Məni ayaqqabı ilə qarşılayın

 

Mustafa Mərdanov -120

 

Menşeviklərin hərc-mərclik etdikləri illərdə Gürcüstanda teatr tamaşaları vermək çox çətin idi. Biz mühacirətə - Türkiyəyə getməyi qərara aldıq.

 

Çox çətinliklə də olsa, Batumdakı Türkiyə səfarətxanasından viza alıb İstanbula yola düşdük.

Yolda başımıza çox müsibətlər gəldi. Böyük minnətdən sonra biz Qafqaz cəbhəsindən qayıdan türk əsgərləri ilə dolu olan "Şilə" adlı bir gəmiyə mindik. Kapitanın icazəsi olmadan bizi kayutalara buraxmırdılar. Nəhayət, Batumda tamaşalarımıza baxan bir zabitin təvəqqesi ilə kapitan mərhəmətə gəlib kayutada getməyimizə icazə verdi.

Trabzondan təzəcə çıxmışdıq ki, böyük bir fırtına qopdu. Güclü dalğalar gəmimizi kos kimi atıb-tuturdu.

Dörd gün idi yol gedirdik. Yanacaq qurtarmışdı, gəminin qapılarını, döşəmələrini söküb yandırırdılar. Azuqəmiz də qurtarmışdı. Lap əldən düşmüşdük. Qafqaz cəbhəsindən qayıdan türk əsgərlərini bir yandan xəstəlik, bir yandan da aclıq pis vəziyyətə salmışdı. Gündə beş-on əsgər ölürdü, ölənləri isə dənizçilərin adəti üzrə ayaqlarına ağır daş bağlayıb dənizə atırdılar.

Bir gecə halım pisləşmişdi, təmiz hava udmaq üçün göyərtəyə çıxmışdım. Bir türk əsgərinin iniltisini eşitdim:

- Arkadaş, arkadaş!

Ona yanaşdım. Can verirdi. Məndən su istədi. Su gətirdim, ürək yanğısı ilə içib mənə - "sağ ol" - dedibir az rahatlaşandan sonra güclə eşidiləcək bir səslə pıçıldadı:

- Arkadaş… mən… ölürəm… İstanbula yolun düşsə, Kadıgöydə qoca bir anam var, artıq heç kəsim yoxdurona de ki, oğlun Nuru ürəyində onu görmək arzusu ilə öldü.

Xəstə əsgərin bu sözlərində yaşamaq həsrəti duydum. O vaxt öz-özümə belə fikirləşdim: "Görəsən bu minlərlə gənclərin günahı nədir ki, onları vətənindən, analarından, bacılarından, sevgililərindən ayırıb yad ölkələrə ölümə göndərirlər".

Xəstə əsgər anasının ünvanını dedi, mən cib dəftərçəmə yazdım. Səhər əsgəri yoxlamağa getdim.

Köhnə boz şinelini cənazəsinin üstünə sərmişdilər. Az keçmədi ki, bu zavallının da başqaları kimi, ayaqlarına daş bağlayıb dənizə atdılar.

Gəmidə bizim də vəziyyətimiz ağır idi. Acından gözümüzə yuxu getmirdi. Hər dəqiqə ölümü gözümüzün qabağına gətirirdik.

Nəhayət, səkkizinci gün İstanbula gəlib çatdıq.

Türkiyə aktyorları və ictimaiyyəti bizi çox yaxşı qəbul etdi.

"Tamaşa" jurnalının 1919-cu il mart tarixli 14-cü nömrəsində Türkiyənin müqtədir aktyorurejissoru Ərtoqrol Möhsün "azərbaycanlıların İstanbula ziyarətləri münasibəti ilə" adlı məqalə yazmışdı.

"…Azərbaycanlılar bundan dolayı mütəəssir olmalıdırlar. Çünki onların vəzifəsi uyuyan diyarın (İstanbulun - M.M.) xalqına bir parça zövq, bir parça gözəllik gətirməkdir. Onlar bizə kafi dərəcədə bunları gətirdilər. Min təşəkkür ediriz…"

Onu da qeyd etməliyəm ki, Ərtoqrol Möhsün İstanbulda verdiyimiz bütün qastrol tamaşalarımıza təmənnasız olaraq kömək edirdi.

