“Xalqın ən böyük əsəri

onun müstəqil dövlətidir”

 

Müsahibimiz

AMEA-nın müxbir üzvü,

professor Nizami Cəfərovdur

  

     

  - Nizami müəllim, dahi söz ustası, qəlb şairi Məhəmməd Füzuli elmsiz şeri özülsüz divara bənzədirdi. Bu mövzuda digər görkəmli şəxsiyyətlərin də önəmli fikirləri var. Maraqlıdı, şəxsən sizin üçün ədəbiyyatda elmilik nədir?

- Mənim düşüncəm, münasibətim belədir ki, yaradıcılıqda elmilik hər şeyin elmi-texniki standartlar əsasında qurulması deyil. Elmilik odur ki, sənin hiss və düşüncələrin, ifadə etdiyin sənət professional səviyyədə olsun, onun əsasında güclü düşüncə, böyük məntiq dayansın. Bunun üçün sənət adamı, konkret halda şair və yazıçı kifayət qədər bitkin intellekt səviyyəyə malik olmalıdır. Məhz bu zaman yaradıcı insan öz əsərlərində böyük ideyaları, dərin mətləbləri ifadə edə bilər. Mənim fikrimcə, ədəbiyyatda elmiliyin azalması ədəbiyyatın mənəvi, ideoloji əsaslarının sarsılmasına yol açır. Bu aşınmalara uğramamağın bir yolu çağdaş həyatımıza daxil olan elmi, ədəbi-bədii texnologiyaları, yaradıcılıq axtarışlarının yönünü mükəmməl şəkildə izləyib, eyni zamanda da əxz edib yaradıcı şəkildə tətbiq etməkdən keçirsə, digər yolu da xalqın tarixini, mədəniyyətini, ümumən ilkinliyini özündə hifz edən folklor təfəkkürünə sahib çıxmaqdan keçir. folklor təfəkkürünü canlandırmadan, folklor yaddaşını oyatmadan Azərbaycan mədəniyyətinin təbii-tarixi inkişaf kontekstini bütün genişliyi ilə bərpa etmək mümkün deyil. Folklorda xalqımızın ümumi ruhu var. O, ruh varisliyini qoruya-qoruya gedir. Yaradıcı insan o böyük ruha lazımi şəkildə istinad edə bilməlidi. Millət enerjisindən keçmədən böyük, nüfuzlu ədəbiyyat yaratmaq mümkün deyil. Ədəbiyyat o zaman böyükdür ki, o, güclü etnik-mədəni əsaslar üzərində dayanır. Eposa, epos mədəniyyətinə söykənməyən ədəbiyyat nəhəng ola bilməz. Əgər Azərbaycan yazıçısı öz qədim eposunu, epos mədəniyyətini özündə ehtiva etməyibsə, deməli, azərbaycanlı deyil. Azərbaycan poeziyası, nəsri ilk növbədə eposdan gəlməlidir, milli mənbə eposdur. Tarixən ictimai-siyasi, mənəvi-psixoloji sarsıntılar keçirən, məğlubiyyətlərin, qələbələrin, tərəddüdlərin rəngarəng həyəcanlarına məruz qalan, tarixin ona verdiyi zəngin bir həyat yaşayan müstəqil Azərbaycan xalqı, Azərbaycan insanı qarşısında məsuliyyət hissi məhz eposun üzərinə düşür.

Deyim ki, mən görkəmli şair Məmməd İsmayılın ədəbi uğurlarının başlıca cəhətini xalqın ümumi ruhuna yetərincə bələd olmasında, bu ruha yaradıcı şəkildə istinad etməsində görürəm. Mənsub olduğu xalq minilliklərin o başından bu başına hansı böyük, yetkin düşüncəylə gəlirsə, Məmməd İsmayıl da ədəbi məkanımıza o cür gəlir, yəni o, xalq ədəbiyyatını, epos təfəkkürünü köçürür, epos ədəbiyyatından, epos təfəkküründən gəlir.

