avropanın Mezazoy qatının
geopalentologiyasının, Təbaşir dövrünün
müqayisəli tədqiqi məsələlərini də geniş elmi ictimaiyyətə
akademik Akif Əlizadə
təqdim etmişdir. Müxtəlif
illərdə Türkiyə, Böyük Britaniya, Norveç, İran alimləri ilə birgə
apardığı, əksər məqamlarda rəhbərlik etdiyi elmi tədqiqatlar,
beynəlxalq konfranslardakı məruzələri, dövlət
reyestrlərinə daxil olan
ixtiraları və patentləri akademik Akif Əlizadənin Azərbaycandan uzaqlarda da elmi
ictimaiyyət tərəfindən qəbul olunmuş görkəmli bir
alim olduğunu isbat etmişdir. Akademik Akif Əlizadənin
elmi rəhbərliyi ilə Bakıda, Moskvada, Xarkovda nüfuzlu dissertasiya
şuralarında uğurla müdafiə etmiş tanınmış yetirmələrinin
əsərləri ilə Azərbaycan geologiya
elmi daha da zənginləşmişdir.
Başçılıq etdiyi konkret elmi istiqamət əsasında
yaradılmış laboratoriyada
çalışan alimlərin sistemli tədqiqatları
da bura əlavə olunarsa, ölkəmizdə Təbaşir dövrünün geopaleontozoologiyası məktəbi
formalaşmışdır. Bu, yəni Təbaşir dövrünün,
Mezazoy qatının dərinliklərinin və
ozünəməxsusluqlarının faunasının, stratiqrafik materiallarının tədqiq edilməsi
və mühüm elmi
nəticələrin əldə edilməsi akademik
Akif Əlizadənin Azərbaycan paleontologiya elmində yaratdığı yeni elmi istiqamətdir.
Bundan başqa, akademik Akif Əlizadə paleocoğrafiya, neft
geologiyası, ekologiya istiqamətlərində
də dərinliklərə aparan qiymətli
tədqiqat əsərlərinin də müəllifidir. Akademik Akif Əlizadənin
rəhbərliyi ilə hazırlanmış və onun baş redaktorluğu
ilə nəşr olunmuş "Azərbaycan
geologiyası" səkkizcildliyi Vətən elminə
sanballı töhfədir. Akif Əlizadənin
2011-ci ildə "Nafta Press"
nəşriyyatında çap etdirdiyi "Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin
20 ilində" kitabı Azərbaycan elm tarixi üçün qiymətli
əlavədir. Azərbaycan Tibb
Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik
Əhliman Əmiraslanovun haqlı olaraq yazdığı
kimi, "Akif müəllim
elmdə qazandığı görkəmli nailiyyətlərə,
dünya elminə verdiyi
töhfələrə, Azərbaycan elminin
inkişafı yolunda göstərdiyi misilsiz xidmətlərə görə... məsuliyyətli
akademik adını şərəflə
daşıyır".
Tərcümeyi-halı
akademik Akif Əlizadənin
həm də böyük elm
təşkilatçısı olduğunu
da təsdiq edir. Heç
şübhəsiz, bu istiqamətdə onun nəsil şəcərəsindən: ata babası şeyxülislamlıq səviyyəsinə
yüksəlmiş Axund Ağacavad
oğlu Əlizadədən,
tanınmış həkim və səhiyyə təşkilatçısı
olmuş atası Ağamehdi
Əlizadədən gələn genetikanın da
özünəməxsus rolu
vardır. Bundan başqa, ali
təhsil aldığı Azərbaycan Sənaye İnstitutunda, fəaliyyət göstərdiyi
Elmlər Akademiyasında gənclər təşkilatından,
tələbə elmi cəmiyyətindən
başlanan yolun təşəbbüskarlığı
və təcrübəsi də ilkin
bünövrə, möhkəm təməl mənasında
mühüm rol
oynamışdır. Akif Əlizadə
Elmlər Akademiyası sistemində ən gənc elmlər doktoru, ən cavan institut direktorunun müavini və direktoru rekordunu qazanmış nadir
insanlardandır. Hələ 35 yaşında ikən
böyük uğurla
doktorluq dissertasiyası müdafiə edərək
geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi
almış Akif Əlizadə təkcə
bu elm sahəsində deyil, bütövlükdə Azərbaycan
elmində ən gənc elmlər doktorlarından biri olmuşdur. Azərbaycan Elmlər Akademiyası sistemində 36
yaşında elmi-tədqiqat institutu direktorunun müavini, 42
yaşında isə Geologiya İnstitutunun direktoru vəzifəsinə
yüksəlməsi elmi-təşkilati fəaliyyət
baxımından ciddi bir
rekorddur. fikrimizcə, akademik
Akif Əlizadə ölkəmizdə ən
çox direktorluq
stajına malik olan elm təşkilatçısıdır.
