Bütöv Azərbaycan şairi

Məmməd Araz

  

Böyük və bütöv Azərbaycanın bənzərsiz sənətkarlarından biri - xalq şairi Məmməd Arazın 80 illiyi münasibətilə ölkəmizdə keçən ildən başlayan poeziya bayramları səngimək bilmir. Böyük şairə ümumxalq məhəbbətinin təcəssümü olan bu mərasim və tədbirlər doğma Vətənimizin bütün guşələrində əks-səda verir. Görkəmli sənətkarın həyatı və yaradıcılığı ilə bağlı bir-birindən maraqlı və gərəkli kitablar işıq üzü görməkdədir.

Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan bölməsinin alimlərinin birlikdə araya-ərsəyə gətirdikləri “Məmməd Araz: Taleyi və sənəti” (Naxçıvan - 2014) kitabı şairin yubiley mərasiminə layiqli töhfələrdən biridir. Kitab Naxçıvan MR Ali Məclisi sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 6 iyun tarixli sərəncamına əsasən hazırlanmışdır. Kitabın redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, prof. Əbülfəz Quliyevdir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə məxsus “Xalq şairi Məmməd Araz: böyük sənətlə şəxsiyyətin vəhdəti” adlı məqalə ilə başlanan kitabda 20-yə yaxın tədqiqat işıq üzü görmüşdür. Hər bir məqalədə şair yaradıcılığının mühüm və özünəməxsus xüsusiyyətləri təhlilə cəlb edilib. Bu məqalələrin yaddaqalan cəhətlərindən biri də böyük şair yaradıcılığının Naxçıvan torpağı ilə bağlılıqda və bu ədəbi mühit ənənələri kontekstində araşdırılmasıdır.

“Xalq şairi Məmməd Araz: böyük sənətlə şəxsiyyətin vəhdəti” məqaləsi geniş ümumiləşdirmə pafosu və ehtiva miqyasları ilə diqqətimizi çəkir. Müəllifin “xalq şairi Məmməd Arazın sənəti onun özünün və mənsub olduğu xalqın qeyri-adi tərcümeyi-halıdır” tezisi tədqiqatın elmi yönünü və konsepsiyasını aydın ifadə edir. İlk dəfə olaraq böyük sənətkar həyatı və tərcümeyi-halındakı əsas tarixlərin və hadisələrin fonunda poeziyanı təhlil predmetinə çevirmək təşəbbüsü də Məmməd Arazşünaslıqda mühüm yenilik kimi dəyərləndirilməlidir. Məqalədə vurğulandığı kimi, “Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının - həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur” fikri şair dünyasını anlamaq üçün əsas istinad nöqtələrindən biridir. Hələ gənclik çağlarında böyük şairin özü də səmimiyyətlə söyləmişdi: “Mənim ürəyimin bir parçasıdır, Doğma Şahbuzum da, Naxçıvanım da”. Akademik İsa Həbibbəylinin Məmməd Araz dünyasının mənşəyi və doğuluşu ilə bağlı mülahizələri elmi dərinliyi və intellektual obrazlılığı ilə yaddaşımıza köçür; Məmməd Araz şeriyyətinin və şəxsiyyətinin formalaşmasında Naxçıvanın və xan Arazın həyatbəxş təsiri böyük sənətkarların taleyi və tərcümeyi-halı ilə müqayisə edilir: Mixail Şoloxov nəsrini “Sakit Don”suz, xalq şairi Səməd Vurğun poeziyasını “Ana Kür”süz, Şərqi Avropa yazıçılarının dünyasını “Mavi Dunay”sız, rus ədəbiyyatının bir sıra böyük nümayəndələrinin əsərlərini “Volqa”sız təsəvvür etmək mümkün olmadığı kimi, Məmməd Araz yaradıcılığını xan Arazsız duymaq, bütün incəlikləri ilə dərk və qəbul etmək əsla mümkünsüzdür.