Epos sadəcə dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan-potensiyadır. Götürək ki, on yeddi-on səkkizinci əsrlərdə bir silsilə kimi yaranan dastanlar sistemli şəkildə xalqımızın həm lirik, həm də epik təfəkkürünün imkanlarını bütün detallarına qədər ehtiva edən möhtəşəm abidələrdi. Bütün zamanlarda etnos öz enerjisini (rassionallığını) eposda gerçəkləşdirməyə ehtiyac duyur. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının, "Koroğlu" isə Azərbaycan millətinin formalaşdığı dövrün sosial-siyasi, etnoqrafik proseslərin özünəməxsus təzahürüdür. Özünüdərkin folklordan başlanması fikrinə tapınanlarla yüzdə-yüz həmrəyəm. Doğru fikirdir ki, folklor katarsisi, tarixin müəyyən dönəmində millətin öz varlığını və dəyərini dərk etməsi, öz keçmişinə, sabahına inam sistemidir. Bu anlayış bizim təfəkkürümüzə, mədəniyyətimizə indi daha çox lazımdır, biz "Mən kiməm?" "Biz kimik?" sualları arasındakı daxili əlaqəni həmin prosesdə daha effektli qavrayırıq…

Azərbaycan da daxil olmaqla müasir türk mədəniyyətinin hamısının əsasında qədim (ümumi) türk epos mədəniyyəti dayanır, sonra isə milli (regional) türk eposları gəlir. Və qədim (ümumi), yaxud milli (regional) türk eposundan gəlmədən heç bir türk, müasir türk mədəniyyətindən heç birinin mədəniyyətini yarada bilməz.

- Ümumi şəkildə bizdə belə bir örnək varmı?

- Bunun üçün bizdə "Dədə Qorqud" örnəyi var. "Dədə Qorqud" Azərbaycan xalqının şah əsəridir. Bu eposun tarixi Azərbaycan etnik-mədəni sisteminin ümumtürk etnik-mədəni sistemindən fərqlənərək ayrılması-differensiya tarixidir. "Dədə Qorqud" eposu Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş "yerli" qıpçaq türkləri ilə "gəlmə" oğuz türklərinin ictimai-siyasi, mənəvi-ideoloji əlaqələri barədə kifayət qədər obyektiv məlumat verir. Və əslində, Azərbaycan xalqının mənşəyi məsələsini "Kitabsız" həll etmək mümkün deyil. Bu mənada hər bir azərbaycanlı mənsub olduğu xalqın şah əsərinin məzmununu, ideya-estetik əsaslarını yaxşı bilməlidir. Və "Kitab"ı bilməyən adam Azərbaycan mədəniyyəti tarixini bilə bilməz.

- "Koroğlu"nun poetikası" adlı irihəcmli araşdırmanız da eposa, dastan yaradıcılığına verdiyiniz böyük dəyərin ifadəsi kimi oxunur…

- "Koroğlu" dastanı ümumən müxtəlif türk (və bir sıra qeyri-türk) xalqları arasında bu və ya digər dərəcədə yayılsa da, mükəmməl epik yaradıcılıq aktı olmaq etibarilə tarixən Azərbaycan xalqına - Azərbaycan türklərinə mənsubdur. Azərbaycan "Koroğlu"su mənsub olduğu xalqın şifahi ədəbiyyatının (bütövlükdə mədəniyyətinin) intibahı dövründə böyük milli-ictimai təfəkkür enerjisinin məhsulu kimi meydana çıxmış, həmin xalqın bir neçə əsrlik tarixi marağını, sosial-siyasi, ideoloji və mənəvi-estetik dünyagörüşünü, mentalitetini, milli ehtiraslarını əks etdirmişdir. "Koroğlu"nu Azərbaycan ictimai-estetik təfəkkür tarixindəki mövqeyinə görə, ancaq "Kitabi-Dədə Qorqud"la müqayisə etmək mümkündür. Bu dastan Azərbaycan aşıq ədəbiyyatının yüksəliş dövrünün məhsuludur və qeyd etmək lazımdır ki, həmin ədəbiyyat folklorun klassik ədəbiyyata (normativliyə) can atması cəhdinin nəticəsi olub, özünəməxsus fəlsəfi-estetik, poetik xüsusiyyətlərə malikdir. Onlardan başlıcası odur ki, aşıq qədim türk mifologiyası ilə sufiliyi, sufiliklə həyatiliyi-realizmi birləşdirməyə cəhd edir. Mükəmməl aşıq məktəbi olmasa idi, heç şübhəsiz, "Koroğlu" kimi mükəmməl bir dastan - epos da olmazdı.

