Sufi ədəbiyyatına
dair yeni əsər
Son dövrlərdə Azərbaycanda sufizmin araşdırılmasına böyük diqqət ayrılır. Onun nəzəri aspektləri ilə
yanaşı orta əsrlərdə bütün Yaxın və Orta
Şərqdə yayılmış zəngin bədii ədəbiyyat
da öyrənilir. Sufizmin müxtəlif
problemlərinə monoqrafiya və məqalələr,
konfrans və seminarlarda
məruzələr həsr olunur. Şərqdə
bu cərəyanın əhatə dairəsini
və onun orta əsr
cəmiyyətinin bütün sahələrinə
təsirini nəzərə alaraq etiraf etmək lazımdır ki,
bizim alimlərimizi bu
istiqamətdə uzun və gərgin iş gözləyir. Bununla
əlaqədar tədqiqatçıların qələmindən
çıxmış hər bir ciddi elmi işin,
kitabın necə böyük əhəmiyyət
daşıdığı aydındır. Xüsusən,
söhbət bu problematika
ilə uzun müddət məşğul olmuş məşhur şərqşünas
mütəxəssislərdən gedirsə.
Burda bir məsələni
də qeyd etmək lazımdır ki, bu mərhələdə
mənbəşünaslıq xarakterli
işlər daha çox
əhəmiyyət daşıyır. Belə ki, ərəbdilli və farsdilli
sufi mənbələr ilə yaxından
tanışlıq ilk öncə mütəxəssislərə
sufizm haqqında nəinki səhv, yaxud səthi görüşlərdən qaçmağa, faktların ümumiləşdirilməsi
və analitik təhlili ilə
araşdırılan məsələnin mahiyyətinə
dərindən varmağa imkan
verir.
Məhz
bu mənada tanınmış iranşünas alim, professor Mehdi Kazımovun yeni mənbəşünaslıq işi - məşhur XIII əsr farsdilli sufi əsərlərindən
biri olan Nəcməddin
Razinin “Mirsad əl-ibad
min əl-məbdə ilə-l-məad” (“Allah bəndələrinin
başlanğıcdan qayıdışa yolu”)
əsərinin tərcüməsi
aktuallıq kəsb edir.
Professor Mehdi Kazımov orta əsr farsdilli ədəbiyyat,
müqayisəli ədəbiyyatşünaslıq,
tarixşünaslıq və mənbəşünaslıq sahəsində
tanınmış mütəxəssisdir.
Nizamişünaslıq problemləri onun xüsusi elmi maraq dairəsini təşkil edir.
Böyük Azərbaycan şairi
Nizaminin, eləcə də onun çoxsaylı müaqiblərinin
yaradıcılığı alim tərəfindən
ətraflı tədqiq edilmişdir.
M.D.Kazımov
çoxsaylı elmi əsərlərin,
habelə on kitabın müəllifidir ki, onlardan “Nizaminin
“Həft peykər”i və XIV-XVI əsrlərin farsdilli
ədəbiyyatında nəzirə ənənəsi”, “Nizaminin ardıcılları”, “Camali
Təbrizinin poetik irsi”,
“XX əsrin sonunda fars
poeziyası”, “Farsdilli ədəbiyyatın yeddi
əsri” və başqalarını misal göstərmək olar. Son illərdə Mehdi Kazımov aktiv şəkildə
sufi əsərlərinin tərcüməsi
ilə məşğul olur. O
ayrı-ayrılıqda məşhur sufilər Abdullah
Ənsarinin (XI) “Minacat”ını, Fəxrəddin İraqinin
(XIII) “Ləməat”ını, eləcə də Nəcməddin
Razinin bir sıra əsərlərini
nəşr etdirmişdir. Məhəmməd
bin Münəvvərin “Əsrar ət-tohid
fi məqamat əş-şeyx Əbu Səid”
adlı fundamental əsərini xüsusi qeyd etmək
lazımdır. Əsər görkəmli sufi
şeyxi Əbu Səid Əbülxeyrin həyatına
həsr olunmuşdur. İlk
dəfə 2010-cu ildə çapdan
çıxmış və artıq iki
dəfə nəşr olunmuş bu tərcümə təkcə Azərbaycanda
deyil, Rusiya, İran, Tacikistan və
Türkmənistanda da böyük
rəğbətlə qarşılanmışdır.
