Novruz bayramının tarixi
kökləri
Xatırladaq ki, cəmiyyətin inkişaf
qanunlarına nisbətən təbiətin
qanunauyğunluqları gec dəyişir, əsrlər,
minilliklər boyu öz
sabitliyini saxlayır. Təbiətin qoynunda yaşayan ibtidai insanlar ondan çox asılı olmuş, coğrafi şəraitə
uyar məskunlaşmış, güzəran
keçirmiş, yaşamaq
üçün mübarizə
aparmışdır. Onlar münbit
torpaq və münasib
iqlim şəraitində öz
təsərrüfat sahələrini yaratmışlar.
Artıq elmi əsaslarla sübut
olunmuşdur ki, Azərbaycan
ərazisi əkinçilik və maldarlaq
təsərrüfat sahələrinin ilk
ocaqlarından, mühüm mərkəzlərindən
biridir. Bu ərazidə
hələ 8-9 min il bundan əvvəl əkinçilik mədəniyyəti
yaranmış və öz
inkişafına başlamışdır.
Əsas etibarilə
dağətəyi zonada, çay
vadilərində məskən salıb, güzəran
keçirən yerli əhali öz iqtisadi həyatlarını
təmin etmək üçün daha çox, həm də
əkinçiliyin inkişafına meyil
göstərmişlər. Onlar bu sərfəli sahəni inkişaf
etdirərək əkinçilik mədəniyyəti
yaratmışlar.
5-6 min
il bundan əvvəl
Azərbaycanda ilk dəfə olaraq toxa əkinçiliyi
cüt əkinçiliyilə əvəz
olunmuş, süni suvarma nisbətən genişləndirilmişdir.
Onlar xoş güzəran
uğrunda mübarizə aparmış, qurub-yaratmaq əzmilə məşəqqətlərə
sinə gərmiş, əqlin, düşüncənin
gücünə arxalanaraq, alın tərləri,
qabarlı əllərilə tərəqqiyə, təkamülə
can atmışlar. Həmin
dövrdən də Şərq ölkələrilə
qarşılıqlı iqtisadi və mədəni
əlaqədar tədricən genişləndirilmişdir. Çox güman Qədim
Şərq ölkələrilə belə təmas, əlverişli
şərait Novruz bayramının ilkin izlərinin yaranmasına, tədricən təşəkkül
tapmasına əsaslı zəmin yaratmışdır.
Novruz bayramının dərin tarixi
köklərini, ulu qatlarını kiçik ərazilə məhdudlaşdırmaq
olmaz. Onu daha əhatəli miqyasda
arayıb-axtarmaq, geniş nəzərlə
baxmaq lazımdır. Bununla əlaqədar dərin
məna və məzmun kəsb edən şənliyi hər
hansı bir xalqın adı ilə bağlamaq, kiməsə şamil
etmək də ən azı ədalətsizlik olardı. Bizə
belə gəlir ki, Novruz
bayramını Qədim Şərq ölkələrində yaşayan, oturaq güzəran
keçirən və yüksək əkinçilik
mədəniyyətinə malik olan xalqların ixtirası, kəşfi,
onların bəşərə bəxş etdikləri zəngin
mənəvi dünya kimi
qiymətləndirmək lazımdır. Şübhəsiz, həmin
qədim xalqların, o cümlədən
Azərbaycan xalqının bu bayramın
təşəkkül tapmasında, inkişaf
etməsində öz töhfəsi, öz payı və öz
yeri vardır. Bu
bayramın ümumi və oxşar
cəhətlərilə yanaşı, hər bir
xalqın özünəməxsus lokal
variantı, səciyyəvi xüsusiyyətləri də aşkar duyulur ki, bu da
tamamilə qanunauyğun bir
haldır.
Bu geniş ərazidə
yayılan xalq bayramının təşəkkül
tarixini dəqiq müəyyənləşdirmək
çətin və bəlkə də qeyri-mümkündür.
Lakin ehtimal etmək olar ki, onun
yaranma tarixi ibtidai icma quruluşunun
inkişaf etmiş mərhələsilə
bağlıdır. Bəzi yazılarda bu
bayramın Babilistanda eradan
əvvəl III minillikdə keçirildiyi
xəbər verilir. Təxminən həmin
dövrdən Azərbaycanda da mövcud olduğu
ehtimalı ortaya çıxır. Bu ehtimal hər şeydən
əlavə ərazimizdə yüksək əkinçilik mədəniyyətinin
olması ilə bağlıdır. Zərdüşt salnaməsilə
səsləşən bu bayramın tarixi 4 min il,
bundan əvvələ təxmin edilir. Deməli, Novruz
bayramının ilkin izləri çox qədim çağlarla
bağlıdır.