“Xalq şairi Məmməd Arazın həyatı, tərcümeyi-halı və bədii yaradıcılığı bir-birini tamamlayır” deyən müəllif bənzərsiz sənətkar yaradıcılığını məhz bu yöndə və kontekstdə araşdırır. Dünya ədəbiyyatşünaslığında Dante, Nəvai, Bayron, Puşkin, Lermontov və başqaları haqqında bu tipli tədqiqatlar mövcuddur. Azərbaycan ədəbiyyatşünaslığında isə bu sahədə ayrı-ayrı məqalə və araşdırmalara rast gəlinsə də, hələlik böyük və ciddi tədqiqatlar ortada yoxdur. Akademik İsa Həbibbəyli görkəmli sənətkar estetik dünyagörüşünün və obrazlarının mənşəyini ilk dəfə olaraq poetik tərcümeyi-halla paralel şəkildə araşdırır. Böyük şairin həyat yolunun başlanğıcını - uşaqlıq çağlarını təhlil edən müəllif Məmməd Araz poeziyasında “daş” motivinin doğuluşu ilə bağlı əsaslı mülahizələr irəli sürür: “Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir”. Görkəmli alimin təkcə Məmməd Araz poeziyasında deyil, ümumən XX əsrin ikinci yarısındakı bədii təfəkkürümüzdə mühüm yer tutan və silinməz izlər qoymuş daş obrazları və motivlərinin genezisi, ehtiva və ümumiləşdirmə miqyasları haqqındakı düşüncələri də ciddi maraq oyadır: “Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas, aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biri də budur. Daş mövzusu filosofların fikrincə, dünyanın əsasını təşkil edən dörd ünsürdən birinə - ana torpağa olan inamın ifadəsidir. Ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən isə, bizcə, daş Məmməd Araz poeziyasında bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü də milli şerimizin “daş əsgəri” hesab edir”. Son dərəcə düzgün və dəqiq seçilmiş nəzəri-metodoloji yanaşma Məmməd Araz dünyasının qapılarını açan sehrli bir açar rolunu oynayır. Beləliklə, “vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” poetik aforizminin ərsəyə gəlməsi prosesi əslində şair yaradıcılığında Vətən obrazlarının və konsepsiyasının formalaşma tarixçəsidir. Diqqətlə yanaşsaq, görərik ki, Məmməd Arazın Vətən dünyasının və bədii kəşflərinin doğulması məhz bu sirli-sehrli obrazın - daşın poetik hərəkətindən və yolundan keçir. Məmməd Araz ilhamının və təxəyyülünün gərgin fəaliyyəti, axtarışları nəticəsində daş rəngəbərəng obrazlara, timsallara, poetik işarələrə çevrilərək Vətəni təmsil edir. Gənc şairin sinəsini qoyub ilk şeirlərini yazdığı sal qayalar, Vətən daşları bax beləcə Vətənin möhkəm və sərt obrazı kimi əyaniləşir. Məhz bu əqidə və məslək şair yaradıcılığında genişlənərək “Vətən qayaları, Vətən daşları” silsiləsinə, “Daş harayı” kitabına çevrilir. Bu ruh və obraz Məmməd Araz dünyasında o dərəcədə dərin və möhkəm köklərə malikdir ki, hətta bütün və bütöv Azərbaycan dünyasını da şair daşlarsız və qayalarsız təsəvvür etmir. Sanki daş və qaya Məmməd Arazın bütün varlığı ilə yaratdığı bir sipərdir - Vətəni hifz edən, düşmənlərdən qoruyan sirli-sehrli bir qüvvədir. Və təsadüfi deyil ki, şair Vətən haqqındakı ən böyük şeirlərinin birində də Azərbaycanı sonsuz ilhamla vəsf edərkən onu adi bir çiçəyə yox, məhz qayalarda bitən bir çiçəyə bənzədir: “Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan - çiçəklərin içində qaya”. O da təsadüfi deyil ki, qayanın vəsfi ilə başlanan bu böyük şeir, məhz Azərbaycan daşlarının tərifi ilə sona çatır: “Azərbaycan, mayası nur, qayəsı nur ki... Hər daşından alov dilli ox ola bilər”.

Akademik İsa Həbibbəylinin Məmməd Arazşünaslıq və ümumən, ədəbiyyatşünaslığımız üçün qiymətli olan daha bir yeni elmi yanaşması böyük şair yaradıcılığında mühüm yer tutan Araz motivləri ilə bağlıdır. Biz dahi və cəsarətli şairimizin Araz dünyasını yetərincə duymasaq, onun Azərbaycan dünyasını lazımınca dərk edə və dəyərləndirə bilmərik. Məmməd Arazın bütöv Azərbaycan dünyası məhz Araz sahillərində doğulmuş və formalaşmış bir poetik aləmdir. Müəllif çox doğru olaraq Məmməd Araz dünyasının əsas atributlarından və əlamətlərindən biri kimi Arazı seçir. Daş obrazı kimi Araz obrazı da Məmməd Araz dünyasının ikinci sehrli açarıdır: “Məmməd Araz bütöv, böyük Vətənin nəğməkarıdır. “Araz axır” poemasında, “Oxuyan Təbriz”, “Şəhriyar gəlmədi”, “Bu gecə yuxuda Arazı gördüm”, “Araz dili”, “Araz üstdə Çinar gördüm”, “Qalır hələ”, “Araz yadıma düşüb”, “Arazın işıqları”, “Sərhəd çəpərləri”, “Mən Araz şairiyəm” şeirlərində bütöv Vətən duyğusu mənalandırılmışdır. Məmməd Araz qələmindən çıxmış “Oxuyan Təbriz” (1969) şeri Azərbaycan poeziyasında Cənub mövzusunda yazılmış ən dəyərli və təsirli şeirlərdən biridir”.