İnanırıq
ki, professor Mehdi Kazımovun yeni
kitabı da diqqətdən kənarda qalmayacaq. Çünki “Mirsad əl-ibad” öz əhəmiyyətinə
görə heç də “Əsrar ət-tovhid”dən
geri qalmır, onun
müəllifi Nəcməddin Razi isə
Məhəmməd bin Münəvvərlə
müqayisədə sonrakı sufi ədəbiyyatına daha çox təsir etmişdir. “Əsrar ət-tövhid”də bədii
nəsr xüsusiyyətləri üstünlük
təşkil etsə də, və şeyx
Əbu Səid haqqında haşiyə tarixləri bədii təhkiyə
və nağıl kimi görünsə də,
“Mirsad əl-ibad” öz
məzmununun konseptuallığı, dərinliyi və müxtəlifliyi
ilə diqqəti cəlb edir.
Nəcməddin Razi sufizm nəzəriyyəçisi,
dini-fəlsəfi problemlər sahəsində böyük
şöhrət qazanmışdır. Onun
həyatı haqqında zəmanəmizə nisbətən az məlumat gəlib çatıb. Təqdirə
layiqdir ki, tərcüməyə
ön sözdə Nəcməddin Razinin bioqrafiyası müxtəlif mənbələrə
səpələnmiş faktlar əsasında
M.D.Kazımov tərəfindən bərpa olunmuşdur.
Nəcməddin Razi həyatının böyük hissəsini Kiçik
Asiyada yaşamışdır. Həmin
dövrdə bu ərazidə Şəhabəddin
Söhrəvərdi, Cəlaləddin Rumi
və başqa şeyxlər, alim və şairlər yaşamışlar. Nəcməddin
Razi əksər əsərlərini, o cümlədən “Mirsad
əl-ibad”ı orta əsrlərdə Rum adlanan Kiçik
Asiyada qələmə
almışdır.
O çox
məhsuldar bir müəllif olmuş, nəsr əsərləri ilə
yanaşı, şeirlər də yazmışdır. Onun ərəb dilində bir
neçə risaləsi, Quran təfsiri və
poetik irsi zəmanəmizə
qədər gəlib çatmışdır.
Amma şübhəsiz ki,
ona sufi mühitində
və ümumiyyətlə, elmi dairələrdə
1223-cü ildə bitirdiyi “Mirsad
əl-ibad” əsəri xüsusi
şöhrət qazandırmışdır. Bu əsər beş fəsil və 40 hissədən ibarətdir
və sufizmin nəzəri və praktik məsələlərinə həsr olunmuşdur. Əsərdə Nəcməddin Razinin dünyanın yaranışı, dünyada insanın yeri və
onun təyinatı haqqında
baxışları da əksini
tapmışdır.
Müəllif özü əsərin məqsədini belə
müəyyənləşdirir: “Bu kitab din yolunda
davranış və yəqinlik aləmi ilə birləşmə,
insan ruhunun tərbiyəsi,
ilahi atributların tanınması
haqqındadır”. Nəcməddinin fikrincə,
yaranışın əsasında üç
müddəa durur: başlanğıc, mövcudluq və qayıdış. Bunlar insan həyatının
dünyaya gəlmə, yaşama
və ölüm adlı üç
mərhələsinə uyğun gəlir.
Bütün əsər boyu
bu mərhələlər ardıcıl
şəkildə araşdırılır.
Ənənəvi
sufi baxışları çərçivəsində
əqle-küll, nure-Məhəmmədi, ruhun
atributları, qəlbin mahiyyəti, vəhdətin
işığı və s. kimi mənalar izah edilir, gizli və aşkar dünyanın müxtəlif aspektləri
vurğulanır, onların mahiyyət və formaları müəyyən
edilir, gizli mənaların aşkarlanması imkanı qeyd edilir.
Aşkar və gizli
dünyanın dərki imkanından danışarkən Nəcməddin
Razi idrak prosesində üç müxtəlifliyi qeyd
edir: rasional, mücərrəd
və şühud - və işarə edir ki, bütün
insanlar rasional idraka malikdirlər, mücərrəd
yalnız seçilmişlərə, şühud
seçilmişlərin
seçilmişinə məxsusdur. Sonuncu
idrakın əsas məqsədi yanlış
varlığın silinməsindən və həqiqi
varlığın əldə edilməsindən ibarətdir.
Əsərin əsas
fəsli üçüncü fəsildir.
O iyirmi hissədən ibarətdir və
demək olar ki, əsərin
həcminin yarısını təşkil edir.
Onda peyğəmbərlərə ehtiyac, Məhəmmədin peyğəmbərlik
missiyası, insanın maddi
formasının tərbiyəsi, onun qəlbi
və ruhunun təmizlənməsi kimi məsələlərə toxunulmuşdur. Burada həmçinin
müridliyin şərtləri, şeyxin məqamı, zikr
etmək qaydaları, inzivanın zərurətindən bəhs
edilir. Nəcməddin Razi
gizli və aşkar
dünyanın dərkindən danışarkən qeyd edir ki,
əgər birincisinin beş
hissiyyat üzvü ilə
dərki mümkünsə, gizli dünya beş daxili idrak qüvvəsi ilə
dərk olunur.
