Ömrün unudulmaz anları
Böyük ictimai-siyasi, elmi-tarixi, bədii-estetik əhəmiyyətə
malik olan memuar bu gün
dünya ədəbiyyatında ən geniş yayılmış və ən çox oxunan ədəbi
janrlardan biridir. O, bir ədəbi növ kimi ilk növbədə
müəllifin yaşadığı dövrün
real faktoloji mənzərəsini,
onun ictimai-siyasi və
tarixi proseslərdə yerini,
hadisələrə individual münasibətini
əks etdirməklə keçmişi bərpa
etməyə çalışır. Memuarlar
adi halda tərcümeyi-hal,
hadisələrin xronikasına, bəzən isə oçerk anlayışlarına sinonim kimi işlədilsə
də, onları eyniləşdirmək olmaz.
Memuarların əsas xüsusiyyəti yenidən bərpa olunan keçmişin
etibarlılığına iddia edən mətnin
“sənədli” xarakterdə qurulmasıdır. Memuar müəllifi öz şəxsi həyatının tarixi kontekstini dərk etməyə,
öz fəaliyyətini ümumi
tarixi prosesin bir hissəsi kimi təsvir
etməyə çalışdığı halda,
tərcümeyi-halda müəllifin daxili
həyatı və onun şəxsyyətinin
inkişafı əsas götürülür.
Bu janr Azərbaycanda
XIX yüzilliyin sonlarında formalaşmağa başlasa
da, onun kökləri daha qədim dövrlərə gedib
çıxır.
Son illərdə bu sahədə
yazılmış ən uğurlu əsərlərdən
biri də tanınmış alim, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun “Ömürdən
anlar- yadda qalanlar” kitabıdır.
Möhsün Nağısoylunu Azərbaycan elmi-ədəbi
ictimaiyyətinə və ümumiyyətlə, cəmiyyətə
geniş təqdim etməyə ehtiyac yoxdur. Milli Elmlər
Akademiyasının Əlyazmalar İnstitutunda
qırx ildən bəri səmərəli elmi
fəaliyyətlə məşğul olan
professor M.Nağısoylu orta
əsrlərə aid bir
çox ədəbi-bədii nümunələri
ilk dəfə üzə çıxararaq,
onları ədəbiyyatşünaslıq, tekstologiya
və lingvistik aspektindən tədqiqata cəlb
edən nüfuzlu tədqiqatçı alim, müasir ədəbi
proseslərlə bağlı ciddi
mülahizələr irəli sürən müasir
dövr ədəbiyyatımızın təhlilçisi,
fəal ictimai xadim və
əvəzsiz pedaqoqdur. Alimin
ən böyük xidmətləri
sırasında onun Şirazinin
“Gülşəni -raz”, Həzininin “Hədisi-ərbəin”
tərcümələrini xüsusi qeyd etməliyik. O, ədəbi dil tariximizin dəyərli
nümunələrindən olan “Şeyx Səfi təzkirəsi”nin ilk dəfə çapa
hazırlanmasına, nəşrinə rəhbərlik etmişdir. Ümumiyyətlə,
M.Nağısoylunun “Orta əsrlərdə
Azərbaycanda tərcümə sənəti”, “Məhəmməd
Füzulinin “Hədiqətüs-süəda” əsəri, “XVI əsr Azərbaycan tərcümə
abidəsi “Şühədanamə” , Əhmədinin
“Əsrarnamə tərcüməsi”, “A.Bakıxanovun “Riyazül-qüds” əsəri klassik
tərcümə nümunəsi kimi”, “XVI
əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir”
monoqrafiyaları, eləcə də Möhsün
Nəsirinin “Lisanüt-teyr”, Şeyx Mahmud Şəbüstərinin
“Gülşəni-raz” və başqa
kitabları Azərbaycan ədəbiyyatşünaslığında
hadisə effekti yaratmışdır. Akademik Vasim Məmmədəliyev
onun filoloji -tekstoloji araşdırmalarını yüksək
qiymətləndirərək yazır: “Möhsün
müəllimin elmi araşdırmaları
yeniliyi, sistemliliyi və
ardıcıllığı ilə seçilir.
