Əbədi ahəng və

tarazlıq ölçüsü Novruz

  

Dünya təqvimlərindəki bütün əlamətdar günlər, bütün bayramlar arasında istisnasız olaraq hamınınkı hesab edilməyə tam haqqı olan yeganə bir gün var. Novruz bütün xalqlarını və bütün zamanların ən siyasətsiz və eyni anda həm də ən siyasi ortaq bayramıdır.

Yer üzünün hansısa xalqları bu bayramı bir el şənliyi, ənənəvi mərasim kimi qeyd edirsə, hansısa xalqlar bu bayramı bayram olaraq hələ tanımırsa da, əslində, Novruz hamınınkıdır və o günü bütün yerlilərin planet boyu bayram tutacağı sabahlar da çox uzaq deyil.

İnsan təqvimləri idarə edə bilər, lakin heç kəsə tabe olmayan zaman daim bizim hökmümüzün fövqündədir və astronomik yeni il, onun ilk günü hər xalqa hansı təqvimi işlətməsindən asılı olmayaraq, həmişə Göydən gələn "qərarla" mütləq martın 20-21-22-də yetişir.

Novruz siyasətdən ən uzaq bayramdır, ona görə ki, onu insan iradəsi yaratmayıb. O, təbiətin bayramıdır, Günəşlə Yerin kainatdakı dövranının xoşbəxt bir anının bayramıdır. Amma Novruz həm də ən siyasi bayramdır. Ona görə ki, Novruz bəşəriyyətin ta yaranışdan uğrunda mübarizə apardığı böyük amalların hamısını özündə qovuşdurur. Novruz bərabərliyin, həmrəyliyin, anlaşmanın, dostluğun, tolerantlığın, bir-biri ilə diltapmanın, sülhün, rifahın bayramıdır. Novruz bu gün onu bayram edən 300 milyondan artıq insanı əhatə edən onlarca xalqın hər biri üçün əzizdir, ancaq bu bayramın ən sevimli cəhəti odur ki, heç bir xalq deyə bilməz Novruz tək mənimkidir. Novruz haqqında danışarkən hamı birlikdə "bu bizim bayramımızdır" söyləyə bilir. Bu da Novruzun əsas fəlsəfəsinin, qovuşduruculuq missiyasının, millətlər, mədəniyyətlər arasında körpüyə çevrilməyə, dialoq yaratmağa istiqamətlənmiş güc olduğunun daha bir təsdiqidir.

Dünya şairi, dahi mütəfəkkir Mövlanə Cəlaləddin Rumi: "Həmdeli əz həmzəbani behtərəst»" - "Eyni dilli olmaqdan eyni ürək salıibi olmaq daha gözəldir", - söyləyəndə, əlbəttə ki, çox haqlı idiNovnuz nüvəsində məhz bu keyfiyyəti daşıyır, insanları ruhən, mənən yaxınlaşdırır, hər kəsi təbiətdəki saflıqla, tarazlıqla uyğunlaşmağa dəvət edir. Həmin fəlsəfəni elə Şah İsmayıl Xətai də «Dəhnamə»sində dəqiq bəyan edir:

 

Qış getdi, yenə bahar gəldi,

Gül bitdi laləzar gəldi.

Quşlar hamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü..

 

Xətainin bahara verdiyi qiymətin, yazın təsvirindəki bu incə müşahidəsinin gözəlliyi ondan ibarətdir ki, şah şairimiz Novruzu yalnız gül-çiçəyin açılmasının, təbiətin oyanışının təntənəsi saymır, ən əvvəl insanın içərisində sevginin, şövqün bir ocaq kimi təzədən dirçəlməsi hesab edir. Novruzu ümumbəşəri edən də elə onun cövhərindəki heç vaxt solmayan məhəbbət, insansevərlik duyğusudur.

Xırda təfərrüatlar bir kənara qoyularsa, o xalqla bu xalqda Novruzun bayram edilməsindəki təməl fərq bu əziz günü kimin daha qədim zamanlardan qutlamasıdır. Novruzun keçirilməsinin dünyadakı ən qədim əyani sübutları isə Azərbaycandadır və bu dəlillərin minillərlə yaşı var. Əşyayi dəlillər Azərbaycanın paytaxtı Bakının 60 kilometrliyindəki qədim yaşayış məskəni Qobustandadır. Həmin nadir məkanın qayaüstü rəsmləri 10-20 min il yaşa malikdir. Bu müstəsna tarix saxlancının, səma altındakı həmin misilsiz muzeyin nəhayət ki, YUNESCO-nun dünya mədəni irsi siyahısına rəsmən daxil edilməsi digər məziyyətlərindən savayı, Azərbaycan Novruzunun tarixin lap dərinlərinə enən köklərini bütün Yer kürəsinə çatdırmaqda da öz faydasını verəcəkdir.

