Sonun gəlişi yaxud

yazıçının ölümü

      

Allah heç kəsə nəsib etməsin, təklik yaman pis şeydir. İllah da ki, yavaş-yavaş köçünü bu dünyadan çəkməyə hazırlaşanda arvad da səni tək qoya, üstəlik oğul-uşaq da yada salmaya.

Hərdən öz-özünü danlayırdı ki, gərək vaxtında bu dünyadan gedəydi, görməyəydi naqislikləri. Onun tayları çoxdan başlarını götürüb o biri dünyaya təşrif buyurublar.

Neçə vaxtdı ki, yata bilmirdi. Sabaha qədər evinin hisdən qapqara qaralmış tavanına baxırdı.

- Belə də iş olar ə kişi? - öz-özünə deyinirdi. Deyəsən axırım çatıb. Yoxsa niyə yata bilmirəm ki?..

Qoca yazıçı dönüb pəncərəyə baxdı, görsün hava açılıbmı. Qalın pərdədən azacıq süzülən zol-zol işığı görüb sevindi.

Yadına düşdü ki, dünəndən çay içməyib. Çarpayısının baş tərəfinə qoyduğu əsanı əlinə alıb hıqqana-hıqqana ayağa durdu. Çəkələklərini tapıb birtəhər ayağına keçirdi. Baxdı ki, taykeş geyinib. Fikir vermədi. Ayaqlarını sürüyə-sürüyə mətbəxə yön aldı. Dəhlizdə gözü divardan asılmış aynaya sataşdı. Diksindi. “Belə olmaz, qoca! Bir-iki tikə də olsa gərək yeyəsən. Dərin sümüyüvə yapışıb. Yanına gələn olsa, qorxacaq səndən”.

Qazı yandırıb balaca çaydanı üstünə qoydu. Soyuducunu açdı. Bir-iki yumurta, bir az şit yağ, mürəbbə vardı. Bir də balaca bankanın dibində azca kəsmik qalmışdı. ”Ərzağım da qurtarıb. Uşağa deyəm bazarlıq eləsin (nəvəsi Zauru nəzərdə tuturdu). Yaxşı yeyəsən ki, gəzməyə taqətin ola. Yoxsa mənim kimi? Ayaq üstə güclə dururam. Həkim Allah kömək olmuş da o gün deyir ki, bal ye, əmələ gəl. Deyən gərək, ay rəhmətliyin nəvəsi, balı hansı pulnan alım? Bəyəm təqaüdnən dolanmaq olur? İndiki zamanada hər şeyi həll edən puldu, pul. Pulu daşın üstünə qoy, daş o saat yumşalıb muma dönəcək.”

Fal-fal doğranmış qara çörək dilimlərindən birini götürüb bankadakı kəsmiyi bıçaqla onun üzərinə yaxdı. Udquna-udquna bir-iki tikə zorla yeyə bildi.

“Bayaqdan acından ölürdün, a fərsiz qoca? Noldu, bir yaxmacı da yeyib qurtara bilmirsən. Vaxt vardı doymaq bilmirdin!”

Özünə acığı tutdu. Hirslə çaydanın altını söndürdü. Əsasını əlinə alıb mətbəxdən çıxdı. Aynanın qabağından keçəndə istədi bir də çevrilib özünə baxsın. Nə düşündüsə baxmadı, düz keçdi. Sürətlə özünü çarpayıya çatdırıb dərindən nəfəs aldı. Təkcə çarpayısında rahat olurdu.

-Deyəsən dəli olacam. Allah, məni bu qoca vaxtımda rüsvay eləmə, qurban olum sənə!

Qapının zəngi çalındı.

"Yəqin Zaurdu, təqaüdümü alıb gətirib..."

Sevinə-sevinə qapıya getdi.

Gələn qonşuydu, dərmanlarını alıb gətirmışdi. Gözləri işıqlandı.

-Çox sağ ol, ay qonşu.

Qonşu dodaqlarını açmadan başını bir dəfə yüngülcə tərpətdi..

- Xoş getdin, bala!

