Nizami Zöhrəsi Avropada
Dahi Azərbaycan şairi
və mütəfəkkiri Nizami Gəncəvinin
870 illiyinə həsr olunan yubiley tədbirləri davam
edir. Heydər Əliyev deyirdi
ki, Nizami irsinin təbliği kampaniya
xarakteri daşımamalıdır, belə
böyük bir sənətkarın
yubileyini hər il
keçirmək lazımdır. Qədim Gəncə
torpağının yetirməsi olan
qüdrətli söz ustası sənəti
ilə tərəzi bürcünə yüksəltdiyi Vətənini
gecə qaranlığını nurlandıran Zöhrəyə
bənzədirdi. Nizaminin şeir
ulduzu bu günlərdə
bütün Avropada, Fransanın ünlü
şəhəri Strasburqda da
şəfəq saçırdı.
Heydər Əliyev Fondunun dəstəyi, respublikamızın
fransadakı səfirliyinin dəvəti ilə Azərbaycan Milli EA-nın müxbir üzvü, M. Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru vəzifəsini icra
edən professor Teymur
Kərimli və mən Nizami Gəncəvinin
870 illiyi ilə əlaqədar Strasburqda keçirilən Beynəlxalq Elmi Konfransda iştirak etmək üçün
2014-cü il fevralın 13-dən 16-dək
Fransada səfərdə olduq.
İlk görüşümüz Strasburq
Milli və Universitet Kitabxanasında oldu. 2013-cü il iyunun 1-də Gəncədə Strasburq Milli və
Universitet Kitabxanası ilə Gəncə mərkəzləşdirilmiş
kitabxana sistemi arasında imzalanmış tərəfdaşlıq
sazişinə uyğun olaraq keçirilən
görüşdə ədəbi-mədəni əlaqələrimizin
mühüm aspektlərinə toxunuldu. Kitabxana əməkdaşlarının,
professor Teymur Kərimlinin və səfirimizin müşaviri
Elmar Məmmədovun da iştirak etdiyi tədbirdə Strasburq
Milli və Universitet Kitabxanasının müdiri Alber Puaro və
onun müavini Kristof Didiyer bizi səmimi salamlayaraq gəlişimizdən
çox məmnun qaldıqlarını bildirdilər. A.Puaro Gəncə
mərkəzləşdirilmiş kitabxana sistemi ilə
imzaladıqları sazişin əhəmiyyətini xüsusi
vurğulayaraq məlumat verdi ki, 870 illiyini
qeyd etdiyimiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin Fransada
əsərlərinin iki əlyazması saxlanılır. Bu əlyazmalardan biri Paris kitabxanasındadır.
Fəxr edirik ki, XV əsrə aid
olan ikinci əlyazma bizim Strasburq kitabxanasında qorunur.
Azərbaycan Yazıçılar Birliyinin və Gəncə
şəhər İcra Hakimiyyətinin göndərişi ilə
Nizami Gəncəvinin 870 illiyinə həsr olunan Beynəlxalq
Elmi Konfransın iştirakçısı və Gəncə
mərkəzləşdirilmiş kitabxana sisteminin təmsilçisi
kimi, Gəncə ziyalılarının səmimi
salamlarını yetirdim, qarşılıqlı ədəbi-mədəni
münasibətlərimizin inkişafının zəruriliyindən
danışdım. Təklif irəli
sürüb xahiş etdim ki, dahi şairimizin əlyazması
saxlanılan Strasburq kitabxanasının salonuna Nizami Gəncəvinin
adı verilsin. Alber Puaro təklifimizi məmnunluqla
qarşılayaraq, məsələnin həlli üçün Fransa Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin
razılığını almağa
çalışacaqlarına söz verdi. Teymur müəllim Nizami
yaradıcılığına öz münasibətini dahi
şairin məhəbbət fəlsəfəsi fonunda
açıqladı. Mən qeyd etdim ki,
Nizami Gəncəvi Azərbaycan şairidir, eyni zamanda bütün dünyaya məxsusdur, Fransada da sevilir. Klassik və müasir fransız ədiblərinin Azərbaycanda,
Nizaminin vətəni Gəncədə oxucuları
çoxdur.Viktor Hüqo böyük fransız
yazıçısıdır, həm də bizim sevdiyimiz bir ədibdir.
Onun bir çox romanları, xüsusilə də
“Səfillər”i Azərbaycanda məşhurdur. Nizami Gəncəvi fransızlar üçün necə
dəyərlidirsə, Viktor Hüqo da azərbaycanlılar
üçün o dərəcədə əzizdir.
Nizami Gəncəvi azərbaycanlı,Viktor
Hüqo fransız olsa da, onların ədəbi irsi
bütün dünya xalqlarının mənəvi sərvətidir.
