Balaca böyüklər

 

Eşqim, məhəbbətim coşqun dənizdi,

Bu dəniz ömrümdən illər dən üzdü,

Tülkülər, çaqallar nəyimə gərək,

Dəniz ürəklilər mənə əzizdi.

* * *

Bu dünya qəm yeridi,

Üstümə qəm yeridi.

Bu ağıllı dəliyə,

Nə desələr, yeridi.

* * *

Yalan danışanlar sonda gülmədi,

Sən yalan dedinmi - unutma, yalan

Qayıdıb özünə dəyən güllədi.

Yalan həm də ilandı

Vaxt gələr, çalar səni,

Pis günə salar səni.

* * *

Hər gün beş-on namərd ilə,

Çox az mərdlə üzləşirəm.

Bir az sevinc, fərəh ilə,

Çoxlu dərdlə üzləşirəm.

Bu gün dərdlə inadlandım,

Dedim: - hər gün çoxalarsan,

Ürəyimdə yer qalmayıb,

Söylə, hara soxulursan?

Arpa yemiş xoruz kimi

Dərdim yaman şeşləndi.

Məni yeyib nəşələndi…

 

Dahilik faciədir

 

Asanlıqla aldadır

Dahiləri xəbislər.

Qaralayır fikrini

Bu dumanlar, bu hislər.

 

Dahi uşaq kimidi,

Hamını adam bilir.

Yarımçıqlar, əyrilər,

Dahini avam bilir.

 

Nadanlar, anlamazlar

Ömrü boyu pay bölür;

Dahi görür, inanmır,

Ölsə, bu dərddən ölür.

 

Ümid

 

Batıram Günəş kimi,

Doğulmaq ümidim var;

İşıq kimi aləmə,

Dağılmaq ümidim var.

Öldüm, atın torpağa,

Cücərmək ümüdüm var.

Yolumda dağlar olsa,

Güc gəlmək ümüdüm var!

 

Möcüzəyəm, tilsiməm;

Alışan Yer şarını,

Söndürmək ümüdüm var.

Azsa Günəş yolunu,

Döndərmək ümüdüm var.

 

Nadan suda köpükdü,

Üfürsən partlayacaq.

Yaxşı kimdi, pis kimdi,

Həyat arıtlayacaq.

 

Taziyanələr

 

* * *

Paxırlanıb ürəklər

Neylim, məni duymurlar.

Məni məndə dinc, rahat

Yaşamağa qoymurlar.

* * *

Gül-çiçəkli ürəyəm,

Ayaqlayıb keçirlər.

Söz zəmisi sinəmə

- Kolluq - deyib biçirlər.

* * *

Neyləyim, gördüyümə

Necə qələm götürüm?

Necə yonum, düzüm ki,

Gələcəyə ötürüm?

* * *

Sənə güvənirəm, qıymarsan sözsuz,

Quru yerdə qala fəryadım, Allah!

Məni yandırırlar tüstüsüz, odsuz

Qarsar yandıranı çəkdiyim hər ah.

 

Bağışla Allahım, hərdən səhv edib

Söz dedim söz ilə yanmayanlara.

Yansam da ocaqda qananla yanım,

Tuş etmə Allahım, qanmayanlara.

* * *

Ruhun oxşayım deyə

Qohumun da, yadın da,

Sözü bişirdim hər gün

Ürəyimin odunda.

* * *

Çoxunu dəli şeytan,

Məni Allah dindirir.

Qurulan tələləri

Mənə Allah bildirir.

* * *

Allah yol verərsə, qan yerdə qalmaz

Səni sən boğarsan, xəbərin olmaz.

Zəhməti itirməz, ədalətlidir -

Qızıl sinilərdə verər qızıl tac.

* * *

Arif tikir, qurur kürəyində çul, -

Nadanın cibində yuxu görür pul.

* * *

Hərdən elə bilirəm,

Bədənim qara daşdı;

Gücüm çatmır özümə, -

Başım bu daşa başdı.

* * *

Fəlakətdi, fəlakət,

Doğmaların kütlüyü…

Yaxşı olar, doğma bil

Beləsindən kötüyü.

 

Nadanda quş ağlı var;

Dənin olsa - Can! - deyər,

Olmasa qanad çalıb

Ocağını söndürər.

 

İskəndər Etibar

     

Ədəbiyyat qəzeti.- 2014.- 14 mart.- S.6.