Qapının rəzəsini çəkib bağladı. “Allah heç kimi heç kəsə möhtac eləməsin. Vaxt vardı kitablarım əl-əl gəzirdi. Bir dənə avtoqraf yazmağımdan ötrü günlərlə növbəyə dururdular. Vəzifədə idim də... Sayırdılar məni. İndi kimdi yada salan? Elə bil mən adda bir yazıçı olmayıb bu məmləkətdə”.

Dərman qutularından birinin ağzını açıb sarı, xırda tabletlərdən ikisini götürdü. Dilinin üstünə qoyub stəkana süzdüyü sudan bir qurtum içdi. Yerinə uzanıb gözlərini tavana zillədi.

“Mən nə vaxt qocaldım, axı? Heç xəbərim olmadı...”

Dönüb xanımının şəklinə baxdı. “Niyə öldün, arvad? Yetim qoydun məni bu çağımda..."

Kövrəldi. “Dərdimi kimə deyim? Divaramı? Deyirlər, ay divar, sənin də qulağın var. Əgər varsa, onda niyə eşitmirsən dediklərimi? Yəqin sərf eləmir. Lazım olanı elə tez eşidirsən ki...”

Nəzərləri yan diivardan asılmış cavan şairin portretinə sataşdı."Yenə o bağ olaydı, yenə o qumlu sahil... Heyif səndən, şair! Eh... başımız nələr çəkmədi o vaxt? Gecələr də paltarlı yatırdıq ki, bu saat gəlib aparacaqlar. Adamlar bir-birinə salam verməyə belə qorxurdular. Gecə gəlirdilər, qapının zəngini qəfil çalırdılar. Nə qədər günahsız adamlarımız getdi güdaza. Hamısı da istedadlıydı. Bəzi çuğulçuların, donosbazların sayəsində. Çoxusu indi də sağdı. Elə gəzirlər ki, guya vaxtilə Müşfiqi, Cavidi, Salman Mümtazı, Əhməd Cavadı tutduran bunlar deyilmiş...”

Telefon zəng çaldı. Səksəndi. Bir anlığa harda olduğunu kəsdirə bilmədi. Ona elə gəldi ki, dediklərini eşidiblər, gəliblər onu aparmağa. Birdən baxdı ki, yox, çalınan qapı zəngi deyil, ev telefonudur.

-Başım xarab olub ey... İndi otuz yeddi-zaddı bəyəm? Nədən qorxuram ki?..

Çarpayının baş tərəfində kiçik dolabçanın üstünə qoyulmuş köhnə telefona sarı döndü.

Dəstəyi qulağına tutdu.

-Alo! Zaur! Sənsən, bala?

Zəng edən tamamilə başqa adamdı.

Qəzet müxbiri Sevay çoxdandı ki, onunla görüşmək istəyirdi. Ev telefonunu tapıb həyəcanla rəqəmləri yığdı. Çox keçmədi ki, telefonun o başından zəif bir səs eşidildi:

-Alo!

Bildi ki, odur. Səsi titrədi.

-Salam, Mərdan müəllim!

-Əleyküməssalam! A qızım, kimsən?

-Mən qəzetdə işləyirəm. Adım Sevaydır. Sevay Məmmədli. Sizinlə görüşmək, yazı hazırlamaq istəyirəm.

-Yox, a qızım, lazım deyil. İstəmirəm.

-Niyə axı?

-Neçə illərdi qapımı heç kəs açmır, bu gündən sonra sən açsan nolacax? Yox, bala, əziyyət çəkib gəlmə. Sayıb zəng etdiyivə görə sağ ol.

-Bir dəqiqə dayanın, Mərdan müəllim, xahiş edirəm!

-Eşidirəm.

- Nə olar, sözümü yerə salmayın... Vaxtınızı çox almayacam...

-Deyirsən yazmaq istəyirsən məndən?

-Bəli, bəli, yazmaq istəyirəm.

-Yaxşı, nə deyirəm ki...

Sevayın qanadı olsaydı, uçardı.

Azadlıq prospektindəki hündür, yaraşıqlı binanın önündə dayandı. Məşhur yazıçı burada yaşayırdı.