Bəzi yunan və Roma müəlliflərinin
mülahizələrinə görə Zərdüşt eradan əvvəl altıncı minillikdə
yaşamışdır. Bu müdrik ağsaqqal
uzaqgörən insan, sonralar
yarımtanrı səviyyəsinə yüksələn, əfsanələşən
real şəxsiyyət olmuşdur.
Bəzi müasir tədqiqatçılar onun üç min beş yüz
il bundan əvvəl dövran sürdüyünü
söyləyirlər. Hər halda onun dövründə belə bir
məzmunlu və həyati bayramın olması şübhəyə
səbəb olmamalıdır. Məlumdur ki,
Zərdüşt əkinçilik mədəniyyətinin
yüksəldilməsinə, insanların güzəranının
yaxşılaşmasına çalışmışdır.
Bu amillərin, Novruz
bayramının keçirilməsinə əsaslı təsir
göstərməsi şəksizdir. Novruz
bayramı zərdüştiliyin geniş
yayıldığı Azərbaycan, İran,
Orta Asiya,
Əfqanıstan, Pakistan və bir sıra başqa ölkələrdə
çox-çox qədimlərdən keçirilmişdir.
Dahi Nizami «İsgəndərnamə»sində
zərdüştilərin Novruz
bayramını necə keçirmələrini zərgər dəqiqliyilə,
qəlbə nüfuzedici bir
tərzdə təsvir və tərənnüm edir. Kiçik bir parçadakı sehrli misralarda bayramın məzmunu gözlərin
önündə bütün gözəlliyi
və əzəmətilə canlanır:
Ər üzü
görməmiş gəlinlər-qızlar
Evindən sevinclə
dişarı çıxar.
Əllər al hənalı, üzlər bəzəkli
Hər yandan gəlirdi coşqun
ürəkli.
Hər bir qıvrımsaçlı, gəlişi
gözəl
Ayaq yerə döyər, şappıldadar əl.
Əlində sərv kimi güldən bir dəstə
Sərv də bənzərdi
çiçəkpərəstə.
Hər il qızlar bu gün axıb hər yandan
Verərlər bu geniş işrətə
meydan.
Bu ölməz misralardan
tamamilə aydın olur ki,
zərdüştilikdən üzü bəri
gələn dövrdə geniş intişar tapan Novruz bayramı öz
mahiyyətini, ifa tərzini, demək olar ki, olduğu
kimi saxlamışdır. Bu
da heç
şübhəsiz, bayramın ulu
keçmişlərdən yarandığını, əsrlər
boyu yaşarılığını
saxladığını söyləməyə imkan verir.
Bahar - Şimal yarımkürəsində
astronomik yazın başlanğıcı
- gecə ilə gündüzün bərabərliyi
qovuşağında geniş icra edilən ən qədim xalq
bayramıdır. Bu xalq
şənliyi məzmunu, həyatiliyi, əhatəliliyi, qayəsi
ilə başqa bayramlardan
üstünlük təşkil edir. Əgər belə demək mümkünsə,
Novruz bayramı xalqımızın tarixi bayramlarından həyatiliyilə və ifa tərzinə görə fərqlənir. Bu bayram həm də xalq bayramlarımızın bəzilərinin özülü - bünövrəsi,
başının tacı - zirvəsidir. Bayramlar
bayramı, şənliklər şənliyidir. Novruz bayramı xalqımızın çoxəsrlik
tarixinin uğurlu yolçusu, onunla birgə
inkişaf edən, qoşa
qarıyan ayrılmazlığıdır. Xalqın həyat
mübarizəsinin, yaşarılığının təsdiqi
və təntənəsidir. Həyatilik, mənəvi zənginlik,
əxlaqi kamillik, saflıq, bakirəlik
dünyasıdır.
