Bir kənd baxır yuxumdan

 

Bu dözümdə ilahi,

Daş-qaya parçasıyam.

Ruhumun söz bulağı,

Misra novalçasıyam.

 

Səbrimin sonu - sonsuz,

Uduram bu ahları.

Üfüq çəhrayı doğur

Açılan sabahları.

 

Yağışlar duzlu yağır

Torpağa göz yaşıtək.

Saçıma qar ələnir

Ömrün vaxtsız qışıtək.

 

Tanrım «qismət» adında

Nə biləsən nə verir?!

Kefi - arsız-gorsuza,

Dərdi - çəkənə verir.

 

Elə bil Yer kürəsi

Çıxıbdır öz oxundan.

Üzünə qan çilənmiş

Bir kənd baxır yuxumdan…

 

Murovun başında

ulayan bayquş

 

Murovun başında ulayan bayquş,

Ula, fürsət ikən ula, həyatdır…

Viranə yerlərdir yurd yerim, ay quş,

Deyəsən kefin kök, yerin rahatdır.

 

Murovun başında ulayan bayquş,

Dağılmış Kəlbəcər de, nə biçimdə?

Həsrətim uzanır, uzanır yay, qış,

Sən kef içindəsən, mən dərd içində.

 

Murovun başında ulayan bayquş,

Üzünə gülürmü xarabalıqlar?

Görəsən Tərtərə yağanda yağış

Yenə üşüyürmü körpə balıqlar?

 

Ulartın kəsməyir de görüm nədən,

Nəyi qandırırsan indi sən, bayquş?

Özgə yuvasında bala böyüdən

Bayquş bir millətin himnisən,

bayquş!

 

Hacıkənd - 12.08.2013

 

Bağlı it

 

Baxırsan ki, bu itin

Azadlığa çıxmağa

Arzusu var, əhdi var.

Zəncirini qırmağa

Çabası var, cəhdi var.

Səmə gəzən itlərə

Baxaraq köks ötürür.

Qarqaradan zəncirə

Günlərini bitirir.

Ulayaraq dartınır

Azadlığın eşqinə.

Zəncirlənmək çıxıbdır

Onun tale püşkünə.

Dartındıqca düşünür -

Yəqin zəncir qırılır.

Daha bilmir yazıq it

Öz boğazı cırılır.

 

Al çala bir də

(təcnis)

 

Alın al yeri var, çalın çal yeri,

Gərək qarışmasın al çala bir də.

Solub bu yamacın qızıl laləsi,

Çətin ki, bu çəmən al çala bir də.

 

Göyün bəzəyidir durna qatarı,

Sən də başımızı yerdə qat, arı.

Namusa, qeyrətə həm də qat arı -

Alçaqlar qarşında alçala bir də.

 

Bu dünya fanidir, ötən il ani,

Bizə xatırladır bəzən il anı.

Yaxşı tanımırsan qızıl ilanı -

Sən qorx ki, adamı al çala bir də.

 

Gecə xoş keçəndə dönər gündüzə,

Çiçəklər açılar düşsə gün düzə.

Hanı o günlər ki, günə gün düzə,

Adili o günə al, cala bir də.

 

Həbsxanada

 

Dustaqlar günləri sayır,

Rəis dustaqları.

Yeganə ümid -

qaçıb qurtulmaq.

Yeganə qorxu -

bir də tutulmaq…

 

 

Nikbin adam

 

Professor Kamran İmranoğluna

 

Mən səni həmişə gülərüz gördüm,

Kədəri gizlətdin baxışlarında.

Könlünü əbədi bahara verdin,

Göyərdin baharın yağışlarında.

 

Qəriblik ovqatı gətirən payız

Pəngini qatmadı ruhuna sənin.

Özünə çəkilib qalanda yalqız

Yenə bahar girdi yuxuna sənin.

Sevgidən bal tutdu ömür pətəyin,

Əyilmək bilmədin uca dağ kimi.

Kiminsə əlinə keçsə ətəyin

Səni buraxmadı xeyirxah kimi.

 

Düzünü deyim ki, bu saflığınla

Sən - birsən, sən - pirsən, ocaq

kimisən.

Əziz dost, nəfsinə yasaqlığınla

Altmış yaşında da uşaq kimisən.

 

Elm ilə ölçülür sərvətin, varın,

Elmsiz bir insan getməz uzağa.

Yaşamaq haqqı var yaşadanların,

Ömrün uzun olsun, a Kamran qağa!

 

Güzəran güm-güməsi

 

Az qalır yıxa məni -

Külək o külək deyil.

Bu tabsız tavanıma

Ümidim dirək deyil.

 

Çıxıb gedib çoxusu,

Qaçıb kəndin yuxusu.

Uçub təndir qoxusu -

Çörək o çörək deyil.

 

Var-dövlətin var isə

Vəsiyyət et varisə.

Sonrakı «mübarizə»

Kiməsə gərək deyil.

 

Qəlbinə kin hopursa,

Zülmün səni tapırsa,

Ruhun candan qopursa,

Günahkar fələk deyil.

 

Bayır - çöldür, çöl - bayır,

Gəl bunları sən ayır…

Gah vurur, gah vurmayır,

Ürək o ürək deyil.

 

Adil Cəmil

 

Ədəbiyyat qəzeti.- 2014.- 20 mart.- S.7.