Həyətə daxil olub pillələrlə yuxarı qalxdı. Yazıçının yaşadığı mənzilin önündə dayandı. Ürəyi sudan çıxmış balıq kimi çırpınmağa başladı. Uşaqlıqdan arzusu deyildimi böyüyüb jurnalist olsun, gedib Mərdanlı ilə görüşsün, müsahibə götürsün? İndi arzusu çin olmuşdu. Nədən belə həyəcanlıydı?

Əlini yuxarı uzadıb zəngin düyməsini basdı. İçəridən hənirti eşidildi. Kimsə ayaqlarını sürüyə-sürüyə qapıya sarı gəlirdi. Sevay daha da həyəcanlandı.

Qapı açıldı. Arıq, balacaboy, üzünün almacıq sümükləri çıxmış çəlimsiz bir qoca hıqqana-hıqqana əlindəki əsaya söykənmişdi. Və işıltısını hələ itirməmiş gözlərini zilləyərək ona baxırdı. Sevay əvvəlcə inanmadı bu odur: cild-cild əsərlərin müəllifi məşhur yazıçı. Rəngi getmiş zol-zol pijama və saralmış , uzun dizliyin içərisində daha da cılız görünən, boğazının damarları çıxmış, əti sümüyünə yapışmış qupquru, zəif bir qoca idi qarşısındakı. Bir anlığa özünü itirdi.

- Salam... Mərdan müəllim! Mən... dünən sizə zəng edən...

-Hə, hə... Keç içəri, qızım! Xoş gəlib, səfa gətiribsən.

-Xoş gününüz olsun.

-İnana bilmirəm! Necə oldu ki, məni yada saldınız...

Yazıçının gözündən iki damla yaş axıb qırışların çoxdan şumladığı sifətindən üzü aşağı yuvarlandı. Əlinin dalıyla gözlərini silib üzünü gizlətməyə çalışdı. Sevay bunu görüb çox təsirləndi.

Kiçik dəhlizdən evə keçdilər. Sevay qaşlarını çatdı: “Necə olur ki, bu boyda əsərlərin müəllifi belə balaca, dar otaqda yaşayır? Həm də belə şəraitdə”.

Yazıçı öz çarpayısında oturdu. Hər iki əlini üst-üstə qoyub əsanın başında daraq kimi bir-birinə keçirdi. Sevay onunla üzbəüz balaca kətildə əyləşdi.

Sevay onun üzünə baxmağa utanırdı sanki. Aylardı yuyulmamış kirli, sapsarı döşəkağının içində yumaq kimi bükülmüş qocaya nədənsə yazığı gəldi. Yavaşca köksünü ötürüb otağa göz gəzdirdi. Divarda dahi rəssam Səttarın bir neçə məşhur tablosu diqqətini çəkdi. Zərli haşiyəli bir çərçivədə isə yazıçının 25-30 il qabaq çəkdirdiyi şəkli asılmışdı. Başında qaragül dərili xəz papaq, əynində eyni rəngdə xəz palto, qalın qaşlı, qalın bığlı yazıçı sifətində xoş təbəssüm yanakı baxıb gülümsəyirdi. Paltosunun yuxarı qalxmış xəz yaxalığı şəklə xüsusi yaraşıq verirdi. Sevay xatırladı: bir vaxtlar, yeniyetmə ikən kitabında görüb vurulduğu şəkil. “Görəsən, bu, doğrudan odur?”

-Yanınıza gələn olur?

-Kim gələcək ki, ay qızım? Mən qocanı kim yada salar? Kimə lazımam indi?

-Elə deməyin, Mərdan müəllim. Sizin Azərbaycan ədəbiyyatında xidmətiniz böyükdür. Bakının tarixindən ilk əsər yazan sizsiniz.

- Onlar keçmişdə qaldı. İndi hamısını unudublar. Bizim millət hər şeyi çox tez unudur. Biz beləyik də... - Əlini yellədi.Vaxtilə neynəmisən, nə iş görmüsən, sonradan hamısı yaddan çıxır.

Başı ilə masanın üstündəki əlyazmalara işarə elədi.