Bizim eramızdan əvvəl IX əsrdə
xalqımızın tarixi və taleyilə
bağlı olan Manna
dövləti zəngin əkinçilik sahələrinə,
yüksək mənəvi mədəniyyətə malik qüdrətli Şərq dövlətlərindən
olmuşdur. Bu dövlətin
əhalisi başqa qonşu
dövlətlərlə birlikdə yaz
bayramını təntənə ilə qeyd
etmələrini ehtimal etmək olar. Bəlkə də bu
dövrdən də çox-çox qabaqlar səsləşən Novruz
bayramının Cəmşidin adı ilə bağlanması
ilə əlaqədar bəzi mülahizələri
xatırlatmaq maraqlı olardı.
Orta əsr müəlliflərindən Ə.Biruni «Asap əl-Baqiyyə»
əsərində deyilənlərə əsaslanaraq belə bir fikir irəli sürür ki, Cəmşid
bir sıra yerləri gəzdi-dolandı. Sonra Azərbaycana gəldi, taxt-tacı qəbul
elədi. Əhali onu çiynində
apardı. Günəşin şəfəqləri taxtın
üzərinə düşdü. İnsanlar nurlu işığı gördü
və həmin günü bayram
elədi. Orta əsr Azərbaycan
xalqının mənəvi mədəniyyətini etnoqrafik baxımdan tədqiq edən M. Dadaşzadə bəzi mötəbər
mənbələrə əsaslanaraq yaz
bayramı ilə bağlı daha vacib bir məlumat verir. Onun məlumatından
aydın olur ki, Cəmşid
dünyanın seyrinə çıxmışdı. Elə ki, gəlib çatdı Azərbaycana taxta əyləşdi. Əhali
şadlandı, sevindi və həmin
günə yeni ildir dedi. Heç şübhəsiz,
bu mülahizə bayramın tarixi deyil, eyni
zamanda onun Azərbaycanla
daha sıx bağlı olmasını
söyləməyə imkan verir.
Belə bir fikir var
ki, Novruz bayramı
haqqında yazılı məlumat hələ eradan
əvvəl VI əsrin əvvəllərinə aiddir. Zaman keçdikcə iqtisadi həyatda,
sosial quruluşlarda, dini baxışlarda dəyişikliklər baş versə də, mənəvi mədəniyyətdə
yüksəliş özünü
göstərsə də, Novruz
bayramının məzmunu dəyişməmiş
qalmış, öz mahiyyət və təravətini
demək olar ki, olduğu kimi
saxlamışdır. Bu da
heç şübhəsiz, mərasimin təbiətindən
doğur, həyatiliyindən irəli gəlir.
İlk sinifli cəmiyyətin
dağıldığı və feodalizm ictimai quruluşunun
yarandığı bir dövrdə Azərbaycanda
Atreopatena və Albaniya
kimi qüdrətli dövlətlər olmuş, öz maddi və mənəvi zənginliyilə seçilmişdir. Eramızın III əsrindən
təşəkkül tapan Sasani dövləti VII əsrə qədər
davam etmişdir. Həmin
dövlətin yarandığı və çiçəkləndiyi
bir dövrdən Novruz
bayramı ümumxalq bayramı olmaqla yanaşı, həm də rəsmi
dövlət bayramı kimi yüksək səviyyədə
qeyd edilmişdir. Qədim
çağlardan Atreopatena
və Albaniya həmin bayramı qeyd etmişlər. Lakin bir neçə əsr Sasani
dövlətinin tərkibində olan Azərbaycan
dövlətlərində də bu el şənliyinin geniş
vüsət alması şübhəsizdir.
Sasani dövlətini rəsmi tanıyan, onunla iqtisadi, sosial və mədəni təmasda olan bir sıra Avropa ölkələri Novruz
təntənəsilə əlaqədar hökmdarları yad edir, onlara
qiymətli bayram hədiyyələri
göndərirmişlər. VI-VII əsrlərdə yaşayan Sasani
hökmdarı Xosrov Pərvizin zəmanəsində
Novruz təntənəsinin daha böyük vüsət
aldığı qeyd edilir.
Yeri gəlmişkən, bir
maraqlı və vacib cəhəti də
xatırlatmaq istərdik. Hələ orta əsrlərin
qığzın çağlarında Azərbaycanla birlikdə
bir sıra Şərq ölkələrində
Novruzi adlı qeyri-müəyyən həcmli
vergi toplanmışdır. Zahirən o qədər də məcburi səciyyə
daşımayan bu mükəlləfiyyət
varlılar, məmurlar üçün bahar bayramı ilə əlaqədar
toplanılırdı. Ona görə də
feodallar bahar
bayramının daha geniş
meydan almasına
çalışırdılar.
