İsa Muğanna: ustad
ömrünün ədəbi-əbədi
yazısı
Azərbaycanın xalq yazıçısı,
əməkdar incəsənət xadimi, müxtəlif illərdə
keçmiş SSRİ-nin, eləcə də müstəqil
respublikamızın "İstiqlal",
"Qırmızı əmək bayrağı" və
başqa ordenlərilə təltif olunmuş, yazdığı
bədii nəsr nümunələrilə -
"Cığırlar", "Dərd", "Zəhər",
"Dəfn", "Arx" və s. hekayələri,
"Saz", "Tütək səsi", "Teleqram",
"Quru budaq", "Kollu koxa", "Şəppəli",
"Başa düşə bilmirəm", "Ömür
karvanı", "Faciə", "Hinkir-Minkir", "Bəşərin
taleyi" kimi povestləri, "İdeal", "Məhşər",
"Ölüm-dirim", "Qəbiristan", "İlan
dərəsi," "GürÜn", "Cəhənnəm",
"İsahəq, Musahəq" romanları, həmçinin
çoxsaylı oçerk, məqalə, kinossenari, dram əsərləri
ilə ötən əsrin ikinci yarısından milli bədii
söz sənətində "yeni nəsr"in başlanğıcını
(xalq yazıçısı Anar) qoyan İsa Hüseynov -
Muğanna ilə görüşmək mənim
çoxdankı arzum idi. Hələ
bir neçə il bundan əvvəl iyunun
12-də görkəmli nasirin dünyaya göz
açmasının 80-ci yayı tamam olan ərəfədə onunla
görüşmək mənə nəsib oldu…
Bir vaxtlar redaksiyanın
tapşırığı ilə yubiley
materiallarını hazırlamaq üçün
getmişdim böyük
yazıçının, az qala, qalasına çevirdiyi
mənzilinə. Çox qəribə idi ki,
yazıçının beşinci mərtəbədə
yerləşən mənzilinə qalxanda da, pillələrlə aşağı - həyətə
enəndə də bir məşhur zərbi-məsəl beynimdə
fırlanırdı: "Doğma
xalqının arasında "Peyğəmbər" olmaq qeyri-mümkündür"…
Muğannayla - xalqımızın bu
maraqlı, hələ öyrənilməli, tədqiq edilməli
gözəl sənətkarı ilə bizim
düz altısaatlıq bir
söhbətimiz alındı. Çox mövzulardan danışdıq: millətimizi
düşündürən lokal məsələlərdən
tutmuş, bəşəriyyətin qarşılaşdığı
qlobal problemlərə qədər. Fəqət arada mən redaksiya
tapşırığını da
unutmadım. Ədəbiyyat
adamlarımızı, xüsusən də yeni
nəsil oxucuları maraqlandıran İsa
Hüseynov - Muğanna
kimi sənətkarın ədəbi-fəlsəfi
görüşləri, xüsusən də milli
söz sənətimizin çox
mürəkkəb, eyni zamanda,
zəngin bir dövrü
barədə - ötən yüzilliyin ikinci yarısı haqqında olan
hissələri diktofonumun lentinə
köçürə-köçürə düşünürdüm:
biz necə də maraqlı bir zəmanənin övladlarıyıq.
Sonralar həmin görüşün
məndə oyatdığı təəssüratları iki materialda - elmi məqalə və ədəbi söhbət
formasında - "Ədəbiyyat qəzeti"nin 2003-cü il iyun saylarında
işıq üzü gördü…
…İsa Hüseynov - Muğanna: nurani bir sima,
baxışlarından müdrikliyə işarə olan işıq və əlbəttə, saf insanlara məxsus xəfif
təbəssüm, ən əsası isə yaradıcı intellektual düşüncə sahibi kimi 80 illik həyatının çox
böyük hissəsini - 60 ilini milli ədəbi-bədii
söz
sənətimizə, böyük ədəbiyyata
həsr edib. Bir kulturoloq kimi
şəxsən mənim üçün
çox maraqlıdır ki,
ömrünün bahar
çağında ədəbiyyatdakı kövrək
addımlarını 1949-cu ildə, indiki
"Azərbaycan" dərgisində çap
olunmuş "Anadil
ötən yerdə" oçerki ilə
atan İsa Hüseynov nə üçün
ilk öncə realist
nəsrə meyl göstərirdi? Hər halda, əlimizin
altında olan ədəbiyyata aid sorğu kitablarında
məhz belə yazılıb - yazıçı qələmini
məhz ilk dəfə bədii nəsrdə
sınayıb. İsa müəllimin özünün etiraflarına görə,
"…Mən heç təsəvvür
etməzdim ki, nə vaxtsa
əlimə qələm alıb əsər,
hekayə, yaxud roman yazacağam. Ötən əsrin
qırxıncı illərinin sonunda vətən
haqqında bir şeir
yazdım və göndərdim keçmişdə rəsmi mətbu
orqanı sayılan "Kommunist" qəzetinə.