-Görürsən? Neçə ildi yazdıqlarımı pul dərdindən çap elətdirə bilmirəm. fikirləşməkdən yuxum da çəkilib ərşə. Arada bezirəm bu cür yaşamaqdan. Dəli şeytan deyir, çıx dama, özüvü at yerə, canın qutarsın bu əziyyətdən.

Sevay eşitdiklərinə inana bilmədi. Bir zamanlar Bakının tarixini yazmaqdan ötrü minbir əziyyətlə arxivlərə girərək sənədlərin üzünü ərəbcə, farsca köçürüb pencəyinin ətəklərində gizlədən, kitabı əl-əl gəzən şöhrətli yazıçı deyirdi bunu.

Küncdə qoyulmuş ağ-qara təsvirli köhnə televizorda toplantı gedirdi. Kimisə ayaq üstə bərk-bərk alqışlayırdılar.

- Görürsən, necə əl çalırlar?- Başı ilə televizora işarə etdi: - Millət ölür əl çalmaqdan ötrü. O boyda torpaqlar getdi e... heç kəsin vecinə döyül. Dedim də, çox unutqanıq. Unuda-unuda hər şeyi verdik bada. Ona görə də başımıza bu işlər gəlir. Allah betərindən saxlasın.

Sevay çantasından diktafonu çıxarıb masanın üzərinə qoydu. Xırda düyməciklərdən birini basdı. Mərdanlının sifəti qəfil ciddiləşdi.

- Onu söndür! Yoxsa heç nə danışmayacam!

Qulaqlarına inana bilmədi. “Necə yəni söndür? Bəs bayaqdan danışdıqları nə idi?”

- Niyə, Mərdan müəllim? Dediklərinizi yazıram da...

- Yox, qızım! Onda söhbətimiz tutmayacaq səninlə.

“Nədən çəkinir görəsən bu doxsan yaşında?”

Anladı ki, diktafonu söndürməsə, Mərdanlıdan kəlmə ala bilməyəcək. Söndürdü. Bundan sonra dili açıldı qoca yazıçının. 37-ci ildən maraqlı faktlar açıqladı. Rəsulzadəni, Mirhəsəni öz gözləri ilə görübmüş.

- O kişi bizim kəndə gələndə, mənim on yaşım vardı. Rəsulzadəni deyirəm. Gözlərimlə gördüm onu. Bilmirdim ki, o, böyük adamdır, Cümhuriyyəti ilk quran odur. Uşaq idim də, nə qanırdım? Nə biləydim ki, Leninin qurduğu qırmızı hökumət onu axtarırmış. Yaxşı insanlar gizlətdilər onu. Ağlım kəsdikcə, öz-özümə deyirdim ki, keşkə bir də göreydim o kişini. Son gəlişi oldu kəndimizə. Ömrünü qürbətdə başa vurdu. O boyda kişinin qədrini bilmədik.

Hər iki əlini əsasına döyəcləməyə başladı. Deyəsən əsəbiləşirdi.

- Guya ki, o boyda Zeynalabdının qədrini bildik? Dedim də... ay qızım, biz beləyik.

- Mərdan müəllim, Hacı Zeynalabdinin xeyirxah işlərindən danışın mümkünsə.

- Bala, Hacının çox xeyirxah işləri olub. Hansı birindən danışım? Var-dövləti heç yerə sığmırdı, amma çox səxavətliydi, əliaçıqdı, kasıb-kusuba, yetim-yesirə əl tutandı. Nə qədər binalar tikdirib, məktəblər açdırıb, şollar suyu çəkdirib, gəncləri oxumaqçün xaricə göndərib.

- Sizcə, indi Hacı kimi səxavətli adamlarımız varmı?

- Var. Ondan da varlı adamlarımız var. Amma o ürək yoxdu...

Sevay ermənilərin xainliyi haqda danışmasını Mərdanlıdan xahiş etdi.