Tədqiqat obyekti olaraq
seçdiyi əlyazmaların çoxu orta əsrlərdə
fars dilindən tərcümə edilmiş və ilk dəfə
məhz onun tərəfindən elmi dövriyyəyə buraxılaraq sistemli şəkildə
araşdırılmışdır”. Xalq
yazıçısı Elçin isə alimin “Gülşəni-razı” vasitəsilə
Şərq ədəbiyyatının çox
maraqlı bir nümunəsini özü üçün
kəşf etdiyini bildirir.
Bir
sözlə, elmi fəaliyyəti yüksək
qiymətləndirilən, ədəbiyyatşünaslıq, dilçilik və mətnşünaslıq
sayəsində bir çox
nailiyyətlərə imza atan
professor M.Nağısoylu bu
dəfə qarşımıza tarixi həqiqətləri
bədii lövhələrdə əbədiləşdirən
yazıçı, keçmişi bərpa
edən tarixçi, öz
tərcümey-hal nümunəsində yeni
nəslə düzlük, halallıq, səmimiyyət
dərsi keçən həqiqi pedaqoq kimi çıxır. Onun
“Ömürdən anlar - yadda
qalanlar” kitabı 2011-ci ildə “Elm və təhsil” nəşriyyatında
işıq üzü görmüşdür.
Ağrılı,
əzab-əziyyətli uşaqlıq, keşməkeşli və
təlatümlü gənclik, zəhmət və alın təri
ilə bəzənmiş bir müdriklik çağı yaşayan
müəllif kitaba yazdığı ön sözdə bu janra üz
tutmasının səbəbini çox
yığcam və lakonik şəkildə
oxucuya
çatdırır. O, “... ömür
kitabının ayrı-ayrı səhifələri, xatirələri
özündən bir yadigar
olaraq övladlarına və nəvələrinə,
qohumlara və dostlara,
tanış-bilişlərə, tələbə və
şagirdlərə, dəyərli oxuculara
ərməğan olsun...” deyə bu əsəri qələmə
aldığını bildirir. Amma fikrimizcə,
əsər daha böyük
missiyaya - insan və zaman, insan və sosial mühit, insan və onun idealı kimi ciddi problemlərə
həsr olunmuşdur. İki,
daha doğrusu, üç (Əfqanıstandakı on illik fəaliyyəti də
buraya daxil edə bilərik)
fərqli ictima-siyasi sistemdə “bərkiyən”
müəllifin əsərində təkcə problemlərin
qoyuluşu deyil, həm
də onların uğurlu həlli maraq doğurur. Bütöv bir nəslə nümunə ola
biləcək zəhmət və təmənnasız
xeyirxahlıqla dolu ləyaqətli bir ömrün dolğun mənzərəsini əks etdirən
bu xatirələrdə Möhsün
Nağısoylu əvvəldən-axıradək yorucu didaktikadan,
uzun-uzadı nəsihətamiz ibarələrdən qaçaraq, yalnız xüsusi
epizodları, detalları önə çəkməklə
oxucularına insanın öz ləyaqətli
əməyi və əməklə cilalanmış
istedadı hesabına böyük nailiyyətlərə
imza ata biləcəyini
sübut edib. Necə
deyərlər, kitabın tərbiyəvi əhəmiyyəti
müəllif “moizə”lərindən deyil,
əsərin mahiyyətindən, “kiçik
hekayələrdəki böyük həqiqətlərdən”
doğur.