“Xalq şairi Məmməd Araz: böyük sənətlə şəxsiyyətin vəhdəti” tədqiqatında diqqəti çəkən üçüncü mühüm cəhət şair yaradıcılığının milli ədəbi qaynaqları və mənbələrinin elmi dəqiqliklə göstərilməsidir. Doğrudur, Məmməd Araz nəslinin və ümumən, altmışıncıların poetik bioqrafiyasının, bədii dünyagörüşünün formalaşması barəsində müəyyən araşdırmalar mövcuddur. Amma bir qədər ümumi və dərinə nüfuz etməyən həmin araşdırmalarda altmışıncıların sələflərlə mənəvi əlaqələri lazımi səviyyədə və elmi obyektivliklə açılmayıb. Akademik İsa Həbibbəylinin elmi təhlillərinin qiymətli cəhəti ondadır ki, ədəbi nəsillər arasında estetik münasibətin xarakteri düzgün açılır. Məmməd Arazı Mirzə Ələkbər Sabir və Səməd Vurğun kimi dahi sənətkarlarla birləşdirən mənəvi tellər yüksək qiymətləndirilir. Həqiqətən nəsrdəki və poeziyadakı altmışıncılar öz estetik axtarışlarında sələflərə üz tutur, onlara istinad edirdilər. Əgər nasir altmışıncılar daha çox Mirzə Cəlilə güvənir və ona pərəstiş edirdilərsə, şair altmışıncılar Mirzə Ələkbər Sabiri özlərinin ədəbi-mənəvi patriarxı sanırdılar. Məmməd Arazın “Mən də insan oldum” (1962) poeması təkcə müəllifin deyil, bütün yeni pleyadanın bədii etiqadının ifadəsi və etirafnaməsi idi. Tədqiqatda “Səməd Vurğunla söhbət”, “Qayalara yazılan səs” və başqa əsərlərin təhlili əsasında Səməd Vurğun və Məmməd Araz münasibətləri ədəbi-nəzəri metodologiya baxımından dəqiq və aydın ifadə edilir. Altmışıncıların Səməd Vurğuna sevgisini onların təkcə ithafları deyil, eyni zamanda, bütün yaradıcılıq yolu nümayiş etdirməkdədir. Əli Kərim də, Xəlil Rza Ulutürk də, Məmməd Araz və b. altmışıncılar da Səməd Vurğunu bir ustad kimi ürəkdən sevir və ona pərəstiş edirdilər. Lakin altmışıncıların sevgisi ayıq sevgi idi. Onlar sadəcə məftunluq və pərəstişlə kifayətlənmirdilər. Bu atəşin ədəbi nəsil sələfləri ürəkdən sevir və dəyərləndirir, amma daha çox və hamıdan çox Azərbaycanı sevirdilər. Altmışıncılar, o cümlədən Məmməd Araz “...xalq şairi Səməd Vurğunun adı ilə bağlı sənət ocağının od qoruyanı, keşikçisi” olmaqla bərabər həm də yeni şəraitdə yeni poetik ənənlərin əsasını qoyurdular. Müəllif haqlı olaraq “60-cı illərin ikinci yarısından etibarən Məmməd Araz özü də Səməd Vurğundan sonra şerimizin xəritəsinin təzələnməsindən, “şerimizə təzə yollar” gəldiyindən bəhs etmişdir” - deyə vurğulayır. İki böyük poetik dövr arasındakı, iki özünəməxsus ədəbi nəslin estetik dünyagörüşündəki ciddi fərqlər də ilk dəfə olaraq tədqiqatda geniş və hərtərəfli əsaslandırılmışdır: “Bu təkamül prosesi Məmməd Arazın yaradıcılığında da qabarıq şəkildə nəzərə çarpmaqdadır. Yəni 30-50-ci illərin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyl kimi qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır”. Bu mühüm elmi həqiqəti bəzən tanınmış alimlərimiz də nədənsə etiraf etməyə çətinlik çəkirlər. İki poetik dövr arasındakı bu mühüm fərqləri görməmək və ya özünü bilməzliyə qoymaq isə əsl reallığı inkara və ya təhrif etməyə gətirib çıxarır. Məhz bu nöqteyi-nəzərdən ustad ədəbiyyatşünas alimin qeyd etdiyimiz məsələyə münasibəti elmi təfəkkürümüzü təzələyir və zənginləşdirir: “Əgər Səməd Vurğun yaşadığı dövrün sərt qanunları çərçivəsində daha çox zəfər yürüşlərini, nikbin əhval-ruhiyyəli quruculuq rəşadətlərini yazmağa məcbur idisə, Məmməd Araz və onun təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə insan mənəviyyatının dərinliklərini, ana Vətənin dərd-sərini, incə duyğuları, məhəbbəti və kədəri, ağrı-acıları qələmə almağa imkan tapmışıdır. Bu mənada şairin “Ürəyimsiz kəlmə yazan deyiləm” misrası tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidi dolğun ifadə edir”. Alimin poetik dövrləri səciyyələndirərkən işlətdiyi elmi ifadələr də diqqətəlayiqdir; həqiqətən “tərənnüm poeziyası” və “düşüncə lirikası” elmi təyinləri təkcə haqqında söhbət gedən ədəbi nəsillərin yaradıcılıq yolunu ümumiləşdirmir, eyni zamanda, terminoloji siqlətə və əhəmiyyətə malik ədəbiyyatşünaslıq anlayışlarıdır.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Təbiəti dilə gətirən şair” məqaləsi özünün elmi vüsəti ilə diqqəti cəlb edir. Məmməd Araz yaradıcılığında poetik obrazlılığın özəlliyindən və özünəməxsusluğundan bəhs edən müəllif qeyd edir ki, Məmməd Arazın poeziyası obrazlı fikir və ifadələrlə zəngindir. Bu obrazlılıq şairin yüksək poetik və xəlqi sənətinin uğurlarından, üstünlüklərindən biridir. Alimin fikrincə, obrazlılıq, xüsusilə, poetik obrazlılıq bədiiliyin bir növü, lakin əlavə keyfiyyətlər qazanmış bir formasıdır. Poetik obrazlılıq sadəcə bədiilik deyil, o, dilin fəlsəfəsidir. Obrazlılıqda bədiilikdən əlavə görümlülük və əyanilik, sərrast və güclü müqayisə, qüvvətli məcazi məna olur. Məmməd Araz poeziyasında reallaşan obrazlılığı müəllif haqlı olaraq estetik gözəlliyin bədii üslubda ən yüksək həddi, qeyri-adi və son dərəcə yüksək poetik keyfiyyət kimi qiymətləndirir. Poetik obrazlılıq həm də bədii icad və kəşfdir. Ədəbiyyatda sənətkarın özünəməxsusluğu və başqalarından fərqlənə bilməsi yalnız bu yolla mümkündür. Məmməd Araz lirikasının bənzərsizliyi və təbiətin özü qədər cazibədarlığı məhz poetik obrazlılıq nəticəsində mümkün olmuşdur. Məqalədə şairin irsindən gətirilən gözəl nümunələr və beytlər, obrazlı ifadələr və deyimlər müəllifin mülahizələrini təsdiq edir. Görkəmli alim böyük sənətkarın təbiətlə birliyini və həmahəngliyini dərindən araşdıran məqaləsində haqlı olaraq aşağıdakıları vurğulayır: “Təbiətin dilində təbiət və cəmiyyət hadisələrindən böyük sənətkalıqla yazan, poeziyamızı, dilimizi zənginləşdirən, adi sözə böyük poetik məna və can verən ustad şair Məmməd Araz ədəbiyyatımızın, söz sənətimizin ilham qaynağıdır. Vətən daşı, milli şerin özəyi, meyarı olan Məmməd Araz şeri, Məmməd Araz sözü canlılığı, əbədi yaşarılığı ilə gələcək nəsillərə əvəzsiz bir yadigardır”.