- Qızım, ermənilər elə əvvəldən xain olublar. Bizim neftimiz, qızılımız, pambığımız vardı. Onların nəyi var ki? Bizimkilər o vaxt onlara yaşamağa yer-yurd verdilər. Bu nankor dığalar əvəzində torpağımıza göz dikdilər. Şaumyanın başçılığı ilə Bakıda, Qubada qətliam törətdilər. Lenin özü nəzarət edirdi bu işə. Bakının nefti vardı axı! Ruslar əl çəkərdi? Bakıda nə qədər müsəlmanı qətlə yetirdilər. Ermənilər cəsədlərin üstündə mahnı oxuyurmuşlar: “Bir-iki, Bakı oldu bizimki..” O vaxt Bakıda qeyrətli, mənəm-mənəm deyən qoçular vardı; qoçu Ələkbər, qoçu Nəcəfqulu, sonra qobulu Məşədi Hilal və başqaları. Türklər gələnəcən onlar dəstələr düzəldib ermənilərə qarşı vuruşublar. Amma az idilər də... Əgər türklər vaxtında özlərini yetirməsəydilər, indi bizdən bir tum da qalmayacaqdı!

“Bu ki, canlı tarixdir! Möhkəm yaddaşı var”.

- 37-ci il haqqında daha nə deyə bilərsiniz?

- Çox şeylər bilirəm. Sən soruş nələr bilmirsən. O Mirhəsən ki, vardı ha, indikilər kimi tərif sevməzdi. Gözünün düşməniydi yaltaq adam. Bir dəfə iclasların birində tanınmış bir yazıçı onu tərifləyir ki, siz beləsiz-eləsiz, dahisiz, nə bilim daha nələr. Mirhəsən dərhal onun sözünü yarıda kəsib deyir: “Nə çərənləyirsən? Düş yerə ordan! Mənə tərif deməkdənsə, yeri get şerini yaz!”

- Amma onun da ziyanlı işləri çox olub. Nə qədər ziyalının ölümünə qol çəkib.

- Ziyalılar çox zaman özləri bir-birini tutdururdular. Mirhəsənlə Nəriman olmasaydı, nə qədər torpağımızı o vaxt ermənilərə veriləcəkdi. Müharibə vaxtı Stalin bizimkiləri kütləvi şəkildə Orta Asiyaya və digər ucqar yerlərə sürgün edəndə, Mirhəsən bunların qabağını alıb. Bu faktdır.

- Siz onu şəxsən görmüsüz?

- Hə, görmüşəm. O da məni şəxsən tanıyırdı. Bir əsərim çıxmışdı, neftlə bağlı. Əli Vəlizadə ilə Mehdi Hüseynliyə deyib ki, gördünüz? Əsl əsər belə olar, Mərdanın əsəri kimi. Bunu Mehdi söylədi mənə. Nələr olub, o vaxtı, nələr! - Əlini yellədi. Sən uşaqsan, bilməzsən. Kim kimi ələ verib, kim kimi tutdurub, mən hamısını bilirəm.

Qoca yazıçının dili açılmışdı. Sevay bacardıqca ondan çox söz çəkmək istəyirdi.

- Ziyalıların bir-birini tutdurmasının səbəbi nə idi axı, Mərdan müəllim?

- Nə olacaq? Nadanlıq və paxıllıq. Bir-birini tutdurmaqla fəxr edirdilər. Hətta biri fəxrlə mənə deyirdi ki, on yeddi adam tutdurmuşam.

- On yeddi adam?

- Hə, hə, qulağımla eşitmişəm. Elə indi də yaşayır.

- Adını deyə bilərsiniz?

- Ad nəyə lazım, ay qızım? Yazmasan yaxşıdır. Başın ağrıyar. Övladların varmı?

- Bəli, var.

- Onda get balalaruvu böyüt. Neynirsən öyrənib? Bəzi şeylər gizli qalsa yaxşıdır.

- Söz verirəm, yazmayacam. Sadəcə, bilmək istəyirəm. Çox xahiş edirəm.

- Yaxşı, onda qulağını bəri gətir.

- Burda bizdən başqa heç kim yoxdu ki, Mərdan müəllim!

- Var!

Sevay dörd gözlə ətrafa boylandı. Özlərindən başqa heç kəsi görmədi.

- Hanı bəs?

- Bax, odur!

Qoca yazıçı əlini tapança kimi lülələyib çarpayısının yanındakı divarı göstərdi.