“Kəndimiz
- kiçik vətən”
başlıqlı birinci xatirədə
kövrək nostalji duyğular
içindən boylanan müəllifin doğulduğu dağlar
qoynundakı balaca Xok
kəndi bizə Məhəmmədhüsen Şəhriyarın
“Heydərbabaya salam”ından tanış olan
Xoşginabın bədii obrazını xatırladır. “Bir çoxları kimi, mən də belə hesab
edirəm ki, hər bir
şüurlu, düşüncəli
insanın iki vətəni var:
biri böyük Vətən,
vətəndaşı olduğun, yaşadığın
ölkə, məmləkət; biri də “kiçik Vətən” -
doğulduğun, böyüyüb
başa çatdığın şəhər,
qəsəbə və ya kənd. İndi ömrümün ixtiyar çağında bunu
tam aydınlığı ilə daha dərindən və daha
yaxşı dərk edir və birmənalı
şəkildə təsdiqləyirəm. Bu hiss və
duyğuları ilk dəfə doğulduğum Naxçıvan
Respublikasının indiki Kəngərli rayonunun Xok kəndindən
ayrı düşəndə - Bakıda ali
məktəbdə (indiki Bakı Dövlət
Universitetində) oxuduğum illərdə
ürəkdən duydum və “kiçik Vətən”in necə də şirin bir nemət olduğunu yaxşıca hiss
etdim. Müxtəlif illərdə,
həm də uzun müddət ərzində
(üst-üstə düz on
il) qürbətdə- Əfqanıstanda fars dili tərcüməçisi
işləyəndə isə mənim üçün
doğma Azərbaycanın hər bir qarışı, o
cümlədən doğulduğum Xok kəndi dünyanın ən şirin nemətinə çevrildi...
Uşaqlıqda quzu otardığım üçün, bir növ çobanlıq etdiyim
üçün çox
da böyük olmayan kəndimizin, demək olar
ki, hər bir yerini, xüsusilə də örüş
və kövşənlərini qarış-qarış gəzib
dolaşmışam”. Müəllif ömrün
hansı vədəsindən baxırsa-baxsın, o mikrodünyanın yaratdığı assosiativlik həmin aləmin gövrək
duyğularını bir anda
bərpa edir. Yaddaşımızda Şəhriyarın
“Heydərbaba” poemasının aşağıdakı
misraları əks-səda verir.
Heydərbaba,
dağın - daşın sərəsi,
Kəklik oxur, dalısında fərəsi,
Quzuların
ağı, bozu, qərəsı,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: "Çoban, qaytar quzunu".
Vaxtilə bu poemaya ön
söz yazmış tanımış alim, doktor Mehdi
Rövşənzəmir deyirdi: «Əsərin
sadəliyini görən bir
çoxları buna oxşar
əsərlər yazmaq istədilər. Ancaq gözlənilən nəticəni əldə
edə bilmədilər... İndiyə qədər elə bir şair tapa
bilməzsən ki, öz
kəndinə bu qədər gözəl şeir demiş olsun... Heydərbaba dağı bir
gün yerlə-yeksan ola
bilər, yer üzündən silinə
bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi
döyünür, Şəhriyarın da şeri nəsildən-nəslə
ötürüləcək və yaddaşlarda
qalacaq».
Möhsün Nağısoylu üçün
də Xok kəndi Xoşginabın ekvivalenti, yaddaşında qalmış
dünyanın ən duyğusal təcəssümüdür.
