Novruz və İslam
Dünyanın
böyük bayramlarından olan Novruz çox
qədimlərdən Azərbaycan xalqı tərəfindən
təntənəli şəkildə qeyd edilmiş, bayramın gəlməsinə hələ
bir ay qalmış
İlaxır çərşənbə şənlikləri
başlamış, Novruzun gəlişinə
hazırlıq işləri görülmüş, həyət-bacalar, ev-eşiklər, əkin-biçin
yerləri təmizlənib səliqəyə
salınmış, qız-gəlinə təzə paltarlar alınmış, insanlar
arasında xoş, səmimi münasibətlər
getdikcə genişlənib yaxın-uzaq ellərə
yayılmışdır.
Bir-birindən şən
rituallar, mərasimlər keçirilmiş,
insanlar axır çərşənbə
şənlikləri ilə elə-obaya xoş
bayram əhvalı bəxş etmişlər.
Novruz bayramı tarixən hər cür siyasi görüş və
əhvallardan uzaq olmuş,
elat həyatının bütün
etnoqrafik gözəlliklərini əks
etdirən yüksək idealları ilə xalqları birliyə,
həmrəyliyə, qarşılıqlı anlaşmaya
və dostluğa səsləmişdir. Novruz mərasim və
ritualları təbiətin oyanmasını, yazın gəlməsini,
yeni əmək mövsümünün
başlanmasını vəsf etmiş,
insanları bolluğa, firavan
həyata çağırmışdır. Elə bu dəyərlərinə görə tarixən
müxtəlif təriqətlər və dinlər də Novruzu öz bayramı hesab etmiş, onu dəstəkləmiş, həm də onu özünün
adı, qanunları ilə bağlamağa
çalışmışdır. Qədim zərdüştilər
bayramı öz ənənələri ilə
zənginləşdirərək onun daha geniş ərazilərdəki
xalqlar içərisində
yayılmasına nail olmuş,
Novruza əbədi bir
həyat bəxş etmişlər.
İslam din xadimləri də
Novruza dərin rəğbətlə
yanaşmış, hətta bayram günü Həzrəti Əlini xilafət mənsəbinə
yüksəltməklə onu, necə deyərlər,
bir qədər özününküləşdirmək
istəmişlər. Buna nail
ola bilmədikdə isə bəzi din xadimləri və hakimlər Novruzu müəyyən dövrlərdə yasaqlamağa təşəbbüslər
göstərmişlər.
Əvvəllər
xalqlar içərisində «Hörmüz» adı ilə keçirilən bayram ərəb istilasından, xüsusilə
xalqımızın islamı qəbul etməsindən sonra qadağan edildi. İslam din xadimləri xəlifə Müaviyənin
(661-680) sarayına gedib ona
bildirdilər ki, «Bu bayram Hörmüz yox, Novruz (Yeni gün) adlanır və
o, yaz, təqvim
bayramıdır. Müaviyə bayramın üzərinə vergi qoymaqla onun keçirilməsinə icazə verir. Həcac ibn
Yusifın (661-713) vaxtında isə qadağalar
daha da möhkəmləndirilir.
Xəlifə Ömər ibn-Əbdüləzizin (717-720)
zamanında isə bayram üzərindəki
bütün qadağalar
götürüldü və Novruz İslam
dünyasında yenə böyük təntənə
ilə qeyd edilməyə başladı.
İslamın Novruza münasibəti barədə ən dürüst məlumallar isə Əbu Reyhan Biruninin (973-1048) əsərlərində
əksini tapmışdır.
Müəllif
haqlı olaraq yazır ki,
ərəb xəlifələri ilk
dövrlərdə Novruz bayramı üzərinə
müəyyən qadağalar qoysalar da, Məhəmməd
peyğəmbər əleyhissəlam ona yeni bir təravət gətirmişdir.
Peyğəmbərimizin (ə) bayramla
bağlı söylədiyi bir əhvalatdan
sonra Novruz İslam dünyasında daha
geniş yayılmışdır. Əbu Reyhan Biruninin Əbd əs-Səməd
ibn-Əlinin söyləməsinə əsaslanaraq qeyd etdiyi bir
rəvayətdə deyilir: «...Novruz günü Məhəmməd
peyğəmbərə (ə) içərisində halva olan gümüş
cam hədiyyə edirlər. Peyğəmbər
(ə) «Bu nədir?» - deyə məlumat
istədikdə ona deyirlər: «Novruz halvasıdır. Peyğəmbər (ə)
«Novruz nədir?» - deyə təkrar soruşduqda isə ona cavab verirlər ki, «Novruz böyük el bayramıdır». Bu zaman peyğəmbər (ə) deyir:
«Bəli, bu həmin gün
idi kı, o gün Allah-təala ölüləri təkrarən
canlandırmışdır». «Bəs bu
ölülər kimlər idi?» - deyə soruşanda peyğəmbərimiz cavab verir ki,
«... Bu həmin günahkarlar
idi ki, ölümlərindən
qorxaraq, öz
torpaqlarını qoyub qaçmışdılar.
Onlar minlərlə idilər və Allah-təala
onlara demişdi: «Ölün». Sonra elə,
həmin gün Allah-təala üzərinə
yağış yağdırıb ruhlarını özlərinə
qaytararaq onları diriltdi.
O gündən biri-birinin üstünə
su atmaq dirilik rəmzi kimi insanlar arasında adətə çevrildi
və Su çərşənbəsinin
rituallarından biri kimi
şöhrətləndi".
Həmin gün suyun insanlara sağlamlıq və xoşbəxtlik
gətirdiyi etiqadı formalaşdı. Su
çərşənbəsi günü
adamların bir-biri üzərinə su atıb il ərzində
sağlamlıq diləmə inancı günümüzə qədər
gəlib çatdı.
Peyğəmbər (ə)
həmin gün ona
göndərilən gümüş
kasadakı Novruz halvasından bir tikə yemiş,
qalanını isə öz əsabələrinə
paylayaraq demişdir: «Qoy həmişə Novruz olsun!»
O gündən Novruzun İslamın əziz bayramlarından biri kimi keçirilməsinə
qərar verildi. Novruzda
islama qarşı heç
nə olmadığını və xalqın ona
böyük rəğbətini görən
din xadimləri bayramı islami
dəyərlərlə daha sıx bağlamaq üçün
bayram günü Novruz namazının qılınmasını
tövsiyə etdilər.
Vasim MƏMMƏDƏLİYEV
Akademik
Ədəbiyyat
qəzeti.- 2014.- 14 mart.- S.1.