Novruzun bu günyaşayan adətlərindən biri odur ki, bayram günlərində ocaqlar yandırılır, insanlar həmin ocağın ətrafında çevrə vurub "Yallı" adlandırılan rəqsləri ifa edirlər. Qobustan qayalarında "Yallı" rəqsini əks etdirən rəsmlər qalmaqdadır. Dünyada çeşid-çeşid musiqi alətləri var, onların yaranış tarixləri müxtəldir. Amma şübhəsiz ki, ən qədim musiqi alətləri zərb alətləridir. Novruzun gəlişi günü bu gün də Azərbaycanda nağaralar gurlayır. Elə Ana Kitabımız, Azərbaycan xalqının qocaman eposu Dədəm Qorqud boylarının bayram günlərində "gumbur-gumbur nağaralar çalındı» dediyi kimi. Qobustanda dünyanın Qavaldaş adlanan ən qədim musiqi aləti, ən köhnə nağarası mövcuddur və 10-20 min il öncələrdə olduğu kimi, bu gün də fəaliyyətdədir. Bu gün çalına bilir, bu gün də insanları Novruz bayramına səsləyir. Novruzu milli bayramı sayan hansı xalqın bu bayramı keçirməsi ilə bağlı belə qədimdən-qədim əyani, maddi sübutu var? Heç birinin! İndinin indisində də Xəzər sahilindəki Qobustanın həndəvərindəki kəndlərdə yaşayan azərbaycanlılar qan yaddaşının diktəsiylə Novruz günlərində həmin oyma rəsmli qayaların arasına gəlir, mərasimləri icra edirlər, toyları bu çağa təsadüf edən bəylə gəlin musiqiçi dəstəsinin müşayiəti ilə müqəddəs məkana təşrif gətirməklə bunun gələcək səadətlərinin bünövrəsi olacağına qəlbən inandıqlarını ifadə edirlər.

Novruzun Azərbaycanda və onu bayram edən hər xalqda bu qədər sevimli olmasının başlıca səbəbi onun demokratik mahiyyətindədir. Bu bayram yalnız təbbəidəki müvazinətin deyil, insanlar arasındakı bərabərliyin, fərqsizliyin bayramıdır. Daha dəqiqi, Novruz təbiətdəki ahəng və mütənasibliyin, təbiətin təklif etdiyi mizanın, ülgünün insanların ürəklərinə, duyğu və düşüncələrinə, davranışlarına köçməsidir.

Bu bayram cəmiyyətin ən müxtəlif təbəqələrindən olan insanları yaxınlaşdırır, mehribanlaşdırır, cəmiyyətdəki qarşılıqlı ehtiramı artırır. Bayram günlərində sanki bütün ölkə bir karnaval meydanına, bütün xalq isə o karnavalın könüllü iştirakçısına çevrilir. Novruzun bizlərdə kanonlaşmış gələnəklərindən biritonqal üstündən atlanmaqdır. Minillər əvvəl olduğu kimi, bu gün də həmin mənfi energetikadan qurtulmaq ənənəsi davam etdirilir. Hər kəsə bəlli olanı bir daha vurğulamağım məqsədlidir. Azərbaycanın tarixən neft, qaz, palçıq vulkanları ölkəsi olması, bunun nəticəsi kimi Abşeronda və ölkənin bir çox başqa yerlərində təbii şəkildə yerin təkindən od püskürüb çıxması tarixən Yaxın və Orta Şərq ölkələrindən tutmuş Hindistana qədər nəhəng ərazidə oda tapınanları Azərbaycana cəlb etmiş, onlar bu yerləri qutsal bilmiş, ziyarətə can atmışlar. Təsadüfi deyildir ki, atəşpərəstliyin yaradıcısı da insanlığa "Gözəl düşün, gözəl danış, gözəl et!" kimi ideal düstur yadigar qoyan azərbaycanlı Zərdüşt olmuşdur. Bu gün paytaxt Bakının tən mərkəzində yerləşən möhtəşəm Qız qalası üzərində Novruz bayramı günü məşəllər alovlandırılır. Əslində, bu abidə də Azərbaycanda Novruzun bir neçə min il əvvəl keçirilməsinin daha bir şahididir. Minillər qabaq da Novruz günündə 28 metr hündürlüyü olan Qız qalasının zirvəsindən alov qalxırmış. Qazın yanaraq mavi alova çevrilməsi üçün məhz bu hündürlük tələb olunur. Qız qalasına daxil olan təbii qaz qədim azərbaycanlılar tərəfindən bayram günü alışdırılar və bu zirvədən ucalan mavi alov ulularımızı Baş Novruz Ocağının ətrafına toplarmış.

