Təkcə yağış
yuyar yaralarımı
Hər gün
eyni təəssürat...
Küçə ilə gedir,
insanları görürəm.
Hər dəfə də yeni-yeni simalar. Onlar daima harasa tələsirlər.
Zaman ötür, həyat gözlərimiz önündə
kino lenti kimi keçib gedir. Mən isə, sadəcə
yorulmuşam. Xoşlamadığım yalançı ifadələrdən,
daimi narahatlığımdan.
Buludların arasından günəş
görünür, yağış
iri-iri damcılar səpələyir. Beynimdə
isə yeganə bir fikir dolaşır:
Təkcə yağış
yuyar yaralarımı...
Hər damlası bir yüngüllük olan yağış. Bəs
bu göz yaşlarımı kim görəcək?
Yağış damlaları arasından
axan göz yaşlarımı. Axı niyə
hamı harasa tələsir? Bəzən necə
də tutub saxlamaq istəyirsən bu zamanı. İndi təkcə günəşli və yağışlı səma
var, mənə gülənmi, ağlayanmı
səma... Büsbütün
islanmış, hara gedəcəyimi bilmədən
yoluma davam edirəm: bədbinliyəmi,
xoşbəxtliyəmi aparan
yoluma? Birdən kimsə mənə
rəngarəng bir çətir uzadır.
Çevrilirəm: şəffaf
plaşlı bir kişidir, ancaq siması görünmür.
Keçib getmək istəyirəm,
o isə çətiri
təkidlə təklif
edir. Mən çətiri alıb uzaqlaşmağı düşünürəm,
birdən eşidirəm:
“Bəzən elə yağışlar yağır
ki onlardan sonra ürək açan göy qurşağı görünür.
Gərək təslim
olmayasan! Yoluna davam edəsən! Təkcə yağış yuyar yaralarımı, - eləmi?”
Bu necə olur,
axı? Mənim
fikirlərim... Çevrilirəm, o isə artıq yoxdur. Yenə boş küçələr,
yenə üzbəüz
gələn müxtəlif
insanlar. Birdən
hiss edirəm ki, yağış dayanıb,
ayaqlarımın altındakı
titrək ləpəli
gölməçədə isə göy qurşağının əlvan
rəngləri...
Ləman
Kərimli
Ədəbiyyat qəzeti.- 2014.-
7 mart.- S.7.