Təbiətin
oyanmasını, yazın şahlıq çağını
özündə təmsil edən bahar
bayramı xalqın təsərrüfat məişətindən,
iqtisadi güzəranından
yaranmışdır. Lakin müxtəlif əsrlərdə
bu mərasimi bu və
ya digər şəxsin adı ilə bağlamaq, ona dini don geydirmək istəyənlər
də tapılmışdır. Onlar bu mərasimin həyatiliyi və tarixiliyini danmaq, izi itirməyə, dini ehkamlara qurban verməyə
çalışmışlar. Azərbaycanda geniş
tarixi dövrü əhatə
edən orta əsrlərdə Novruz bayramı öz
yaşarılığını, həyatiliyini və zənginliyini
saxlamış və inkişafını davam
etdirmişdir. Bu
bayramın çalarları, mahiyyəti və incə mətləbləri
haqıqnda böyük şairimiz
Xaqani, dahi Nizaminin və ölməz Füzulinin incilərində təkrar-təkrar rast gəlirik. Həmin məlumatlar tarixiliyi, gerçəkliyi, səmimiliyi və
həyatiliyilə insanı valeh edir.
1637-ci ildə
Şamaxıda olmuş və Novruz bayramında iştirak
etmiş alman səyyahı
Adam Oleari bu münasibətlə yazır: «Astroloq stolun araxasından tez-tez öz
üstürlabı ilə günəşi müşahidə
edir, saata baxır, beləliklə
günəşin gecə ilə gündüzün
bərabərlik nöqtəsinə çatdığı
anı müşahidə edirdi. Elə ki, gözlənilən dəqiqə
çatdı, o ucadan
yeni ilin gəlişini
elan etdi. Dərhal
yaylım atəşi açıldı. Şəhərin qala divarları və bürclərin hər
yerindən gəraney çalındı, təbillər səsləndi.
Beləliklə də böyük şənlik
bayramı başladı».
Xalqımızın
yüksək zövqü və bədii təfəkkürü
xalq bayramlarında, el
şənliklərində və rəngarəng əyləncələrində
özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə,
aynasına çevrilir. Novruz bayramının
yaranışından üzü bəri
şənlikdə mahnılar oxunar, rəqs
edilər, yallı gedərlərmiş. Novruz
bayramı ilə həmahəng səslənən, xalqın
sevincinə səbəb olan, orta əsrlərdə Şərq aləmində
geniş yayılan Novruz
musiqi avazı olmuşdur.
Xalqımızın Novruzu rəqs
melodiyası da bayramla
əlaqədar yaranmışdır. O da
tarixdən məlumdur ki Novruzxan
adlı müğənnilər bahar
bayramı şənliklərinin yaraşığı olmuş, bu mərasimi vəsf
etməklə dinləyicilərə sevinc,
şadlıq bəxş etmişlər. Yəqin ki, tarixi bayram
şənliklərində ibrətamizliklə dolu
bayatı söyləmək, mahnı oxumaq
və deyişmələrlə yanaşı, müxtəlif rəqslər,
güləş, tutaş, dirədöymə,
cıdır və onlarla başqa
əyləncələr icra edilmişdir. Ulularımız demişkən:
Novruz gəlir, yaz gəlir.
Bahar gəlir, saz gəlir.
Novruz bayramı həm də od-atəş, yanar günəş bayramıdır. Havalar mülayimləşdikcə güllər-çiçəklər
yarpaqlayır, çiçəkləyir, ləçək tökür. Bu zaman Novruzgülü, Novruz çiçəyi kimi
göz oxşayan, könül xoşlayan zərif
yarpaqlı, incə saplaqlı, xoş ətirli,
kövrək qəlbli bitkilər öz
adlarını bahar bayramından - Novruzdan götürüblər. Tər bənövşələr,
yasəmənlər də baharla
oyanır, ətir saçır.
Yeri gəlmişkən, buğdadan
cücərdilən səməni haqqında da
bəzi məlumatları xatırlamaq yerinə düşərdi.