- Sizin təbirinizcə desək, bu eposdan bir növ intibah ədəbiyyatı nümunəsi kimi də bəhs etmək olar.

- İntibah ədəbiyyatı (əsəri!) insan azadlığını, onun fiziki, mənəvi gücünü, estetikasını tərənnüm edir; Koroğlu və dəliləri heç kimə boyun əymirlər, bir damla qandan ötrü düşmənə yalvarmırlar, öz azadlıqlarını güzəştə getmirlər. "Koroğlu"dakı haqq-ədalət, humanizm qəhrəmanların davranışında, fəaliyyətində nəinki əxlaqi-mənəvi keyfiyyət, həm də dastanın və zamanın təbiətindən irəli gələn fəlsəfi prinsip kimi təzahür edir.

Azərbaycan Koroğlusu həm ilahi mənşəyə, həm də ilahi tipologiyaya malikdir. Koroğlu obrazının ilahi məzmunu (tipologiyası) özünü qeyri-adi gücündə, qeyri-adi hərəkətlərində, funksiyasında göstərir, lakin intibah mədəniyyəti həmin ilahi məzmunu - tipologiyanı insaniləşdirir, humanistləşdirir və Koroğludakı tanrılıq insaniliyə çevrilir - insan (şəxsiyyət) Koroğlu dövrün, zamanın təzyiqi ilə tanrını yenir.

"Koroğlu" dastanı təşəkkül tapdığı dövrdən bu günə qədər Azərbaycan şifahi xalq ədəbiyyatının (xüsusilə aşıq sənətinin) möhtəşəm əsərlərindən biri kimi, milli mədəniyyətin etnik əsaslar üzərində daha möhkəm dayanmasında, inkişaf edib zənginləşməsində heç bir digər əsərlə müqayisəyə gəlməyən bir ictimai-estetik mövqeyə, nüfuza malik olmuşdur.

- Ədəbiyyatşünas alim Rüstəm Kamal sizin tənqidçi obrazınızı daha çox elmi maksimalizminizlə əlaqələndirir və yazır ki, tənqidçi Nizami Cəfərovun obrazı ədəbiyyat tarixi ilə ədəbi-tənqidin təmas nöqtələrinin yaxınlaşması və tapılması baxımından maraqlıdır. Sizcə, tənqidçi şəxsiyyətinin əsasında dayanan başlıca məziyyət nədən ibarətdir?

- Əgər bir tənqidçi bir əsəri bir prinsiplə, başqa əsəri başqa prinsiplə təhlil edirsə, onunla o tənqidçi "ölür". Onun xarakteri olmur. Tənqidçi obrazı yaranmır. Azərbaycanda Məmməd Cəfərin, Mehdi Hüseynin tənqidçi kimi obrazı var. Onlar bir mövqedə dururdular… Tənqid, ümumiyyətlə, insan yaradıcılığının ən müxtəlif formalarını şərh edib qiymətləndirmək üsuludur - təbiət nə yaradırsa, biz onu tənqidsiz qəbul edirik; insan yaradıcılığı isə, görünür, insanın özündə həmişə müəyyən "şübhə" doğurur. Tənqidçi həmin "şübhə"yə, əgər bacarırsa, aydınlıq gətirməlidir. Mən həmişə bu fikirdə olmuşam ki, düşünən tənqid hər hansı halda mütərəqqi tənqiddir. Tənqid ədəbiyyatın intellekt səviyyəsinin aşağı düşməsinin qarşısını bir sipər kimi almalı, özünün mənəvi missiyasını sonacan daşımalıdı. Bilməlidi ki, ədəbiyyatın intellekt səviyyəsi aşağı düşəndə kütləvilik əmələ gəlir, həm də ümumiyyətlə, yazılan əsərlər "həddindən artıq ədəbiyyat" olur. Tənqid belə hallarda sipərə dönə bilməli, əsl sənət təəssübkeşi kimi önə çıxmalıdır. Dərin qatlardan gələn milli ədəbi-ictimai stixiya gücü bir potensiya kimi müasir yazıçı təfəkkürünü aşınmadan mühafizə etməli, "sağa" və "sol"a büdrəmələrin qarşısını almalı, anomal yazıçı əxlaqını sıxışdırmalıdır.