- Görürsən? Bu daş-divarın da qulağı var! Nə qədər adamı bu divarlar tutdurub o zaman. Bildin?

Sevay donub qaldı. Düşündü ki, tək qalmaqdan qoca yazıçının əsəbləri pozulub. Çox pis oldu. Bu vaxt Mərdanlı baş barmağı ilə işarə etdi ki, qulağını bəri gətir. Sevay başını ona tərəf əydi. Mərdanlı onun qulağına nə isə pıçıldadı. Sevayın gözləri kəlləsinə çıxdı. Dediyi adamı yaxşı tanıyırdı. O da indi yaşlanmışdı. Xətirli-hörmətli yazıçıydı. “Demək, belə! Mərdan müəllim düz deyir, ancaq paxıllıq yıxıb bu millətin evini...”

Sevay yazıçılar arasında indiki vəziyyəti xatırladı. “Guya ki, indi belə deyil? İstedadlı, milli düşüncəli yazıçılarımızın bostanına indi də daş atmırlarmı?"

Başını buladı. Bu, Mərdanlının gözündən qaçmadı.

- Bala, yazıçı olmaq, xalqın dərd-sərini yazmaq, onların adından danışmaq deməkdi. Əsl yazıçı gərək həqiqəti deyə, həqiqəti yaza.

- Elədir! - Sevay fikirli-fikirli dilləndi.

“Görəsən, Mərdanlı nə yaxşı sağ qala bilib? O dövrdən, “əjdahanın” ağzından necə qurtulub? Danoslardan yaxasını necə qurtara bilib?”.

- Bütün ağrı-acıları içimdə çəkirəm, qızım!

Sanki suallarına cavab verirdi.

- Torpaq dərdi, el dərdi, insanların naqisliyi, satqınlığı - hamısı mənim içimdədi. - Əlini sinəsinə çırpdı. - Elə şeylər var ki, demək olmur, qızım! Yaradı, dərddi ürəyimizdə. Yalandan gülüb-danışırıq. Əsl riyakarlıq bax budur, bala!

- Heç olmasa yazın da... Gələcək nəsil bilsin hər şeyi.

- Yazmışam, qızım, yazmışam. Çapa verməmişəm. Bilrisən niyə?

- Niyə?

- Çünki övladlarım, nəvələrim var, onların uşaqları var. İncidərlər, türməyə atarlar. Hələ bu olsa dərd yarıdı. Adamın nəslin kəsərlər. Gördün akademiki? Gülləni düz ağzından vurdular!

Sevay quruyub qaldı. Əsəbi zənn etdiyi bu adam əslində əsl həqiqətin üzü idi.

- Deyə bilmədiklərimin, ürəyimdə qalanların hamısını yazıb vermişəm arxivə. Mən öləndən sonra açarlar. Onu da əgər açsalar.

Mərdanlının alnındakı qırışlar yavaş-yavaş sıxlaşaraq bir-birinə yapışdı, sifətində qəribə, sirli bir ifadə yarandı. Gözlərini bir nöqtəyə zillədi. Deyəsən, şakəri idi, barmaqlarını əsaya döyəcləməyə başladı.

- Dəli şeytan deyir çıx dama, özüvü at yerə. Canın qutarsın bu ağrı-acılardan...

- Səbirli olun, Mərdan müəllim.

- Səbr elə, halva bişər ey qora səndən, - Mərdanlı əlini oynatdı. Səbir kasası da daşır axı. Bu azğın erməniləri torpaqlarımızdan qovub çıxartmaq lazımdır. Kaş ölüb gedeydim, görmiyeydim bunları...

- Mərdan müəllim, sizcə, torpaqlarımızı nə vaxt geri alacağıq?

Qoca yazıçının gözləri parıldadı.

- Alacağıq! Mütləq alacağıq! Bir az gec... Onu da biz görəmmərik.

Mərdanlı ağzını Sevayın qulağına yaxınlaşdırıb pıçıltı ilə dedi:

- Bilirsən, qızım, bütün bu olanlar ki var, bunlar...

- Hə, hə! - Sevay dörd gözlə onun deyəcəyi fikrin sonunu gözlədi.

- Bunlar...

