Siz həmişə bizimləsiz

     

Hər dəfə fəxri xiyabana gedəndə ayrı bir aləmə düşürəm. Ömür kitabım vərəqlənir. Burada nə qədər qürur duyduğumuz, fəxr etdiyimiz dəyərli insanlar, şəxsiyyətlər uyuyur. Budur, sözü adamın üzünə şax deyən, cəsur və böyük xeyirxah Abbas Zamanovun məzarının önündəyəm. Qəbirüstü abidəsini yenidən arzuolunan formada bərpa ediblər. Dünyasını dəyişmiş ləyaqətli adamlara bundan böyük hansı ehtiram ola bilər.

Bu isə heç vaxt üzündən təbəssüm əskik olmayan, böyük təfəkkür sahibi, ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayevin abidəsidir.

Bu isə dağ vüqarlı, həlim xasiyyətli Qasım Qasımzadədir.

Yaxınlıqdakı qəbir üstünü illərlə öncə götürtdüyüm, elmi rəhbərim akademik Məmmədağa Şirəliyevin son mənzilidir. Görkəmli hüquqşünas Zakir Zeynalov daxil, onların sinə daşlarının üstünə qərənfillər düzərək yüz metr aralıda uyuyan akademiklər Fuad Qasımzadə və Bəkir Nəbiyevi ziyarət edirəm. Onların möhtəşəm və qürurlu abidələrinə baxır, dünyanın faniliyi barədə düşünürəm. Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şurada birgə çalışdığımız, bölgələrə birgə getdiyimiz, duzlu-məzəli zarafatlar etdiyimiz kino lenti kimi gözlərim önündən keçir. Martın 15-də Bəkir müəllimin dünyasını qəfil dəyişdiyi gündür. Əslində bu dəfə fəxri xiyabana gəlməkdə məqsədim Bəkir müəllimlə dərdləşməkdir. İmaninam sahibi Bəkir müəllimə yasin oxutdurduqdan sonra ona üz tuturam.

- Əziz Bəkir müəllim, Yaradana minnətdaram ki, Abbas Zamanov, Yaşar Qarayevsizin kimi insanlarla yaxın dost olmuşam. Yanınızda həyat məktəbi keçmişəm. Mənəvi haqqım olduğunu düşünərək dünyanızı dəyişəndə haqqınızda vida sözü yazmışam. Ölümünüzdən sonra işıq üzü görən “Üzeyir Hacıbəylinin ömürnaməsi” adlı kitabınıza məqalə yazmışam. Bütün bunları mənəvi borc hesab etmişəm. Lakin sizi yada salan təkcə mən deyiləm. Professor Yavuz Axundlunun sizə həsr etdiyi məqaləsini həyəcansız oxumaq olmur:

Çoxdan üzərində işlədiyim “Ədəbi estafet” silsiləsindən prof. Qəzənfər Paşayev haqqında məqaləmi martın 14-də tamamlayıb sabahdan Bəkir Nəbiyevə həsr etmək istədiyim məqaləni yazacaqdım. Sən saydığını say, gör fələk nə sayır...

Gecə Bəkir müəllimin vəfatı xəbəri məni sarsıtdı. Çünki ölüm Bəkir müəllimə yaraşmırdı. Hərəkəti, yerişi, danışığı, fəaliyyəti hələ uzun illər yaşayacağına inam yaratmışdı... Bəkir müəllim mənim tələbəlik illərindən dostum idi. Tələbəlik dostunu isə heç cür yaddan çıxarmaq olmur... Bəkir müəllimə uzun ömür, cansağlığı arzularımı “Allah rəhmət eləsin” sözləri ilə əvəz etməli oldum.”

Bəkir müəllim, cəmi iki il keçməsinə baxmayaraq, sizdən sonra institutumuzda çox dəyişikliklər baş verdi. Sizin arzunuzla 80 illik yubileyinizdə - Akademiyanın Rəyasət Heyətinin böyük zalında təntənəli yığıncaqda məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyamıza humanitar elmlər üzrə vitse-prezidentinstitutumuza direktor təyin edildi. Xalq şairi Sabir Rüstəmxanlı demişkən, Naxçıvan Dövlət Universiteti itirdi, Milli Elmlər Akademiyamız və Nizami adına Ədəbiyyat İnstitutu qazandı. Akademik İsa Həbibbəylinin ilk ciddi addımlarından biri arzusunda olduğunuz institutumuzun 80 illik yubileyinin keçirilməsini gerçəkləşdirməsi oldu. Yubiley tədbirlərinə başqa ölkələrdən gələn adlı-sanlı alimlər də qatılmışdılar. Onların arasında Azərbaycan-Türkiyə ədəbi əlaqələrində müstəsna xidmətlər göstərən professor Yavuz Akpinar, görkəmli macar alimi professor Georgi Xəqai (Ruhunuz şad olsun! Macarıstan dövləti Ramil Səfərovu Azərbaycana təhvil verdi. Onu Milli Qəhrəman kimi qarşıladıq. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Ramil azadlığa buraxıldı), Türkiyənin Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz da vardı.

