Tanrı göndərən
yol ilə…
Bütün yolçuluq boyunca görkəmli türk
şairi Mehmet Akif Ersoyun bu
unudulmaz misraları mənimlə oldu:
Ey bu torpaqlar
üçün
Torpağa düşmüş
əsgər -
Göydən əcdad
enərək
Öpsə o pak alnını, dəyər…
Seyid Yəhya Əl-Bakuvinin "Nə zaman
ki, dostluq yeli əsməyə başladı, yubanmadan məhəbbət yelkənini
qaldır" səslənişiylə nəfəs-nəfəsə
zyiarət etdim gözəlimiz Türkiyənin
Giresun, Karabük,
Nevşəhər, Bolu, Konya,
Bartın, Kayseri, Akşəhər, Samsun, Adana, Elazığ, Malatya, Ankara, İstanbul,
Amasya şəhərlərini.
Göynükdə İstanbulun mənəvi fatehi
Akşemseddin əfəndinin, Aksarayda Somuncu Babanın, Konyada Şəms Təbrizinin, Həzrəti Mövlananan ruhuna
"varlığınız mübarək"
şükranlığım dil ucundan heç əskik
olmadı ki!
Bütün bu zyiarət boyunca yaşadığım anların
unudulmazlığı qalan ömrümün heç
unudulmayacaq xatirələri kimi mənimlə olacaq.
Anıb da yazacam hər
qədəmini.
Ancaq indi, bax elə
bu dəqiqənin özündəcə lap başdan, əvvəldən
bir təəssüratımı qeyd etmək istəyirəm ki,
Türkiyə Cümhuriyyətinin hər qarış
torpağı mənə Kəlbəcər, Laçın
yaylaqlarının, Şuşa, Xankəndi,
Ağdərə dolaylarının unudulmaz xatirəsini yenidən, yenidən, bir də yenidən yaşatdı… Ulduzlar sayınca bayraqlar gördüm.
Bu, o məmləkətdi
ki, dünyalarca məşhur
səyyah İbn Bibi
"Oradakı ağacların meyvəsi iqbal
meyvəsi idi, oradakı bülbüllər
zəfər nəğmələri söylərdi" - deyə
zikr etmişdi.
Əlavə nə edəsiyəm
ki?
Bəlkə elə bu qudsal el
söyləməsini deyib də son nöqtəni qoymam gərəkdi:
Suiçməz Baba çeşməsi
haqqında bilgi istəyim qarşılığında
söylədilər: "Bir gecə yuxusunda Həzrəti peyğəmbərimizin əlindəki
camdan su alıb içibmiş. Ta
ölüncə su içməyib ki, peyğəmbər əfəndimizin
camından içdiyi suyun
şəhdi-ləbi, dadı-tamı ağzımdan
qaçmamış olsun".
Gözəl örnəkdi.
Türkiyə ziyarətindən
sonra bir özgə səmtə,
məkana nəzər yetirib də baxmaq zor işdi.
Bu bir duyğudu
ki, görməyən bilməz…
Yaşamaq gərəkdi görməzdən öncə…
Bütün bu xoşbəxt anlarla baş-başa
qaldığımız məqamda səfər
yoldaşlarımın - millət vəkili, siyasi
elmlər üzrə fəlsəfə doktoru
Qənirə Paşayevanın rəhbərliyi ilə
Türkiyəni qədəm-qədəm gəzib-dolaşan
nümayəndə heyətinin iç dünyalarında qəmli bir el bayatısı da cövlan etməkdə idi:
Analar yanar
ağlar,
Dərdini
sanar ağlar.
Dönər göy
göyərçinə
Yollara
qonar ağlar.
Bu ağrılı düşüncələrin tarixi
nədənliyi Xocalı
ahından, Xocalı faciəsindən gəlirdi. O səbəbdən də səfər ovqatımızın
özülündə qəm
vardı, balam…
Giresun
Dövlət Universitetində
keçirilən anım
mərasimində bu barədə məruzələr
oxundu, ermənilərin
zaman-zaman azərbaycanlılara
qarşı törətdikləri
soyqırım siyasətinin
gizlinləri incələndi. Elazığda İnönü
adına Tibb Universitetində düzənlənən tədbirlərdə
tarixi faktları özündə əks etdirən kitablar, fotostendlər, sənədli
filmlər sərgiləndi,
Xocalıda törədilən
vəhşiliklər əsaslı
dəlillərlə göz
önünə gətirildi.
Samsunda
19 Mayıs Universitetində
bu qanlı cinayəti törədənlərin
tarixi canavarlığından
söz açıldı. Ankarada, Adanada, Malatyada, İstanbulda keçirilən tədbirlərdə
türkiyəli qan qardaş-bacılarımıza Xocalıda
törədilən cinayətin
əslində bəşəri
bir faciə olduğu anladıldı. Millət vəkili Qənirə Paşayeva, Giresun Universitetinin rektoru, professor Aygün
Attar, İstanbulda fəaliyyət
göstərən Aydın
Universitetinin rektoru,
professor Yadigar İzmirli
və başqaları
türk torpaqlarına
qarşı zaman-zaman
yürüdülən erməni
basqınları barədə
tutarlı faktlara söykənən məruzə
və çıxışlar
etdilər. Adanada Xocalı soyqırımının
xatirəsinə abildə
ucaldılacaq parkla tanış olduq. Ankaranın Keçiörən bələdiyyəsi tərəfindən
Xocalı şəhidlərini
anma mərasiminə qatıldıq, o müdhüş
gecədə azərbaycanlı
ananın durumunu əks etdirən abidənin açılışında
iştirak etdik. Türkiyənin və Azərbaycanın
millət vəkilləri,
ictimai-siyasi xadimlər
izdiham qarşısında
çıxış edərək
Azərbaycan həqiqətlərini
anlatdılar.
