Aşıq Dərya Məhəmməd

 

Aşıq sənəti - aşıq yaradıcılığı ilə bağlı hiss olunacaq dərəcədə əldə olunan uğurlar, yeni layihələr, kitab, jurnal nəşrləri, bu sənətlə, onun tarixi, mərhələləri, görkəmli nümayəndələri, məktəbləri haqqında elmi mövzuların yazılması, dissertasiyaların müdafiə edilməsi, gənclərin daha sistemli, məqsədli şəkildə ali, orta məktəblərdə təhsil alması... əslində, bu sahə ilə məşğul olanların və birbaşa aşıqların məsuliyyətini, deyərdim ki, birə-beş artırır və artırmalıdır. Dövlət səviyyəsində aşıq sənətinə verilən qiymət, qayğı gündəlik fəaliyyətin bir parçasına çevrilib. Bu məqamda Azərbaycan Aşıqlar Birliyinin, AMEA Folkor İnstitutu aşıq sənətinin toplanması, lentə alınması, elmi baxımdan öyrənilməsi yolunda böyük əməyi olan fəlsəfə doktoru Elxan Məmmədlinin rəhbəri olduğu “Aşıq yaradıcılığı” şöbəsi, AMEA Ədəbiyyat İnstitutu prof. M. Qasımlının rəhbərlik etdiyi “Şifahi xalq ədəbiyyatı” şöbəsi və baş redaktoru olduğu “Folklor və etnoqrafiya” dərgisi, AzTV və radiosunun “Mədəniyyət” kanalında hər həftə apardığı “Musiqi xəzinəsi”, İctimai TV-də yayımlanan “Ozan” (Qorxmaz Tapdıq oğlu) verilişini xüsusilə qeyd etmək gərəkdir. Əlbəttə, bu sırada xalq şairi Zəlimxan Yaqubun rəhbərliyi ilə fəaliyyət göstərən Aşıqlar Birliyi və onun orqanı “Ozan dünyası” jurnalı xüsusi diqqətə layiqdir. Aşıqlar Birliyinin təşkilatçılığı, təşəbbüsü ilə keçirilən aşıq festivalları, görkəmli aşıq sənətkarlarının yubileyləri, “Dastan axşamları”, yerlərdə aşıq sənətinin, məktəblərinin canlanması məhz bu təşkilatın gərgin axtarışlarının, çalışmalarının təzə-təzə görünən tumurcuqlarıdır...

Fikrimcə, bu çalışmalar alanını yeni, elmi-nəzəri müstəviyə keçirməyin astanasındayıq. Bəli, bu gün Dövlət və Milli Konservatoriyada, İncəsənət Universitetində sanballı aşıqların tədrisə cəlb edilməsi bir faktdır və o bəhrəsini bu gün deyilsə də, sabahlarda daha çox verəcək.

Aşıq sənətinin dəyərini, milliliyini, günümüzdə, tariximizdə, ənənəmizdə və soy yaddaşımızdakı yerini, rolunu epitet, təşbih məzmunlu “statusdan xilas” edib, məhz elə dəyər, tarix, bir xalqın yaddaşı, mədəniyyəti faktı kimi təqdimi istiqamətində köklənməliyik. Aşıq yaradıcılığına, hər yönü ilə görünən mütəşəkkil, elmi bazaya söykənən koordinasiyadan baxılmalıdır. Aşıq sənətinin bir elm - kökü olan, tarixi olan, məktəbləri olan, danılmaz ustadları olan, məxsusi rəqsləri olan, məxsusi havaları, məxsusi söz mətnləri olan - kimi kulturoloji məqam, türk xalqlarının bədii, ədəbi düşüncəsinin faktı kimi tanıdılmasının, öyrədilməsinin, təqdiminin saatı çatıb. Aşıq sənəti, Qobustan qayaları, Qız qalası, muğamlarımız, Azıx mağarası, Üzeyir bəyin musiqisi... timsalı xalqımızın həmişəyaşayacaq kimliklərindəndir, bu abidələrin elə ən ilkinlərindəndir...

Aşıq sənəti irili-xırdalı, sakit-coşqun, dənizləri, çayları, gölləri ilə bir yerdə okeandır. Təqdim etdiyimiz yazıda bu okeana özəl yaradıcılığı ilə yeni axar qatan sənət dəryalarından biri, Dərya Məhəmməddən söz açmaq istədik.