Görüşün sonunda Strasburq milli və
universitet kitabxanasının yenidən bərpa olunan,
memarlıq üslubu ilə diqqəti cəlb edən çoxmərtəbəli
binasını ziyarət etdik, aparılan yenidənqurma işləri
ilə yaxından tanışlıq zamanı şəhərlərimiz
arasında kitab-kitabşünaslıq təcrübəsi
mübadiləsinin genişləndirilməsinin, birgə əməkdaşlığımızın
təkmilləşdirilməsinin vacibliyi ilə bağlı
düşüncələrimizi bölüşdük. Həmin gün Strasburqun daha bir mədəniyyət
ocağında -“Malraux” mediatek kitabxanasında
görüşümüz də xoş ovqatla keçdi.
Azərbaycanın
Fransadakı səfiri
Elçin Əmirbəyov
Nizami Gəncəviyə həsr edilən Beynəlxalq Elmi
Konfransın işində uğurlar arzuladı. Nizami Gəncəvi
ilə yanaşı, XII əsrdə
yaşayıb-yaratmış böyük qadın şairimiz Məhsəti
Gəncəviyə aid sualları professor T.Kərimli ilə
birlikdə cavablandırdıq.
Fevralın
14-də “Reyn” sarayında
Heydər Əliyev Fondunun dəstəyi və
Fransadakı səfirliyimizin təşkilatçılığı
ilə Nizami Gəncəvinin 870 illiyinə həsr olunan Beynəlxalq
Elmi Konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə
sarayın böyük salonunda Nizami Gəncəvinin kitablarından,
həyat və yaradıcılığı haqqında elmi tədqiqatlardan,
“Xəmsə”sinin motivləri əsasında toxunmuş
xalçalardan, əsərlərinə çəkilmiş
illüstrasiyalardan, xalq tətbiqi sənət nümunələrindən
ibarət möhtəşəm sərgi ilə tanış
oldular. Üçüncü aydır davam edən
bu maraqlı sərgiyə indiyədək üç mindən
çox tamaşaçı baxmışdır.
Beynəlxalq Elmi Konfransı giriş nitqi ilə Strasburq
milli və universitet kitabxanasının müdiri Alber Puaro
açaraq, bütün dünyada tanınan dahi Azərbaycan
şairi Nizami Gəncəvinin zəngin yaradıcılığının
mədəniyyətlərarası dialoqun genişlənməsində
mühüm rol oynadığını, bu böyük sənətkarın
sənətinin Avropada da yüksək qiymətləndirildiyini
dilə gətirdi.
Azərbaycanın
Fransadakı səfiri
Elçin Əmirbəyov
çıxışında Nizami Gəncəvinin ədəbi
irsindən bəhs edərək şairi təkcə
böyük ədəbiyyat adamı kimi deyil, bütöv və
təkrarsız şəxsiyyət, yüksək intellekt
sahibi, alim-filosof və mütəfəkkir, humanist qələm
sahibi kimi də səciyyələndirdi. Sonra məruzələr başlandı.
Professor Teymur Kərimli “Nizami Gəncəvinin
məhəbbət fəlsəfəsi” movzusunda məruzə
ilə çıxış etdi. O, məruzəsində
dahi şairin məhəbbətlə bağlı fikirlərini
bitkin bir fəlsəfi konsepsiya səviyyəsinə yüksəltməsindən,
bu əxlaq kateqoriyasını cəmiyyət həyatının
və xoşbəxtliyinin ən önəmli amili kimi təqdim
etməsindən geniş söhbət açdı.
Strasburq milli və universitet kitabxanasının əlyazmaların
saxlanılması və mədəni irs bölməsinin rəhbəri Frederik Blen “Nizami Strasburqda”
mövzusunda məruzəsində konfrans
iştirakçılarını əlyazmalar haqqında ətraflı
məlumatlandırdı.
Amerika Birləşmiş Ştatları Prinston
Universitetinin Yaxın Şərq Araşdırmalar
Departamentinin professoru Maykl Barri “Nizami Gəncəvi -
könül şairi” mövzusunda məruzəsində dahi Azərbaycan
şairinin fars dilindən fransız dilinə
çevirdiyi əsərlərindən danışdı.
Konfransda Fransanın
Dillər və Sivilizasiyalar üzrə Universitet
kitabxanasının Şərq Əlyazmaları bölməsinin elmi direktoru Fransis Rişarın “Fransa kolleksiyaları arasında Strasburqda
saxlanılan Nizami Gəncəvi əlyazmalarının
orijinallığı” mövzusunda məruzəsi diqqətlə
dinlənildi.
Almaniyanın Berlin şəhərindəki
Humboldt Universitetinin professoru Eva-Mariya Aux “Höte və Nizami
şərqşünaslığı” mövzusunda məruzəsində
maraqlı elmi müqayisələr apardı.