Ədəbi tənqiddə mövqesizlik, yəni xaraktersizlik bağışlanmazdır.

Ədəbi tənqid deməyə özündə güc tapmalıdır ki, əksər yazıçıların, daha çox da, ədəbiyyata sadə maraq, dəb, ucuz şöhrət marağı ilə gələn çoxsaylı gənc qələm adamlarının ədəbiyyat adına yaratdığı əsərlərin məzmunu o qədər dərin olmadığına görə partlayış baş vermir, xüsusi əks-sədaya səbəb olmur. Yəni əksər yaradıcılıq nümunələrinin, ədəbi düşüncənin daxilində dinamit yoxdur ki, partlayış əmələ gətirsin. Bunun üçün ilk növbədə yazıçıdan istedad tələb olunur… İstedad enerjidir, o, qurulmuş şeyi dağıtmağa, təhqirə sərf olunanda təhlükəyə çevrilir. Unutmaq olmaz ki, ənənədən uzaq novatorluq yoxdur. Məsələn, çox nəhəng bir palıd ağacını nümunə götürək. O, cinsi ilə gəlib palıd olur, cinsi üzərində durur. Cır ağacdan böyük ağac ola bilərmi?.. Yazıçı yazdığı dildə yazılmış əsərlərin kökündən gəlməsə, o dildə ki, onun əcdadları yazıb, onu kökündən bilməsə, o, yazıçı olmayacaq.

- Nizami müəllim, bizim tanınmış şairlərdən olan Abbas Abdulla illər öncəsi görkəmli sənətkarımız Yusif Vəzir Çəmənzəminlidən bəhs edərkən dərin bir ağrı hissi ilə "unudulan və unutdurulan Yusif Vəzir…" yazmışdı. Sizcə, ədəbi şəxsiyyətin taleyindən bu tendensiya hansı amillər çərçivəsində keçir?

- Ümumiyyətlə, şəxsiyyət o zaman unudulur ki, onu poeziya, ümumən ədəbiyyat unudur; göstərişlə, direktivlə, qərarla unudulan şəxsiyyəti bərpa etmək asandır, poeziya, konkret halda ədəbiyyat unudanda isə şəxsiyyəti bərpa etmək üçün bəzən əsrlər lazım gəlir. Məhəmməd Əmin Rəsulzadəni, Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Hüseyn Cavidi, Əhməd Cavadı və başqalarını unutdura bildilərmi? Yox! Ona görə ki, onları ilk növbədə ədəbiyyat unutmadı. Ədəbiyyat, poeziya bu böyük insanlara dövlətin sahib çıxdığı zamana qədər odqoruyan, daha doğrusu, adqoruyan, hifz edən məkan rolunu oynadı. Bu istiqamətdə öz missiyasını sonacan yerinə yetirə bildi və tarix reallığı qəbul etdi. Bu gün dövlət səviyyəsində yuxarıda adlarını çəkdiyimiz sənətkarların xatirəsi anılır, təntənəli şəkildə yubileyləri qeyd olunursa, kitabları nəşr edilirsə, deməli, xalqın, millətin və ədəbiyyatın unutmadıqlarının əbədiyyəti gerçəkliyə dönür.