Ərtoqrol Möhsün "Darülbədayi" teatrında işləyirdi. İstanbulda sözün həqiqi mənasında bir yaxşı teatr var idisə o da "Darülbədayi" teatrı idi.

Birinci tamaşamızı ("Arşın mal alan"ı) Sirkəçidəki "Millət" teatrında verdik. Onu da qeyd etməliyəm ki, qadınları o vaxt (1918-1919-cu illərdə) axşamlarteatra, nə də kinoya buraxmırdılar. Ona görə afişalarda həmişə belə bir yazıya təsadüf etmək olurdu:

"Gündüz qadınlara, gecə əfəndilərə məxsus".

Bina sahibi Aleksan əfəndi ilə bina üçün müqavilə bağladığımız zaman orada belə bir maddəyə təsadüf etdik: "Bufetçinin işinə qarışmamaq". Düşündük ki, bufetçi ilə bizim nə əlaqəmiz, qoy nə istəyir satsın. Ancaq sonra bu maddənin nə demək olduğunu, aktyor dili ilə desək, "podtekstini" (əsl mənasını) başa düşdük.

Tamaşa yenicə başlamışdı. Hələ Əsgər xalasına ürəyinin sirrini deyib qurtarmamışdı, birgördük ki, salonun qapıları taybatay açıldı, bufet xidmətçiləri əllərində limonad, dondurma içəri girib butulkaları cingildədərək bağırdılar:

- Hərarət yatızdıran qazos, xanımların ürəyini sərinlədən dondurma, ay qazos gəldi.

Lap mat qaldıq. Tənəffüs zamanı tamaşanın rejissoru Mirseyfəddin Kirmanşahlı tələsik bufetə yüyürdü. Bufetçi ona heç əhəmiyyət vermədi.

Kirmanşahlı:

- Ay canım, nə edirsiniz, tamaşa gedir, nə üçün səs salırsınız? - dedi. Bufetçi sakitcə cavab verdi:

- Rica edirəm, ticarətimizə mane olmayın.

O, teatr müdiri Aleksan əfəndinin yanına getdi.

Müdir dedi:

- Müqaviləyə baxın, orada aydın yazılıb: "Bufetçinin işinə qarışmayın!".

Nəhayət, biz bu maddənin məzmununu başa düşüb, bufetçiyə gündə, əlavə olaraq beş lirə verməli olduq.

"Arşın mal alan" tamaşası böyük müvəffəqiyyət qazandı. Bizi dəfələrlə alqışladılar. Rolları ifa edirdilər: Əsgər - M.S.Kirmanşahlı, Gülçöhrə - Vera Arsen, Xala - N.Kavtaradze, Telli - Asya xanım, Sultan bəy - Mustafa Mərdanov, Süleyman - İbrahim İsfahanlı, Vəli - Möhsün Sənani, Asya - Nina xanım.

"Arşın mal alan"ı İstanbulda 43 dəfə oynadıq. Bundan başqa İstanbulda "O olmasın, bu olsun", "Nadir şah", "Əsli və Kərəm", "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Bəxtsiz cavan", "Əlmənsor", "Dəmirçi Gavə", "Əlli yaşında cavan", "Evli ikən subay" tamaşalarını və bir neçə kiçik həcmli vodevilləri də göstərdik.

Tamaşalarımızın şöhrəti bütün Türkiyəyə yayılmışdı. İzmirdən, Bursadan da bizi tamaşa göstərməyə dəvət edirdilər.

Bir axşam "Evli ikən subay" operettasını oynayıb qurtardıqdan sonra yan lojaların birindən: "Rəqs istəyirik" - deyə bir səs eşidildi, bunu əvvəlcə zarafat bildik, sonra gördük ki, yox, bu ciddi xahişdir. Rejissorumuz onları başa salmaq üçün səhnənin qabağına çıxdı. Sərxoş bir tacir başda olmaqla, bir dəstə adam "rəqs istəyirik" - deyə çığırışdı.

Rejissorumuz M.S.Kirmanşahlı belə bir təhqirə dözməyib dedi:

- Rəqs istəyirsiniz, gedin şantana, bura teatrdır!

