Qatil
(Hekayə)
Taksidən
düşən kimi paltosunun boynunu qaldırdı, yeganə
yol sumkasını sağ çiyninə salıb sol tərəfə
əyilən kimi yerindən tərpəndi. Beş-altı addım
atıb dayandı, geri çönüb tapdanmış
qarın üstündə təzə alıb geyindiyi çəkmələrinin
izini axtardı, tapmadı, sağ ayağını
qaldırıb yerə çırpdı, sonra
ayaqqabının yerinə diqqətlə baxdı, bir an ətrafına
boylanıb içəri girdi. Adamlar bir-birinin belinə minmişdi. Başını
qaldırıb tabloya baxmağa ürəyi gəlmədi:
“Görəsən təyyarə gecikmir ki?” Bir neçə dəfə
bu sualı öz-özünə verəndən sonra
çiynindəki sumkanı qabağa itələdi,
açıb təzəcə çapdan
çıxmış kitabının yeganə nüsxəsini
vərəqlədi. Kimsə ona yaxınlaşıb rusca
soruşdu:
-
Bağışlayın, kimin kitabıdır?
-
Heeeç.... elə-belə - əvvəlcə cavab verdi, sonra
başını qaldırıb bu adamın üzünə
baxdı. Üzünə baxdığı adam da ona baxmadan,
icazəsiz-filansız kitabın üzünə baxdı,
kitabın da, müəllifin də adını oxuyan kimi
üz-gözünü turşudub əlini yelləyəndən
sonra çıxıb getdi. İstədi ki, gedib o adamın yaxasından
yapışsın və soruşsun ki, “bəri bax, o nəydi
heylə üz-gözünü turşudurdun?..” - getmədi də,
soruşmadı da. Qorxdu - qorxdu ki, o adam desin ki, “lap əcəb
eləyirəm...”
Qanı qaraldı.
Başını qaldırıb Bakı reysini göstərən
tabloya baxan kimi kefi duruldu, elə bil rəngi də bir az
açıldı. “Daroqo! Daroqo!” deyə-deyə
bağıran yükdaşıyanın səsini də
eşitmədi - yükdaşıyan dəmir arabasına
yığdığı çamadanları onun böyrünə
sürtə-sürtə keçib getdi, gedə-gedə
çönüb acıqla ona baxdı və o, bunların
heç birini elə bil görmədi.
Biletini qeydiyyatdan
keçirtmək üçün növbə tutdu. Ondan əvvəl
çoxlu adam vardı. Axırıncı
olmaqdan zəndeyi-zəhləsi gedirdi və indi də
sıranın qurtaracağında dayanmışdı.
- Axırıncı sizsiniz? - soruşdular.
O, bu sözləri təsəlli kimi qəbul edib
yüngülcə başını tərpətdi.
- Yüz qramlıq dilini qoyub üç kiloluq
başınla nöş cavab verirsən, ələ? - ondan sonra növbə tutan iki cavan oğlandan
uzunu soruşdu.
- Dilim ağrıyır, - sakitcə dedi.
Uzun oğlan onu dövrəyə almış
cavanların arasında dayanıb əlini belinə vurmuşdu;
əvvəlcə eşitdiyi cavabın fərqinə
varmadı, sonra təhqir olunmuş adam
kimi, pörtüb düz onun qabağında dayandı.
- Dedin ki, haran ağrıyır?
O, bu dəfə dilini çıxarıb göstərdi.
Oğlan əyri-əyri ona baxıb əlini yelləyəndən
sonra keçib əvvəlki yerində dayandı, ürəyində
qeyri-ixtiyari çamadanları saydı: bir, iki, üç,
... doqquz, on, on bir...
O, özündən əvvəlki adamların
sırasına bir də nəzər saldı, adamdan çox
çamadan, bağlama vardı: “Görəsən, bu camaat nə
aparır belə?” Əsəbiləşən kimi
gözünün qabağına biletləri qeydiyyatdan
keçirən göy paltarlı qızın tələsmədən,
aramla, hərəni bir sözlə yola salmağı gəldi,
darıxdı və burada da ədalətsiz bir şey
tapdı:
- Gərək şeyi olmayan sərnişinlərin
növbəsi ayrı olsun... ya da onlara növbədənkənar...
Bu uzun sırada özündən başqa
çamadansız, bağlamasız adam
görmədi - diqqətlə, hamını nəzərdən
keçirmişdi - göy paltarlı qıza da, onun işlədiyi
idarəyə də ürəyində haqq qazandırdı və
arvadının Bakıda ona deyəcəyi sözləri əzbər
bilirdi - yadına saldı:
- Atıla-atıla gedib, atıla-atıla da gəlirsən.
Əlacsız qalıb gülümsədi, çönüb
arxasında dayanmış oğlanlara nəzər saldı:
“Görəsən, təyyarədə mənim yanımda
bunlar oturacaq?»