Filologiya elmləri doktoru, Naxçıvan Dövlət Universitetinin professoru Hüseyn Həşimlinin “Məmməd Araz lirikasında poetik novatorluq” adlanan məqaləsi elmi səviyyəsinə, fikir və ideyaların zənginliyinə görə razılıq doğurur. Məmməd Araz poetikasını zövq-şövqlə və həssaslıqla təhlil edən müəllifin bir sıra elmi mülahizə və müşahidələri Məmməd Arazşünaslıqda yenilik kimi qiymətləndirilə bilər. Məmməd Araz yaradıcılığının XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatının mövzu və ideya-estetik cəhətdən zənginləşməsində ciddi rol oynadığını vurğulayan müəllif şairin bədii sənətkarlıq baxımından da söz mədəniyyətimizin inkişafına mühüm təsir göstərdiyini qeyd edir. Bu məqalənin xüsusi əhəmiyyəti ondadır ki, ədəbi tənqiddə və ümumən ədəbiyyatşünaslığımızda çox az toxunulan problemlərə müəllif cəsarətlə müraciət edir. Şairin özü də bir vaxtlar onun yaradıcılığının təzə və orijinal cəhətlərinə yetərincə dəyər verə bilməyən oxucularına, bəzi təhlilçi və tənqidçilərə xitabən söyləmişdi: “Desə də şerinin avazı köhnə od kimi, su kimi köhnəyəm, bala”. “Məmməd Araz lirikasında poetik novatorluq” məqaləsi Məmməd Araz şerindəki yeni estetik məzmun və formaları görə bilməyənlərə çox tutarlı və yaxşı bir cavabdır. Çünki Məmməd Araz şeriyyəti həqiqətən də forma və janr baxımından bir sıra rəngarəng keyfiyyətlərə malikdir. O, müəllifin vurğuladığı kimi, mənşəcə xalq aşıq şeri ilə bağlı olan bir sıra poetik formalara ardıcıl müraciət edib heca vəznində qiymətli bədii əsərlər yaratmış, sərbəst şeir sahəsində də parlaq istedadını uğurla nümayiş etdirmişdir. Sabit janr ölçülərində yazılmış nümunələrlə yanaşı, şairin bir çox şeirləri bəndlərdə misraların qafiyələnməsi, həmçinin misralarda fərqli heca ölçülərindən istifadə və s. baxımından ənənəvi modellərdən xeyli fərqlənməklə istedadlı qələm sahibinin novatorluq axtarışlarının bariz ifadəsidir.