Dayandı. Deyəcəyi sözləri boğazından geri qaytarıb uddu. Gözlərini dörd dolandırıb evin içinə nəzər saldı. Əllərini dizlərinin üstünə qoydu. Dodaqlarını bir-birinə kip sıxaraq oturdu. Sevay bundan artıq ondan söz ala bilməyəcəyini görüb ayağa qalxdı.

- Çox sağ olun, Mərdan müəllim! Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Amma bir xahişim var: şeytanın sözünə qulaq asmayın! Yaxşımı?

Cavab əvəzinə qoca yazıçı Sabirin məşhur beytini söylədi:

 

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi.

Zənn edirdim edəcəkdir ona çarə ciyərim.

Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən.

Şişməyə başladı indi üzü qarə ciyərim...

 

Sevayın gözləri yaşardı. Tələsik sağollaşıb çıxdı.

Düşündü ki, kaş gəlməyəydi bu qapıya! Onu bu vəziyyətdə görməyəydi!

Bir müddət fikirləşə-fikirləşə qaldı. Görəsən nə demək istəyirdi Mərdanlı? “Bilirsən, qızım, bütün bu olanlar... Nədən çox şeyləri gizlədir, özüylə məzara aparmaq istəyir?”

Onun iki damla göz yaşlarını unuda bilmirdi Sevay. Hər dəfə avtobusla yazıçının yaşadığı binanın qabağından keçib işə gedəndə başını qaldırıb yuxarıya - dama baxırdı. “Görəsən Mərdanlı şeytanın sözünə uyub bu doqquzmərtəbəli binanın onuncu qatından özünü yerə atsa, nə hala düşər?!.

Bir gün Mərdanlının yaşadığı binanın önündən keçəndə adamların oraya toplaşdığını gördü. “Burda nə olub?” - deyə soruşdu. Cavab verdilər ki, kimsə binanın damından özünü atıb. Sevay camaatı aralayıb yaxına gəldi. Gördüklərinə inana bilmədi. Dəhşət! Bu ki Mərdanlı idi!

Camaat onun cansız bədəninin ətrafına yığışmışdı. Zol-zol pijamada və rəngi saralmış uzun dizliyin içində yumağa dönmüş bapbalaca bu qocaya hamının yazığı gəlirdi. Bir qadın dizlərinə döyərək:

- Vaxsey, yazıq! Gör nə hala düşüb. Görəsən, niyə atıb özünü? - dedi.

- Yəqin kimi-kimsəsi yoxdu... Qoca bir kişi cavab verdi və başını buladı. - Qocalanda belədi də... heç kəs saya salmır səni...

“Heyif sizdən, Mərdan müəllim! Axı dedim, uymayın şeytanın sözünə...”

Sevayı yandıran oydu ki, heç kəs Mərdanlını tanımırdı, heç kim bilmirdi ki, intihar edən bu şəxsin qələmindən neçə-neçə sanballı əsərlər çıxıb.

- Ay camaat, heç bilirsiz o kimdir?

Hamı səs gələn tərəfə döndü.

- Kimdi ki?

- Məşhur yazıçı Mərdan Mərdanlı!

- Nəə?.. - Camaat başını bulayıb kinayə ilə ona baxdı.

- Vallah, Mərdanlıdır. Mən jurnalistəm. Cəmi iki həftə qabaq getmişdim onlara. İnanın mənə.

- Ay qız, sənin başın xarab olub, nədi? -Yaşlı bir qadın onu acıqlı nəzərlərlə süzdü. Necə yəni Mərdan Mərdanlıdır bu vidsiz qoca? Adamları dolamısan? Mən Mərdanlını yaxşı tanıyıram. Köhnə binada qonşumuz olub. Bu, o deyil!

- Mən də inanmıram! - Nahamar bir kişi yaşlı qadının sözünə qüvvət verərək qəribə tərzdə ağzını oynatdı. Mərdanlı hara, bu hara?

Sevay hirsindən qışqırmağa başladı.

...Öz səsinə yuxudan ayıldı.

İki gün sonra qoca yazışının vəfatı xəbərini eşitdi.

 

Südabə Sərvi

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.5-7.