İstədi oğlanların biletinə
baxıb onların yerini öyrənsin, əgər belədirsə,
bəri başdan işini bilsin - ancaq bu fikirdən vaz
keçdi. Çiyin sumkasını qabağa itələyib
əli ilə üstdən içindəki şeyləri
yoxladı: kitab, telefon kitabçası, diş şotkası,
... sabunqabı, üzqırxan maşın, odekalon
şüşəsi...
Saatına baxdı və hesablamağa başladı:
“Bir saat buralarda, iki saat yarım yol, yarım saat orda, yarım
saat da yol... düz dörd saatdan sonra evdəyəm”. Moskvaya üç günlüyə gəlmişdi,
ancaq bir həftə qaldı. On-on beş il idi ki, bu yolu
gedib-gəlir - əvvəllər bu şəhərdə nə
görmüşdüsə, doymaq bilmirdi, elə ki,
yaşı qırx beşi keçdi, möhkəm qərara gəldi
ki, Moskvada uzaqbaşı bir həftə qalmaq olar, qırx
beşi ötdüyündən il ötmüşdü, həmişə
də uzağı bir həftədən artıq
qalmamışdı, özünün dediyinə görə
guya darıxırdı.
O, heykəlli adam idi, boy-buxununa,
yaraşığına söz ola bilməzdi, elə bu uzun
növbədə dayanan kişilərin hamısından
seçilirdi. Onu yandıran o idi ki, dünənin
burnu fırtıqlı uşağı (ondan arxada dayanan uzun
oğlan) niyə onun nə yaşını, nə də
görkəmini nəzərə almamışdı. Çönüb ciddi şəkildə
oğlanı süzdü və uzun oğlan onun
baxışlarına tab gətirmədi; tez gözünü
çəkib “təslim” oldu. Bu, ona ləzzət elədi:
“bax, heylə ha, körpə... cücə...”.
Uzun oğlan da elə bil onun, necə deyərlər, şəxsiyyətli
adam olduğunu indicə hiss edirdi.
Göy paltarlı qızın düz qabağından
kimsə ucadan dedi:
- Əhməd müəllim, Əhməd
müəllim.
O, səs gələn tərəfə baxıb onu
çağıranı tanıdı, qonşusu idi - əlini
qaldırıb başını tərpətdi və tez də
çönüb geri baxdı ki, görsün uzun oğlan
görmədi ki...
- Verin biletinizi, mən qabaqdayam... - qonşusu onu
yaxşı tanıyırdı, bilirdi ki, elə çiynindəki
sumkadı.
Növbədə dayananlar yerbəyerdən qonşusunun
üstünə düşdülər:
- Elə şey yoxdu...
- O bizdən artıqdı?...
- Yüz il qala qoymaram.
Əhməd müəllim əlini qaldırıb
qonşusunun üzünə gülümsədi, yəni ki,
çox sağ ol. Kimsə təzədən dedi:
- Növbə hamı üçündür.
Əhməd müəllim fikirləşdi: “Sizi elə
növbə qıracaq...”
Uzun oğlan fikirləşdi: “Görəsən bu
day-day kimdi ki, belə ona o cürə kişi (qonşusu da
gözəgəlimli kişi idi) müəllim deyir, hə?»
Uzun oğlan yüz il də fikirləşsəydi,
Əhməd müəllimin kim olduğunu tapa bilməzdi: Bircə
əlacı vardı ki, özündən soruşaydı - ona
da ürək eləməzdi, üz qoymamışdı.
Qonşusunun canfəşanlıqla ona hörmət etmək
istəyindən sonra: “Görəsən, bu uşaq məni
tanımadı, ya tanıya-tanıya...” Beş il
bundan əvvəl Əhməd müəllimin əlli
yaşı tamam olanda televiziyada onun haqqında veriliş
getmişdi. “Yəqin məni televizorda görməyib, yoxsa belə
danışmazdı...”
Qonşusu çamadanları tərəziyə qoyandan
sonra biletini göypaltar qızdan alıb birbaşa onun
yanına gəldi:
- Salam, xoş gördük, - əl verdi.
- Salam.
-Xeyir olsun, ay Əhməd müəllim? - qonşusu özünü elə göstərdi
ki, guya Əhməd müəllimin Moskvaya gəlişi onu son
dərəcə maraqlandırır? - Gözünü ona zilləyib
cavab gözləyirdi.
- Heç, elə-belə... bir balaca işim vardı. - qonşusunun o boyda marağının
qabağında bu da soruşmalıydı, bəs siz nə
yaxşı belə?...
- Nə bilim, vallah, bir az ayın-oyun
almağa gəlmişdim. Uşaqlar da
burdaydı, onları üç gün bundan qabaq qatarla yola
saldım getdilər. Özüm də bu
gün gedirəm.
Əhməd müəllim bundan artıq
qonşusu ilə heç nə danışa bilməzdi və
yaxşı ki, qonşusu özü onu
danışdırdı, yoxsa utanardı, xəcalət çəkərdi.