Yubileyə çox ciddi hazırlaşmışdıq. Yubileyə qədər institutumuzun “Ədəbiyyat məcmuəsi”nin xüsusi sayı buraxıldı. Məcmuə akademik İsa Həbibbəylinin çox geniş və sanballı “Nizami adına Ədəbiyyat İnstitutu” məqaləsi ilə açılır. Ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirən bu elm məbədinin keçdiyi şərəfli yolu İsa müəllim elmi təfəkkürü ilə işıqlandırdı. Məcmuənin “Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları” bölümündə Əli Nəzmi, Vəli Xuluflu, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Əmin Abid, Salman Mümtaz, Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Məmmədağa Şirəliyev, Mirzağa Quluzadə, Kamal Talıbzadə, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayevsizin haqqınızda görkəmli alimlərimizin məqalələri yer alır. Sizin haqqınızda məqaləni AMEA-nın müxbir üzvü Teymur Kərimli yazdı. Məqalə doğma instituta bağlılığınızı, zamanında onunla yaşadığınızı bariz şəkildə göstərən, dərin məna kəsb edən cümlə ilə bitir:Akademik Bəkir Nəbiyevin müqəddəs ruhu indiana qucağı kimi əziz saydığı Nizami adına Ədəbiyyat İnstitutunun divarları arasında dolaşmaqdadır”.

Yeri gəlmişkən, təşkilatçı kimi yetişməsində böyük əməyiniz olan Teymur Kərimli Əlyazmaları İnstitutuna direktor təyin edildi.

Məcmuənin “Elm yollarında” bölümündə Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq elmimizə bəxş etdiyi, dünyasını dəyişmiş görkəmli elm xadimlərinə həsr olunmuş məqalələr yer alır. Əməkdar elm xadimləri Mirəli Seyidov və Bəhlul Abdulla haqqında məqalələr yazmaq mənə həvalə olunmuşdu. Bu xeyirxah işə demək olar ki, bütün alimlərimiz cəlb olunmuşdu.

İnstitutun 80 illik yubileyi ərəfəsində professor Teymur Əhmədovun “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” kitabı da işıq üzü gördü. Bu böyük həcmli kitabın “Elm xadimləri” bölümündə sizin elmi fəaliyyətiniz barədə ayrıca məqalə yer alır.

Onu da deyim ki, Ədəbiyyat İnstitutunun 80 illik fəaliyyətini daha da mükəmməl əhatə etmək üçün akademik İsa Həbibbəyli və professor Asif Rüstəmli keçən ilin sentyabr ayından başlayaraq Azərbaycan, GürcüstanRusiya Federasiyasının MoskvaSankt-Peterburq şəhərlərində çoxsaylı arxiv materialları toplayaraqNizami adına Ədəbiyyat İnstitutu 80 ildə” adlı fundamental əsər hazırlamışlar.

O ki qaldı institutun yubileyinə, yubiley çox yüksək səviyyədə keçdi.

Bu məqamda bir nisgilimi bildirməsəm, ruhunuz məndən inciyər. 2010-cu ildə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” əsərinə görə siz başda olmaqla, beş nəfər alimimizin Dövlət mükafatına layiq görülən, hazırda sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, filologiya üzrə 80-dən çox fəlsəfə doktoru, 2 nəfər əməkdar elm xadimi çalışan institutumuzun bir nəfər belə əməkdaşının dövlət səviyyəsində fəxri ada, ordenmedallara layiq görülməməsi təəəssüf doğurdu.

Bununla belə, deməliyəm ki, institutun rəhbərliyi bu işi böyük səxavətlə görür. Yubiley vaxtı 11 nəfər AMEA-nın Rəyasət Heyətinin, 17 nəfər Respublika Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanına layiq görüldü (Onların arasında mən də vardım). İnstitutun əməkdaşlarından bir neçəsinə professor, dosent fəxri adlar verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı. Bir neçə nəfər başböyük elmi işçi vəzifəsinə layiq görüldü. İnstitutda böyük canlanma, yüksək əhval-ruhiyyə özünü göstərir. Keçirilən yığıncaqlar, konfranslar, görülən işlər institutumuzun yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Ümumiyyətlə, Akademiya sisteminə dövlət qayğısı təsəvvür edilməyəcək dərəcədə artıb. Milli Elmlər Akademiyamıza akademik Akif Əlizadə prezident seçiləndən sonra bu elm məbədində vüsətli işlər gedir.

Əziz Bəkir müəllim, tez-tez qəlbən sevdiyiniz Ədəbiyyat İnstitutunda sizdən söhbət düşür.

Böyük insanalim Abbas Zamanov xalq qarşısında, Azərbaycan elmi qarşısında xidmətləri olan, ləyaqətli bir insanı son mənzilə yola salanda deyərdi: “Sağ ol, a filankəs”. Mənasını soruşanda deyərdi ki, o, ölməyib, o, yaxşı adam idi. O, bizim qəlbimizdədir, o bizimlədir.

Hikmətli kəlam imiş. Neçə ki, biz sağıq, Bəkir müəllim, siz həmişə bizimləsiz.

 

Qəzənfər Paşayev

filologiya üzrə elmlər doktoru,

professor

 

Ədəbiyyat qəzeti.- 2014.- 14 mart.- S.6.