Alzqeymer

(Esse)

  

 Payızda yarpaqlar saralıb ağacdan tökülürsə, gözəllikdi. Yazda, yayda - xəstəlik. Alzqeymer -beyin hüceyrələrinin vaxtından əvvəl ölməsidir - yaddaşın günbəgün azalması, itməsi. Sonda isə xəstələr öz doğmalarını belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər.

Əsrimizin hələlik müalicəsi mümkünsüz xəstəlikləri sırasında "Alzqeymer"in xüsusi yeri var. Dünyada (sayı günbəgün artan) 35 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Alzqeymer - Birləşmiş Ştatlarda ölümə səbəb olan 6 əsas xəstəlikdən biridir.

Dünya həkimlərinin hələlik çarəsini tapmadığı bu qorxunc, faciəvi ölümə aparan xəstəliklə iki yolla mübarizə apara bilərik:

Sistemli, mütəmadi mütaliə (təfəkkürün stimulyasiyası) və evimizdə, şəhərimizdə, ölkəmizdə, dünyada yaddaşımıza həkk olan tarixi, mədəni, ictimai, şəxsi və s. dəyəri olan hər hansı abidəni, əşyanı, əsəri və s. qorumaqla.

Çox təəssüflər olsun ki, məlum elmi statistik məlumatlardan aydın olur ki, ölkəmiz hər min nəfərdən kitab oxuyanların sayına görə dünyada axırıncı yerlərdən birini tutur.

Təəssüflər olsun ki, yüz il əvvəl C.Məmmədquluzadənin, N.Nərimanovun, S.S.Axundovun, Ə.Haqverdiyevin, Sabirin, Hadinin, kimlərin, kimlərin yana-yana kitab oxumağa çağıran, hayqıran səslərinin aktuallığı zərrə qədər də azalmır, əksinə, günbəgün hava, su kimi zərurətə çevrilir.

Bir dəfə televiziyada mənə verilən "gözəl olmaq üçün nə etmək lazımdır?" - sualına "kitab oxumaq", - dedim. Gülüşdülər. İzah etdim ki, görürsünüzmü, savadlı, güclü mütaliəsi olan din xadimlərinin və ya hər hansı peşə sahiblərinin üzündə nur, kəhrəba cazibəsi, çörəyin ətri kimi müqəddəslik, işıq olur. Hətta üz cizgiləri məlum gözəllik standartlarından, ölçülərindən kənarda olan istənilən adam - yaşından, cinsindən, tutduğu mövqedən asılı olmayaraq gözəl görünür. (Əgər mütaliəsi qədərincədirsə!..).

Kitab oxumayanlarda əksinə... (Hətta o şəxs din xadimi olsa belə).

Təkrar edirəm, əsrimizdə dünya tibb alimlərinin fikrinə görə, mütaliəsizlik eybəcərliklər - cəhalət, cinayətlər və s.-dən başqa həm də ən pis xəstəliklərdən olan "Alzqeymer"in inkişafına yol açır.

Bu xəstəliyə yol açan ikinci səbəb, mübarək yaddaşımızm məlum möhürlərini öz əlimizlə məhv etməyimizdir.

Gözlərimizin önündə İçərişəhərimizin ciyərini sökdülər. Neçə-neçə qədim abidəsinin yerində müasir "qutular" tikdilər...

Hər dəfə fəvvarələr meydanından, kilsənin yanından Mərkəzi univermağa tərəf gedəndə hələ yaşımızdan əvvəl mövcud olan balıq dükanının yanından keçəndə burnumuza məlum hisə verilmiş balıq iyi gəlirdi.

Ta gəncliyimizdən biz o dükana girməsək də, bu iy bizim yaddaşımızdaydı... (Məkandan söhbət düşəndə belə). İndi o dükanın içində pal-paltar satılır. (Nənəm deməli - "cır-cındır"). Fəvvarələr meydanının yanındakı kitab pasajının hücrələri də eyni taledə.

Mən illərdi, hətta tələsik o kitab pasajının önündən keçəndə belə, o kitabların "çörək ətrindən", əslində elə "kitab ətrindən" ciyər dolusu udar, yoluma davam edərdim. Biz "səksənincilər" o kitab rəflərinə günəşə, aya baxan kimi baxar, hər təzə kitaba toxunanda ilk məhəbbətin "göyərçin əllərini" ovcumuzda tutardıq.

"Azərnəşr"in gözəl tarixi binasını özəl banka çeviriblər. O gün onun qarşısından keçirdim. Önündə ayaq saxladım...

Yadıma keçmiş əyyamlar düşdü: Bu binadakı nəşriyyatlar, aşağı mərtəbəsindəki mətbəə, kitaba ruhuyla, qanıyla bağlı, ona can verən gözəl insanlar...

Doxsanda üçüncü mərtəbədə Leninin başsız, tərsinə üzü divara çevrilmiş heykəli və biro binanın bütün mərtəbələrindən gələn o müqəddəs kitab iyi.

Həssas burnumla heç kimin sezə bilmədiyi bir tövrlə, o binanı bir də iylədim. Çox zəif kif iyi gəlirdi. Ancaq bu iy Fleminqdən 1000 il (!) əvvəl Şamaxının Məltəm kəndində olan Loğman babamızın kif göbələklərindən hazırladığı məlhəmin (penisillinin) iyi deyildiola da bilməzdi...

Y.Məmmədəliyev küçəsindəki məşhur arxitektor "Atlantlar" olan bina söküləndə YUNESKO-nun, Koreyadan olan nümayəndəsinin hönkür-hönkür ağlamağını gözlərimlə görmüşəm. Bir bazar günüydü. Mən ona yaxmlaşdım. O qədər özümü itirmişdim ki, heç olmasa cib telefonumla o mənzərəni çəkə bilmədim.

Hə, yadıma düşdü ki, belə bir mənzərəni birteleviziya ekranlarında son İraq müharibəsində - Bağdadda qədim muzey dağıdılıb, qarət olunanda görmüşəm. Adını unutduğum amerikalı qadın professor hönkür-hönkür ağlayırdı...

Mənim bir şair kimi yadıma Koroğlunun Qıratı qaçıran Həmzəyə ürək dağlayan hayqırtısı düşdü:

"Əylən deyim Qıratın qiymətini..."

Görəsən bu dağıtdıqlarımızm qiymətini bilirikmi? Məhv olan - həyatımız, sağlamlığımız, bu günümüz və sabahımızdır.

Bu yanıqlı xatırlamalar, sadalananlar uzun olar deyə, elə buradaca kəsirəm. Ancaq mən bir həkim kimi bilirəm ki, tarixi abidələri məlum çoxşaxəli maddi və mənəvi dəyərlərindən başqa, həm də ona görə sökmək olmaz ki, bu ağır, qarşısıalınmaz Alzqeymer kimi qorxunc xəstəliklərin kütləviliyinə gətirib çıxara bilər. Elm artıq bunu sübut edib. Əlavə misallarla, faktlarla sizi yormaq istəmirəm.

…Gəlin, həyətimizin, evimizin dörd divarı arasına çəkilməyək. Bu, qarşıdan gələn əzablı ölüm deməkdir.

"Dəniz"i xilas etmək lazımdır. Dəniz suyunu vannaya ya hovuza töksən, daha dəniz suyu deyil! Necə ki, gözəl mavi dənizdən əyilib bir ovuc su götürsəniz, ovcunuzdan mavilik axıb gedər, ovcunuzda ölü su qalar.

  

Paşa Qəlbinur

 

Ədəbiyyat qəzeti.- 2014.- 9 may.- S.11.