Onun növbəsi çatana qədər qonşusu
danışdı, o da qulaq asdı və arabir də bu şəkildə
söhbətə qarışdı:
- Hə, heylədi. Hə, heylədi.
- Vəssalam.
Qonşusu birdən susdu. Əhməd
müəllim nə isə deməliydi, ancaq söz tapmadı,
lap axırda soruşdu:
- Biletin neçənci yerdi? - bu
“tapıntı”sına sevindi.
- Birinci salondu.
- Mənimki ikincidi.
- Birinci siz düşəssiz - qonşu yenə söz
tapdı.
- Siz də birinci minəssiz - Əhməd müəəllim
ikinci “tapıntı”sına az qala heyran
qaldı.
Qonşusu əlini-əlinə sürtüb dedi:
- Yaman soyuqdu.
- Hə, heylədi - lap yalandan gülümsədi,
gülməyə bir şey də yox idi. Susdular.
“İnsan nə qədər
danışar, ilahi”. Əsəbiləşdi.
Sonra qonşusuna nəzər saldı, nədənsə
ona yazığı gəldi və ürəyində ona haqq
qazandırdı. “Əşi, neyləsin
ee, indi hamının ürəyi doludu də, bir də ki... elə
götürək məni - indiyəcən yazdığım
romanları, povestləri, nə bilim hekayələri camaata
danışsaydım, söhbət eləsəydim, yəqin
ki, mənim də haqqımda belə fikirləşərdilər.
Mən bildiyimi yazıram, o da bildiyini
danışır, qoy danışsın nə olacaq.
Şifahi xalq ədəbiyyatıdır də...” Axırıncı fikrinə gülümsədi,
qonşusu hiss etmədi, Moskvada eşitdiyi təzə lətifələri
danışıb uğunurdu.
Təyyarənin pillələrini qoşa
çıxdılar. Yerindən asılı
olmayaraq, hamını içəri buraxırdılar.
Ayrılanda qonşusu dedi:
- Mənim qabağıma maşın gələcək,
bir yerdə gedərik, hə. Di sağ ol.
- Hələlik, sağ ol, - Əhməd müəllim
dedi və üzünü çöndərib ikinci salona gedə-gedə
fikirləşdi: “Hə, bir saat da Bakıda gözlə ki, bu
çamadanlarını alacaq”.
Dairəvi pəncərənin
qabağında yerini rahatlayıb oturdu. Təyyarədən aşağı baxmağı
xoşlayırdı. Adamların çoxu
ayaq üstə idi. Panamasını dizinin
üstünə qoydu, döş cibindən
darağını çıxarıb ağlı-qaralı
saçını geri daradı.
Orta yer hələ boş idi. Qıraqda isə
sarıyanız, yekəpər bir kişi
oturmuşdu. Əhməd müəllim onu görən kimi
fikirləşdi: “Beləsiynən qatarda gedəsən,
özü də bir kupedə, o xoruldaya, sən də bir
başına, bir də dizinə döyə-döyə gecəni
dirigözlü açasan”. Təyyarə ilə
getməyinə sevindi. Sarıyanız, yekəpər kişi boynunu güclə çöndərib
soruşdu:
- Baku?
- Net - Əhməd müəllim dedi.
- A kuda yeşşo? - gülümsədi.
- Yasamal.
- Nu i şutnik.
Əhməd müəllim fikirləşdi ki, indi
onların yanında oturan üçüncü adam gələndə bu kişi yerindən necə
qalxıb ona yol verəcək? Üçüncü adam gəldi də, yekəpər kişi durdu
da və Əhməd müəllim onu maraqlandıran sualın
cavabını gözü ilə gördü də - bu, altmış-altmış
beş yaşlarında nurani bir qadın idi, özü də
kənd adamına oxşayırdı. Kənd
adamı deyəndə ki, ömrünü rayon mərkəzindəki
məktəbdə keçirən müəllimə
oxşayırdı - özü də yaxşı nəsildən,
kökdən.
Əhməd müəllim özündən
asılı omayaraq, bir az ona tərəf
çöndü, yanakı oturdu - “görəsən bu
yaşda hardan gəlir belə?” bir az keçməmiş
başqa cür fikirləşdi: “Nə yaşı var ki,
çox olsa, məndən on-on beş yaş böyük
olar... Ancaq yaxşı qalıb, canı hələ suludu...”
Əhməd müəllim on beş il
bundan sonra ağlına gələcək fikirləri bəri
başdan yaşadı, deyəsən, özünü fikirləşirdi.
“Bir də ki, qadınlar tez düşür - çöldə
iş, evdə iş. Kişiyə nə var eyy...” Sağ əlini saçına çəkdi və
nədənsə “Moskva” mehmanxanasının foyesindəki bədənnüma
güzgünü xatırladı.
Ara səngimiş, hamı yerbəyer olmuşdu. “İndi nəyi gözləyirlər?”