Əsərin
əsas ideyası ondan ibarətdir ki, bilavasitə Allahın
yaxınlığında yerləşən, sonradan
çoxsaylı mülk və mələkut
dünyalarından keçən, maddi forma ilə birləşən ruh
bu maddi formadan, yəni insan
varlığından azad olmalıdır və
yenidən öz həqiqi məkanına -
“həqiqi vətən”inə
- üstün dünyaya
qayıtmalıdır.
Nəcməddin Razi doktrinal xarakterli, o cümlədən
sufi ənənələri, qaydaları ilə
bağlı geniş məsələləri
izah edərkən əsərin sonuncu fəslində yeni mövzuya başlayır. Bu
fəslin səkkiz hissəsindən yeddisinin
adında “yol” sözü
olsa da, burada Allaha gedən yol yox, orta
əsr cəmiyyətinin nümayəndələrinin həyat
tərzi nəzərdə tutulur. Bu fəsil
digərlərindən fərqlidir və faktiki
olaraq, əxlaqi-didaktik xarakter
daşıyır. Fəsil
hakim dairələrdən tutmuş
əkinçilik və sənətkarlıqla məşğul
olan müxtəlif ictimai
təbəqələrin maraq və təmayüllərinə,
hal və rəftarın xüsusiyyətlərinə
həsr olunmuşdur. Nəcməddin
mürəkkəb və hərtərəfli materialı bir əsər çərçivəsində
birləşdirərək ona məntiqi
ardıcıllıq verə bilmişdir.
“Mirsad
əl-ibad” böyük bir
əsərdir və çox çətin
və ağır bir dildə
yazılmışdır. Bütün bunlara baxmayaraq,
düşünürəm ki, M.Kazımov
tərcümənin öhdəsindən uğurla
gəlmişdir.
Digər orta əsr farsdilli nəsr
əsərlərində olduğu kimi “Mirsad əl-ibad” da ərəb dilində olan
çoxsaylı cümlələr, Qurandan
yüzlərlə iqtibaslar, hədislər
tərcümədə əlavə zəhmət tələb edirdi. Nəcməddin hüsnü
bəlağətə, yüksək üsluba,
qafiyəli nəsrə can atır. Nəsr
tez-tez şeirlərlə əvəzlənir.
Onların sayı 500 beyti keçir.
Bunlar əsasən pərakəndə
beytlər, məsnəvi misraları, qəsidə və qəzəllərdən
parçalar, müxtəlif rübailər,
hətta bütöv qəzəllərdən
ibarətdir. Onu da qeyd etmək
lazımdır ki, Yaxın və Orta Şərqdə orta əsr
həyatının reallıqlarını, tarixi
şəraiti, ən əsası, sufizmin özü, xüsusiyyətləri, ənənə
və qaydaları, müxtəlif sufi təriqətləri
və şeyxlərinin fəaliyyəti, ilk
sufi mənbələri, zəngin ədəbiyyat
və terminoloji ədəbiyyatı bilmədən,
tərcümə uğurlu alına bilməzdi.
Mənbəşünas
mütəxəssislər bu problemləri
həll etməyin necə çətin olduğunu
gözəl bilirlər. Xoşbəxtlikdən bu
kimi problemlərin hamısı tərcümə
zamanı aradan uğurla
qaldırılmışdır. Prof. Mehdi
Kazımovun fars dilinə dərindən bələdçiliyi
ərəb dilini, orta
əsr Şərqinin tarix, fəlsəfə,
ədəbiyyat, mədəniyyətini, klassik
islam və sufizmi bilməsi
ona mənbəni nəinki yüksək səviyyədə
tərcümə etməyə, həm də əsərə
təqribən 500 şərh yazmağa
imkan vermişdir. O,
Quranın bütün ayələrini,
yüzdən artıq hədislərin mənbələrini
yazmış, əksər şeir
misralarının müəlliflərini müəyyən etmişdir. Onların arasında Nizami, Firdovsi, Sənai,
Əttar, Xəyyam və başqa korifeylərin
adlarını çəkmək olar.
Son olaraq bildirmək istərdim ki, haqqında rəy söylənilən əsər,
heç şübhəsiz, sufizm və bütövlükdə islam problemləri, orta əsr
fəlsəfəsi, ədəbiyyatı, mədəniyyəti
ilə məşğul olan alimlərin
diqqətini cəlb edəcək və onların fəaliyyətinə yeni impuls verəcək.
Gövhər BAXŞƏLİYEVA
millət vəkili, AMEA akad.
Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktoru, professor
Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.4.