Bilirsinizmi, bütün hallarda böyük sənətkar həm də böyük şəxsiyyət olmalıdır. Deyək ki, Səməd Vurğunun böyük yaradıcılığını, tükənməz sənətkar istedadını parlaq şəxsiyyəti tamamlayırdı. Şairi bircə dəfə görmüş sıravi insanlar uzun zaman onu xatırlayır, bu qeyri-adi şəxsiyyətin təsir dairəsindən çıxa bilmirdilər. Bu dəyərlər xalq şairləri Rəsul Rzaya, Bəxtiyar Vahabzadəyə, Xəlil Rza Ulutürkə, Məmməd Araza, görkəmli yazıçılarımızdan Mehdi Hüseynə, Süleyman Rəhimova, Əli Vəliyevə, İlyas Əfəndiyevə, İsmayıl Şıxlıya, Fərman Kərimzadəyə, İsa Muğannaya da eyni dərəcədə xas idi. Bu gün Söhrab Tahir var, Nəriman Həsənzadə var, Anar, Elçin, Fikrət Qoca, Mövlud Süleymanlı, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Musa Yaqub və başqaları var. Etnoqrafik zənginlik və müəyyənlik görkəmli yazıçı İsmayıl Şıxlının şəxsiyyəti üçün elə bir kontekst idi ki, sonradan nə qazandısa, nələri mənimsəməyə məcbur edildisə, hamısı bu kontekstdə meydana çıxdı, onda cilalandı və onu cilaladadı. Beləliklə, əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizə çevrildi. Azərbaycan ədəbiyyatında şəxsiyyət, bir qayda olaraq, ağsaqqal, müdrik arxetiplərinin sinonimidir… Böyük şəxsiyyətin "epos məntiqi" düşüncəsindəki pozulmaz "maarifçi səliqəsilə birləşərək günün ağsaqqal sözünü deyir. Bu gün Azərbaycan ədəbiyyatının Nəriman Həsənzadə, Anar, Elçin, Mövlud Süleymanlı, Musa Yaqub, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd İsmayıl əxlaqı var… Milli yazıçı əxlaqı və milli bədii obrazların yaradılması bir-birini tamamlayan qanunauyğun, məntiqi ədəbi hadisədir.

- Sizcə, bu proses ədəbi gəncliyin real durumuna nüfuz edə bilirmi?

- Gəncliklə bağlı bir yazımda qeyd etmişəm, gənclik nə qədər tez ahıllaşsa, o qədər yaxşıdır. Təbii ki, yaradıcılıq baxımından. Bu barədəki fikirlərimi bir az öncə də ifadə etmişəm. Eyni zamanda bu fikir də mənim əvvəllər səsləndirdiyim bir həqiqətdir ki, mən get-gedə gənclərdən daha çox qorxmağa başlamışam, ona görə ki, onlar yaşları, ədəbi, istedad imkanları ilə müqayisədə daha artıq çoxbilmişdilər. Bu çoxbilmişlik bəzən məni qorxudur.

Unudulmamalıdır ki, bütün dövrlərdə millətin qarşısına mürəkkəb tarixi problemlər çıxanda Azərbaycan şairi, yazıçısı özünü ictimai xadim, publisist - mütəfəkkir - ideoloq kimi aparmağa həmişə güclü daxili ehtiyac hiss etmiş və indi də etməkdədir…

- Hələ də ədəbi dairələrdə "Saray ədəbiyyatı" deyilən bir termin, necə deyərlər, söz konusu olaraq gündəmdədi…

- Bilirsinizmi, danılmaz bir reallıqdır ki, bu gün saray yoxdur, ancaq müstəqil Azərbaycan dövləti var; təbii ki, həmin dövlətin nüfuzu səviyyəsində duran ədəbiyyat da olmalıdır. Ədəbiyyatın ideologiyaya çevrilməsi ideologiya arasındakı əlaqələri qırmaq olmaz. Xüsusilə bu gün, milli dövlət quruculuğunun hazırkı məqamında Azərbaycan xalqına onun demokratik dövlətçilik duyğusunu zənginləşdirən müstəqilliyimizin əbədiliyini əmin edən ədəbiyyat daha çox lazımdır. Rəsmi ideologiyanın lazımi mükəmməlikdə iş görməsi üçün ona xidmət edən "rəsmi ədəbiyyat" da olmalıdır. İdeologiya sadəcə şeirlə, nəsrlə, dramaturgiya ilə hazırlanmır, həm də bunların hamısının fövqündə duran fikirlə, bilavasitə bədii əsərlərlə mənəviyyatı təşkil etməklə hazırlanır.