Göypaltar qızın biri də burda
idi. O, qoca qadına yaxınlaşıb gülə-gülə
soruşdu:
- Yeriniz narahat deyil ki?
- Çox sağ ol, mənim balam.
Qız gülə-gülə də getdi, Əhməd
müəllim onun qarasına fikirləşdi: “Guya ayrı
kreslo gətirib qoyacaq ey... yeriniz narahat deyil ki...”
O, ətrafına boylanıb özündən
asılı olmayaraq, uzun oğlanı axtarsa da, gözünə
dəymədi və gözücü çönüb bir də
yanındakı qoca qadına baxdı; onun üzü uşaq
sifəti kimi tərtəmiz idi. Qoca qadın da bir anlıq ona
nəzər saldı - elə bil on-on beş
yaşlı bir qız uşağı
qırışların arxasından ona baxırdı.
- Bakıya gedirsiniz? - Əhməd müəllim
qayğı ilə soruşdu.
Qoca qadın da ona deyə bilərdi ki, məsələn,
Yevlaxa gedirəm - ancaq demədi:
- Bəli, Bakıya.
- Xeyir olsun belə? -gülümsəyib
qonşusunun ona verdiyi sualı təkrar elədi.
- Oğlumun biri burda olur.
- Hə, neylək, lap yaxşı.
- Biri burdadı, dördü Bakıda.
Əhməd müəllim ona tərəf
əyildi.
- Oğlunuz Moskvada nə işləyir?
- Tikintidə işləyir.
- Bakıda tikinti yox idi ki... - Əhməd müəllim
mehribancasına dedi.
Qoca qadın elə bil ki, bir az
bozardı.
- Nolar Moskvada olanda, ordakılar mənim
oğlumdan artıqdı?
- Yox - Əhməd müəllim gülümsəməli
oldu, - yoox, ona görə demirəm, bax budey ha, sizin
üçün gedib-gəlmək əziyyətdi də... ona
görə deyirəm.
- Hə, atana rəhmət, onu düz deyirsən...
Əhməd müəllim sözü dəyişmək
istədi:
- Neçə nəvəniz var?
- On beş.
- Moskvada? - Əhməd müəllim təəccübləndi.
- Yoox - qoca qadın güldü, - yox, Moskvada kəllədəgöz
bircə dənədi.
- Bəs heylə niyə?
- Nə bilim, arvadı deyib ki, biri bəsdi,
ömrümüzü çürütməyəcəyik
ha...
- Həəə... - Əhməd müəllim
əlavə etdi, - Allah saxlasın.
- Sağ ol, ay oğul... Bəs sənin
neçə uşağın var?
- İki oğlum var, bir qızım.
- Xoşbəxt olsunlar... bəri bax, özün nəçisən?
- Yazıçı... - Əhməd müəllim elə
bil ki, çəkinə-çəkinə dedi:
- Kitab-zad yazırsan?
- Hə...
Qoca qadın bu dəfə çönüb zəndinən
ona baxdı:
- Neçə kitab yazmısan indiyəcən?
- Nə bilim, bir on-on beş olar.
- Gözünün qarası gedər ki, ay bala... - qoca
qadın bu dəfə onun gözünün içinə dik
baxdı. Əhməd müəllim elə bil ki,
qadının ona baxdığından istifadə eləyib bir
sual da verdi:
- Bəs siz cavan vaxtı nə işində olmusunuz?
- Heç vaxt işləməmişəm.
- Niyə?
- Rəhmətlik kişi razı
olmayıb, - dedi və gözlərini bir nöqtəyə
zilləyib elə bil ki, o illərə qayıtdı. Deyəsən, Əhməd müəllim də bunu
hiss elədi, gözlədi, gözlədi... qoca qadın o illərdən
qayıdan kimi üzünə gülümsədi və onun
müəllim “fərziyyəsi” gözünün
qabağındaca boşa çıxdı.
Qoca qadın da onun üzünə gülümsəyib
soruşdu:
- Ay oğul, neçə yoldaşın var?
Əhməd müəllim çaşdı:
- Bir... -təəccübləndi.
Qoca qadın da təəccübləndi:
- Yox bir?
- Vallah...
- Ay oğul, bəs niyə belə azsınız?
Əhməd müəllim qoca qadının nə demək
istədiyini indi başa düşdü, gülə-gülə
dedi:
- Həəə... bildim nə
deyirsiniz, yazıçıları, şairləri deyirsiniz?
- Bəs nədi?
Əhməd müəllim təzədən
güldü:
- Çoxlu, çoxlu...
- Nə qədərdi, bir on nəfər var?
- Lap çoxdu, dörd yüzdən çoxdu.
- Hamısı da kitab yazır?
- Hamısı.
- Bıy, maşşallah - qoca qadının əli
ağzında qaldı.