O zamanlar "Kommunist"də Rza Şahvələd adlı bir
yazıçı işləyirdi və onun
imzası ilə mənə standart
cavablı bir məktub gəldi: "Sən
yaza bilərsən, çoxlu
mütaliə elə…"
Sevincimin həddi-hüdudu olmasa
da, bu hadisəni çox tez unutdum. Qazağın Kəsəmənli kəndində
yerləşən məktəbin direktoru
Səlim Şəndilli adlı ədəbiyyat müəllimi söz sənətinə olan
həvəsimi görüb mənimlə
yaxından maraqlanmağa başladı.
Müharibədən sonrakı illər idi.
Aclıq dövrü olduğundan
ərzaqdan korluq çəkən kəndimizdə
çoxları kimi, Səlim müəllim
də həyətyanı sahəsində qarğıdalı əkmişdi.
Bir dəfə Səlim müəllim bizim sinif
uşaqlarını həyətinə işləməyə
apardı. Yeri gəlmişkən, mənim
atam İkinci Dünya müharibəsinin
iştirakçısı kimi çox tanınmış bir
adam idi. Bu fakt isə mənim
mütaliəyə olan marağımı
şiddətləndirmişdi: belə tanınmış
adamın oğlu oxumalı, savadlı
olmalı idi. Nə isə, Səlim müəllim
bütün uşaqları işlətsə
də, mənə heç nə
tapşırmadı. Səbəbini soruşanda,
əlindəki bir kitabı mənə
uzadıb qayıtdı ki, al,
bunu diqqətlə oxu.
Latın qrafikası ilə nəşr olunmuş
qalın bir kitab idi. Stivensonun "Dəfinələr
adası" romanını səhər Səlim müəllimə
qaytaranda ona qəribə
gəldi: "Niyə qaytarırsan?" Cavab
verdim ki, oxuyub başa
çatdırmışam. O mənə Puşkinin
"Kapitan qızı" adlı nəsr
toplusunu bağışladı. Beləliklə,
mənim ədəbiyyata olan həvəsim
böyük marağa,
sonra isə güclü
məhəbbətə çevrildi…"
Əslində, bayaq qeyd etdiyimiz
"Anadil ötən yerdə" oçerki yazıçının mətbuatda
işıq üzü görmüş
ilk əsəri deyildi.
Tədqiqatçı, yeri gəlmişkən,
həm də Muğannanın qızı Sevinc
Muğanna sənətkarın arxivində
işləyən zaman maraqlı bir faktı üzə çıxarıb. Sonralar dəqiqləşdirilib ki,
İsa Hüseynovun hələ
1947-ci ildə "Arx" adlı ilk hekayəsi qəzetdə işıq üzü görüb…
İsa müəllim o
maraqlı hadisəni təfsilatı ilə
xatırlayırdı. O vaxtlar "Azərbaycan
gəncləri" qəzetində hekayə müsabiqəsi keçirilirdi. Gənc yazıçı da "Arx" adlı
hekayəsini o mötəbər sənət
müsabiqəsinə göndərir. Həmin zamanlar
İsa Hüseynov Azərbaycan
Dövlət Tibb İnstitutunun
birinci kursunu
yarımçıq buraxıb artıq universitetin
filologiya fakültəsinə daxil olmuşdu. Münsiflər
heyətinin sədri, xalq
yazıçısı Əli Vəliyev onun
oxuduğu universitetə - ədəbiyyat
dərnəyinin rəhbəri professor Cəfər
Xəndana zəng açmış, tələbə-yazarı
qəzetin redaksiyasına
çağırtdırmışdı.