Məmməd Arazın şeir mədəniyyətimizə gətirdiyi yenilikləri uğurla araşdıran H.Həşimli təkcə şairin oxucuları üçün deyil, bəlkə də elə professional ədəbiyyatşünaslar üçün də maraqlı və gərəkli olan mühüm faktları ortaya qoyur. Gənc şairin hələ yaradıcılığının erkən çağlarında ədəbiyyatımıza yeni bir poetik forma gətirdiyini söyləyən müəllif yazır ki, şair hələ 1957-ci ildə qələmə aldığı “Şerə gətir” adlı mənzum əsəri ilə də ədəbiyyatımıza yeni bir poetik forma gətirmişdir. Hər bəndi on misradan qurulan həmin şerin qafiyələnmə modeli tamamilə yenidir. Alimin fikrincə, bu şeirlə istedadlı sənətkar poeziyamızı on misralı bəndin yeni növü ilə zənginləşdirmişdir. İstedadlı alimin Məmməd Araz lirikasında “poetik kontaminasiya” hadisəsinin reallaşması ilə bağlı mülahizələri də diqqətəlayiqdir. Novator şairin bir sıra janrların qarışığı və sintezi nəticəsində yaratdığı yeni bədii şəkil və formalar bu cəhətdən çox maraqlıdır. Müəllifin vurğuladığına görə, Məmməd Arazın bir sıra şeirləri müxtəlif janrların, yaxud poetik formaların üzvi qovuşuğundan yaranmaqla kontanimasiyaya səciyyəvi örnəkdir. Eyni zamanda, novator sənətkarın bəzi şeirləri qoşma və gəraylı janrlarının sintezi əsasında formalaşmışdır. Şairin “Qayıt dedim” şeri qafiyə düzümünə görə qoşma, yaxud gəraylı ilə eynidir. Yenilik, daha dəqiqi, janr kontaminasiyası ondadır ki, ilk bəndin ikinci, eləcə də bütün bəndlərin son misraları gəraylıda olduğu kimi, səkkiz hecalı, digər misraların hamısı isə qoşmaya xas on bir hecalıdır. Bununla da, şair qoşma və gəraylının sintezi əsasında yeni bir poetik forma yaratmağa nail olmuşdur. Məqalədə Məmməd Araz poeziyasında Avropa mənşəli janrların yeri və mövqeyi barəsində də dəyərli fikirlər ifadə olunub. Xüsusən, müəllifin ballada janrının inkişafı tarixində ustad Məmməd Arazın xidmətləri barəsində söylədikləri yaddaqalandır. Azərbaycan poeziyasında klassik sənətkarlarımızdan Abdulla Şaiqin “Ana və oğul” (1914) əsəri ilə başlanan ballada janrının tarixində ən parlaq dövrlərdən biri məhz Məmməd Arazın adı ilə bağlıdır. Böyük şairin “Bir axşam balladası” (1968), “Əsgər qəbri haqqında ballada” (1966-1968), “Babək qılıncı” (1970) balladalarını uğurla təhlil edən müəllif bu janrın şair yaradıcılığındakı yerini dəqiq təyin edir. Eyni zamanda, ballada janrının Azərbaycan poeziyasında mövqeyinin formalaşmasında Məmməd Arazın xidmətlərini elmi cəhətdən əsaslandırır.