Təyyarəçi motoru işə salandan bir az sonra bələdçi qızın səsi
gəldi. Əhməd müəllim bu mətni əzbər
bilirdi - ancaq yenə diqqətlə qulaq asdı, elə bil ki,
təzə söz eşidəcəkdi. Bələdçi
qızın “çıxışından” sonra qoca qadın
Əhməd müəllimə tərəf əyilib
soruşdu:
- Ay oğul, o nə deyir, heylə?
- Bizə salam verdi, sonra dedi ki,
yaxşı yol.
- Nə qanacaqlı qızdı, ay oğul?
- Hə, heylədi... - Əhməd müəllim dedi,
sonra da təəccüblə qoca qadının üzünə
baxdı, - siz birinci dəfədi, - əlini göydə
süzdürdü, -minirsiniz?
- Hə, ay oğul, birinci dəfədi, həmişə
qatarnan gedib-gəlmişəm, oğlum bu dəfə dedi ki,
vallah elə bil ki, yerdə oturmusan, bir də görəssən
ki, Bakıdasan, mən də sözünü
sındırmadım, ürəyim gəlmədi, dedim
uşaqdı, sözü yerə düşməsin... Qorxurdum, ay oğul, yaxşı ki, sənnən
qonşu oldumm... - Ümidlə ona baxdı, o da fikirləşdi
ki, uzaq olsun, Allah eləməmiş, bir şey olsa, mən nə
edə bilərəm?
Əhməd müəllim əvvəlcə aeroportun girəcəyində
onun kitabının üzünə baxıb əlini yelləyən
o “vicdansızı”, sonra növbədə onunla tay-tuşu
kimi danışan o uzun “tərbiyə görməmişi”,
göy paltarlı qızın qənşərindən
sıranın axırına adamların başı
üstündən ona salam göndərən “əng”
qonşusunu, qonşusunun təklifinə qarşı yekdilliklə
dik qalxan “çamadan ölüsü” insan sırasını,
qıraqdakı kresloya yayılıb “Baku?” deyən o
quşbeyini xatırladı, lap sonra da çönüb
yanında əyləşmiş qoca qadının üzünə
baxdı, onun üzündəki kədəri muğamat oxuyan
uşağın sifətindəki kədərə
oxşatdı.
- Sizin qardaşınız taksidə işləmir ki,
bağışlayın? - Əhməd müəllim
nəzakətlə qıraq kresloda oturan yekəpərdən
soruşdu. O, başını bulayanda elə bil ki,
bütün bədəni tərpəndi. Əhməd
müəllim bu yekəpəri onu aeroporta gətirən taksi
sürücüsünə bərk oxşatdı.
Qırx beş dəqiqəyə qədər yol gəldilər,
sürücü nə ağzını açıb bir kəlmə
danışdı, nə də bircə dəfə də olsun
ona tərəf baxmadı; elə bil ki, sükan arxasında
heykəl oturtmuşdular və bu “heykəl” heç vaxt bu
maşının içindən çölə
çıxmayıb. Əhməd müəllim bir az da dərinə gedib belə bir naqolay qərara
gəlmişdi ki, elə deyəsən bu “heykəl”i də
zavodda düzəldib sükan arxasına əyləşdirmişdilər
ki, get yüz il yaşa. Sürücünün
özünü belə aparmasını Əhməd müəllim
saymazlıq kimi qəbul eləyib durmuşdu yerində. Mehmanxanadan təyyarəyə qədər gəldiyi
bu uzun yolda gördükləri adamların içində
az-çox onun ürəyinə yatan vardısa, o da qoca
qadın idi.
Təyyarənin gurultusu
çoxalmışdı. O lap bərk
darıxdı, pəncərədən gözlərini
aeroportun binasına zillədi - bina içində adamlar
vurnuxan nəhəng akvarium kimi dayanmışdı. Ona elə gəldi ki, bu “akvarium” sınsa, içindəki
adamlar balıq kimi çapalaya-çapalaya boğularlar.
Yaşıl rəngli iki
yükdaşıyan maşın içi də dolu, çəpəki
istiqamətdə meydançanın sağ tərəfinə
aramla gedirdi. Bu da onun nəzərindən
yayınmadı. “Müasir arabalardır”.
O, kənddə doğulmuşdu - uşaq vaxtı bir
arabadan düşüb o birisinə minirdi və heç vaxt
darıxmırdı - indi yaşının bu vaxtında “Tu -
154” ona dar gəlirdi - qalmışdı dairəvi pəncərədən
boylana-boylana.
Araba haqqında uşaq vaxtı onun
özünəməxsus fikirləri vardı; eşşək
arabasından zəhləsi gedirdi, at arabasından da xoşu gəlmirdi,
çünki bərk gedirdi - yüyürüb çata
bilmirdi - minə bilmirdi. Ən çox
xoşladığı kəl arabası idi.
“O yaşıl yükdaşıyan maşınların əvəzinə
bura kəl arabası buraxasan, görən nə olar? Noolacaq, heç nə, deyəcəklər ki,
“ubrat!”