“O, az tanınan, az təbliğ olunan, az xatırlanan aşıqdır”, bu sözlər aşığın qızı fəlsəfə doktoru, dosent Gülarə Qocayevaya məxsusdur. Gülarə xanım söylədi ki, “atam, o qədər sadə, təvazökar, şöhrət dalınca qaçmayan, özünü təbliğ etməyi ağlına sığışdıra bilməyən, ailəcanlı, bilikli bir insan idi”. Gülarə xanım, elə mərhum atası misallı, utancaqlıqla, çəkingənliklə, umu-küsü ilə əlavə etdi ki, bu əsas vermir ki, bizim günlərdə Dərya Məhəmməd xatırlanmasın, əsərləri kölgədə qalsın, anılmasın...

Aşıq Məhəmməd Dərya adını qazanana qədər ağır, məşəqqətli ömür sürmüşdür, qazaxlı Rəhim kişinin ailəsində erməni-türk hadisələrinin gərgin dönəmlərində 1905-ci ildə doğulmuşdur. Əsərlərinin birində:

 

Məhəmmədəm, Şıxlıdanam mən özüm,

Yaman deyil, yaxşılara var sözüm -

 

söyləmişdir.

Aşığın atası 1918-19-cu ildə yenidən alovlanan erməni-türk qırğınlarında amansızcasına qətlə yetirilib. Böyük bir ailənin dolanışığı, cavabdehliyi 14-15 yaşlarından gənc Məhəmmədin çiyninə düşür... Amma gəncin elmə, ürfana, işığa can atmasına heç nə mane ola bilmir. Dini, islamın qayda-qanunlarını, kitabını gözəl bilən, savadlı, gözüaçıq kənd mollası molla Bilaldan öyrənir. Həmkəndlisi Osman Sarıvəlli ilə birlikdə şəriət dərslərini alır, dini biliklərə yiyələnir. Öyrənmək, dünyanı tanımaq və içində qaynayan istedadı onu Qori Müəllimlər Seminariyasına yönəldir, tələbə yoldaşları - Səməd Vurğun da daxil olmaqla Azərbaycan mədəniyyətinin, ədəbiyyatının sonrakı yaradıcıları və daşıyıcıları olur. Seminariyadakı ab-hava, təhsil, yeni mədəniyyətlərlə tanışlıq, heç şübhəsiz, Aşıq Məhəmmədin gələcək taleyini, sənətini, həyatını müəyyənləşdirir...

1928-ci ildən Məhəmməd aşıqlığa başlayır, həmkəndlisi Aşıq Səməddən aşıqlığın sirlərini öyrənir. Deyilənə görə, Aşıq Səmədin Məhəmmədin üzərində zəhməti böyük olmuşdur. Amma Məhəmməd, Aşıq Sadıx Sultanovun yanında şəyirdlik etmişdir. Gəncin istedadı, aşıq havalarını gözəl mənimsəyib çalması, bədahətən söz demək bacarığı, ədəb-ərkanı Aşıq Sadıx Sultanovun diqqətini çəkmiş onu yanına dəvət etmişdir. Az keçmir Məhəmmədin istedadı, tez bir zamanda qazandığı uğur, bacarığı, biliyi, hərtərəfli təhsil görməsi müəlliminin çox xoşuna gəlir və Aşıq Sadıx Sultanov gəncə “Dərya” təxəllüsünü verir.

Dərya Məhəmməd əsasən Gəncə-Qazax, Borçalı ellərinə yığnaqlara, el şənliklərinə sıx-sıx dəvət alır, sevilir, püxtələşir. Məclislərdə görkəmli, sayılıb-seçilən aşıqlarla birlikdə ifalar edir, məclislər aparır. Deyilənə görə, bir sıra görkəmli aşıqlara müəllimlik də edir: Aşıq Kamandar, Aşıq Əlyar, Aşıq Rəşid, Aşıq Yaqub, Aşıq Cəlal və b. Məhz Dərya Məhəmmədin yetirmələri olmuşdur.

Övladlarının dediyinə görə və onu tanıyanların şahidliyi də sübut edir ki, Dərya Məhəmməd həm də gözəl dastan söyləyicisi kimi də şöhrətlənmişdir. Unikal hafizəsi şəyirdliyində qazandığı təcrübə məclislərdə uzun saatlarla dastan söyləməsinə meydan açarmış. Aşığın 40-dan artıq dastan bilməsi qeyd edilir. Övladlarının dediyinə görə, aşığın şəxsi arxivində (əski əlifba ilə yazılmış) yüzlərlə şeirlərinin əlyazmaları saxlanılır, onların çox az qismi çap olunub. Qızı Gülarə xanımın təqdim etdiyi atasının bir neçə şeri, bu nümunələri qismən də olsa məzmun, şəkil baxımından təhlil etməyə imkan verir.

