Sənətlə şəxsiyyətin
vəhdəti
Azərbaycan
ədəbiyyatının nəhəng siması, görkəmli
yazıçı və dramaturq, ictimai xadim,
yaradıcılığı ilə teatr
aləmində lirik-psixoloji üslubun təməl daşını qoymuş İlyas Əfəndiyevin
qəhrəmanları mərd, mübariz, heç nədən qorxmayan,
heç kəsin qarşısında əyilməyən
insanlardır. Bu qəhrəmanların hər biri İlyas Əfəndiyevin
şəxsi keyfiyyətlərinin ruporudur.
“Unuda bilmirəm” pyesində Kamran deyir: “Mən çox əziyyətlər, çox
əzablar çəkmişəm. Lakin heç bir zaman öz taleyimə
acımamışam. Heç bir zaman “ah”
çəkməmişəm. Süfrəmə qoyduğum halal
çörəyimə heç vaxt naşükürlüklə
baxmamışam. Mən heç vaxt yadlara boyun
əyməmişəm. Mən həmişə dərin bir ləyaqətlə hiss
etmişəm ki, həyatın ən böyük gözəlliyi, ən böyük mənası mərdlikdə,
alnıaçıq olmaqdadır”.
Kamranın bu fikirləri İlyas
Əfəndiyevin öz daxilindən gələn
səsdir. Sanki bu
sözlər Kamranın yox, İlyas Əfəndiyevin dilindən səslənir.
Sovetin gurhagur vaxtında kommunist
partiyası üzvlüyünə keçməkdən qətiyyətlə
imtina edən, hər yerdə, hər zaman sözünü şax, mərdi-mərdanə deyən,
yazıçının təbiri ilə desək, “antisənət”
cızmaqaralara həmişə amansız olan
İlyas Əfəndiyev “Qaçaq
Süleymanın ölümü”
adlı povestində yazırdı: “Bir həqiqət
var ki, əgər qaragüruh kommunizm
fütuhatı olmasaydı, əgər XI ordu
gəlib xalqın bütün ləyaqətli,
Allahın təbiətən şair
yaratdığı insanlarını qırmasaydı, saxta aşıqlar: “Moskvada yeddi mərtəbə
evlər gördüm, incinerin
başına bax, Stalini
gördüm, Koqonoviç
yoldaşına bax...” kimi
əcaib antisənətlə məşğul olmasaydı, Qaçaq Süleyman da Qaçaq Nəbi kimi geniş el ədəbiyyatı qəhrəmanı
olardı. Bəlkə də olacaq...”
Sənəti ilə
şəxsiyyəti vəhdət təşkil edən İlyas Əfəndiyev haqqında çox xatirələr işıq üzü görüb. Bu xatirələrin
hər birində İlyas müəllimin
bənzərsiz sənətkarlığından, böyük ürəyindən, səxavətindən,
əyilməzliyindən, mərdliyindən, kişiliyindən,
əsilzadəliyindən söz
açılır. Öz dönməz əqidəsinə
daim sadiq qalan, sifarişlə əsər yazmağı
qəzəblə rədd edən, zaman-zaman
yüksək vəzifə sahiblərinə sözünü
açıq, qorxmadan deyən İlyas Əfəndiyev, sözün
həqiqi mənasında, böyük
şəxsiyyət idi.
İlk dəfə mən görkəmli qələm
ustadının adını orta məktəbdə
oxuyarkən eşitmişdim. O vaxt televiziya hələ yox idi. Səhər-axşam
ancaq radionu dinləyirdik.
Günlərin birində İlyas Əfəndiyevin
“Bahar suları” pyesinə qulaq
asdım. Bu ecaskar əsər
məni elə ovsunladı ki, uzun müddət onun
sehrindən ayrıla bilmədim. Pyesin əsas
qəhrəmanlarından biri olan Alxan rolunu
Ələsgər Ələkbərov səsləndirirdi. Alxan vaxtsız itirdiyi ömür dostundan söz açaraq
qızı Sədəfə deyirdi: “O, dan yerinin şəfəqlərindən
yaranmışdı, qızım... Ancaq fələk
onun sərv qəddini yay
kimi əydi. O, vərəm
yatağında gül kimi
solub gedərkən bir
axşam səni qucağına götürüb xeyli vaxt üzünə tamaşa
elədi. Sonra, “Alxan,
- dedi, - elə et ki, dünyanın heç
bir qəm-qüssəsi bu
qızın qəlbinə yol tapmasın.