Təyyarə bir az da eşələnəndən
sonra meydança boyu süzüb ayağını yerdən
üzən kimi bir belə adamın hamısının
ayağını yerdən üzdü.
Hamı geri söykənmişdi, təyyarə
burnunu dik tutmuşdu.
O, kreslonun sağ əldəki düyməsini basıb
rahatlandı, gözünü yuman kimi elə
bil ki, göy paltarlı qız göydən düşdü:
- Xahiş edirəm, kəmərlərinizi
bağlayın, - ona dedi, o da göy paltarlı qızın
sözündən çıxmadı - xətri xoş olsun.
Hamı kəmərini bağladı - bircə
qıraq kresloda əyləşmiş o yekəpərdən
başqa; göy paltarlı qız da təkid eləmədi -
gördü ki, onun belinə heç örkən də
dolanmaz.
Bir azdan yekəpər qonşusu
başladı qurdalanmağa. Ayağının
altındakı əl sumkasını açıb içindən
çörək və kotlet çıxardı. Əhməd müəllimin bir gözü onda idi.
Yekəpər kişi dizinin üstünə
qəzet sərdi, ətli dizləri elə stol kimi düz idi,
ayrı şey lazım deyildi. Özündən
qabaqkı kreslonun arxasına bərkidilmiş balaca stolu
açsaydı, xirtdəyinə dirənərdi. Əhməd müəllim nə qədər eləyirdisə,
gözünü ondan çəkə bilmirdi - kotletləri və
təzədən çıxardığı kartof, yumurta
soyutmalarını sayırdı - dörd-beş adamın yeməyi
vardı burda. Əhməd müəllim də
iştaha gəldi. Ancaq özünə söz verdi ki, bu yekəpər lap onun
ayağının altına düşüb yalvar-yaxar eləsə
də, əlini vurmayacaq. Yekəpər yeməyə
girişdi və gözünün ucu ilə də ona
baxmadı, Əhməd müəllim əməlli-başlı
dilxor oldu. Üzünü çevirdi.
“Qabaqlarda təyyarədə əməlli-başlı
yemək verirdilər, onu da tərgitdilər”. Yekəpər yeyib qurtardı, ağzını silən
kimi göypaltar qız padnosu ona tərəf uzatdı.
- Bağışlayın, olar üç stəkan
götürüm? - Yekəpər göypaltar qızdan
soruşdu.
- Buyurun, buyurun, - göypaltar qız özünü
gülməkdən güclə saxladı, ancaq gülümsədi.
Yekəpər üç stəkan dalbadal
boşaldıb padnosa qoydu. Əhməd müəllim
dedi:
- Mən içmirəm, istəyirsiniz için, -
üzünü yekəpərə tutdu.
Yekəpər Əhməd müəllimin
də payını içib minnətdarlıqla onun
üzünə baxdı. -İndi yaşamaq
olar, - dedi.
Əhməd müəllimə
bıçaq vursan, bir damcı qanı çıxmazdı.
Qoca qadın da su içmədi. “Görəsən, onun da payını içərdimi
bu pəzəvəng?” Əhməd müəllim fikirləşdi,
özü də cavab verdi: “Lap
hamının payını içər, heç doydum da deməz
- görmürsən sıpa irtməyi qopardandı?”
Bu dəfə üzünü təmiz
çöndərdi, gəlib pəncərədən
tamaşa eləməyə başladı, yer
görünmürdü, elə bil ki, təyyarə
saysız-hesabsız pambıq tayalarının üstü ilə
uçurdu. “Görəsən, pambıq
zavodunun direktorunu güllələdilərmi?
Yazığın bir sürü uşağı qaldı
çöllərdə...”
- Ay oğul, qulağım batıb - qoca qadın dedi.
Əhməd müəllim onu başa
saldı ki, burnunu əli ilə tutsun, ağzını da yumub
güc versin, onda qulağı açılar. “Neynirsən,
rəhmətliyin qızı, qulağının
açılmasını, bu gurultunu, hay-küyü eşitmək
istəyirsən?”. Deyəsən,
qoca qadınla da “arası” belə dəydi.
Qoca qadın onun dediyi kimi elədi, sonra təəccüblə
çönüb ona dedi:
- Ay oğul, axı açılmadı...
- Açılar, açılar, - dedi, - bir az da güc ver, - özü də gülümsədi.
Qoca qadında güc hardaydı ki?
Əhməd müəllim özünə yer tapa
bilmirdi, axtarsaydı tapa bilməzdi; hərənin bir yeri
vardı, oturmuşdular...
Sola çönüb ikinci salonun tən ortasında sol
tərəfə yazılmış sözləri oxuyanda birdən-birə
bədəni buza döndü, elə bil bu iki kəlmə sözü
ilk dəfə görürdü: “Zapasnoy vıxod”.
