Ədəbiyyat İnstitutunda
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun
Elmi Şurasının növbəti
iclası keçirilmişdir.
İclası giriş sözü ilə
institutun direktoru, akademik İsa Həbibbəyli
açaraq gündəlikdə duran məsələlər barədə məlumat
vermişdir. Akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisəsində
hazırlanan “Mirzə Fətəli
Axundzadə ensiklopediyası” üzrə nəzərdə tutulan materialların işlənilməsi, nəşrə
hazırlıq vəziyyəti barədə ətraflı
danışmışdır. Azərbaycan Prezidenti, cənab İlham
Əliyevin “Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyinin
keçirilməsi haqqında” sərəncamının böyük əhəmiyyətindən, dahi mütəfəkkirin yubileyinin
müvəffəqiyyətlə keçirildiyini
xüsusi vurğulayan
akademik bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən
Azərbaycan elm və mədəniyyətinə
həmişə diqqət və qayğı göstərilir.
Görkəmli elm və mədəniyyət
xadimləri ilə yanaşı, klassik irsə
doğma münasibət, Azərbaycan mədəniyyəti
tarixində misilsiz xidmətlər göstərmiş
ədəbi simaların möhtəşəm yubiley
tədbirlərinin keçirilməsi də bu
qəbildəndir. Böyük
mütəfəkkir M.F. Axundzadənin yubileyi ilə
bağlı AMEA Rəyasət heyətinin də qərar qəbul
etdiyini və qərara əsasən
müxtəlif tədbirlərin həyata keçirildiyini
xatırlayan institut rəhbəri Ədəbiyyat
İnstitutunda hazırlanan “Mirzə Fətəli Axundzadə
ensiklopediyası”nın böyük əhəmiyyət
kəsb etdiyini
bildirmişdir. Akademik
İsa Həbibbəyli dahi
mütəfəkkiri Azərbaycan ədəbiyyatının nadir simalarından biri kimi səciyyələndirərək nəşri
nəzərdə tutulan ensiklopediyanın
də onun adına layiq
olacağını diqqətə
çatdırmışdır.
Müzakirədə filologiya üzrə elmlər doktorları Zaman Əsgərli, Vaqif
Arzumanlı, Tahirə Məmməd çıxış edərək
ensiklopediya ilə bağlı fikir və mülahizələrini bildirmişlər.
Məsələ
ilə əlaqədar yekun sözü
ilə çıxış edən akademik
İsa Həbibbəyli adıçəkilən
ensiklopediyanın hazırlanması işində əldə olan qaynaqlardan yalnız mənbə
kimi istifadə edilərək yenidən
yazılmasını, ölkəmizdəki mövcud
sənədlərlə bərabər Gürcüstan
və Rusiya arxivlərində də
bu məqsədlə aparılacaq işin vacibliyini bildirmiş, beləliklə, dünya
praktikası əsas götürülərək tamamilə yeni və fərqli bir nəşrin
işıq üzü görməsinin əhəmiyyətini
vurğulamış, bununla bağlı
yaradılan işçi qrupuna
lazımi göstəriş, tapşırıq və
tövsiyələrini vermiş,
tapşırıqların icra müddətini
müəyyənləşdirmişdir.
Sonra gündəlikdə duran
cari məsələlərə
baxılmışdır.
Ağahüseyn Şükürov
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Mətbuat xidmətinin rəhbəri
Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.8.