Azərbaycanın xalq yazıçısı Anar
ilə
Bişkekdə görüş olub
Azərbaycanın
Qırğızıstandakı səfirliyi və bu ölkənin
Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi
Bişkekin A. Maldıbayev adına Milli Opera və Balet
Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri,
xalq yazıçısı Anar ilə görüş təşkil
etmişlər.
Görüşdə Azərbaycanın
Yazıçılar Birliyinin katibləri, xalq şairi Fikrət
Qoca və Rəşad Məcid, Qırğızıstanın
şair və yazıçıları, elm, mədəniyyət
və incəsənət xadimləri, Azərbaycan diasporunun
nümayəndələri iştirak etmişlər.
Azərbaycanın
Qırğızıstandakı səfiri Hidayət Orucov görkəmli yazıçı
Anarın yubileyinin qardaş
Qırğızıstanda keçirilməsini ölkələrimizin
mədəni həyatında mühüm
hadisə adlandırmışdır. Səfir Anarın ancaq Azərbaycanda deyil,
Müstəqil Dövlətlər Birliyi, Avropa ölkələrində və Türkiyədə
yaxşı tanındığını bildirmiş,
onu yazıçı, dramaturq,
publisist, tərcüməçi, rejissor kimi fəaliyyətinə
nəzər salmışdır. Bildirilmişdir ki, Anar Azərbaycanın
xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin
ailəsində dünyaya gəlmiş, bu ədəbi mühitdən bəhrələnmiş,
qırğız xalqının böyük
oğlu Çingiz Aytmatovla yaxın dostluq əlaqələri
saxlamışdır. 2008-ci ildə Çingiz
Aytmatov Bakıda olarkən onunla bir sıra
görüşlər təşkil edilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük
qırğız yazıçısını “Dostluq” ordeni ilə təltif
etmişdir.
Diplomat ötən ilin sonunda Bakıda Çingiz
Aytmatovun 85 illiyinin
yüksək səviyyədə qeyd olunduğunu da
vurğulamışdır.
H. Orucov demişdir ki, Anar bu
yaxınlarda yeni təsis edilən Türkdilli Dövlətlərin
Yazıçılar İttifaqının birinci
sədri seçilmişdir və əminik
ki, bu istiqamətdə
də səmərəli fəaliyyət göstərəcəkdir.
Qırğızıstanın
mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov ölkələrimiz
arasında humanitar sahədə əlaqələrin
indiki səviyyəsi haqqında məlumat
vermiş, Anarın
Qırğızıstanda da yaxşı
tanındığını bildirmişdir. O, Anarın kino
yaradıcılığından bəhs etmiş,
12 filmin ssenarisini
yazdığını, 3 filmin isə rejissoru olduğunu qeyd etmişdir.
Qırğızıstanın
xalq yazıçısı Mar Bayciyev Anarla
dostluğundan söhbət
açmış, onu türk
dünyasının ən yaxşı
yazıçılarından biri olduğunu bəyan etmişdir.
Fikrət Qoca, Rəşad Məcid Anarın
yaradıcılığının məziyyətlərindən
danışmışlar.
Yubilyar çıxış edərək belə gözəl
bir tədbirin keçirilməsi üçün Qırğızıstan tərəfinə
və səfirliyimizə minnətdarlıq etmiş,
yaradıcılıq planlarından danışmış, bundan sonra da
ədəbi sahədə türk
dünyasının daha da
yaxınlaşması üçün var qüvvəsi
ilə çalışacağını demişdir.
Sonra yazıçıya qırğız milli geyimi hədiyyə edilmişdir.
Mərasimin
bədii hissəsində Azərbaycanın xalq
artistləri Möhlət Müslümov (tar), Fəxrəddin
Dadaşov (kamança)
və tanınmış xanəndə, xalq
artisti Mələkxanım Əyyubova, həmçinin
Qırğızıstanda yaşayan
müğənni Şahmar Tapdıqov muğam, xalq və bəstəkar
mahnılarını ifa etmişlər.
Yubiley tədbirində
Qırğızıstan incəsənət ustalarının
ifaları da yer
almışdır.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.2.