Amma
müəyyən fərqlə. Şəhriyar 46-47
yaşlarında təzədən Heydərbaba
dağını ziyarətə gələndə dağ, daş, ildırım,
sel, xırman, ocaq, ay - bir sözlə, onun bir zamanlar
gördüyü və uzun
illər həsrəti ilə yaşadığı
mikrodünyanın bütün atributları
yerində idi, bununla bərabər şair
ruhi atoniya
yaşayır, çünki onun doğulduğu həqiqi
Xoşginab Atlantida kimi yer üzündən silinmiş, əvəzində hüzn,
qəriblik və tənhalıq qalmışdı. Bu, şairin faciəsi idi, onun ruhunun
didərginliyi, öz əbədi dinclik məkanını itirməsi idi. Çünki
Şəhriyar özündən çox
uzaqlaşmış və vətənə sintez
olunmaq, təzədən qayıdıb onun bir parçası olmaq üçün təməllər
qırılmışdı, o, təzədən
dönüb həmin kəndi tapsa da, orada
özünü tapa bilmir, kökdən, torpaqdan
qopmuş, havadan asılı qalmış duyğular onu ağladır, sentimental
aləmdən yox olan
dünyasına baxıb təklik və tənhalıq görən
şair öz faciəsinə
“Heydərbabaya salam” elegiyasını
yazır. Əslində, Şəhriyar sonrakı bütün dövrlərdə yalnız bu duyğuların bədəlini ödəməklə
ədəbiyyat, özü də çox böyük ədəbiyyat
yarada bildi. Amma Rövşənzəmirin dediyi
kimi bir çox şairlər də həmin üslubda, həmin ritmdə yazsalar
da, Şəhriyar səviyyəsinə
yüksələ bilmədilər. Çünki
həmin dünyanı onlar yox, Şəhriyar itirmişdi.
Möhsün Nağısoylunun müasir
Azərbaycan gəncləri ilə bağlı memuarda
qoyduğu problem bu mənada “sos” xarakteri daşıyır, yəni tarixə -
keçmişə qarşı biganəlik zaman
və daha geniş məkan
müstəvisində inamla
addımlamağa, bütöv şəxsiyyət
kimi formalaşmağa
imkan verə bilməz. İ.Q.Belinski deyirdi ki,
yalnız vətənlə qan qohumluğunu dərindən dərk edən insan ləyaqətli şəxsiyyət ola bilər. Əks halda
natamamlıq yaranır, L.Bernenin dediyi kimi, Vətən
yarımçıq məhəbbəti qəbul etmir, kim onun
üçün hər şeyi
etmir, demək heç
nə etmir, kim onun uğrunda hər şeyini vermir, demək ondan imtina edir.
Müəllifin diqqətə çatdırmaq istədiyi bu fikirlər günümüzün
aktullıq kəsb edən ən ciddi
problemlərindəndir.
... M. Nağısoylu
kəndin - “kiçik vətən”in bütöv panoramasını yaratmaq
üçün hər bir
xırda detalı göstərməyə, kölgədə
qalanları gün üzərinə
çıxarmağa çalışır və buna görə tez-tez real zaman səddini aşaraq yaddaşındakı zamana
- irreal aləmə üz
tutur, müxtəlif vaxt müstəvilərində dolaşır.
Ümumiyyətlə, “Ömürdən anlar
- yadda qalanlar”
kitabının formalaşmasında zamanın özünəməxsusluğu
həlledici rol oynayır - burada
keçmiş, indiki,
gələcək zaman ardıcıl yox, paralel şəkildə
cərəyan edir. Cümlədaxili
və mətndaxili zamanlarda
ayrı-ayrı epizodik qəhrəmanların,
əşya və predmetlərin müəllifin həyatındakı
rolu və taleyi
özlərinin tam ifadəsini tapır.
Belə kontekst cümlələr müəllifin
həyatının müəyyən dövrünü
əks etdirsələr də, oxucu təsəvvüründə
tərəf-müqabilin bütöv
obrazının yaranmasına kifayət edir:
“Məktəbə getdiyim ilk
illərdə köhnə məktəb binasında (elə indiki məktəbdə) oxumuşam.
İlk müəllimim qonşu
Şahtaxtı kəndindən olan Rəşid
müəllim olub (Xatırladım ki, Hüseyn Cavid də bu kəndəndir).