Qərb - Gəncəbasar aşıq mühitinin yetirməsi olan Dərya Məhəmməd aldığı dini və dünyəvi biliklər, müəllim yanında şəyirdlik etməsi - ustad görməsi onun yaradıclılğında özünü büruzə verir. Qərb aşıq bölgəsinin zəngin sənət ənənəsi Dərya Məhəmmədin irsində dərin izlər buraxmışdır. Aşığın maraq dairəsi genişdir, üz tutduğu mövzular rəngarəngdir. Aşıq şerinin bir çox şəkillərində istedadını sınamışdır: qoşma, gəraylı, təcnis, şığalı təcnis, müxəmməs, dodaqdəyməz və s. Aşığın arxivində onun qəzəl janrında yazmış olduğu poetik parçalarda da mühafizə edilir. Aşığın müasirləri - ustad aşıqlar Aşıq Avdı Qaymaqlı, Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Xındı Məmməd və onlarla digər aşıqlar bu səbəbdən Dərya Məhəmmədlə hesablaşmış, dostluq etmişlər.

Dərya Məhəmmədin az olsa belə, əlimizdəki şeirləri onun istedadından, sənətkarlığından bəhs etməyə material verə bilər. Həmin şeirləri təsnif etsək, onlarda başlıca xətt kimi aşığın həyatdan, dövrandan giley-güzarı, dünyanın faniliyi, ədəb-ərkan, dostluqda sədaqətli olmaq kimi mövzular keçir.

 

Gəlib gedib neçə-neçə ha canlar,

Əla da var, yaxşı da var, yamanlar.

Özündən artığı əksik sayanlar

Qalxıb enib nərdivana düşərlər.

 

Aşığın ustad yanında dərs alması ilə yanaşı, onun Qori Müəllimlər Seminariyasında dünyəvi elmləri öyrənməsi, həmkəndlisi Quran hafizi Molla Bilaldan şəriətin sirlərinə vaqif olması, yeri gəldikcə bu biliklərdən əsərlərində bəhrələnməsi diqqəti çəkir:

 

Xudam xəlq eyləyib şiri, aslanı,

Əli kimi pəhlivanı, deyərlər.

Dəryada balıqdan aldı xəracı,

Hökümdə İsgəndər hanı, deyərlər.

 

Və ya:

 

Varsa bu dünyada axıra qalan,

Dastan olub dildə bəxtiyar olan.

Sultan Süleymana əlini çalan,

Sənə də əlini çalacaq bir gün.

 

Sənətkarın qoşmalarında, qeyd etdiyimiz kimi, dünya, onun faniliyi mövzusuna sıx-sıx rast gəlinir. Dərya Məhəmməd həyatın gəldi-gedərliyini orijinal şəkildə, bir qədər də nikbin, “əbədi yola” hazır bir ovqatla belə ifadə edir:

 

Könül doymaz gəlsə ilham olanda,

Qədirdəndi nəsib təyyam olanda.

Ay Məhəmməd, işin tamam olanda

Bir mollaynan, bir Qurana düşəcək.

 

Təbii ki, ağır keçən həyatı, atasını tez itirməsi, yeniyetməliyindən böyük külfətə başçılıq etməsi, yükü onun yaradıcılığından yan keçə bilməzdi. “Vallah yaşamağa qalmayıb güman” - deyən sənətkarın əsərlərinə hopub həmin ruh. Çətin, ağır ömür yollarında ona arxa-dayaq olan yaxşılıq, ədalət, mərifət, dost deyə bildiyi insanlar və bəlkə də əks qütbdə duran və daha ağır gələn həyatın gerçəklikləri, aşığı sanki tərki-silah edir, yazılarına giley-güzar səpir. Aşıq dünyanın nizamını saxlayan əbədi xeyir-şər mücadiləsində, həyatın daha çox “qara” olmasını, dost dediklərinin “yaman” çıxmasını şeirlərində çox kəsədən etiraf edir. Sənətkar uzun-uzadı “umu-küsülərlə” dolayısı ilə yox, əksinə, birbaşa sözə əziyyət vermədən, rahat bir dillə, təsvirlə “dünya işləri”nə oxucunu hali edir:

 

Sağ sinəmdə şirin sözüm dağ olmuş,

Səhər könlüm bir virana bağ olmuş.

Yaman üz döndərib, dostum sağ olmuş,

Elə bil ki, sultan keçir, xan keçir.

 

Aşığın bu səpkili qoşmaları, gəraylıları tez bir zamanda adamı həmin ovqata, hadisəyə bənd edə bilir:

 

Yiğvalın yatması, ayılması var,

Mənimki yatıbdır, ayılmır daha.

Kəlmə var, qanana öz mənası var

Mərifət hesaba sayılmır daha...

