Allahım...

 

Baxçasaray güzarım,

Həm sevib, həm bəzərim.

Səndən ayrı düşərsəm,

Atəş olsun məzarım.

 

Qədim Krım mahnısı

 

Ey bizi yaradan,

Səmavi kitabların hər fəslində

Deyirsən: Mənsiz olmayın!

Dinsiz, imansız olmayın!

Əslində kainat sənsən,

Sənin qurduğun oyundayıq biz,

Sənin qoynundayıq biz.

Bir planetdi hər zərrəniz,

Biz o zərrədə zərrəyiz.

Səndən özgə kainatdavar ki...

Duyuruq, hər yanda sənsən.

Zaman da, məkan da sənsən,

Bizi yaradan da sənsən.

Bizi yandıran da sənsən,

Bizə yanan da sənsən.

Yandıranda bir az

Özün yanırsan, deyəsən.

Qaralı, sarılı, ağlı

Yaratdığın insanların

Çoxunun hələ çox körpədi ağlı,

Odla oynayırlar bu qan hərisləri.

Qan içməkdən doymayırlar,

Gözlərini kor eyləyib hirsləri.

Mutantlar artır,

Yarı canavar, yarı adam var.

Elə bilirlər doğulan, doğan özləridir.

Unudublar hamımızı

Bir yaradan var.

Allahım, yaradan sənsən,

Sənə qalır əlac.

İnsan ağlının gözünü !

İnsana məhəbbət, mərhəmət ver,

Sənsiz qoyma bizi.

İnsan insana əl qaldıranda

tut əlimizi.

Qoy insan insana əl tutsun,

Hər kəs hikkəsini udsun.

Kini, nifrəti unutsun,

Şəfqətlə gülsün insan gözü.

Körpənin bir damla göz yaşında

boğula bilər yer üzü.

Allahım, yaradanların ən güclüsü sənsən.

Yaratdıqlarının ən gözəli insandır!

Rəngləri fərqli olsa da,

Ürəklərində axan eyni qandır.

Allahım, bu qolu zorlu,

ağlı azları,

bu qanmazları

Özün qandır!

10.03.2014

 

Krıma qar yağıb

 

Şeir F. Qocanın 1988-ci ildəAzərnəşrtərəfindən

nəşr olunmuşSeçilmiş əsərləri”kitabından götürülmüşdür

 

İyirmi ildən çoxdur

qayıdıb müharibədən

Ayaqsız bir bədən -

bir evin dirəyi,

dörd oğlun atası.

Zərəfşanın əri.

Zərəfşanın müharibədən qayıtmış

ayaqsız günləri.

Krımda bir cüt uşaq qəbri kimi

dəfn eləyib ayaqlarını.

Arzularını qoltuq ağacı eləyib

dişləyib dodağını.

ağlayıb, off... - deyib.

İndi soyuq dəyib,

qızdırma salıb onu yaman hala,

sayıqlayır yavaş-yavaş:

- Ay arvad, ayaqlarım üşüyür,

ayaq barmaqlarımı ovxala, -

Gilələnir gözlərində yaş...

Zərəfşan çaşıb əl atır

yorğanın ayaq tərəfinə,

Bir an danışa bilir, dinə.

Çəngəsində boş yorğan

hönkürüb keçir yan otağa:

- Görəsən neyləmişdik Allaha.

Yəqin Krımdı, nədi,

ora qar yağıb.

Allah, istini əsirgəmə ordan,

Çöldə payız havası,

Yanında dörd oğul -

dörd çinar kimi.

Ayaq tərəfində Zərəfşan xala.

Kişi arada sayıqlayır:

- Ay arvad, ayağımı, ayağımı...

ovxala, ovxala...

 

Krıma bahar

gəlməyə qorxur

 

Bahar Krıma gəlməyə qorxur,

Havasında barıt qoxusu var.

Torpağın canında qorxusu var, -

Zəhərli baxışlarından

Güllər gülməyə qorxur.

Vahiməli ruzgarlar əsir.

Bu dəfə kimlərsə

Zərəfşanın ərinin ayaqların

Krımdan kəsir.

O ayaqlar Krım uğrunda

döyüşmüşdü,

Krımda şəhid düşmüşdü.

İndi yad ayaqlar

altında tapdalanır.

İndi Krımda insanlar arasında olan

mehribanlıq, məhəbbət talanır.

Bəs deyirdilər fürerin övladı yoxdu?

Zaman gərginliyindən burda

Içdiyimiz suyun, yediyimiz çörəyin

dadı yoxdu.

Dünyanın gözü görə-görə

Ağbirçək bir ananın əlini kəsirlər.

Qədim Ukraynanın əlini kəsirlər.

Allahım, havasızlıqdan

boğuluram, ölürəm,

çünki mən yaxşı bilirəm

bu necə ağrıdı.

Allahım, mən susuram,

ürəyim səni imdada çağırdı.

 

11.03.2014

 

Fikrət Qoca

  

Ədəbiyyat qəzeti.- 2014.- 14 mart.- S.6.