Novruzun Azərbaycanda bayram edilməsinin çoxəsrlik tarixi öz izini poeziyamızın son min illik irsində əks etdirir. Klassiklərdən başlamış müasir şairlərədək Novruza saysız şeirlər həsr edilmiş, ağız ədəbiyyatı örnəyi olan və eləcə də peşəkar bəstəkarların yaratdığı Novruz nəğmələri xalq arasında dillər əzbəri olmuşdur.

On ikinci əsrin dahi humanisti, Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvi ədəbi ənənənin "Xəmsə" ünvanı verdiyi məsnəvilər silsiləsində Novruz bayramının eramızdan əvvəl 350-ci ildə, demək, 24 əsr qabaq qeyd edilməsi barədə soraq verir.

Azərbaycana islamın gəlişindən sonra itirdiyimiz əski mədəni-mənəvi sərvətlərimizdən biriixtiyar keçmişlərdə ana dilində, öz türkcəmizdə oxuduğumuz dualardır. Novruzun bir savabı da o dualardan ən azı bircəsini əsrlər, minillər adladaraq indimizə çatdırmasıdır - hər evdə Novruz ərəfəsində göyərdilən səməniyə oxuduğumuz duanı: "Səməni, saxla məni, ildə göyərdərəm səni". Sanki insan o bir ovuc buğda ilə şərt bağlayır, əhd-peyman kəsir ki, bir-birlərini qorusunlar, bir-birlərini yaşatsınlar.

Novruzda həm də ağac əkmək adət, ağac kəsmək günahdır. Xalq inamına görə, Novruzda tut, əncir, şabalıd ağacı əkmək yaxşı əlamət sayılır. Bu ənənəni davam etdirərək müasir Azərbaycanda Novruz günlərində ölkə boyu parklar, bağlar, meşə zolaqları salınır. Keçmişdən gələn milli şakərə uyğun olaraq indiNovruz günlərində əkinlə, torpağı becərməklə məşğul olanlara Novruz xonçası apararlar. Ev tikmək istəyənlər evin özülünü qoymağı da Novruza salmağı münasib bilərlər. Ona görə ki, xalq inamı belə evə daim xeyir gələcəyini söyləyir.

Bu, bəlli bir adətdir ki, Novruzun ikinci gününü azərbaycanlılar "ata-baba günü" adlandırır və ailəliklə yaxınlarının, doğmalarının məzarlarını ziyarət edirlər. Amma bununla bağlı da Azərbaycanda bir ənənə yaşayır ki, məhz bizlərdə Novruzun lap qədimlərdən bayram tutulmasına şəhadət verir. Novruz günlərində Güney Azərbaycanda ulu Zərdüştün Urmiya şəhərində yerləşən məzarını da bir bayram adəti olaraq soydaşlarımız ziyarət edirlər. Elə oda tapınmanı inanca çevirmiş Zərdüştün əyyamlarından qalan vərdişlə də axır çərşənbə axşamı və Novruz günündə hər ailədə adambaşı bir şam yandırar, adətən şamı yarımçıq söndürməzlər.

Ağsaçlı və həmişəcavan bir Azərbaycan Novruz nəğməsi çiçəkləri vəsf edərək oxuyur:

 

Əzəl bahar gəlməyincə,

Qırmızı gül bitməz imiş.

Qırmızı gül bitməyincə,

Sarı bülbül ötməz imiş.

