Nazim Hikmətə
Əzaba bax,
Nazim, əzaba,
Təzada bax,
Nazim, təzada -
Sən bir
ceviz ağacısan
Gülhanə parkında...
Mən bir
qəm ağacıyam
Bu yer üzündə...
Sən Bursadan
gəldin,
Mən
qarlı Sibiryadan.
Əzaba bax,
Nazim, əzaba,
Təzada bax,
Nazim, təzada...
Sən Leninə
sığındın,
Babam Atatürkə.
Sən Leninə
şeir yazdın,
Mən Atatürkə.
Əzaba bax,
Nazim, əzaba,
Təzada bax,
Nazim, təzada...
Özün yazdın:
“Sən yanmasan,
Mən yanmasam,
biz yanmasaq,
Necə çıxar
qaranlıqlar aydınlığa”...
Yandın, Nazim...
Yandım, Nazim...
Kimlər
çıxdı? ...
Qaranlıqdan aydınlığa,
Kimlər?!...
Nazim?!...
Sən köçüb gedəli...
Yenə ürəyimdə
söz düzüm-düzüm,
Dərd
də dərd gətirir, heç gülməz üzüm.
Məni kim anlayar, ay canım-gözüm,
Sən köçüb
gedəli, ay Məmməd
Araz,
Dərdimi
deməyə bir kimsə yoxdu.
Sözün çəkisini
aldılar, dədə,
Onu
qiymətdən də
saldılar, dədə.
Nadanlar dünyaya
doldular, dədə,
Sən köçüb
gedəli, ay Məmməd
Araz,
Dərdimi
deməyə bir kimsə yoxdu.
Şair könlüm
nə dincəldi, nə yatdı,
İndi
sözlər söz
ha deyil, boyatdı.
Hər sözün
sinəmdə bir amanatdı,
Sən köçüb
gedəli, ay Məmməd
Araz,
Dərdimi
deməyə bir kimsə yoxdu.
Nə o dövran,
nə o çağlar
qalıbdı,
Sən getdin,
dərələr, dağlar
qalıbdı...
“Buludlar qalıbdı,
ağlar qalıbdı”...
Sən köçüb
gedəli, ay Məmməd
Araz,
Dərdimi
deməyə bir kimsə yoxdu.
Ömürdən bir qatar
keçir
Yoluma göz
dikib bir dəmir yolu,
Bu gecə ömrümdən
keçər bir qatar.
İllərim vaqona
sərnişin olub,
Beləcə ömrümdən
keçər bir qatar.
Vaqonun birində
uşaqlığımdır,
Könlündə
bir azca ağrı-acı var.
“Ana” vağzalında dayanır qatar,
Ana laylasına ehtiyacı var.
Vaqonun birində
məhəbbətimdir,
Özü
öz yükünü
daşıya bilmir.
“Hicran” vağzalında
dayanır qatar,
Bir
gözəl gözünün
yaşını silmir.
Vaqonun birində
sevincim, qəmim,
İkisi
bir yerə sığışa bilmir.
Buluda qoşulub
uçan arzular,
Ömrün
qatarına yığışa
bilmir.
Ömrümdən beləcə keçir bir qatar,
Keçdikcə
sinəmdən izi silinmir.
Sonuncu vaqonda
ömrümün yolu
-
Hələ
ünvanının sonu
bilinmir.
Bu şerin
Bu şerin əlindən
elə doymuşam,
Yazıb,
qaralayıb, pozan deyiləm.
Daha ürəyimi dincə qoymuşam,
Daha
birini də yazan deyiləm.
Bilmirəm hayandan
tapıb qəlbimi,
Peşəmdə
ilhamı oxşamaq olub.
Talayıb qəlbimi,
çalıb qəlbimi,
Qazancım
yuxusuz axşamım olub.
Arxalı nadanlar
önümü kəsib,
İllərlə
içinə yığılıb
ürək.
Beləcə ömrümü,
günümü kəsib,
Bir
nadan əlindən dağılıb ürək.
Üzümə çırpılıb
meşin qapılar,
O qədər içimdə
boğulub şerim.
Nə vaxtsa
qəlbimi duyan tapılar,
Mən
istəməsəm də
doğulub şerim.
Sinəmi göynədən
sözlərim olub,
Deyə
bilməmişəm, yığılı
qalıb.
Bir dilsiz, kədərlə gözlərim
dolub,
Nəğməm
bayatılı, ağılı
qalıb.
Bu şerə beləcə
qarışıb başım,
Duyğular
selində itib-batmışam.
Özümdən xəbərsiz
çoxalıb yaşım,
Ömrün
qürubuna gəlib çatmışam.
***
Hərdən mən
özümlə qol-boyun
olub,
Tənha
dolanaram küçələri
də.
Bir dilsiz kədərlə
gözləri dolub,
Özümə ağlaram
gecələri də...
Gecənin qoynundan
qəfil səs düşər,
O səsin sehrinin
əsiri ollam.
Gecənin qoynundan
bir qız ötüşər,
O gecə o qızın
yesiri ollam.
Sözlərim sinəmdə
bir yaz yağışı,
Yağar
narın-narın gözümnən
mənim.
Demə bəd
nəzərin tutub qarğışı,
Xəbərim
olmayıb özümnən
mənim.
Dolaşıb bu
yurdu dərviş sayağı,
Gəzərəm
sinəmdə söz düzüm-düzüm.