Əgər xoşbəxt olsa, qəbrimin
üstünə gəl, mənə de!”
Alxan kişi təmtəraqdan
uzaq, sadə, duyğuların tərcümanı
olan poetik bir dillə danışırdı. Səməd
Vurğun bu əsər
haqqında demişdi: “Biz
“Bahar suları”nı onun
şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda yalnız maddi deyil, eyni
zamanda yeni, zəngin,
həm də gözəl bir insan mənəviyyatı yaradılır”.
Ülvi məhəbbət duyğuları İlyas Əfəndiyevin demək olar ki, bütün
əsərlərinin əsas ruhunu təşkil
edir. Bu məhəbbət
təmənnasızdır. Köhnə dünyamızın yeni sevgisidir, həyatidir,
inandırıcıdır. Müqtədir rejissorumuz Tofiq Kazımov İlyas Əfəndiyev dramaturgiyasının lirik-psixoloji üslubunu və
bu üslubun təməl
daşını qoymasını “Atayevlər ailəsində”,
“Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş
gündəliklər”, “Bağlardan gələn
səs” kimi sənət nümunələri
vasitəsilə tamaşaçılara böyük
məharətlə təqdim etdi. Həm də
bu nadir sənət
nümunələri böyük bir aktyor nəslini yetişdirdi: Həsənağa Turabovu, Amaliya Pənahovanı,
Bəsti Cəfərovanı, Firəngiz Mütəllimovanı, Fuad Poladovu, Nurəddin
Mehdixanlını və başqalarını.
İlyas Əfəndiyevin pyeslərinə və onun əsərləri əsasında
hazırlanmış kino və televiziya filmlərinə baxanda
da mən “Bahar
suları”nı xatırlayırdım. Elə bil
bu əsərlərdə “Bahar
suları”nın təravəti vardı.
Bu yazını qələmə alarkən
ürəyimdən “Bahar suları”nı bir də oxumaq arzusu keçdi. Kitabxanaya getdim. Pyesi istədim. Kitabxanaçı qız
yazıçının “Seçilmiş
əsərləri”nin ikinci cildini mənə verdi. Vərəqlər
tökülməsin deyə onu yenidən “cildləmişdilər”.
Kitabxanaçı: “Görürsünüz
də, - dedi, oxucular kitabla necə rəftar edirlər”. Sonra da əlavə etdi: “Bir şey
də var ki, İlyas Əfəndiyev dəhşət çox oxunur. Bütün cildlər belədir. Baxın, oxu vərəqəsində heç
yer də yoxdur.”
“Bahar suları”nı bir də oxudum. Alxan, onun qızı Sədəf, Uğur, Xanmurad, onların taleyi, məhəbbəti,
yenidən xəyalımda
canlandı. İlyas Əfəndiyevin
mövzu seçiminə,
dramaturqun yaratdığı
bənzərsiz surətlərə,
xüsusən poetik üslubuna bir daha heyran oldum.
Anasını yuxuda görən sınıq qəlbli Sədəf, atası Alxan kişinin pərişan halda soruşduğu “Yuxuda nə gördün, qızım?”
sualına belə cavab verir: “Gördüm
anamın gənclik paltarını sandıqdan
çıxarıb geyinmək
istəyirəm, ancaq birdən qapı açılır. O, gülə-gülə
içəri girir... Deyirəm “sənin paltarını geyinmək istəyirəm,
ana. Deyirlər bu paltarda mən sənə oxşayıram”. O, qolumdan
tutaraq deyir: “İstəməz, qızım,
qoy bu paltar
həmişə sandıqda
qalsın... Onun saçları, gözləri
eyni ilə sənin mənə danışdığın kimi
idi, ata”.
Məşhur rejissor,
teatr xadimi Mehdi Məmmədovun sözlərini bu yerdə xatırlamaq yerinə düşər:
“İlyas Əfəndiyev
mövzu seçməyi,
məntiqli sujet qurmağı, dramatik vəziyyətlər, xarakterlər
yaratmağı, öz
fikirlərini bəyanat
yolu ilə deyil, canlı hadisələrdə, yığcam
dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır”. Mehdi Məmmədovun bu dəqiq mülahizələrini
biz dramaturqun “Mahnı
dağlarda qaldı”,
“Qəribə oğlan”,
“Xurşidbanu Natəvan”,
“Büllur sarayda”, “Şeyx Məhəmməd
Xiyabani”, “Bizim qəribə taleyimiz”, ümumiyyətlə, bütün
əsərlərində görürük,
hiss edirik.