Tanınmış nasir ona: "Təbrik edirəm,
müsabiqəyə yolladığın hekayən bəyənilib.
Get kassadan
mükafatını al!" - deyəndə
İsa Hüseynov həm
sevindi, həm də təəccübləndi.
Hekayənin ikinci variantını
yazmağı ondan tələb etdikdə
isə yaman şübhələnmişdi.
O vaxtkı "konfliktsiz" ədəbiyyatıyla
heç düz gəlməyən,
ölümlə, bədbinliklə qurtaran
hekayənin bəyənilməyinə heyrətlənə-heyrətlənə
əlli manatlıq qonorarını alan gənc
yazıçı tələbə yoldaşlarına pivə
qonaqlığı vermişdi. Daha sonra yonulub,
ixtisar olunmuş, əcaib
şəklə salınmış - özgələşmiş
"Arx" hekayəsini bəlkə də
buna görə unutmuşdu
İsa müəllim…
Öz yerlisi sayılan l dövrün
tanınmış yazıçısı Mehdi
Hüseynlə tanışlığının isə gənc
istedadın sonrakı yaradıcılıq inkişafına
xüsusən təsiri oldu. "Anadil ötən yerdə" oçerki
"İnqilab və mədəniyyət"
- indiki "Azərbaycan" jurnalında
işıq üzü görəndən sonra baş redaktor Mehdi Hüseyn onu yanına
çağırıb heyrətlənmişdi: "Səni tənbeh
eləyəcəm. Oçerki niyə öz atandan
yazmısan?!"
Dilli-dilavərli cavan kimi o
dəqiqə söyləmişdi: "Mehdi
müəllim, çünki atamı
yaxşı tanıyıram!" Onun bu sözlərinə Mehdi
qağa şaqqanaq
çəkmişdi. Sonralar onlar hər dəfə görüşəndə,
o söhbəti yada salan tanınmış yazıçı
gülərdi. Bu əhvalat isə o vaxtdan dilə-ağıza
düşmüşdü…
…İsa Hüseynovun
atası müharibədən qayıdandan sonra
məşhur Qarayazı meşəsini bərpa etmək, Qazaxdan Gürcüstana - Poylu körpüsündən
başlamış düz Tiflisə qədər
uzatmaq fikrinə düşmüşdü.
O vaxtlar yaradıcı gənc kimi böyük ədəbiyyatla
güclü maraqlanır, çoxlu mütaliə edir və
qeyri-ixtiyari yazmağa
can atırdı.
Universitetin dördüncü kursunda oxuyanda təhslini davam etdirməkdən ötrü
İsa Hüseynovu Moskvaya - Maksim Qorki adına Dünya
Ədəbiyyatı İnstitutuna göndərirlər.
O zaman Ədəbiyyat İnstitutunun
direktoru Azərbaycan
yazıçılarının yaxın dostu,
məşhur tənqidçi Pyotr fateyev idi.
Onunla görüşləri zamanı
hansı kursda oxumaq
istədiyini soruşub köməyini
yazıçıdan əsirgəməmişdi. Onlar başqa bir istedadlı şairlə - Nəbi Xəzri
ilə bir kursda oxuyurdular. Moskva illərinin onların, xüsusən də ədib kimi İsa Hüseynovun
dünyagörüşünün
formalaşmasında sənətkar baxışlarının zənginləşməsində
xüsusi təsiri, böyük
izləri oldu. İsa Hüseynov o illərdə
hətta "Bizim qızlar" adlı özünün indi artıq
bəyənmədiyi - povestini rusca yazıb Moskvada nəşr
etdirmişdi. Rus və dünya
alimlərinin bəşəriyyətin mədəniyyəti, tarixi, xüsusən də Şərqlə
bağlı çox nadir
kitablarını oxuyan, fəlsəfəni
dərindən öyrənən yazıçının
qarşısında belə bir dilemma vardı: sənətkar kimi
formalaşmaq üçün
Şərq, Azərbaycan-türk ədəbi-estetik dəyərlərini
əsas götürməli, yoxsa Avropa-rus kulturoloji ənənələrinin
təsirinə düşməklə millilikdən uzaq, ultraçağdaş
əsərlər yaratmalı…
Məhz
belə bir məqamda "qızıl ortaq" fəlsəfəsi onun
karına gəldi: artıq püxtələşməkdə olan yazıçı hər ikisinin
vəhdətindən bəhrələnməyə üstünlük verdi ki, bu da
onun sonrakı
yaradıcılığında özünün
böyük izini buraxmış oldu.