Novruz bayramının qarunquşu,
ilk müjdəçisi və rəmzi hesab edilən səməni yaşıllıq,
bolluq deməkdir. Bayram
süfrəsinin yaşıl bəzəyi olan
səməni təbiətin canlanması,
dağlarımızın bəyaz libasını
açması, çöllərimizin yaşıllığa
qərq olması, meşələrin yarpaq
atması, puçur tökməsinə
işarədir. Eramızın I-II əsrlərində
yaşayan yunan alimi Plutarx midiyalıların
taxılı müqəddəs saydıqlarını və buğdadan ilin
başlanğıcında «Omani» adlı
yemək hazırladıqlarını qeyd edir. Şübhəsiz, onun
bu mülahizəsinə əsaslanaraq buğdadan səməni göyərdilməsi
və ləziz yemək hazırlanması ehtimalı həqiqətə
daha yaxındır. Səməni sözünün daha dərin
qatlarla əlaqələndirilməsi maraq doğurmaya bilməz.
Şimali Hindistanda yaşayan qədim əhalinin işlətdiyi sanskrit dilində sumani - buğda deməkdir. Deməli sumani
ilə səməni arasında bir
yaxınlıq olduğu ehtimalı da ortaya çıxır.
Bizə belə gəlir
ki, səməni Novruz
bayramı ilə qoşa yaranmış onun dəyişilməz rəmzi kimi minillikləri ötüb
keçmişdir. Səməni təkcə
yaşıllıq deyil, həm də bolluq, bin-bərəkət, firavan
həyat rəmzi kimi
yaşamışdır. Səməni həm də ən ləziz
bayram yeməyinin adıdır. Səməninin
sıxılmasından və içinə un
və ədviyyatın qatılmasından ləziz bayram xörəyi hazırlanır. Səməni
halvası da qənnadı məmulatımızın
ən ləzizlərindəndir. Səmənidən
hazırlanan bayram yeməkləri həm də
müqəddəs sayılır. Səməni yeməkləri
bir qayda olaraq bayram ərəfəsində
bişirilib süfrələrə qoyulur, qohum-əqrəbalara, qonum-qonşulara
paylanırdı. Əziz yemək kimi, bayram hədiyyəsi kimi.
Səməni
xalqımız arasında nəsilartırma rəmzi kimi də məlumdur. Bir qayda olaraq bayram
günlərində uşağı olmayan
qadınlar səmənini başında gəzdirər. «Ay bunu göyərdən
Tanrı, bu gəlini də göyərt. Arzusunu kama yetir, mətləbinə,
muradına çatdır. Əhdini, ümidini
bitir» - deyərlərmiş. Ürəklərdə
ümid, sevinc, fərəh
anları şölələnər, göyərərmiş.
Bayram şənliklərində səməni
mərasimi icra olunar və
ona uyar mahnı oxunar, rəqs edilərmiş. Xalqımız
arasında indi də iki
səməni melodiyasının ifası bu
baxımdan xüsusi marağa
səbəb olur.
Novruz bayramı XVIII-XIX əsrlərdə də
tərənnüm edilib, poeziyamızda
şəninə incə mətləblər qoşulub.
Bu baxımdan M.P.Vaqifin
misraları daha səciyyəvidir.
Bayram oldu,
heç bilmirəm neyləyim,
Bizim
evdə dolu çuval da yoxdur.
Bahar
bayramı ilə əlaqədar H.B.Zərdabi,
N.Nərimanov, Y.V.Çəmənzəminli
və başqalarının
əsərlərində qiymətli
mülahizələr öz
əksini tapmışdır.
Azərbaycanda
Sovet hakimiyyəti illərində Novruz bayramına münasibət
vaxtaşırı dəyişmişdir. Gah bu bayram keçirilmiş,
gah da ona
dini don geydirilərək
unudulmasına, aradan çıxmasına təzyiq
göstərilmişdir. Lakin xalqımız bu əziz bayramı həmişə yad etmiş, onu geniş miqyasda olmasa da, keçirməyə
can atmışdır. Hal-hazırda məişətimizlə,
mənəvi aləmimizlə
bağlı bir sıra həyati məsələlərə yenidən
baxılmış və
mahiyyəti bərpa olunmuşdur. Belə adət-ənənələrimizdən,
el şənliklərimizdən biri də Novruz
bayramıdır. Bu bayramın geniş miqyasda keçirilməsi xalqımızın ürəyindən
xəbər verməsinə
və sevincinə səbəb olacağına
əminik. Əminik ki,
xalqımız yaşadıqca
onun Novruz bayramı da yaşayacaq, öz təravətini daima saxlayacaqdır.
Teymur Bünyadov
akademik
Ədəbiyyat
qəzeti.- 2014.- 20 mart.- S.6.