İlyas
Əfəndiyev gəncliyi
çox sevir, cavan qələm sahiblərinə də həmişə qayğı
göstərirdi, onları
ruhlandırırdı. Yaxşı yadımdadır. 1958-ci ildə Ziyalılar evində, (indiki Atatürk mərkəzində)
gənc yazıçıların
müşavirəsi keçirilirdi.
O vaxt mən
universitetin dördüncü
kursunda oxuyurdum. “Gənclik
nəğmələri” adlı almanaxda mənim
də hekayəm çap olunmuşdu.
Yığıncaqda İlyas müəllim
həmin kitab haqqında məruzə etdi. Təsəvvür edə bilməzsiniz ki, biz necə sevinirdik. Bir gör, haqqımızda kim
söz deyir: İlyas Əfəndiyev! Toplantıdan sonra biz cavanlar
böyük sənətkarımızı
üzük qaşı kimi
dövrəyə aldıq. Müxtəlif suallar
verdik. İlyas müəllim
suallarımıza məmnunluqla cavab verdi və bizə ədəbiyyatın çətin
yollarında uğurlar arzuladı.
İkinci
görüşüm Zaqulbada-pansionatda
oldu. Mən İlyas Əfəndiyevin
oğlu Elçin müəllimlə görüşmək
üçün gəlmişdim.
O, evdə yox
idi. İlyas müəllim
eyvanda oturmuşdu. Məni
içəri təkidlə dəvət etdi.
Xeyli söhbət etdik.
Böyük sənətkarın nurlu siması həmişə gözlərim
önündədir.
Mən 2006-2011-ci illərdə
ANS ÇM radiosunda müəllif
proqramı aparırdım. İlyas Əfəndiyevə
həsr olunmuş verilişlə əlaqədar
studiyaya dəvət etdiyim
qonaqlar arasında İ.Əfəndiyev Fondunun Prezidenti Tural Əfəndiyev də vardı. İlyas müəllimin nəvəsi. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, əməkdar
elm xadimi Timuçin Əfəndiyevin oğlu !
Bu verilişdə İlyas
Əfəndiyevlə şəxsən görüşmüş,
onun zəngin
yaradıcılığından bəhrələnmiş alimlər
və yazıçılar iştirak edirdi. Onların ürək
sözlərini dinlədikcə gözlərim önündə
sənəti ilə şəxsiyyəti vəhdət təşkil
edən nəhəng bir sənətkarın
surəti canlanırdı. Və mən də fəxr edirdim ki, İlyas
Əfəndiyevi görmüşəm, onun
əsərlərini dəfələrlə seyr etmişəm, haqqında söz
demişəm.
“Oğuz
eli” qəzetinin baş
redaktoru alim və şair Azər Abdullanın İlyas
Əfəndiyevin 95 illiyi münasibətilə
nəşr etdirdiyi xüsusi
buraxılışda böyük sənətkarımız
haqqında çox maraqlı xatirələr
toplanmışdır. Bu xatirələr
İ.Əfəndiyev şəxsiyyətini aydın şəkildə
əks etdirir. Aşağıdakı
qısa sətirlərə nəzər salaq:
“İlyas
Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi mənim Azərbaycanda səhnələşdirdiyim
ilk əsərdir. Rus teatr məktəbini qurtaran
və rus teatrlarında işləyən bir rejissorun
Qarabağın tarixi mövzusuna
müraciət etməsi hər şeydən əvvəl böyük risk tələb
edirdi. Mən böyük
aktyorları dəvət etdim və biz məşqlərə başladıq.
Sonra belə oldu ki, həmin böyük aktyorlar haqqında yersiz
söz-söhbətlər yaydılar. Mətbuatda təhqiramiz
yazılar verməkdən belə çəkinmədilər...
Nə isə... Əsərin məşqləri
dayandırıldı. O vaxt İlyas müəllimə də təklif
etdilər ki, gəlin bu
əsəri Mərahimdən alaq. İlyas müəllim isə bildirdi
ki, mən əsəri Mərahimə
inanıb vermişəm və əsərə də quruluşu o verməlidir!
Beləliklə, əsərə ikinci dəfə
quruluş verməli oldum.
Mərahim Fərzəlibəyov”.