Azərbaycan Milli Elmlər
Akademiyasının Geologiya İnstitutu 38 ildir ki, akademik Akif
Əlizadənin rəhbərliyi ilə səmərəli
şəkildə fəaliyyətini davam
etdirməkdədir. fikrimcə, Geologiya
İnstitutundakı ölkə elmi
miqyasında nəzərə çarpacaq
səviyyədə diqqəti cəlb edən keyfiyyət
göstəriciləri 45 ilə yaxın davam
edən rəhbərlik-təşkilatçılıq fəaliyyətinin
böyük səmərəsini nəzərə
çarpdırır. Belə ki, akademik Akif Əlizadənin
rəhbərlik etdiyi Geologiya
İnstitutu Azərbaycanda və dünyada bu mötəbər
elm sahəsi üzrə əsas mühüm elmi mərkəzlərdən
biri hesab olunur. Geologiya İnstitutunda
formalaşmış elmlər doktorları və fəlsəfə
doktorları, dosentlər və professorlar,
Elmlər Akademiyasının həqiqi və müxbir
üzvləri ölkəmizdə geologiya elminin tədqiqi, tədrisi, geoloji
kəşfiyyat işlərinin idarə olunması sahələrində
böyük mövqe
qazanmış və Vətənə sanballı töhfələr
vermişlər.
Akademik Akif Əlizadə Azərbaycan
Milli Elmlər Akademiyasında
inkişafın bütün pillələrini
keçmişdir. Geologiya İnstitutunda
baş laborant kimi fəaliyyətə başlayan
Akif Əlizadənin kiçik
elmi işçilikdən direktorluğa
qədər keçdiyi zəngin və
şərəfli yol, təkamül
prosesində qazandığı böyük
təcrübə, əldə etdiyi əsas
elmi nailiyyətlər sonrakı mərhələlərdə
də onun irəliyə doğru inkişafını şərtləndirmişdir.
Elm sahəsində
əldə etdiyi mühüm
nəticələrə və təşkilatçılıq
istiqamətindəki böyük təcrübəsinə
görə akademik Akif
Əlizadənin vaxtilə Elmlər Akademiyasında akademik katib və vitse-prezident vəzifələrinə
seçilməsi elmi ictimaiyyət tərəfindən
təbii şəkildə qarşılanmışdır.
Azərbaycan alimlərinin akademik heyəti
24 mart 2013-cü ildə yekdilliklə
görkəmli elm xadimi,
akademik Akif Əlizadəni
Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçmişlər.
Akademik Akif Əlizadənin Geologiya
İnstitutunun kiçik
elmi işçiliyindən Milli Elmlər Akademiyasının prezidentliyinə
qədər keçdiyi keşməkeşli,
mənalı, məsuliyyətli və şərəfli yol böyük elmə, alimlik andına sədaqətin əhəmiyyətli
bir nümunəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiya hazırda inkişafının islahatlar dövrünü
yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müəyyən etdiyi elm strategiyasının, elmin
inkişafı siyasətinin həyata keçirilməsi istiqamətində
Milli Elmlər Akademiyasında mühüm addımlar atılmaqdadır. Hər
şeydən əvvəl, Milli Elmlər
Akademiyasının nüfuzunun artması,
cəmiyyətin inkişafındakı rolunun
qüvvətləndirilməsi istiqamətində düşünülmüş tədbirlər
müəyyənləşdirilib gerçəkləşdirilir.
Milli Elmlər
Akademiyası Rəyasət heyətinin akademik
Akif Əlizadənin sədrliyi ilə
keçirilən iclaslarında respublika üçün faydalı və əhəmiyyətli
olan, nəzəri-təcrübi sanbalı
ilə diqqəti cəlb edən problemlər müzakirəyə
çıxarılır, ətraflı diskussiya
şəraitində işgüzar və səmərəli
dialoqa geniş meydan açılır. Bu
proses tədricən Milli
Elmlər Akademiyasının elmi-tədqiqat
institutlarını da əhatə etməkdədir.
Bundan başqa, Milli Elmlər
Akademiyasının idarə edilməsinin təkmilləşdirilməsi
sahəsində də yeni təşəbbüslər
irəli sürülür, çevik və müasir
idarəetmə qurumları, zamanın tələbindən doğan təzə struktur
bölmələr yaradılır. Elmin
təşkilində və müasir idarəetmənin
təmin olunmasında informasiya
texnologiyalarının yeri və
meydanı sürətlə genişləndirilir. Artıq Elmlər
Akademiyası sistemində yeni informasiya texnologiyalarının tətbiqi ilə
əlaqədar konkret proqramlar
həyata keçirilir. Bütün
bunlar ölkədə azərbaycançılıq
ideologiyasının daha da
genişləndirilməsinə və möhkəmləndirilməsinə
xidmət edən azərbaycanşünaslığın
inkişafına doğru istiqamətləndirilir.
