Azərbaycanın xalq yaradıcılığı
paytaxtları elan olundu
Martın 4-də Muzey Mərkəzində Azərbaycanın xalq yaradıcılığı
paytaxtlarının təqdimat mərasimi keçirildi.
Mərasimin əvvəlində
Bakı şəhər musiqi məktəblərinin
şagirdləri çıxış etmişlər.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət
siyasəti şöbəsinin müdiri Fikrət Babayev layihə haqqında məlumat
vermiş, xalq
yaradıcılığı paytaxtlarının seçilməsinin
əhəmiyyətindən danışmışdır.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev diqqətə
çatdırmışdır ki, nazirliyin “2010-2014-cü illər üçün xalq
yaradıcılığı paytaxtları” Proqramı çərçivəsində
keçirilən tədbirlər artıq ənənəyə
çevrilmişdir. Beş
il bundan əvvəl
başladığımız layihə yerlərdə böyük maraqla
qarşılanır, rayonlar arasında rəqabət
mühiti yaradır.
Qeyd edilmişdir ki,
bu ilki təqdimat sonuncu olsa da,
yerlərdə göstərilən maraq bu sahədə işlərin
davamlılığını zəruri edir.
Çünki Azərbaycanın qeyri-maddi mədəni irsi
təkcə əfsanələr, folklor, yaxud sənətkarlıqdan ibarət deyildir. Bu layihə böyük maraq doğurmuş,
insanların ürəklərində, fəaliyyətlərində
müəyyən iz buraxmışdır.
Xalq yaradıcılığı
paytaxtlarında şəhər, rayon, respublika və beynəlxalq səviyyəli tədbirlər
təkcə bir il
çərçivəsində keçirilməklə məhdudlaşmamış,
ənənə halını almışdır.
Xalqımızın
qeyri-maddi mədəni irsinin
Azərbaycan dövlətinin daim diqqətində
olduğunu vurğulayan
Əbülfəs Qarayev UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasının ötən ilin
dekabrında Bakıda uğurla keçdiyini diqqətə
çatdırmışdır. Bildirmişdir ki, əldə olunan
nailiyyətlərin bünövrəsində Azərbaycan
dövlətinin beynəlxalq aləmdə yürütdüyü
uğurlu siyasət, əməkdaşlığın
gücləndirilməsi, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın həyata keçirdiyi böyük
işlər dayanır.
Vurğulanmışdır
ki, Prezident İlham Əliyevin 2013-cü il
27 dekabr tarixli Sərəncamı
ilə təsdiq olunmuş “Daşınmaz
tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər
üzrə Dövlət
Proqramı” müvafiq istiqamətdə
aparılan işlərə böyük bir dəstək olacaqdır.
Tədbirdə
bildirilmişdir ki, Azərbaycan
xalqının qədim və rəngarəng qeyri-maddi
mədəni irsi minilliklər boyu millətin mentalitetini
və şüurunu formalaşdıran əsas
mənbələrdən biri olmaqla, xalq
yaradıcılığının nailiyyətlərini
özündə ehtiva edən nadir bəşəri fenomendir. Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən
dünyanın qabaqcıl ölkələrinin mədəniyyət
siyasətindəki təcrübələri nəzərə
alınmaqla, Azərbaycanın qeyri-maddi mədəni
irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və
dəstəklənməsi istiqamətində islahatlara başlanılmışdır.
Sahənin
təminat mexanizmlərinin monitorinqi
aparılmış, Azərbaycanın qeyri-maddi
mədəni irsinin bərpası,
qorunması və hərtərəfli inkişafı ilə
bağlı “Azərbaycan qeyri-maddi mədəni
irsinin qorunmasına dair”
Dövlət Proqramının layihəsi hazırlanaraq
baxılmaq üçün müvafiq qurumlara təqdim
olunmuşdur.
Nazir diqqətə
çatdırmışdır ki,
islahatların davamı olaraq hazırda “Azərbaycan
qeyri-maddi mədəni irs
nümunələrinin Dövlət Reyestri”nin hazırlanması, “Qeyri-maddi
mədəni irs subyektlərinin
(ifaçı, kollektiv, sənətkar və
s.) Portfolio Bankı”nın və “Azərbaycan qeyri-maddi
mədəni irsinin infrastruktur
vahidlərinin Dövlət Kadastrı”nın
yaradılması, “Şəhər (rayon)
mədəniyyət mərkəzlərinin yaradılması”
layihəsi, “Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur
beynəlxalq mədəni-turizm marşrutları”nın təşkili,
digər konseptual proqram
və layihələr üzərində müvafiq
işlər görülür.
Qeyd edilmişdir ki,
bununla yanaşı, “Bakı şəhəri
Qobustan, Maştağa,
Əmircan və Yeni Suraxanı qəsəbələrində
Azərbaycan xalq dekorativ,
tətbiqi və təsviri sənət ənənələrinin
dirçəldilməsi” və “Bərdə şəhərində
dekorativ sənət ənənələrinin
təbliği və xalçaçılığın inkişafı” pilot layihələri həyata keçirilmişdir.
Mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev 2014-cü il üçün Qəbələnin
“Azərbaycanın əfsanələr paytaxtı”, Balakənin
“Azərbaycanın folklor paytaxtı” və
Abşeronun “Azərbaycanın sənətkarlıq
paytaxtı” seçildiklərini elan etmişdir.
Diqqətə
çatdırılmışdır ki, cari ildə Qəbələ, Balakən və Abşeron rayonlarında nominasiyalara
uyğun olaraq təntənəli
mərasimlər, respublika və beynəlxalq
səviyyəli elmi-praktiki konfrans,
“dəyirmi masa”, konsert,
müsabiqə, festival, sərgi, yarmarka, infotur və digər
tədbirlər keçiriləcəkdir.
Tədbirdə
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Vüqar Məmmədov “2010-2014-cü illər
üçün xalq
yaradıcılığı paytaxtları” proqramının
icrası və 2013-cü ildə “paytaxt” seçilmiş şəhərlərdə həyata
keçirilmiş işlərin
hesabatını təqdim etmişdir.
Qəbələ,
Balakən, Abşeron rayonlarının icra hakimiyyətləri
başçılarının müavinləri Ətayə Osmanova, Nəzakət Rüstəmova və
İradə Gülməmmədova təmsil etdikləri
bölgələrin mədəniyyət, incəsənət və
turizm sahələrində əldə olunan nailiyyətlər, cari ildə görüləcək
işlər barədə məlumat vermişlər.
Mərasimdə
ötən il xalq
yaradıcılığı paytaxtı olmuş
Xaçmaz, Zaqatala, Göygöl rayonlarının mədəniyyət
və turizm şöbələrinin
müdirləri Nazim Ağayevə, Zümrüd Ağakişiyevaya
və Şərqiyyə Hümbətovaya illik
tədbirlər planının icrasındakı məqsədyönlü
fəaliyyətlərinə
görə nazirliyin fəxri fərmanı
təqdim olunmuşdur.
Sonda 2014-cü il üçün
Qəbələnin “Azərbaycanın əfsanələr
paytaxtı”, Balakənin “Azərbaycanın folklor
paytaxtı” və Abşeronun “Azərbaycanın
sənətkarlıq paytaxtı” elan edilməsi
ilə bağlı xatirə kubokları və fəxri diplomlar təqdim olunmuş
və xatirə şəkli çəkdirilmişdir.
Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.4.