 

Novruzun Azərbaycanda illərcə yaşatdığı gözəllik təcrübələrindən birigül kultudur. Novruzda novruzgülü, xoruzgülü, bənövşə dərərlər, çöl çiçəklərindən çələng hörərlər, saça gül düzərlər, yarpız yığarlar. Amma Novruzda evə nərgiz gətirmək olmaz. Və hər gülünel gözündə bir mənası, fərqli özəlliyi var ki, məhz onların seçilməsinin Novruz düşüncəsi ilə birbaşa bağlanışı olmamış deyil. Nərgiz özünə valeh olmağın rəmzidir. Novruzun əxlaq, mənəviyyat qəlibi isə deyir ki, təkəbbürlü olma, insanı sev, hamıya məhəbbət bəslə, özünü hər kəsdən biri bil.

Paylaşmaq, bolluğu, sevinci, nemətləri səxavətlə bölüşməyə can atmaq Novruzun ümdə dəyərlərindəndir. Onsuz da bu bayram günlərində hamının süfrəsi dolu olur. Paylaşmanın fəlsəfəsi budur ki, süfrəmiz də ortaqdır, nemətimiz də şəriklidir, hamımızınkıdır.

Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. İllərcə yaranmış ənənəyə görə, artıq bu bayramı azərbaycanlılarla yanaşı ölkədə yaşayan digər xalqlar da öz doğma bayramları kimi həvəslə gözləyir və qeyd edirlər. Xeyirxahlıq etmək, imkansıza əl tutmaq Novruzda xüsusilə savab sayılan əməllərdəndir. Azərbaycanda bu ənənə həmişə yaşayıb, amma son illərin novruzlarında bu, bir sıra yeni kütləvi keyfiyyətlər də qazanıb. Azərbaycan axırıncı 20 ildə qonşu Ermənistanın təcavüzünə məruz qalmış, ərazilərinin 20 faizi zəbt edilmiş ölkədir. Bu işğal nəticəsində Azərbaycanda 1 milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrilib, yaşayış yerini, rahatlığını, sahmanını, illərcə toplayıb qurduğu yatırını itirib. Ona görə də Novruz günlərində qaçqın və köçkün alilələrinə dövlət də, adi insanlar da bacardıqları qədər kömək etməyə çalışır, maddi və mənəvi sıxıntı çəkən bu insanların Novruz sevincini daha tam şəkildə duymasına yardım etməkçün ölkə boyu elliklə xeyriyyə tədbirləri keçirirlər.

2010-cu ilin ilk mart günlərində Ermənistanla həmsərhəd bölgədə yaşayan bir kəndin qoca sakini Azərbaycan televiziyasına müsahibəsində deyirdi ki, adətən Novruzda böyük ocaqlar qalayardıq, uşaqlar həmin ocaqların üstündən hoppanardı. Amma indi ocaq yandıra bilmirik. Çünki düşmən tərəfin snayperləri alovu gendən görən kimi həmin istiqamətdə atəş açır.

Ən ülvi arzudur ki, Novruzun sülh mahiyyəti bu müşkülün də həllinə yardımçı olsun, sərhədlərdə yanan ocaqlara atəşlər tuşlanmasın.

Novruz Azərbaycanda həmişə torpağın, təbiətin oyanışının, mənəvi saflığın, bərabərliyin bayramı olub. Amma lap əvvəldən bu günə kimi ilk növbədə Günəşin, Günəşin yerdəki timsalı olan odun-ocağın bayramı olub. Azərbaycanda Novruz gününün əsrlərcə yaşayan bir adəti də var. Gecə cavanlar dağlarda, təpələrdə, ucalıqlarda tonqal çatır, sübhə qədər oyaq qalırlar. Bu adətə "Günəşi qarşılama" deyirlər. Dan üzü Günəş doğunca onlar hamılıqla qədim "Qodu xan" nəğməsini oxuyurlar. Yenə də minillər və əsrlər əvvəl olduğu kimi, Azərbaycana Novruz gəlir, yenə Azərbaycan insanı minillər və əsrlər öncə olduğu kimi dağlarda tonqal qalayır, yenə səhər açılanda, ilk şəfəqlər saçılanda ilk dəfə görürmüş kimi Günəşi qarşılayır, Günəşə, Bahara, Təzə Günə Salam deyir! Və həmişə də belə olacaq!

Heç bir siyasətə qarışmayan, amma özü ən böyük və ən düz siyasət olan Novruz daim insanları dünyadakı ahəngi, tarazlığı, nizamı hifz etməyə, elə həmin ülvi pərdəyə köklənməyə dəvət edəcək.

 

Rafael HÜSEYNOV

AMEA-nın müxbir üzvü

 

 Ədəbiyyat qəzeti.- 2014.- 14 mart.- S.3.