İtaliyanın Neapol Şərşünaslıq
Universitetinin professoru Mişel Bernardi “Psixoloji terapiya qismində
hekayət: “Yeddi gözəl” məruzəsində Nizami Gəncəvinin
“Yeddi gözəl” poemasına öz baxışlarını
ifadə etdi.
Konfransın gündəliyi mənim
çıxışımla yekunlaşdı.
Çıxışımın sonunda
Beynəlxalq konfransın, digər ədəbi-mədəni tədbirlərin
yüksək səviyyədə təşkilinə görə,
Heydər Əliyev Fonduna,
respublikamızın Fransadakı
səfirliyinə, Strasburq
milli və universitet kitabxanasına minnətdarlığımızı
bildirdim. Strasburq konfransında
çıxış etmiş səkkiz təsisçi-mərüzəçidən
ibarət “Nizami Gəncəvi” Beynəlxalq elmi qrupun
yaradılması təşəbbüsü irəli
sürüldü və dəstəkləndi.
Fevralın
15-də səhər fransanın
paytaxtı Parisə yola düşdük. Strasburqla Paris arasında yol üstündə yerləşən
gözəl Reyms şəhərinə də burulduq.
2013-cü il noyabrın axırlarında
burada dahi qadın şairimiz Məhsəti Gəncəvi
yaradıcılığının 900 illiyinə həsr
olunmuş sərgi hələ də yerli sakinlərin
yadından çıxmır. Gəncə şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin
rəhbərliyi ilə nümayəndə heyətinin həmin
sərgidə fəal iştirakı barədə
müşavir E.Məmmədov müfəssəl məlumat verdi. Bütün qonaqlara, onların
sırasında da bizə diqqət və
qayğısını əsirgəməyən, yüksək
mədəniyyəti, əsl diplomat davranışı ilə
ürəyə yol tapan müşavirdən öyrəndik ki,
Heydər Əliyev Fondunun dəstəyi
və Fransadakı səfirliyimizin təşkilatçılığı
ilə Məhsəti Gəncəvi ədəbi
irsinin təbliğinə yönəlmiş silsilə tədbirlər
həyata keçirilib. Üzərində
böyük qadın şairimizin iri planda portretləri əks
olunan, “Azərbaycan şairi Məhsəti Gəncəvi - 900”
sözləri yazılmış avtobuslar və tramvaylar 15
gün ərzində paytaxtın geniş küçə və
meydanlarından keçərək xanım sənətçimizin
klassik obrazını nümayiş etdirmiş, Parisin ədəbi-mənəvi
həyatına müsbət təsirini göstərmişdir.
İndi inamla demək olar ki, Məhsəti Gəncəvini
Parisdə tanıyırlar.
Reymsə ziyarətimizi başa
çatdırıb, Parisdə axşamladıq. Parisin lap mərkəzində
yerləşən, Dövlət bayrağımızın
dalğalandığı səfirliyimizin yaraşıqlı
binası ilə tanışlıq qürur hissi doğurdu. Səfirliyimizin məşhur Eyfel qülləsinin
beş-on addımlığındakı mədəniyyət
xidməti mərkəzinin beşmərtəbəli binası
həm memarlığının gözəlliyi, həm də
içərisinin bədii tərtibatı və material zənginliyi
ilə adamı valeh edir. Burada Azərbaycan
mədəniyyətinin təbliği üçün
Heydər Əliyev Fondu hər cür şərait
yaratmışdır.
Parisin gecə gəzintiləri və
görüntüləri gözəl idi. Eyfel qülləsindən tutmuş Zəfər
tağına, Notrdam kilsəsindən Luvr muzey kompleksinədək
tarixi abidələri, Sena çayını seyr etdik. Yaddaşımıza çox şey yazıldı.
Strasburq, Baden-Baden, Peyms, Paris gecələrində parlayan
ulduzlar arasında sanki Nizaminin sənət Zöhrəsini də
görürdük. Baxdığımız
göylərdə Məhsəti ulduzu da bərq vururdu. Dörd günlük səfərimiz zamanı
Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı
səfirliyinin milli ədəbiyyatımızın, mədəniyyətimizin
bütün dünyada təbliği, tanıdılması sahəsində
necə böyük işlər gördüyünün
şahidi olduq. fevralın 16-da Vətənimizə
zəngin bir təəssüratla, könlümüz dolu
sevinclə döndük. Biz Qərbi Avropaya
Nizami və Məhsəti şerinin işığında
getdik və qayıtdıq.
Məmməd
ALİM
AYB-nin Gəncə
bölməsinin sədri, əməkdar incəsənət
xadimi,
Beynəlxalq
Rəsul Rza ədəbi mükafatı laureatı
Paris-Gəncə
14.02.2014
Ədəbiyyat
qəzeti.- 2014.- 7 mart.- S.3.