 

Aşıqdan örnək kimi verdiyimiz poetik misralar (və bu ruhlu qoşmaları) yada istər-istəməz böyük şair, sərkərdə, dövlət xadimi Şah İsmayıl Xətainin “Kərəm eylə” gəraylısını saldı...

Dərya Məhəmmədin irsindən nümunələrə dayanaraq, aşığın yaradıcılıq məramı, həyata baxışları, bədii düşüncə çevrəsi, təhsili, istedadının gücü, əsərlərinin dili haqqında bəzi mülahizələrə, qənaətlərə gəlmək mümkündür. Bizdə olan və bir neçəsini təqdim edəcəyimiz şeirlərinin imlasına toxunulmadı. Yeri gəlmişkən qeyd edim ki, Dərya Məhəmmədin irsi bəlli səbəblərdən bir əlifbadan digərlərinə transliterasiya edilərkən bir sıra təhriflərə məruz qalmışdır... Bununla belə, aşığın dili, söz leksikonu zəngindir, sadə olmaqla canlı danışıq dilinə çox yaxındır. Bu irs yaxşı mənada bədii simvollarla - tarixi hadisələr, şəxsiyyətlər, ədəbi keçmiş, klassiklər, dini hadisələr, islam üləmaları və dünya haqqında biliklərilə - “yüklüdür”. Amma bu detal, aşığın şeir dilini ağırlaşdırmamış, tam əksinə, onun dilini bədiiləşdirmiş, ona “qıvraqlıq” vermişdir. Aşıq “sadə dillə” ən mürəkkəb mətləbləri dünya, tarix, əxlaq, dost, “o dünya”, “tarixi şəxsiyyətlər” - bədiiləşdirmək gücündədir. Heç şübhəsiz, Dərya Məhəmmədin yazı texnikasının cilasına onun ustad görməsi, dünyəvi-dini elmlərlə tanışlığı, təhsil alması mühüm təsir etmişdir. Digər tərəfdən, aşığın doğulub, formalaşdığı ədəbi aşıq mühiti - apardığı el yığnaqları, böyük ustadlarla təmasda bulunması, dostluq etməsi məhz Məhəmmədi, Dərya Məhəmməd etmişdir:

 

Cavab versin kimsə candan keçibsə,

Çox ariflər çox meydandan keçibsə.

Leyli sevib, Məcnun ondan keçibsə,

Məhəmməd keçəcək ay beləsindən...

 

Aşığın incə lirizmlə tərənnüm etdiyi sevgi duyğulu qoşmalarında aşiqin məhəbbəti, zərif, intim duyğuları əsla çılpaqlığı ilə şəkillənmir. İstəklisinin naz-qəmzəsi, ona diqqət ayırmaması, göz yetirməməsi örtülü bir şəkildə, pərdəli ifadə olunur. Məhəbbət duyğulu poetik əsərlərində, aşığın bu halı, müşahidələrimizə görə, bir qədər də incə yumorla təqdim olunur.

Dərya Məhəmməd həm ənənəyə sadiqdir, həm də özünəməxsus yaradıcı aşıqdır və məhz özünə xas poetik üslubunda gözələ müraciət edir:

 

Qul olan könlüm ki, sənə bağlanıb,

Sən onu açmırsan, ay niyə-niyə.

...Gözəlliyin bir solmağı gələcək,

Heç ölçüb-biçmirsən ay niyə-niyə.

 

Gözəlin - el qızının portretini, onun saflığını, gözəlliyini yalnız bircə detalla müqayisə edib, onun haqqında mükəmməl, bütöv mənzərə yaratmaqla istəyini, dərin hisslərini zərif, əyani söz - lövhələrilə cızır:

 

Mübarək camalın necə gözəldir,

Dağlara saf təzə qar düşən kimi.

Sən mənim yadıma elə düşürsən

Xəstənin könlünə nar düşən kimi.

 

Beləliklə, Gəncəbasar aşıq mühitinin yetirməsi Dərya Məhəmməd ustad-şəyird məktəbini keçmiş, özünəməxsus dili, dünyagörüşü, təhsili, əsərlərinin məxsusi ruh və koloriti olan aşıqlarımızdandır. O yaradıcı aşıq olmaqla yanaşı, ifaçı sənətkar kimi də şöhrətlənmişdir. Saz havalarını, dastanlarımızı bilən, məclislərdə söyləyən məharəti ilə bahəm, özü də aşıq şerinin müxtəlif şəkillərində əsərlər yaratmışdır.

“Ədəbiyyat qəzeti”nin oxucularına Dərya Məhəmməddən bir neçə yarpaq təqdim edirik.

 

Xatirə BƏŞİRLİ

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.5.