Səfər çərçivəsində
türkçülük düşüncəmizin
banilərindən biri
olan, şair, publisist, həkim, rəssam, azadlıq fədaisi kimi adı əziz tutulan Əli bəy Hüseynzadənin
150 illik yubileyilə bağlı tədbirlər
də keçirildi.
İstanbulun Aydın
Universitetində millət
vəkili Qənirə
Paşayeva, həmin universitetin rektoru Yadigar İzmirli, professor Kamil Vəli Nərimanoğlu, bu sətirlərin müəllifi
və başqa çıxışçılar böyük türkçü
Əli bəy Hüseynzadənin parlaq həyat yolundan ətraflı bəhs etdilər.
Əli
bəylə bağlı
Giresun Universitetində
düzənlənən tədbir
də dərin bir vəfa, ehtiram borcu kimi
yadda qaldı, sovetlər dönəminin
ağır repressiya qurbanlarının xatirəsi
dərin vətəndaşlıq
duyğuları ilə
yad edildi.
Türkiyənin
ziyarətinə o yollarla
qədəm basdıq
ki, Əli bəy Hüseynzadə bu qardaş ölkəyə sonuncu dəfə məhz bu yollarla keçib
getmişdi.
Gürcüstanda
böyük demokrat yazıçı Cəlil
Məmmədquluzadənin qonağı
olmuş, "Molla Nəsrəddin" barədə
səmimi ürək sözlərini söyləmişdi. Sonra Batuma yol almış,
Rizədən, Trabzondan
keçib getmişdi.
İstiqlal
şairi Əhməd Cavadın sözlərinə
dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin
bəstələdiyi məşhur
"Çırpınırdı Qara dəniz" mahnısı hər qədəmdə yaddaşımızı
izləməkdəydi. Sanki bu mahnının
vüqar dolu ruhunda çırpınan
bir könül nisgili idi bizi
Elazığa götürən.
Tam bir Azərbaycan qoxusu ürpərirdi bu gözəl, qədim şəhərin
iç dünyasından.
Mərkəziylə uzanıb
gedən Almas
İldırım küçəsinə
basdığımız hər
qədəm ötən
əsrin 30-cu illərində
Azərbaycan həyatında,
insanların taleyində
baş verən qəzavü-qədəri birər-birər
göz önünə
gətirir… Xalq şairi Bəxtiyar Vahabzadə küçəsi
ilə irəlilədikcə
"Gülüstan" ağrısı,
nisgili, çuğlayır
iç dünyamı.
Bizə dərin səmimiyyətlə
bələdçilik edən
Şener Bulud xalq yazıçısı
Anara, Rəşad Məcidə, Çingiz Əlioğluna, Asif Rüstəmliyə olan sayğılarından söz
açır. Xankəndi
küçəsinin qaynar
durumu önündə
dönüb də yönü bəri baxan qədim ellərimizin, Qarabağ torpaqlarımızın nigaran,
susqun gerçəkliyini
göz önünə
gətirir-gətirirəm…
Qənirə xanımdan
rica edirəm ki, Almas
İldırımın xatirəsini
yaşadan Xəzər
gölcüyünə baş
çəkək. "Mütləq" deyə münasibətini gecikdirmir.
Bu, həmin Xəzər
gölcüyüdü ki,
illər öncəsi
unudulmaz Almas İldırımın oğul
yadigarı Azər Almas bu gölün
adıyla bağlı
xatirələrini bizim
"Ədəbiyyat qəzeti"
redaksiyasında dərin
ağrı hissilə
danışmışdı mənə. Deməli, nakam şair
Sovet hərb məngənəsindən baş
götürüb Elazığa
gəlir. Burada vətən
nisgilini bu gölün kənarına
gəlib saatlarla xəyala dalmaqla ovudarmış. Atatürkə məktub yazıb xahiş edir ki, bu gölə
Xəzər adı verilmək istəyinin yerinə yetirilməsinə
yardımçı olsun.
Müsbət cavab alır.
Beləliklə Xəzər gölcüyü
adıyla rəsmən
tanınır. Elazığ-Sivricə arası 26 kilometrlik bir məsafədədi.
Bir unudulmaz
görüşsə Adanada görkəmli
xalq artistimiz Nəsibə
Zeynalovanın oğul yadigarı, sevimli aktyorumuz Cahangir Novruzovla
bağlı oldu. Adanada
olduğumuzdan sonacan bir yerdə olduq. Şəhərin
görümlü yerlərini birgə gəzib-dolandıq.
Qürurla Adanada Azərbaycana
olan böyük sevgidən
danışa-danışa, Çuxurova
Universitetindəki fəaliyyətindən,
hazırladığı tamaşalardan söz almağı da unutmurdu. Xocalı soyqırımı ilə
bağlı anım abidəsinin ucaldılacağı
parkı birgə gəzib-dolandıq. Unudulmaz
xatirələrindən heç
doymadıq. Özünəməxsus atmacalarından, bəh-bəhlərindən
də qalmadı. "Bəh-bəh" deyə-deyə Adana kababına qonaq etməkdə
israrlı oldu.
Bu xatirələrin əziz anları şerin, sözün şirin diliylə yazıya alınmayınca nə
insafdan olar, nə könül doyar... Yazana, qələmə alana
qədərsə unudulmaz duyğularla
ziyarət etdiyimiz o
gözəl elləri, doyulmaz
dağları bir daha yad edib deməyin yeridi ki, "Türkəm,
müsəlmanam bu dağlar
qədər".
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2014.- 14 mart.- S.8.