Həqiqət aşiqi
Naxçıvan
Dövlət Universitetində “Həqiqətin böyüyü:
Əli bəy Hüseynzadə - 150” mövzusunda
elmi konfrans keçirildi. Tarix-filologiya fakültəsinin təşkilatçılığı
ilə keçirilən konfransı giriş
sözü ilə universitetin
rektoru, biologiya elmləri
doktoru, professor Saleh Məhərrəmov açaraq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin
150 illik yubileyinin
keçirilməsi haqqında” 21 yanvar
2014-cü il tarixli sərəncamı
ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi,
tanınmış maarifçi və
yazıçı-publisist Əli bəy Hüseynzadənin yubileyinin dövlət səviyyəsində qeyd olunmasını tanınmış ədibin
həyat və fəaliyyətinə, ədəbi irsinə,
bütövlükdə ədəbiyyatımızın və
milli mətbuat tarixinin
tədqiqinə diqqət və qayğı kimi
səciyyələndirdi. Qeyd olundu ki, sərəncamda
Əli bəy Hüseynzadənin türk
xalqlarının mədəni inteqrasiyasının məfkurə
kimi təşəkkül tapmasında, müasir cəmiyyət quruculuğunda
demokratik prinsiplərin bərqərar
olmasında, Azərbaycan maarifçiliyi tarixinin fəlsəfi-publisistik, ədəbi-elmi
əsərlərlə zənginləşməsindəki
mühüm xidmətləri yüksək
qiymətlənirilmişdir.
Filologiya elmləri doktoru Seyfəddin
Eyvazov Əli bəy Hüseynzadənin həyat
və yaradıcılığı barədə konfrans iştirakçılarına məlumat
verərək bildirdi ki,
maarifpərvər ziyalı, yazıçı-publisist Əli
bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olmuş, Rusiyanın
Peterburq universitetinin riyaziyyat fakültəsində, Sankt-Peterburq
İmperator Rəssamlıq
Akademiyasında təhsil almış, Şərq fakültəsində
görkəmli professorların mühazirələrini dinləmişdir.
Əli bəy Hüseynzadə təhsilini
Türkiyədə davam etdirərkən
"İttihad və tərəqqi"
partiyasının ilk özəyini yaradanlardan biri olmuşdur. Gənc
yaşlarından bədii yaradıcılıqla məşğul
olan ədib Azərbaycana qayıtdıqdan
sonra "Kaspi" qəzeti
ilə əməkdaşlıq etmiş,
Əhməd bəy Ağaoğluyla birlikdə
milyonçu Hacı Zeynalabdin
Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin
nəşrinə başlamışdır. Onun baş redaktorluğu ilə
nəşr olunan “Füyuzat”
jurnalı Azərbaycan ədəbiyyatının və
jurnalistikanın görkəmli nümayəndələrini öz ətrafında birləşdirməklə
böyük ədəbi məktəb
yaratmış, bir illik
qısa fəaliyyətinə baxmayaraq, milli mətbuat tarixində özünəməxsus
yer tutmuşdur. Bir çox məhrumiyyətlərə
və təzyiqlərə məruz qalmasına baxmayaraq,
həyatı boyu xalqının tərəqqisi
və istiqlalı uğrunda
çalışan Əli bəy 1940-cı ildə İstanbulda vəfat etmişdir.
Filologiya elmləri doktoru, professor Sədaqət Həsənova “Əli bəy
Hüseynzadə və dil problemləri” məruzəsində
görkəmli mütəfəkkirin Azərbaycan ədəbi dilinin formalaşması və
inkişafında, leksik fondun
zənginləşməsində ortaq türk dilinin
yaranmasında, əlifba islahatlarındakı xidmətlərindən
danışdı.
Filologiya elmləri doktoru, əməkdar
elm xadimi Hüseyn Həşimli “Əli bəy
Hüseynzadə və Avropa ədəbiyyatı”
adlı məruzəsində bir neçə
dil bilən ədibin - Homer,
Esxil, Höte, Dante kimi dünya
klassiklərinin əsərlərini doğma
ana dilinə tərcümə etməsindən,
Avrpopa mədəniyyətinin, təhsilinin,
təfəkkür tərzinin üstün
cəhətlərini milli ideologiyaya
gətirməsindən bəhs etdi. Vurğulandı ki, Azərbaycan ədəbiyyatında
romantizm cərəyanının banisi olan Əli bəy
Hüseynzadənin müstəqillik və türkçülük
ideyalarının təbliği, yeni nəsillərin
yüksək mənəvi dəyərlərlə tərbiyə
olunmasında mühüm rol
oynayan əsərlərinin
tədqiqi böyük əhəmiyyətə
malikdir.Tarix-filologiya fakültəsinin dekanı,
Naxçıvan MR-in əməkdar müəllimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Füyuzat”
jurnalında türk ədəbiyyatının
təbliğ və tərənnümü” adlı məruzəsində
Əli bəy Hüseynzadənin bu jurnal vasitəsilə türk mənəviyyatının, türk ədəbiyyatının tanıtdırılması
və tanınması istiqamətində gördüyü
işlərdən, İ.Şinasi, Ziya Paşa, Ə.Midhət,
N.Kamal, Ə.Hamid, T.Fikrət,
A.Cövdət, M.Ə.Rəsulzadə kimi
müəlliflərin ədəbi irsinin təbliğindən
bəhs etdi. Qeyd olundu ki, “Füyuzat” səhifələrində çap olunan türk şairlərinin əsərləri milli poeziyanın forma və
məzmun etibarilə zənginləşməsində mühüm rol
oynamışdır.
Konfransda Əli bəy Hüseynzadənin həyat
və fəaliyyətini əks etdirən slaydlar
nümayiş olundu.
Mehriban
Sultan
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Ədəbiyyat qəzeti.- 2014.-
14 mart.- S.2.