Bu sözlər xüsusən tacirə xoş gəlmədi o incimiş halda öz dəstəsi ilə salonu tərk etdi. Sabahısı gün tamaşaçıların sayı azalmağa başladı. Məlum oldu ki, həmin tacir İstanbulun mötəbər, nüfuzlu adamlarından biridir. O, kassanın qabağında öz adamlarını qoyub ki, bilet alanlara mane olsunlar.

"Tamaşa" jurnalının 15-ci nömrəsində redaksiya bu barədə belə yazmışdı:

"…Teatrın nəşr etdiyi proqramdan fazla bir şey istəmək qətiyyən bir həqq olmadığı kimi, adətə ziddir.

Məmləkətimizdə müsafir bulunan bu heyət təmsiləyə hörmətsizliklə şayan təəccübdür. Bu kimi əhvalə bir daha meydan verilməyəcəyini əhalimizin nəzakət xəlqiyyələrindən ümid ediriz".

Şübhəsiz ki, tacirlərin və burjuaziyanın mənafeyini güdən qəzetlər sərxoş taciri müdafiə edib, bizi onun "haqlı" təklifinə fikir verməyib, onu təhqir etməkdə töhmətləndirdilər.

Truppamızın rejissoru M.S.Kirmanşahlı bu töhmətlərə belə bir cavab yazdı:

"Hər kəsin bir qayəsi olduğu kimi, bizimbir qayəmiz var. Bir neçə ildir ki, səhnədə çalışırıq. Ona görə məlum etməyə məcburuq ki, biz Azərbaycandan buraya rəqs etməyə, yaxud komiklik yapmağa gəlməmişik. Bu qədər zəhmətə təhəllül etməyimizin səbəbi Azərbaycan hissiyyatını və teatrını göstərmək üçündürteatr əyləncə yeri deyildir. Teatra əylənmək məqsədilə gələnlər də böyük səhv edirlər. Ondan ötrü əylənməyə məxsus şantanlar vardır və bizim məqsədimiz camaatı əyləndirib para qazanmaq olsaydı, gəldiyimiz zaman bir neçə nəfər rəqqasə gətirərdik. Həm camaatı əyləndirərdik, həm də özümüz pul qazanardıq".

Bir neçə gün keçdikdən sonra vəziyyət yenə də dəyişdi, tamaşa salonu ağzına kimi adamla doldu. İşlərimizin yaxşı getməsinə baxmayaraq, yenə də vətən həsrəti ürəyimizdə coşub-daşırdı, tezliklə evimizə qayıtmaq istəyirdik.

Bu vaxtlar fransanın "Pate" kino-film kampaniyasının müvəkkili bizim "Arşın mal alan" tamaşamızı görüb, onu ekranlaşdırmaq niyyətində olduğunu bizə bildirdi. Bu münasibətlə "Pate" kampaniyasının sədr müavini yanımıza gəlib bizi Parisə dəvət etdi. O, təklif etdi ki, Parisdə "Arşın mal alan"ı biz on dəfə oynayaqsonra tamaşa ekranlaşdırılsın.

Bir neçə gün davam edən böyük mübahisədən sonra biz Parisə yox, tezliklə Qafqaza, doğma vətənimizə qayıtmaq qərarına gəldik.

Şübhəsiz, Fransaya getməməyimizin bir səbəbi də "Pate" kino-filmi kampaniyasının bizimlə çox ucuz qiymətə müqavilə bağlaması idi.

"Teatr" jurnalının redaktoru Tahir bəyin xahişi ilə Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının mətnini ayrıca kitabça şəklində çapdan buraxdıq. Bu, Türkiyədə nəşr edilən ilk opera əsərinin mətni idi. Kitabça Azərbaycan musiqili dram kampaniyasının nəşri markası ilə buraxıldı. Min tirajla nəşr edilən bu kitabça bir həftənin içərisində satılıb qurtardı.

İstanbulda olduğumuz zaman buraya bir çox teatr kampaniyası gəlmişdi. Mən onlarla çox maraqlanırdım, boş vaxtlarımda gedib onların tamaşalarına baxırdım.