Sevindirici haldır ki, Müstəqil Azərbaycan dövlətçiliyi prosesində ədəbiyyatın və mənəviyyatın enerjisi xüsusi olaraq nəzərə alınır.

- Sözün birini qoyub o birinə getdim, ancaq əslində, sizin İsmayıl Şıxlı şəxsiyyətinə olan xüsusi marağınızın, daha doğrusu, heyranlığınızın qaynaqlarından danışmağınızı istəyirdim.

İsmayıl Şıxlı həm yazıçı, həm də bir alim kimi hadisələrin, proseslərin, ideya hərəkatlarının mahiyyətinə varmağı, onları analitik şəkildə dərk və şərh etməyi bacarırdı. Ona hər şeyi bəyəndirmək mümkün deyildi. Hay-küy dalınca getməzdi. Emosiyaya qapılmaz, heç zaman əndazəni aşmazdı. O, nə qədər müasir, nə qədər modern olursa-olsun, qeyri-milli, köksüz-əsassız, ictimai təcrübədə sınanıb həzm edilməyən hadisəni qəbul etmirdi. Elə ki, yenilik öz dəlil-sübutu ilə gəlirdi, hiss edirdin ki, İsmayıl müəllim həmin dəlil-sübutlar üzərində günlərlə, aylarla düşünür, hətta onları təkzib etməyə çalışır. O vaxta qədər ki, yeniliyin artıq qaçılmaz olduğuna inansın. İnanırdısa, qurtardı. Bunları deyirəm, yadıma illər öncəsi böyük yazıçıyla "Yazıçı" nəşriyyatı önündəki görüşümüz düşür. Nəvəsi Ayxan da yanında idi. Görüşdük. Salam-kəlamdan sonra "eşitmişəm Nizami Gəncəvinin üzərinə hücuma keçmisən - dedi, - deyirsən ki, ədəbiyyat tariximizi onunla başlamayaq?"

Məsələnin nə yerdə olduğunu anladım. Yenə təkidlə soruşdu: "Nizamidən imtina edək deyirsən?"

Öz arqumentlərimi gətirdim: "…Xalqımız Nizami adlı bir şairin olduğunu bilir, ancaq yaradıcılığının mahiyyətini demək olar ki, hiss etmir".

İsmayıl müəllim mənim bu sözlərimdən, deyəsən, bir qədər narahat oldu. Özünü toplayıb "Niyə? Məsələn, mənim nəvəm Ayxan Nizami Gəncəvidən çoxlu şeirlər bilir" - dedi. - Ayxan, "Kərpickəsən kişinin dastanı"nı de görüm, əmi də eşitsin".

Ayxan bir-iki misra həvəssiz deyib dayandı. Və qayıtdı ki, baba, olar "Koroğlu"dan deyim?

Mən güldüm. İsmayıl müəllim də gülümsündü, Ayxanın əlindən tutub "gəl gedək, - dedi, - hamınız bir ağıldasınız". Bir az gedib geri çevrildi: "Hüseyn Arif sizi görəndə Türkiyədə başına gələn bir əhvalatı danışacaq, inanmayın, özündən düzəldib" - dedi.

Bir neçə gün sonra Hüseyn Arif həqiqətən "Ədəbiyyat qəzeti"nin redaksiyasına gəldi və həqiqətən belə bir əhvalat danışdı: "Türkiyəyə getmişdim… Yenicə gəlirəm. Mənə Türkiyənin xalq şairi adını verdilər. Dedilər ki, sən olmasaydın, rus sazı çoxdan sıxışdırıb aradan çıxarmışdı, sən ki, o urusun içində sazı qoruyub saxlaya bildin, böyük adamsan. Mükafat da verdilər, bir aləm pul da. Çıxdım küçəyə. Biri sarıldı boynuma ki, bəs biz yerliyik, vətənin ətrini səndən alıram. Dəvət etdi. Getdik. Yaxşı yeyib-içdik. Hesab gələndə, canın üçün, əlimi yalandan cibimə saldım ki, hərifi qızışdırım. Gördüm ki, heç tərpənmir. Əlacsız qalıb hesabı verdim. Qanı qaralmış durdum ki, gedək mehmanxanaya. Hərif də düşüb böyrümə, aman vermir ha! Vətən həsrətindən danışır. Birdən dayanıb soruşdum: "Ayə, Qazağın hansı kəndindənsən?" Cavab verdi ki, Şıxlıdan. Dedim adın nədir? "İsmayıldı" - dedi. Dəli olmadımmı. Yapışdım yaxasından ki, ayə, bir İsmayıl Şıxlıdan canımı zorla qurtarıb qaçmışam, burada da sənəmi rast gəldim?