“İlyas
müəllim pyeslərdə yaratdığı obrazları
necə namuslu, ismətli, mərd, qəhrəman
kimi yazıb tamaşaçılara
sevdirirdisə, həmin qəhrəmanlarını
canlandıran aktyor və aktrisaları da həyatda elə görmək istəyirdi. Mən
bunu duyur, dərk edir və dahi İlyas Əfəndiyevin pyeslərində oynaya-oynaya, obrazdan-obraza dəyişir,
püxtələşir, həyatda bir
şəxsiyyət kimi
formalaşırdım. Həyatda kimə və nəyə
görə yaşamağımın səbəbini dərk
etdiyimə və bir də Vətənimə,
xalqıma olan sonsuz
sevgimə görə tək bir insana - unudulmaz İlyas Əfəndiyevə borcluyam.
Firəngiz Mütəllimova.”
“Əgər
teatrımızın yaşlı nəslinə mənsub olan aktyorlar söhbətlərində
bir aktyor kimi yetişmələrində müasirləri
Cəfər Cabbarlının və onun
dramaturgiyasının böyük rolundan fəxrlə
danışırdılarsa, biz də, yəni
altmışıncı illərdə səhnəyə gəlmiş gənclər, cəsarətlə
deyə bilərik ki, səhnəyə gəlişimizdə,
bir aktyor kimi püxtələşməyimizdə müasirimiz İlyas
Əfəndiyevin və onun zəngin
dramaturgiyasının müstəsna rolu olmuşdur. Fuad Poladov.”
“İlyas Əfəndiyev bu
gün mənim teatrıma (Akademik Milli Dram Teatrına) həmişə olduğundan da daha çox
lazımdır. Çünki məncə,
bu gün teatra onu yalnız və
yalnız İlyas müəllim kimi sevə bilən, onu İlyas müəllim kimi
duya və qiymətləndirə bilən bir sənət
bilicisi, sənət fədaisi gərəkdir.
İlyas müəllimlə, onun
şəxsiyyəti və yaradıcılığı ilə
bağlı deməyə sözüm çoxdur. Amma indi ən vacib olanları
söyləmək istəyirəm. Teatrın böyük
dostu olan bu sənətkar teatrla
bağlı olan hər kəsi və hər
şeyi çox sevirdi. O, aktyorları həddindən artıq sevir və onların təəssübünü
çəkirdi. O, öz aktyorları ilə
fəxr edirdi. Onların
yaradıcılıqlarını izləyirdi və böyük səxavətlə onlar haqqında söz deyirdi. Onların sənət
yollarındakı müvəffəqiyyətlərinə sevinirdi. Onlara insan kimi arxa
və dost ola bilirdi. Şəfiqə Məmmədova.”
Mən buraya sevimli aktrisamız,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru
Bəsti Cəfərovanın İlyas
Əfəndiyev haqqında dediyi bu sözləri də əlavə etmək istəyirəm:
“İlyas Əfəndiyev pyeslərinin
tamaşaları Akademik Milli
Dram Teatrının tarixində adi tamaşalar deyildi.
Onların hər biri yeni
sənət qələbəsindən, kamil
və möhtəşəm obrazlardan xəbər
verirdi. Biz aktyorlar üçün İlyas müəllimin böyük
sənəti möcüzə idi. Bizim qəlbimizi göynədən bir də odur ki, çoxdan gözlədiyimiz
“Hökmdar və qızı” tamaşasının
premyerası ərəfəsində İlyas
müəllim qəflətən dünyasını dəyişdi.
Biz onun vəfatından
sonra “Hökmdar və
qızı” tamaşasının premyerasını İlyas Əfəndiyevin unudulmaz
adına və ölməz sənətinə layiq
oynadıq.”
İlyas Əfəndiyev haqqında
yazılmış sanballı, ümman
xatirələr içərisində bir damla olan bu
yazımı mən ulu öndərimiz
Heydər Əliyevin böyük sənətkarımız
haqqında dediyi aşağıdakı
sözlərlə bitirmək istəyirəm:
“İlyas
Əfəndiyevin bütün
yaradıcılığını, onun
yazdığı əsərləri böyük
minnətdarlıq hissi ilə xatırlayıram.
Hesab edirəm
ki, o, xalqımız
qarşısında öz borcunu,
daha doğrusu, öz missiyasını şərəflə
yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə,
teatrımıza ədəbiyyatımıza çox
böyük irs, böyük sərvət qoyub
getmişdir. Güman
edirəm ki, bunu
xalqımız heç vaxt
unutmayacaqdır.”
Aqşin Babayev
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat
qəzeti.- 2014.- 14 mart.- S.4.