Milli Elmlər Akademiyası müstəqil
Azərbaycanın müasir
inkişafında daha yaxından iştirak edir, cavabdehlik düşüncəsi dərinləşir.
Milli Elmlər Akademiyasında bu
böyük elmi qurumun rəhbərinin
çağırışı ilə fənlərarası, elm sahələri arası əlaqələrin
təmin edilməsi, yaxınlaşdırılması
proqramına start verilmişdir.
Geologiya İnstitutunun direktoru və
görkəmli paleontoloq kimi
həmin elm sahəsinin yer
elmləri və təbiət elmləri ilə əlaqələndirilməsi
üzrə uzun illər ərzində
sınaqdan çıxarılmış, elmi
təcrübədə əhəmiyyətli olduğu
isbat edilmiş fənlərarası
əlaqələndirmənin hazırda Milli
Elmlər Akademiyasının prezidenti
Akif Əlizadənin rəhbərliyi ilə
akademiya miqyasında həyata keçirilməsinə
başlanılmışdır. Bu, həm
geniş elmi
dünyagörüşə, çoxsahəli qabiliyyətlərə
və bacarıqlara malik yeni
elmi nəslin
formalaşdırılmasına, həm də elm
sahələrinin qarşılıqlı surətdə zənginləşməsinə
təkan verir.
Milli Elmlər Akademiyasının beynəlxalq
əlaqələri də genişləndirilir. Cəmi
bir neçə ay ərzində
Azərbaycan Milli Elmlər Akademiyasının
Polşa, Latviya, Belarus, Özbəkistan akademiyaları ilə
imzaladığı sazişlər, əldə etdiyi razılaşmalar həm beynəlxalq elmi təcrübənin öyrənilməsinə,
həm də ölkəmizin elmi nailiyyətlərinin
dünya miqyasında təbliğinə
şərait yaradır.
Həmçinin
Milli Elmlər Akademiyasında özü də gənclər hərəkatından
böyük elmə gəlmiş akademiya rəhbərinin dəstəyi ilə gənc
alimlərin və mütəxəssislərin fəaliyyət
dairəsinin genişləndirilməsinə, onlara
tələbkarlıq və qayğının artırılmasına xüsusi
diqqət yetirilir. AMEA-nın
prezidentinin təklifi əsasında akademiyada gənc alimlər üçün
xüsusi elmi
jurnalın nəşrinin planlaşdırılması, gənc
kadrların konkret işlərə cəlb
olunması, doktorantların dünya
ölkələrinə stajirovkaya göndərilməsi
həmin prosesin inkişafda
olduğunu göstərir. Milli Elmlər
Akademiyasında innovasiya yönlü
elmi tədqiqatların, layihələrin
icrası üçün sosial-iqtisadi
tutumlu səmərələşdiricilik və
ixtiraçılıq fəaliyyətlərinə, istehsalatla əlaqəli proqramlara
yol açılması da
yeni mərhələnin islahatları
sırasında dayanır. Bütün
bunlar eyni zamanda Milli Elmlər
Akademiyasının çoxcəhətli fəaliyyətini tənzimləyən
nizamnamənin də yeniləşdirilməsi zərurətini meydana çıxarmışdır.
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni geniş
elmi dünyagörüşlə, zəngin
həyat təcrübəsi, çoxillik
idarəetmə bacarığı ilə yanaşı, həm
də böyük həyat eşqi, nikbinlik səciyyələndirir.
Ölkəmizin əsas elmi-təşkilati qurumuna
uğurla rəhbərlik edən akademik Akif Əlizadə dünya
ədəbiyyatına, Azərbaycan poeziyasına da yaxından bələddir. Akademiya mühitində ictimai və elmi proseslərin
təhlili və istiqamətləndirilməsi proseslərində
nadir poeziya incilərindən,
poetik nümunələrdən yerli-yerində
istifadə etməsi, möhkəm yaddaşa,
mükəmməl hafizəyə sahib
olması akademik Akif
Əlizadənin böyük cavabdehlik hissi ilə
yanaşı, həm də bu işin özünəməxsus
romantikasını da ürəkdən və
dərindən yaşadığını əyani surətdə
nümayiş etdirir. Bütün
bunların zəminində akademik Akif Əlizadənin simasında səksən
yaşın ömrün və fəaliyyətin
dərkolunmuş yeni bir
inkişaf mərhələsi olması konkret fakt və nümunə
kimi cəlbedici, düşündürücü
və əhəmiyyətli görünür.
Azərbaycan elminin
cavanlıq eşqi ilə yaşayıb
çalışan ağsaqqalı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni ürəkdən təbrik
edir, ona möhkəm
cansağlığı və elmimizin, ictimai fikrimizin
inkişafı yollarında daha böyük uğurlar
arzulayırıq.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı,
akademik
Ədəbiyyat
qəzeti.- 2014.- 28 fevral.- S.4.