“Sən yaşa, dünya!..”

  

Martın 5-də Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - xalq şairi Səməd Vurğunun ev muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Rəmzi qırmızı lent kəsildikdən sonra dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri muzeyin ekspozisiyası ilə tanış oldular.

Muzeyin direktoru Aygün Vəkilova çıxış edərək diqqətə çatdırdı ki, Səməd Vurğunun ev muzeyi 1975-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb. "Bu ölkəmizdə açılan ilk memorial muzeydir. Səməd Vurğun ömrünün son iki ilini muzeyin yerləşdiyi bu evdə yaşayıb-yaradıb. Bu divarlar böyük şairin ömrünün ən məşəqqətli günlərinin şahididi. Eyni zamanda, zəmanəsinin ən görkəmli sənətkarları, o cümlədən dahi bəstəkarımız Üzeyir Hacıbəyli dəfələrlə bu evdə şairin qonağı olublar. Burada qızğın sənət söhbətləri ediblər. Ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğun ocağına xüsusi qayğıyla yanaşıb. Bu ənənə ölkəmizin başçısı tərəfindən yenə də yaşadılır. Cənab Prezidentimiz İlham Əliyevin "Xalq şairi Səməd Vurğunun ev muzeyinin əsaslı təmiri haqqında" 2011-ci il 13 dekabr tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təmir işləri təkcə Səməd Vurğun ocağına deyil, ümümilikdə ədəbiyyatımıza, mədəniyyətimizə, sənətə olan diqqətin rəhnidir. Səməd Vurğunonun ailə üzvləri həmişə dövlət və xalq tərəfindən hörmət görüb. Bu hörmət qarşılıqlı və daimidi. Mən cənab Prezidentə də, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə də Səməd Vurğun ailəsi adından minnətdarlıq edirəm. Böyük şair gözəl bir yaz günündə, baharın ölkəmizə qədəm qoyduğu ilk günlərdə dünyaya göz açmışdı. Bu gün dövlət səviyyəsində onun ruhu bir daha şad edildi. Bu, unudulmaz bir diqqət, qayğıkeşlikdi. Əziz ruhların şad edilməsi uca Tanrıya da xoşdu…"

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev da S.Vurğunun ev muzeyinin yenidən öz qapısını ziyarətçilərin üzünə açmasını əlamətdar hadisə kimi qiymətləndirdi: "Xalq şairi Səməd Vurğunun ölməz poezyiası xalqımızın mənəvi xəzinəsidi. Sovetlər məkanının ən görkəmli sənət adamlarının ön cərgəsində Maksim Qorki, Aleksandr fadeyev, Pavel Antoqolski, Konstantin Simonovla yanaşı Səməd Vurğunun da aydın görünən yeri olub. O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyaqətlə, özü də, ön cərgədə təmsil edib. Səməd Vurğun ocağında Aybəniz xanım Vəkilova kimi mədəniyyət fədaisi, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu kimi görkəmli sənətkarlar yetişib. Vaqif müəllimin səhhətində yaranan problem hamımızın diqqətindədi. Tezliklə sağalıb fəaliyyətə başlaması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Bu ailə Azərbaycan xalqı üçün çox əziz və qiymətlidi. Görkəmli şairin xatirəsinin xalq və dövlət, Azərbaycan Prezidenti tərəfindən əziz tutulması çox sevindirici və təbii haldır. Deyim ki, ulu öndərin təşəbbüsü ilə açılmış bu muzeydən sonra ölkəmizdə böyük şəxsiyyətlərin ev muzeylərinin yaradılmasının bünövrəsi qoyulmuş, muzey işinin təkmilləşdirilməsinə, inkişafına başlanmışdır… Səməd Vurğun çətin dövrdə yaşamasına baxmayaraq, onun yaradıcılığının əsasında Vətənə, torpağa sevgi, xalqa məhəbbət, dövlətə xidmət və layiqli vətəndaş mövqeyi durmuşdur. Poeziya ustasının şeirlərinin hər sətrinin arxasında azadlıq hissi ifadə olunmuşdur. Həmçinin onun dram əsərləri öz aktuallığını bu günqoruyub saxlayır. Səməd Vurğunun yaradıcılığı bu günmüasir Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutur və tədqiq olunur…"

Ə. Qarayev əsaslı təmirdən sonra S. Vurğunun ev muzeyinin şairin yaşayıb-yaratdığı dövrün ruhunu əks etdirməklə yanaşı, həm də müasir texnologiya ilə təchiz olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, muzey öz işini gələcəyə belə aparmalıdır. Yeniliklə keçmiş irsimizin qorunub-saxlanmasına xidmət etməlidir.

Sonra mərasim iştirakçıları şairin öz səsində onun məşhur "Bahar" şerini dinlədi.

Akademik Teymur Bünyadov bildirdi ki, böyük şairlə olan görüşlərini, söhbətlərini heç zaman unutmayıb. "Mən onu görmək üçün bəzən piyada şəkildə iki-üç kəndi keçib gəlirdim. İndiki kimi gözümün qabağındadı. Ulu öndər Heydər Əliyev şairin "Azərbaycan" şerini əzbərdən söyləyəndə kövrəlib göz yaşını tuta bilmədiyini televiziyadan izləyəndə mən də həmin günləri xatırlayıb ağlamışam. Böyük insan Səməd Vurğun poeziyasını yüksək qiymətləndirirdi…"

Tədbirdə İ. Əbilov adına Mədəniyyət Mərkəzinin üzvü Turxan Məmmədli S.Vurğunun "Ana" şerini oxudu, Prezident təqaüdçüsü, şairin nəticəsi Vurğun Vəkilov Qara Qarayevin "Eskiz" əsərini ifa etdi.

Mərasim çay süfrəsi arxasında davam etdirildi. Əməkdar müəllim, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Oqtay Rza şairə həsr etdiyi şeri oxudu:

 

Kaş bütün küsənlər barışa, dünya,

Ulduzlar həmişə sayrışa, dünya!

Vurğun milyonların adından deyib:

"Biz gəldi gedərik, sən yaşa, dünya!"

  

Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.1.