“Məmməd Araz poeziyasının dil-üslub xüsusiyyətləri” məqaləsində filologiya elmləri doktoru, professor Sədaqət Həsənovanın maraqlı elmi düşüncələri yer almışdır. Təbii ki, hər bir sənətkarın varlığını və özünəməxsusluğunu nümayiş etdirən onun bədii dilidir. Müəllif Məmməd Araz yaradıcılığına bu nöqtədən yanaşaraq şair dilinin özəlliyini və özgürlüyünü nəzərimizə çatdırır; Məmməd Arazın dili dedikdə, xalq dilinin yatımlı ifadələrindən mayalanan, müdrik xalq təfəkkürünün məhsulu olan fikirlərdən qaynaqlanan, sadə, həm insanları sevən, həm də mənəviyyatca yüksək bir vətəndaşın iç dünyasından xəbər verən, ürək bulağından su içən tər-təmiz, düzgün, təsirli, köhnəlməyən, zəngin bir bədii dil başa düşülür. Azərbaycan ədəbi dilinin inkişafı və zənginləşməsi tarixində Məmməd Arazın zəhmətlərini yüksək dəyərləndirən alim, onun doğma dilimizə gətirdiyi yeni ifadə və deyimləri də ayrıca vurğulayır: Onun dilindəki “uysan hər havaya, oynamaq çətin”, “gərəksiz nəsihət kitabı”, “vaxt köhlən atdır, vaxtında yalına yatanlar udur”, “külək səslərinə qulaq bağlamaq”, “ölü sağlıq”, “diri mərhumluq”, “külək vədlərinə uymaq”, “dərdi özündən ağır”, “Məcnun gümanı”, “ürəyi güzgü” və s. onlarla gözəl, məna tutumu ilə seçilən, atalar sözləri qədər dəyərli misra və ifadələri ədəbi dilimizə verdiyi töhfələr kimi dəyərləndirir. Xalq şairi Məmməd Arazın poeziya dilinin sehrini və sirlərini açmaq istəyən müəllifin aşağıdakı ümumiləşmləri də diqqətəlayiqdir; şair ümumxalq dilindən gələn söz və ifadələri cilalayaraq ədəbi dil səviyyəsinə qaldırmış, bununla da ümumxalq dili ilə ədəbi dilimiz arasındakı yaxınlığı bir qədər də çoxaldaraq onlar arasındakı uçurumun dayazlaşmasına səbəb olmuşdur ki, bu, poetik dilin əsas keyfiyyətlərindən biri kimi dəyərləndirilməyə layiqdir. Və biz də Məmməd Araz sözünün və dilinin məftunu olan müəllifə qoşularaq demək istəyirik; nə qədər ki, Araz çayı axır, Məmməd Araz unudulmayacaq, nə qədər ki, Azərbaycan xalqı var və nə qədər ki, Azərbaycan dili var, Məmməd Araz yaşayacaq!..

“Məmməd Araz: Taleyi və sənəti” kitabındakı məqalələr özünün mövzu dairəsinə və qaldırılan problemlərə görə də rəngbərəngdir. Bir çox məqalələr isə öz tematikasına və əhatə etdiyi məsələlərə görə təzədir; “Xalq şairi Məmməd Arazın şeirləri fransız dilində” (filologiya üzrə fəlsəfə doktoru Əli Allahverdiyev, filologiya üzrə fəlsəfə doktoru Abbas Hacıyev), “Məmməd Araz qafiyəsinin semantik tutumu” (filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov), “Məmməd Araz yaradıcılığında dil məsələləri” (filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyeva), “Məmməd Araz yaradıcılığı ədəbi tənqiddə” (filologiya üzrə fəlsəfə doktoru Nigar Sadıqzadə), “Məmməd Araz yaradıcılığında Qərbin təsviri” (filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova), “İnsan və təbiət vurğunu Məmməd Araz” (pedoqogika üzrə fəlsəfə doktoru Kamal Camalov) və başqa məqalələrdə Məmməd Arazşünaslıq üçün bəzən tamamilə yeni olan ciddi elmi problemlərə müraciət edilmişdir.

“Məmməd Araz yaradıcılığında milli düşüncə və vətəndaşlıq ideallarının təcəssümü” məqaləsində filologiya üzrə fəlsəfə doktorları Ramiz Qasımov və Zülfiyyə İsmayıl şairin poeziyasındakı ictimai-fəlsəfi problemləri uğurla aça bilmişlər. Xüsusən, ədəbiyyatımızda azərbaycançılıq idealının köklərini araşdırarkən müəlliflər doğru nəticəyə gəlirlər. Onların aşağıdakı fikrini də təqdir və təsdiq etməliyik; yəni ədəbiyyat tariximizdə Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmi ilə mübarizə aparan əbədiyaşar sənətkarlardan biri ustad Cəlil Məmmədquluzadədirsə, digəri “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi” deyərək öz qələmini milli ideallar, dövlətçilik və ərazi bütövlüyü uğrunda mücadilədə silaha çevirən görkəmli söz ustadı Məmməd Arazdır... Müəlliflərin aşağıdakı mülahizəsi də elmi cəhətdən əsaslandırılıb; Məmməd Araz yaradıcılığında tərənnüm olunan Azərbaycan sənətkarın idealına uyğun olaraq mövcud olduğu sərhədlərdən daha böyük, bütöv, tam şəkildə əks olunur. Ümumən, “Qədim tarix dərəsinə atılan daş” (filologiya üzrə fəlsəfə doktoru Firidun Rzayev), “Vətən tarixinin Məmməd Araz harayı” (tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli), “Xalq şairi Məmməd Arazın vətəndaşlıq lirikası” (filologiya üzrə fəlsəfə doktoru Hikmət Mehdiyev) və bir sıra başqa məqalələrdə böyük sənətkarın Vətən konsepsiyasının təkamülü və azərbaycançılıq məfkurəsinin Məmməd Araz poeziyasında bariz surətdə nəzərə çarpan münbit zəmini elmi-estetik cəhətdən yaxşı araşdırılmış, uğurlu nəticələr əldə edilmişdir. Məsələn, filologiya üzrə fəlsəfə doktoru, dos. Hikmət Mehdiyevin aşağıdakı elmi-nəzəri müqayisələri diqqətimizi çəkdi: “Poeziyamızda Azərbaycan haqqında yazılan, bədii-emosional gücü ilə yaddaşlardan silinməyən şeirlər çoxdur. Abbas Səhhətin “Vətən”, Əhməd Cavadın “Azərbaycan”, Almas İldırımın “Əsir Azərbaycanım”, Səməd Vurğunun “Azərbaycan” şeirləri bu mövzuda yazılan klassik nümunələrdir. Lakin XX əsr Azərbaycan poeziyasında Vətən mövzusunu yeni, möhtəşəm bir zirvəyə məhz Məmməd Araz yüksəltdi”. Həmin müəllifin aşağıdakı mülahizələri də elmi cəhətdən aydınlığı və sərrastlığı ilə yadda qalır; xalq şairinin vətənpərvərlik ruhu ilə yoğrulmuş şeirləri həmişə yurddaşlarımızın milli mənlik duyğusunun dərinləşməsinə və özünüdərkinin güclənməsinə təsir göstərmişdir. 60-70-ci illərdə daha çox Araz nisgilini qələmə alan şair yaradıcılığında artıq 80-ci illərdə istiqlal uğrunda mücadilə pafosu qabarıq surətdə nəzərə çarpmağa başlayır. Tarix üzrə fəlsəfə doktoru, dos. İbrahim Kazımbəylinin “Vətən tarixinin Məmməd Araz harayı” məqaləsində də elmi-estetik təhlilin tutumu və dərinliyi bədii pafosla həmahəngdir: “Məmməd Araz XX əsrin 60-cı illərində Azərbaycan poeziyasının fərqli parlayan ulduzu olmuşdur. Maraqlıdır ki, bir çox ulduzlar müəyyən tarixi zaman keçdikdən sonra sönsə də, böyük ustadın işığı həmişəlik yanacaqdır. Məmməd Araz yaşadığı cəmiyyətdə, formalaşdığı ədəbi mühitdə həmişə söz sahibi kimi parlamış və öz müdrik kəlamlarını doğma xalqından əsirgəməmişdir”.