Allah hər ikisinə də rəhmət eləsin. Böyük sənətkralar idi hər ikisi. Mən Azərbaycan ədəbiyyatında, mədəniyyətində, elmində, milli ictimai təfəkküründə baş verən bir sıra hadisələrin əsl səbəbini İsmayıl müəllimdən eşidib öyrənmişəm. İsmayıl müəllimin yaradıcılığı onun mükəmməl şəxsiyyətindən ayrılmazdır.

- Sizin Hüseyn Ariflə bağlı xatirələrinizin özü sənətkara məftunluq örnəyi kimi diqqət çəkir…

- Qağa laübalı adam olsa da, onunla hər hansı mövzuda, xüsusilə ədəbiyyatdan, mübahisə etmək çətin idi. Gözləmədiyin halda ən modern terminologiya, ən müasür məntiqlə üzərinə hücuma keçir, səni tərk-silah edirdi. Moskvada oxumuş, dünya ədəbiyyatını müəyyən səviyyədə mənimsəmiş görünür, təbiətindəki "kəndli diplomatiyası"nı bir az da orada inkişaf etdirmişdi. Bakıya qayıdanda isə o zamankı yazıçı mühitində, məhz həmin qabiliyyət hesabına, kifayət qədər sərbəst hərəkət edə bilmiş, bir sıra əsaslı mübahisələrin hətta qəhrəmanlarından olmuşdur. Lakin o qədər də böyük vəzifə həvəsində olmadığına görə, Hüseyn Arifin apardığı "davalar" daha çox sənət idealı ilə əlaqədar idi… Qoca özünü hamıdan çox istəyirdi və bu, bəzən lap özünə məftunluğa qədər gedirdi. Ona görə yox ki, eqoist idi, daha çox ona görə ki, özünün sənətkar, mütəfəkkir kimi böyüklüyünə əmin idi. Özünün kim olduğunu hamıdan yaxşı bilirdi. Bilirdi və deyirdi:

 

Hüseyn Arif, bumu toyun?

Sevinc kədərlə qol-boyun.

Həyat - müvəqqəti oyun,

Ölüm-əbədi ayrılıq…

 

Hərdən könlünü açmaq üçün söhbəti təzələyirdim ki, qağa, Azərbaycanda sizə çatacaq şair yoxdur. O saat özünəməxsus şəkildə dirçəlirdi: "Nəbi də elə Bəxtiyar kimi yazır. Redaktorunuz nə işlə məşğuldu?" (Nəriman Həsənzadəni nəzərdə tuturdu). Deyirdim "qağa, o, deyəsən, bir az yaxşı yazır".

Tələsik öz mövqeyini ortaya qoyurdu: "Onun da öz gücü döyül, torpaqdandı".

- "Azərbaycançılığın əsasları" adlı fundamental kitabınızda xalqımızın dilinin, ədəbiyyatının, mədəniyyətinin formalaşması barədə sistemli məlumat verir, azərbaycançılıq ideologiyasının təşəkkül mərhələləri barədə maraqlı arqumentlər ortaya qoyursunuz

- Hər bir xalqın ən böyük əsəri onun müstəqil dövlətidir - bu və ya digər dərəcədə müstəqil dövləti, milli dövlətçilik təfəkkürü olmayan xalq özünü, öz yaradıcılıq potensialını tam gücü ilə ifadə etmək imkanlarından məhrumdur.