Mənə yazmağı, şeir deməyi
o öyrədib (Qəbri nurla
dolsun)”. Detal bolluğu informasiya bolluğuna, informasiya bolluğu isə peyzajın, obrazın, onu yaradan bədii mətnin
bütövlüyünə, əhatəliliyinə gətirib
çıxarır. Zaman dinamizmini
təmin edən xüsusiyyətlərdən biri
kimi çıxış eləyən haşiyələr
isə bəzən izahedici, bəzən
tamamlayıcı mətn, bəzən isə hekayə
içində hekayə kimi kitabın süjet xəttinə əlavə olunur. Müəllif oxucunu
ağır təəssüratlarla yormamaq
üçün bədii “antraktı”
duzlu-məzəli əhvalatlarla zənginləşdirməyə
çalışır. Amma onlar ilk baxışdan məzəli
görünsələr də, böyük
həqiqətin ifadəçisi olmuş
qədim yunan tragikomediyalarında olduğu kimi, “ideya məzhəkəyə yox,
məzhəkə ideyaya xidmət edir” prinsipindən çıxış edirlər.
Məsələn, Xok kəndinin
camaatının dindar olmasını
göstərmək üçün müəllifin
qələmə aldığı iki
iranlı əhvalatı bu mənada xüsusi maraq doğurur. Onlar biləndə
ki, Xokda araq içmirlər, maşını
yarıyolda saxlatdırıb düşüb
gedirlər. Əslində, müəllif bu
bu kiçik epizodik hadisə ilə “gülüş
içərisində faciəvi vəziyyəti” əks etdirir; sadəlövh qəhrəmanların bu “arzusu”nu
qabartmaqla bir millətin
ikiyə bölünməsinin, parçalanmasının,
vaxtilə bu “proje”ni cızanların milli genetek yaddaşda
yaratdığı iltihabı, “korroziyanı” üzə
çıxarır. 1990-cı illərin əvvəlləri...
Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən
işğalı... dünyanın ikili
standartları üzündən Rusiya
imperiyasının təzyiqləri qarşısında Azərbaycanın
tək-tənha qalması... İnsanların yurd
-yuvalarını itirdiyi günlər...
Günahsız şəhidlərin sayının həndəsi
silsilə ilə artması ... Siyasi qərarların
heç bir əhəmiyyət
daşımaması... bir sözlə, şair Qabilin dediyi kimi, Azərbaycan bir Kərbəla meydanına döndüyü
çağlar... Belə bir
vaxtda çayın o biri sahilində yaşayan qardaşlar bu taya yeyib-içməyə, əyyaşlıq
eləməyə gəlirlər. Həmin “məzəli əhvalatın”
ortaya qoyduğu,
insanın üzünə sillə kimi
çırpılan sərt həyat həqiqəti budur! Amma müəllif bunda məzhəkə
qəhrəmanlarını deyil, o dövrün siyasi sisteminin bu tayda yaratdığı
real mənzərəni - gecəli-gündüzlü
ağır qul əməyi ilə məşğul
olan, lakin Bakıya gəlmək
üçün 30 manat
pul tapa bilmədiyinə
görə başqasının qapısını
döyməyə məcbur olan bir insan obrazını (avtobioqrafik obrazı) yaratmaqla
imperiyaların o taylı- bu
taylı mahiyyətini ittiham edir.