Özünü ələ alandan sonra o sözlərin də mənasız
olduğunu belə sübuta yetirdi: “Yaxşı, tutaq ki, təyyarə
bax elə indi alışdı, mən də hamıdan igid
çıxdım, birinci açdım o “zapasnoy vıxod”u -
gedib hara düşəcəm... bəh, bəh, bəh...”
İstəyirdi ki, başının üstündəki
düyməni basıb göypaltar qızı
çağırsın və ondan soruşsun bu nədi belə,
camaatı dolamısınız - özünə
sığışdırmadı, abrına
qısıldı... Onun aləmində hər
yazının, hər sözün mənası
olmalıydı.
- Ay oğul, axı açılmadı, - qoca qadın əli
ilə qulağını göstərdi.
Deyəsən yekəpər də söhbətin
nədən getdiyini başa düşmüşdü. Bu dəfə
o, qabağa düşdü, Əhməd müəllimi
çətin vəziyyətdən qurtardı, cibindən bir
“vzlyotnıy konfet” çıxarıb qoca qadına verdi:
- Sor! Sor! - dedi.
Qoca qadın da bu dəfə
başladı konfet sormağa.
Əhməd müəllim yenə yekəpərdən
razı qalmadı. “Gör yola nə ehtiyatlı
çıxıb ey...”
Yekəpər kişi qoca qadına
verdiyi konfetin birini soyub öz ağzına atdı,
damağı ilə dilinin arasında sıxdı.
Bir azdan qoca qadın üzünü Əhməd müəllimə
tutdu:
- Ay oğul, qulağım lap batdı.
- Açılar, açılar, yerə düşəndə
açılar, mənimki də... - öz qulağını
göstərib bu sözləri güclə deyə bildi.
Qoca qadın onun nə dediyini yaxşı
eşitməsə də, başı ilə “göstərdiyi
bu oğulluq qayğısına görə” ona razılıq
elədi, gözlərini yumub başını geri söykədi. Əhməd müəllim də onun hərəkətini
təkrar elədi. Beş-on dəqiqə
keçməmiş göypaltar qızın səsi onların
ikisinin də gözünü açdı,
üçüncü - yekəpər başını geri
söykəmişdi, gözlərini yummuşdu, ağzı da
qapağı bir balaca sürüşmüş qazan kimi
açıq idi, özü də xoruldayırdı. Təyyarə bələdçisi danışıb
qurtarana qədər qoca qadın gözlərini onun
ağzına zillədi. Göypaltar qız təşəkkür
eləyib gedən kimi Əhməd müəllimdən
soruşdu:
- Ay oğul, o qız nə istəyirdi?
O, böyrü üstə əyilib ağzını
qoca qadının qulağına tutdu - elə bil sözlərini
mikrafona deyirdi:
- Heç nə istəmir, deyir ki, çöldə
altmış dərəcə maroz var...
Qoca qadın üşüyən kimi oldu:
- Bayaqdan elə bunu deyirdi? - soruşdu.
Əhməd müəllim yenə bayaqkı hərəkətini
təkrar elədi:
- Bir də deyir ki, təyyarəmiz yeddi kilometr yüksəklikdə
uçur, - dedi.
- Yox bir... - sağ əlinin baş barmağını
çənəsinə sürtdü.
- Vallah... - Əhməd müəllim and içdi.
- Birdən xarab olsa, biz neyniyərik, ay oğul, hə? -
Qoca qadın lap uşaq kimi qorxa-qorxa soruşdu.
- Xarab olmaz, - təmkinlə cavab verib yerində
qurcalandı və bu hərəkəti onun təmkininə bir
az xələl gətirdi.
- Nə bilirsən ki, xarab olmaz, ay oğul?
- Bilirəm, - çönüb qoca qadının
üzünə baxanda hiss elədi ki, qorxur... Söhbəti dəyişmək
üçün fikrə getdi:
- Sizi qarşılayan olacaqmı? - soruşdu.
- Hə, hə... Uşaqların biri gələr yəqin...
- Qoca qadın təyyarəyə minəndən bəri ilk dəfə
onun üzünə baxmadan dedi. - Gözü elə bil yol
çəkirdi.
Əhməd müəllim özünü zorlayıb
ona bir sual da verdi:
- İndi yoldu dayna, gedirik, deyin görüm nəvələrinizin
içində hansını çox istəyirsiniz? - Bu suala
qoca qadının verəcəyi cavabın ona zərrə qədər
də dəxli yox idi.
- Barmağın hansını kəssən, qan
çıxar, ay oğul. - Əlini qabağa
uzadıb göstərdi.
- Bəs deyirlər ki, barmağın beşi də bir
olmaz, hə?
- Barmağın elə beşi də birdi... - etiraz elədi.
- Axı bir dəyil, - Əhməd müəllim də əlini
azacıq havaya qaldırdı.
- Birdir, ay oğul, sənin gözünə elə
görünür, bir yaxşı-yaxşı bax...
Əhməd müəllim əlinə
baxıb gülümsədi, sözü-söhbəti qurtardı,
indi bəzi aşıqlar kimi “dalay-dalay” deməliydi.