Fransanın məşhur "Le komedi fransez" aktyorlarından bir dəstə İstanbula gəlmişdi. Bu aktyorların sənətkarlığını tam mənası ilə təyin etmək üçün, onların Molyer ilə Bomarşenin əsərlərini necə oynadıqlarına baxmaq lazım idi.

"Don-Juan" ilə "Jorj Danden"i fransız aktyorlarının ifasında gördükdən sonra bu əsərləri Azərbaycan dilinə tərcümə etməyi qərara aldım. Tiflisə qayıdan kimi "Jorj Danden"i tərcümə etdim. Baş rolu Mirzəxan Quliyev ilə özüm oynadım. fransız aktyoru Koklenin (kiçiyinin) Jorj DandenSqanarel rolunu oynaması mənim xəyalımdan çıxmırdı. O, bu rolu nə qədər səmimi və təbii oynayırdı. Etiraf etməliyəm ki, mən bu rolları, əvvəlcə Tiflisdə, sonralar isə Bakıda böyük fransız aktyoru Koklenin təsiri ilə oynadım. Onu da qeyd etməliyəm ki, Kokleni sadəcə olaraq təqlid etmək yolu ilə getmirdim. Bilirdim ki, bu gözəl sənətkarı yamsılamaqla yox, onun aktyorluq məharətindən öyrənməklə həmin rolları yaxşı oynamaq olar.

Məhz buna görə "Don-Juan"da oynadığım Sqanarel, "Jorj-Danden"də oynadığım Jorj Danden həyati bir obraz kimi tamaşaçılar tərəfindən səmimi qarşılandı.

İstanbuldakı qastrolumuzu qurtarmışdıq. Yerli mətbuat və ictimaiyyət tamaşalarımız, ayrı-ayrı aktyorlarımız haqqında müsbət fikirlər yazmışdı. Görkəmli sənətkar Əşrəf Yüzbaşov barədə "Tamaşa" jurnalı belə yazmışdı: “Kampaniyanın pək möhtərəm bir siması olan Əşrəf Yüzbaşov bizə canlı bir Məşədi İbad göstərdi...”

Həmin jurnalda Möhsün Sənaninin haqqında da bu sözlər yazılmışdı: "İstanbul xalqını sehrləyən bu gənc, çevik sənətkar bilxassə oynadığı Hambal rolu ilə müvəffəqiyyətin yüzdə əllisini təmin etdi. Memafe biz onun həqiqi sənət yolunun yolçusu olmasını tərcih ediriz. Var qüvvəyi-səyiyə verərək çalışarsa, Qafqazın irəli gələn müməsillərindən biribu olacaqdır".

Mənim barəmdə jurnal 43 il bundan əvvəl yazmışdı:

"Həyatda həlim, səlim və bütün qüdrət və məziyyətini inkar edən bu gənc, eyi bir ustad əlində, xariqələr göstərəcək dərəcədə istiqbal-bədaiyyə vəd rəfah ediyor. Bizə Qafqazın… bütün xituti müəyyən tiplərini göstərənlərdən biriMustafa Mərdanovdur".

Qastrolumuzu qurtarıb Qafqaza yola düşdük.

Menşevik hakimiyyəti illərində bütün Gürcüstanı qətl və qarət bürümüşdü. Batumdan Tiflisə gedən qatarları yolda quldurlar saxlayıb sərnişinləri soyurdular. Hökumət bu biabırçılığın qarşısını almaq üçün heç bir tədbir görmürdü.

Mən Batumdan Tiflisə gələrkən qatara qarətçilər soxulub sərnişinləri soymağa başladılar. Hava işıqlananda gördüm ki, çamadanlarımı və tuflimi aparıblar, əynimdə bir şalvar, bir də qaranlıqda yerə düşmüş yay paltosu qalmışdı. Tiflisə - evimizə belə bir teleqram vurdum:

"İstanbuldan gəlirəm, məni vağzalda ayaqqabı ilə qarşılayın".

Tiflisə çatanda gördüm ki, bacım vağzalda, əlində ayaqqabı məni gözləyir.

 

Ədəbiyyat qəzeti.- 2014.- 9 may.- S.10.