Xüsusən də milli ədəbiyyatımız
tarixində nisbətən yeni janrlar sayılan avropatipli
bədii povest və romanlarında Muğanna dünya söz sənətinin bütün
istiqamətlərinin izlərini ustalıqla əks etdirməyi
bacardı…
İsa Hüseynov geriyə
- Bakıya qayıtdıqdan sonra yenicə
bitirdiyi "Dan ulduzu" povestini jurnal redaksiyasına təqdim etsə də, baş redaktor Mehdi Hüseyn üç dəfə əsəri geri qaytardı ki,
üstündə yenidən işləməli. Səbəbi
ilə maraqlananda, ustad
ədəbiyyatçı cavab vermişdi: "Əsərin
"meydanı" ilə iştirakçıların çoxluğu uzlaşmır".
Doğrudan da belə idi: hələ də peşəkar ədəbiyyatçı
kimi yaxşıca püxtələşməmiş
İsa Hüseynovun bu kiçik povestində çoxlu bədii surət
yaradılmışdı. Bu, əslində,
onun üçün ilk əsl böyük sənət
dərsi idi. Söz yox ki, Moskva illəri İsa Hüseynova böyük həyat
və ədəbiyyat bilgiləri vermişdi.
İndinin özündə də Muğannadan jurnalistlər soruşanda
ki, "Dünya və
rus ədəbiyyatından hansı sənətkarları
qəbul edirsiz?" - Ədibin cavabı
birmənalı olur: "Rus ədəbiyyatında Tolstoyu,
Dostoyevskini, Turgenevi
sevə-sevə mütaliə etmişəm, fransızların
"naturalistlər" məktəbindən Balzak,
Mopassan, Zolya və başqa yazıçılara əvvəlcə
vuruldum. Romanın texnikası və
poetikasını onlardan öyrənmişəm.
Amma yaradıcılığımın
sonrakı - peşəkar dövründə öz
fərdi sənət yolumu tapdım və
o yolla da
irəliləməyə başladım"…
İsa Hüseynov böyük
ədəbiyyata gələndə Azərbaycanın da daxil olduğu
sabiq SSRİ məkanında çox mürəkkəb, ziddiyyətli
proseslər baş verirdi.
İkinci Dünya
müharibəsindən sonrakı illərdə planetdə iri iqtisadi-siyasi mərkəzləri
sayılan böyük dövlətlərin güc nümayiş etdirməsi nəticəsində
beynəlxalq geosiyasi məkandakı gərginliyi
də buraya əlavə etsək, onun bir yazıçı kimi ədəbiyyat meydanına qədəm
qoyması müxtəlif müqavimətlərlə
qarşılandı.
Düzdür, ötən əsrin 50-ci illərinin əvvəllərində
hələ açıq meydan, siyasi "mülayimləşmə" yox idi. Belə bir mürəkkəb dövrdə "konfliktsiz" ədəbiyyata qarşı ilk dəfə çıxan İsa
Hüseynov oldu. Məhz ondan sonra
"yeni nəsr" adlanan
ədəbi hərəkat başlandı ki,
onu da inkişaf
etdirənlər "altmışıncılar"ın
nümayəndələri sayılan Anar,
Əkrəm Əylisli, Elçin, Yusif Səmədoğlu və başqa
istedadlı ədiblər oldu. Nasirin o zamanlar çapdan
buraxılan kitablarının və əsərlərinin
adına nəzər salanda, - "Yanar ürək", "Doğma
və yad adamlar",
"Teleqram", "Tütək səsi",
"Kollu koxa",
"Məhşər" - maraqlı bir
cəhəti müşahidə etmək mümkündür.