Göypaltar qız yenə həmin yerdə
peyda olub üzünü sərnişinlərə tutdu, əlindəki
xilasedici sarı jiletə baxıb danışmağa
başladı. Qoca qadın yenə ona diqqət
kəsildi.
Əhməd müəllim belə söhbətlərə
çox qulaq asmışdı, ona görə də fikri
ayrı yerdə idi. O, saatına baxdı, yolun yarıdan bir az çoxunu gəlmişdilər. Pəncərədən aşağı baxdı,
onun pəncərədən gördüyü dağları elə
bil karandaşla çəkmişdilər. Göypaltar
qız çıxıb gedən kimi Əhməd müəllim
də üzünü qoca qadına çevirdi, öyrənmişdi,
bilirdi ki, yenə nə isə deyəcək, dedi də:
- Ay oğul, o təzə paltarları burda da göstərirlər,
mən elə bilirdim ancaq televizorda göstərirlər,
özü də o nə paltardı heylə, heç zənənə
yaraşmayan şeydi.
- Paltar dəyil ha o... - Əhməd müəllim
güldü.
- Bəs nədi?
-Baax, indi bizim təyyarəmiz ... yox... bilirsiniz o paltar dəyil,
xilasedici jiletdi, işdi-şayət təyyarə xarab olub dənizə
düşsə. Gərək hərəmiz ondan
birin geyək ki, batmayaq. O qız da onu başa
salırdı ki, nə təhər geymək lazımdır.
Qoca qadın böyrü üstə çevrilib onunla
üzbəüz oldu:
- Ay oğul, axı mən başa düşmədim,
niyə qabaqcadan demədin bir əməlli-başlı fikir
verəydim, uşaqlar məni gözləyir axı, -doluxsundu,
rəngi ağardı.
Əhməd müəllim də bərk narahat oldu:
- Siz qorxmayın, bizim təyyarəmiz suya düşməz,
- dedi.
- Bəs onda o qız dəlidi, başına at təpib
ki, yalandan... Uşaqlar məni gözləyirlər...
- səsi qırıldı.
- Siz narahat olmayın ey, bunların qaydası belədi -
Əhməd müəllim bir az
özünü itirdi.
- Yoox, ay oğul, mən bu işə qol qoya bilmərəm,
nə danışırsan, qızın başına at təpmiyib
ki, camaatın ürək-göbəyini qoparsın... yoox... o
deyirsə, demək, nəsə var, özü də hökumət
adamı... yoox... - yenə səsi qırıldı.
Əhməd müəllim nə qədər
əlləşdisə qoca qadını inandıra bilmədi,
elə dediyini deyirdi. Dediyini deyə-deyə
başını geri söykəyib gözünü yumdu,
dodağının altda nə isə deməyə
başladı. “Qoy yatsın, qoca
arvaddı, yorulub”. Pəzəvəng
qonşusu şirin-şirin yatırdı, dünya vecinə
deyildi.
Birinci salondan bir nəfər əlli-əlli beş yaşlarında kişi təyyarənin
quyruğuna tərəf gedirdi. Onların
yanından keçəndə yekəpər onun fikrini cəlb
elədi, sürətini azaltdı, eynəyini düzəldə-düzəldə
ona baxdı, gülümsədi, gözü qoca qadına
sataşanda bir an ayaq saxladı, sonra çıxıb getdi.
Qoca qadın əllərini dizlərinin
üstünə qoymuşdu. “Yazıq
arvad, yaxşı ki, yatdı. Elə də
qorxur ki, elə bil dünyanın axırı-zadıdır”.
Əhməd müəllimin
narahatlığından əsər-əlamət
qalmamışdı. Təyyarənin uğultusu elə
bil bir az azalmışdı. Göypaltar
qız həmin yerdə peyda olub dedi ki, Bakıda on səkkiz dərəcə
isti var. “Heyif dəyil öz yerimiz-yurdumuz”. Əhməd müəllim
üşüyən adam idi. Təyyarədəki
ənənəvi lent yazısı Bakının
qonaqlarını şəhərin görməli yerlərinə
dəvət eləyirdi. Əhməd müəllim
gözünü qabağa zilləsə də, hiss elədi
ki, yekəpərin yanında kimsə dayandı,
çönüb baxanda bayaqkı eynəkli kişini
gördü. Eynəkli kişi
qabağa əyildi, sağ əlini irəli uzatdı, baş
barmağı ilə qoca qadının göz
qapağını qaldırıb diqqətlə baxan kimi
qaşlarını çatdı, üzünü Əhməd
müəllimə tutdu:
- Ananızdı?
- Xeyir.
- Ölüb, - dedi və çıxıb getdi.
Əhməd müəllim fikirləşdi
ki, qaş düzəltdiyi yerdə göz
çıxardılar.
Seyran Səxavət
Ədəbyyat
qəzeti.- 2014.- 9 may.- S.6-7.