Telli sazım

      

Tanrı kökləyib göndərib,

Kökdən düşməz telli sazım.

Sehrlənib, göydən enib,

Kökdən düşməz telli sazım.

 

Sinəsi gümüş tellidi,

Bilən yox neçə dillidi.

Yetmiş ikisi bəllidi,

Kökdən düşməz telli sazım.

 

Pərdələri gül bağıdı,

Haray salan çanağıdı.

Təzanə tel darağıdı,

Kökdən düşməz telli sazım.

 

Hər telə bağlanır aşıq,

Düşməsin tellər dolaşıq.

Sayad, saza söz yaraşıq,

Kökdən düşməz telli sazım.

 

Bahar gəlir

 

Əriyir dağlarda qar yavaş-yavaş,

Yaz gəlib, çayların daşan vaxtıdı.

Yaşıl dona girir yallar-yamaclar,

Könül vəcdə gəlib coşan vaxtıdı .

 

Çiyində səhənglər, əldə dolçalar,

Üz tutur bulağa gəlinlər, qızlar.

Özü zümzüməli, neyli bulaqlar,

Şair olub, nəğmə qoşan vaxtıdı.

 

Bahar ayı gülən üzü zamanın,

İlham çeşməsidi şeir yazanın.

Ətəkdən sürünüb qalxan dumanın

Dolanıb, dağları aşan vaxtıdı.

 

Torpaq ətir saçır öz nəfəsiylə,

Bülbül bağda gəzir gül həvəsiylə.

Sayad, haray sal, səs eylə,

Ömür hədəfdədi, nişan vaxtıdı.

 

Sən gələn vaxtı

 

Geriyə dönəydi dönük zəmanə,

Duraydım yolunda sən gələn vaxtı.

Girəydik qol-qola, ay ala gözlüm,

Gəzəydik dağları çən gələn vaxtı.

 

Açıla buludun qaşı-qabağı,

Gətirə göylərdən sirri, sorağı.

Sığal çəkə-çəkə enə aşağı,

Qara saçlarıma dən düşən vaxtı.

 

Mürgülü arzular oyanıb dura,

Müjdələr gətirə, dayanıb dura.

Saqi mey paylaya, bir məclis qura,

Sevdalı günlərim şən gələn vaxtı.

 

İllərim keçdikcə qayğı çoxaldı,

Zəmanə sərt gəldi, ürək yuxaldı.

Bu dünya Sayada biganə qaldı,

İstəklə imkanım tən gələn vaxtı.

***

Qanad açdım

Aya tərəf

Çatanda dedim:

Ay yaxındadı,

uçum ulduza tərəf.

fəqət, bu anda

sındı qanadım,

Boşa çıxdı andım.

aya endim,

ulduza çatdım.

Yerə yıxıldım,

yerdə qaldım.

  

Sayad Mustafaoğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 14 mart.- S.7.