“Məmməd Araz poeziyasında dünya obrazı” məqaləsinin müəllifi filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu öz elmi düşüncələrini şair yaradıcılığında mühüm yer tutan dünya motivi ətrafında cəmləşdirmişdir. Bu sanballı məqalədə dünya obrazının dinamikası şairin bu mövzudakı ən məşhur şeirlərinin təhlili vasitəsilə reallaşdırılır: “Dünya sənin, dünya mənim...” (1976), “Dünya gözəl dünyadı” (1978), “Qoruyun dünyanı” (1980), “Mənim də yaşım az deyil” (1980), “Belə dünyanın” (1989), “Dünya düzəlmir” (1990), “Ya rəbbim, bu dünya sən quran deyil” (1991). Və müəllifin öz qarşısına qoyduğu möhtəşəm məqsəd də diqqətəşayandır: “Məqsədimiz bu şeirlər arasında olan münasibətləri aydınlaşdırmaq, şairin taleyində baş verən hər hansı bir dəyişikliklər ilə mövzuda uyarlıqların vəhdətini incələmək, dünya ilə bağlı xalq təfəkküründə formalaşmış duyğuların şair qələmi ilə inikasını səciyyələndirməkdir”. Ümumən, poeziyada estetik fikrin, düşüncə və yaşantıların hərəkətini, onların dəyişmələrini və təkamülünü izləmək son dərəcə vacib və maraqlı bir yaradıcılıq prosesidir. Şairin müəyyən bir qənaətə və ya xülasəyə hansı yollardan və aşırımlardan keçib gəldiyini, bu mürəkkəb mənəvi-bədii cərəyanların necə baş verdiyini təsəvvür edə bilmək və bu təsəvvürləri elmi cəhətdən əsaslandırmaq əsl alim işidir. Hər bir sənətkarın yaradıcılığının mahiyyətini, eyni zamanda, onun məhz poetik özünəməxsusluğunu təyin etmək üçün də ədəbi təkamül prosesinin araşdırılması son dərəcə gərəklidir. Məsələn, dünyaya sevgi izhar edən şairin, yəni bir vaxtlar: “Baxışında üfüqlərin baxarı, Gülüşündə qayaların axarı. Əllərində işığının açarı, Kimə gülzar, kimə gözəl dünyadı, Dünya gözəl, dünya gözəl dünyadı” - deyə sevincdən heyrətlənən bir qəlbin son dərəcə realist və bir qədər pessimist qərara gəlməsi yalnız könül evində dəfələrlə təkrarlanan tragik yaşantılardan və sarsıntılardan sonra doğula bilərdi: “Gülünclərə gülünc gələn bu ada güldüm, Yüyəninə hər əl yetən bu ata güldüm. Mən özümlə oynadığım şahmata güldüm. Dünya sənin, Dünya mənim, Dünya heç kimin...” Dünya anlayışı mürəkkəb və fəlsəfi məzmuna malik olduğuna görə böyük sənətkarın bu mövzudakı şeirləri özünəməxsus fəlsəfi dərinliyi və genişliyi ilə düşündürücü təsir bağışlayır. Məhz buna görə də bu şeirlərin təhlilində estetik təhlillə yanaşı, ictimai-fəlsəfi yanaşmalar da mühüm yer tutmuşdur. Alimin dünya obrazının tarixi və mənşəyi ilə bağlı fikirləri də, şairin dünya haqqındakı düşüncələrinin özəlliyini vurğulayan mülahizələri də fəlsəfi səciyyəyə malikdir. Məqalənin mövzusu və əsas hədəfi müəllifi təkcə filoloq alim kimi deyil, həm də şairin mənəviyyatını və dünyagörüşünü yaxşı dərk edən bir filosof kimi nəticə çıxarmağa sövq etmişdir: “Beləliklə, Məmməd Araz yaradıcılığında abstrakt Dünya obrazı cilalana-cilalana “Ya Rəbbim, bu dünya sən quran deyil” şerində dolğunlaşdı və tamamlandı. Klassik ədəbi irsimizdən gələn, ənənəvi düşüncəmizdə olan imana çağırış əsərin mərkəzindən qırmızı xətt kimi keçdi. Şair böyük Yaradana müraciət edərək dünyanın pərgarının pozulduğundan, haqsızlığın baş alıb getməsindən şikayətləndi, insanları vicdanlı, ədalətli və imanlı olmağa səslədi”.