Azərbaycan milli dövlətçilik təfəkkürünün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. Bu barədə və milli dövlətçilik tariximizin ayrı-ayrı mərhələləri barədə adını çəkdiyimiz kitabımda kifayət qədər dolğun məlumat verməyə çalışmışam. Ancaq bir vacib məsələ üzərində xüsusilə dayanmaq istəyirəm ki, son dövr tariximizdə Azərbaycanı ulu öndər Heydər Əliyev xilas etdi. Bu, o dövr idi ki, Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə də oldu… Bu böyük şəxsiyyət xalqımıza yalnız bilavasitə idarəedici, üzərində yüksələcəyi tarixi də axtarırdı. Mən bu əsərdə həmin tarixin xronologiyasını verməyə çalışmışam…

Eyni zamanda, xalqımızın tipologiyasını şərtləndirməyə xüsusi önəm vermişəm. Azərbaycan xalqının tipologiyası, bizə məlum olan mədəniyyəti göstərir ki, o, içinə qapılmış, özünü dünyadan təcrid etmiş bir xalqın mədəniyyəti deyildir - Azərbaycan mədəniyyəti həmişə dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur. Məsələnin məhz belə olduğuna bir daha inanmaq üçün "Kitabi-Dədə Qorqud"u, Qətran Təbrizinin, Əfzələddin Xaqaninin divanlarını, Nizami Gəncəvinin "Xəmsə"sini oxumaq kifayətdir. Onların yaradıcılığı "ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist ideyaların bərqərar olmasına xidmət edir".

- Yeri gəlmişkən, sizcə, azərbaycanşünaslığın metodoloji "qida mənbəyi" rolunda daha çox hansı elm sahəsi çıxış edir?

- Şübhəsiz ki, türkologiya! Xalqımızın tarixini dərindən öyrəndikcə türkologiya azərbaycanşünaslığın nəinki metodoloji "qida mənbəyi"nə, bütövlükdə kontekstinə çevrilir. Və mənim fikrimcə, azərbaycanşünaslıq getdikcə daha çox türkologiyanın üzvi tərkib hissəsi olacaqdır. Bununla belə, nə iranşünaslığı, nə semitologiyanı, nə qafqazşünaslığı azərbaycanşünaslıqdan ayrı təsəvvür etmək mümkün deyil.

- Qarşıdan Azərbaycan yazıçılarının on ikinci qurultayı gəlir. Yəqin ki, mötəbər söz sahibi, bir ziyalı kimi sizin də müəyyən təklifləriniz olacaq.

- Ümumiyyətlə, mən əvvəllər də demişəm, Azərbaycan Yazıçılar Birliyinin mürəkkəb ictimai-siyasi proseslərdən keçib yaşamasında bu qurumun başqanı Anarın çox böyük rolu var. Azərbaycan Yazıçılar Birliyinin rəhbəri elə adam ola bilərdi ki, hücumlar qarşısında dayana bilməzdi. Ya tarixdə qalmaqdan ötrü, ya da xırda iddialarla bu mötəbər təşkilatı qapalı bir idarəyə çevirərdi.Anar hər iki ektremal qərardan uzaqda duraraq, AYB-nin yaşamasını üstün tutdu. Anarın ziyalı düşüncəsinin məntiqi elədir ki, o, məsələyə aqressiv şəkildə yanaşa bilməzdi. Odur ki, Yazıçılar Birliyini müdafiə elədi, onu yaşatdı, hətta daxili təzyiqlərə də dözdü. Məncə, bu istiqamətdə fəaliyyətini davam etdirməyə hələ də Anar müəllimin kifayət qədər enerjisi var… Anarın böyük bir ziyalı olaraq ictimai missiyası milli sərvətimiz olan tarixi istedadını hər hansı maneələrə baxmayaraq, bütün zənginliyi, türk dünyasına və ümumən dünyaya bəxş etməkdən ibarətdir…

Nizami, Füzuli, Vaqif kimi… Mirzə Fətəli, Mirzə Cəlil, Sabir kimi… Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Səməd Vurğun kimi… Anar kimi!

 

 

Söhbətləşdi:

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 9 may.- S.1; 8-9.