Sənətkar sanki çürüməyə
başlayan sabiq sovet dövlət sisteminə qarşı özünüzün sənətkar
etirazınızı açıq-aşkar bildirməkdən
çəkinmirdi…
Bunu
da normal hal kimi qarşılamaq lazımdır. O, artıq
ayılmışdı və
yaxşı bilirdi ki, qəddar kommunistlərdən ibarət
dövlət aparatı
müxtəlif səbəbləri
bəhanə gətirərək
doğma əmilərini
güllələmişdi. Hətta atasını
da güllələyib
adını qoymuşdular
ki, "ağır maşın qəzasına
düşüb". Əsl həqiqəti öyrənəndən
sonra sovet sisteminə qarşı onda etiraz, hətta
nifrət yaranmışdı.
1947-ci ildə sənətkar ən irihəcmli və möhtəşəm romanını
- "Yanar ürək"
əsərini yazmağa
başladı. O əsərdən
başlayaraq sonrakı
romanlarına qədər
sistemə qarşı
şüurlu yazıçı
etirazını ana xətt kimi göstərməyə çalışırdı.
Bu əsərlərin demək olar ki, böyük əksəriyyəti həm
realist planda yazılmışdı,
həm də üsyankar xarakterli idi.
Məhz
bu səbəbdən İsa Hüseynov özünün şah əsərinin - "Yanar ürək" povestinin üzərində möhkəmcə
işləmiş, sonralar
onun ədəbi-estetik
konsepsiyasını dəyişərək
"İdeal" romanı
şəklinə gətirmişdi. Məsələn, romanın
son variantında Soltan
Əmirli kimi əsas surətin üstündən tamam xətt çəkilib…
…İsa Hüseynov
imzasıyla vaxtilə
oxuculara təqdim olunan bir sıra
nəsr nümunələrindən
imtina edən Muğannanın "İdeal"
romanının çoxlu
sayda variantları var ki, onların
da müqayisəli tədqiqata cəlb olunmasına böyük ehtiyac duyulur. Müəllifin bildirdiyinə
görə, "İdeal"
romanının sonuncu
kamil variantı əlyazma şəklindədir
və zamanını,
bəlkə də xeyriyyəçisini gözləyir
ki, işıq üzü görsün…
…Muğanna əsas
fəlsəfi kredosu olan "Dünya düzəlməsə, insan
düzəlməz" ideyasını,
özünün təbliğ
etdiyi "SafAğ Elmi" - Kainat həqiqətlərini açıqlayan
"SafAğ" romalar
silsiləsini - "Ən
şər - mən şər", "İdeal",
"Cəhənnəm", "GurÜn", "İsahəq,
Musahəq", əsərlərində
tarixə, zamana, bəşəriyyətin keçdiyi
mərhələlərə, dilə özünəxas
baxışları, bənzərsiz
fikirləri fəlsəfə,
kulturologiya, tarix, etnoqrafiya, linqvistika, siyasətşünaslıq, məntiq
və s. elm sahələrinin
qəribə sintezinə
aiddir. İsa Hüseynov - Muğanna ilə bir canlı
polemikamız zamanı
onun maraqlı fikirləri ilə yazımı bitirmək istəyirəm:
- Ustad, sizcə,
çağdaş ədəbiyyatın
qarşısında hansı
qlobal problem durur?
- …Nəinki ədəbiyyatın,
həm də dünyanın - bəşəriyyətin
qarşısında çox
mühüm bir vəzifə durur: qloballaşma və dünyanın birləşməsi…
- …Əgər yazıçı
olmasaydız…
- …Mümkün deyil. Yazı ilə məşğul
olmaq göylərdən
gələn əmrdir.
Mənsə o göstərişi
yerinə yetirirəm
- insanlara ali
həqiqətin sirlərini
çatdırıram…
P.S. Ədibin arxivindən tapılmış və
"Ədəbiyyat qəzeti"ndə
çap edilməsi üçün özü
tərəfindən mənə
ərməğan edilən
"Kor quyu" adlı kiçik hekayəsi, əslində,
bu kulturoloji essenin məntiqi davamı kimi də qəbul oluna bilər.
Aydın
Xan (Əbilov)
yazıçı-kulturoloq
Ədəbiyyat qəzeti.- 2014.-
9 may.- S.4-5.