“Məmməd Araz: Taleyi və sənəti” kitabında yer alan xatirə-məqalələr də özünüməxsus cazibəsi ilə maraq oyadır. Xüsusən, “Vətəndaş şair Məmməd Arazı xatırlarkən” (Qafar Qərib), “Xalq şairi Məmməd Araz haqqında xatirələrim” (tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov), “Məmməd Arazı düşünərkən” (iqtisad üzrə fəlsəfə doktoru Akif Mədətov) və b. xatirələr Məmməd Araz poeziyasının Vətən ruhunu və vətəndaşlıq qayəsini anlamağa kömək edir. Bu yazılarda şairə ünvanlanan hərarətli istək və sevgi yaşantılarının elmi dəyəri də son dərəcə yüksəkdir. Bəzi tərif və ümumiləşmələr isə təbii şəkildə yaddaşa köçür. Məsələn, Akif Mədətovun bu mülahizəsini xüsusi qeyd etməyə dəyər: “Məmməd Araz şeri Füzuli dayaqlı, Vaqif qanadlı, Mirzə Cəlil, Sabir qeyrətli, Hüseyn Cavid iradəli, Səməd Vurğun, Rəsul Rza vüsətli, Əli Kərim həsrətlidir”. Məmməd Araz şerini ürəkdən sevən və yüksək dəyərləndirən alimin səmimi poetik yaşantıları və həyati-elmi müqayisələri də, bizcə, özünəməxsus elmi yükə malikdir: “Məmməd Araz şeri söz qəsrinin dolanbac pillələrini addım-addım çıxıbdır. Şair ayağını üzəngiyə qoyub, söz cıdırında atını elə çapıb ki, o, özünəməxsus iz açıb, ayrıca yol salıb. Bu yol Araz qırağından keçir, doğma Vətəni gəzir, kənd-kənd, şəhər-şəhər, ev-ev, oba-oba. Söz bir gün sərhədə dirəndi. O tayında Vətən olan sərhədə. Şair Arazı gördü. Dünyanın ən uzun ayrılıq çayını - Arazı. O gündən Arazın adını adına qoşdu. O gündən Məmməd - Məmməd Araz oldu”.

Məmməd Arazşünaslıq ədəbiyyatşünaslığımızın intensiv inkişafa və zənginləşməyə meylli sahələrindən biridir. Bu cəhətdən onu ötən yüzildə formalaşıb, nüfuz qazanmış Mirzə Cəlilşünaslıq, Sabirşünaslıq, Cavidşünaslıq, Cabbarlışünaslıq və Vurğunşünaslıq kimi milli elm sahələri ilə müqayisə etmək olar. Məmməd Arazın bədii yaradıcılığı Azərbaycançılıq idealının və məfkurəsinin özülündə dayanan təkrarsız ədəbi-mənəvi mənbələrdən biridir. Demək, təbii ki, Məmməd Arazşünaslıq da milli məfkurəvi keyfiyyətə və dövlətçilik dəyərinə malik elm sahələrindən biri sayılır. Böyük şairin 80 illik yubileyi münasibətilə təkcə respublikamızda nəşr edilən onlarla tədqiqatlar, yüzlərlə məqalələr Məmməd Arazşünaslığın yalnız bu gününü deyil, eyni zamanda, sabahını, gələcək hədəf və üfüqlərini də təsəvvürümüzdə canlandırmaqdadır. “Məmməd Araz: Taleyi və sənəti” kitabı məhz bu inamı və qənaəti xüsusilə qüvvətləndirir.

 

Yaşar QASIMBƏYLİ

filologiya elmləri üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2014.- 20 mart.- S.4; 7.