Kitabın
“Bakıya ilk gəlişim”, “Sızlar yada düşəndə” adlı bölmələri,
əvvəldə qeyd etdiyimiz
kimi, insan və sosial mühit probleminin işıqlı ideal
və antisosial hadisələr, romantika və antiromantika fonunda, daha doğrusu,
əks qütblərin kəsişmə xəttində ortaya qoyulması qəhrəmanı - gənc tələbə
obrazını bütün səmimiyyəti,
mənəvi-psixoloji dayanıqlığı ilə görməyə
imkan verir. Əgər
bu gənc tələbə təxəyyül
qəhrəmanı, bədii fantaziya məhsulu
olsaydı, onu sovet ədəbiyyatının
“çətinliklər qarşısında özünü,
səmimiyyətini itirməyən” ideal tipajları sırasına daxil
etmək olardı. Ancaq məsələ
burasındadır ki, müəllifin tələbəlik
dövrü hətta sovet
ədəbiyyatının mütləq müsbət
obrazlarının tükəndiyi, mənəvi
deqredasiyanın həyatın bir çox spektrinə yayıldığı bir zamana təsadüf edir, belə bir şəraitdə “bahalı uşaqlar “arasında qış günü “əynində paltosu
olmayan”, müəllimlərinin “kasıb
uşaqdır, qiymətini kəsməyin” deyə mərhəmətlə
yanaşdığı gəncin içində bu qədər işıqlı ideallar yaşatması bütövlükdə
ədəbiyyatın reallıqda özünüifadəsi
kimi səciyyələndirilə bilər.
Kitabın
Əfqanıstan səfərindən sonrakı illərə həsr
olunan hissəsi daha çox elmi
axtarışlara, pedaqoji fəaliyyətə,
müxtəlif elmi konfranslardakı
çıxış və məruzələrə, Türkiyə
və İrana elmi
ezamiyyətlərə, ölkə daxilində yay
istirahəti zamanı müəllifin başına gələn
əhvalatlara həsr olunub. Müəllif ölkə daxilində baş verən heç bir əhəmiyyətli hadisəni, ictimai-siyasi önəmi olan
məqamı nəzərdən qaçırmır, ən
azı xırda detallarla, “təsadüfi
qarşılaşmalarla” həmin hadisələrə öz münasibətini bildirir.
“Ömürdən
anlar - yadda qalanlar” memuarı yaşadığımız
tarixin obyektiv canlı
mənzərəsini yaratdığından, geniş
bir coğrafi məkanda
cərəyan edən hadisələrin ictimai-siyasi
mahiyyətini özündə əks etdirdiyindən, elmin hamar olmayan
yollarında şam kimi
əriyən tədqiqatçı bir alimin nəsillərə nümunə ola biləcək fədakar ömrünü
təcəssüm etdirdiyindən, onlarla,
bəlkə də yüzlərlə əsrdaşımız
haqqında dolğun informasiya
verdiyindən, onun bir ensiklopedik mənbə kimi
uzun illər bir çox tarixçilərin, ədəbiyyatşünasların,
pedaqoqların stolüstü kitabı olacağına
və böyük alimin
tutarlı elmi əsərləri ilə
yanaşı yaşayacağına inanırıq. Müəllif
kitabın epiloqunda haqlı olaraq yazır: “Düşünürəm ki... orta əsrlər Azərbaycan
tərcümə əsərləri haqqında
yazdığım monoqrafiyalar, nəşr
etdiyim kitablar hələ
uzun illər boyu bir çoxları üçün
gərəkli olacaq...
...Elə indinin özündə,
sağlığımda məni tanıyan bir
çox insanların, xüsusilə də
gənc nəslin qəlbinə artıq daxil
olmuş, orada özüm üçün
kiçik bir yuva qurmuşam”.
Təbii
ki, müəllif təvazökarlıq edir, fikrimizcə, Möhsün
müəllim heç böyük
tədqiqatçı alim olmasaydı belə,
tamam başqa sahədə
çalışaraq çoxsaylı monoqrafiyalar,
məqalələr yazmasaydı, kitablar nəşr
etdirməsəydi belə, onun adı gəncliyə,
ətrafındakı insanlara bir səmimiyyət, halallıq, düzlük, təmizlik
nümunəsi olaraq yenə zaman ölçüsü
tanımayacaqdı...
İbrahim
Quliyev
AMEA-nın
M. Füzuli adına
Əlyazmalar
İnstitutunun elmi işçisi
Ədəbiyyat
qəzeti.- 2014.- 14 mart.- S.4-5.