Gedər gözlərimin
qarası, ağı,
Kim məni anlayar, ay canım, gözüm.
Sındırıb özümü əyə
bilmərəm,
Mən
başdan-ayağa dərdəm,
dözüməm.
Neyniyim, özümü
öyə bilmərəm,
Mən
elə nəyəmsə,
vallah, özüməm.
Çoxluq arasında
tənha adayam,
Özümdən
özümə bircə
yolum var.
Hələ yazılmamış
qəmli odayam,
Qarşıda
ya “ölüm”, ya da “olum”
var.
Niyə
ögey baxdı
bu kənd üzümə
Niyə ögey
baxdı bu kənd üzümə,
Niyə
tanımadı bu cığır, bu iz?
Gedirəm, ayağım
baxmır sözümə,
Cığır
həmin cığır,
düz də həmin düz.
İçimdə boğulur səsim, gileyim,
Dilim
söz tutmayır, danışammıram.
Yurddan uzaq
saldı məni taleyim,
Daha
taleyimlə barışammıram.
Bu da ocaq daşı, bu da yurd yeri,
Bəs
hanı istisi, isinə qəlbim.
Günlər, keçən
günlər dönəydi
geri,
Uçub
qarışaydı səsinə
qəlbim.
Gözümün içində
qəmim dil açır,
Kədərim
köklənir bir simin üstə.
Yenə xəyalımda
bir uşaq qaçır,
Yolları
yığılır köksümün
üstə.
Bu da qürub yeri, düşüb köçhaköç,
Nur
üzlü qocalar seyrəlib gedir.
Gəldim, gəlişimə
sevinmədi heç,
Gedirəm,
ürəyim kövrəlib
gedir.
Köçün hayanadı,
ay Dərviş Vəli
Yenə o dağlara
duman-çən düşüb,
Seyrələn
saçıma seyrək
dən düşüb.
Mən sevən
dostlar da daha gen düşüb,
Köçün hayanadı,
ay Dərviş Vəli?..
Gəzdin oba-oba
eli, aləmi,
Köksündə
göyərdi bu yurdun qəmi.
Sinən özün
boyda bir səyyah gəmi,
Köçün hayanadı,
ay Dərviş Vəli?..
Getdi, gözləriyin getdi yuxusu,
Getdi,
ömürün də
getdi çoxusu.
Qaldı barmağında
tütün qoxusu,
Köçün hayanadı,
ay Dərviş Vəli?..
Ömrün uralanmış
bostan urası,
Hələ
harasıdı, hələ
harası?
Hələ qarşıdadı
bundan sorası,
Köçün hayanadı,
ay Dərviş Vəli?..
Daha pərvazlanıb heç uçmaq olmur,
Dərd
də dərd gətirir, heç qaçmaq olmur.
Eləmi
dünyadı, baş
açmaq olmur?
Köçün hayanadı,
ay Dərviş Vəli?..
Seçim... hayanadı,
ay Dərviş Vəli?..
Çıxart köynəyindən
sazı, Ədalət
Bəlkə nəğmələrim
könül oxşamır,
Bəlkə
də kiminsə qəlbinə yatmır.
Al mənim əlimdən,
al bu axşamı,
Duyğusu sinəmə
heç cürə yatmır, -
Çıxart
köynəyindən sazı,
Ədalət.
Sinəm göl
yeridir, nəmi qurumaz,
Köksümün
altında qəm gecələyər.
Daha gözlərimin nəmi qurumaz,
Dindir sarı
simi bir gecəliyə, -
Çıxart
köynəyindən sazı,
Ədalət.
Bu könlümə o barmağın həyandı,
O barmağın ağrısını
alım mən.
Bəlkə Vidadinin
ruhu oyandı,
O barmaqdan qoy asılı qalım mən, -
Çıxart
köynəyindən sazı,
Ədalət.
Duman gəlib yolu-izi bağlayıb,
Ərzurumun
gədiyində qar qalıb.
Bu torpağın anaları
ağlayıb,
Bu torpağın sinəsində
qor qalıb, -
Çıxart
köynəyindən sazı,
Ədalət.
Kərəm köçdü,
Əsli köçdü
dünyadan,
Ərzurumun
gədiyini qəm yuyur.
Neçə yurdun
nəsli köçdü
dünyadan,
Hələ çox
dərd neçə daşda uyuyur...
Çıxart
köynəyindən sazı,
Ədalət.
***
Bu nə qanun, bu nə qayda,
Sən nə
hayda, mən nə hayda?..
İynənin ulduzu
boyda
Hanı
əl yeri, əl yeri?
Oyanaydım qəfil
səsdən,
Hardasan,
ay boyu bəstəm?
Yolunu sal
sinəm üstən,
Di gəl, gəl yeri, gəl yeri.
Dərsimi almışam
haqdan,
Məni
qınama nahaqdan.
Dərviş Vəli,
ağlamaqdan
Sinəm
göl yeri, göl yeri.
***
Baxmaz nəyin
bürküsüdü,
Bölgü nəyin
bölgüsüdü,
Baxmaz ki,
qıl körpüsüdü,
Dözüb
keçər Dərviş
Vəli.
Çox çıxıb
ömrün yasından,
Ömür
itdi həyasından.
Neçə qəmlər
dəryasından
Üzüb
keçər Dərviş
Vəli.
Çox yandırıb
söz ömrünü,
Qarçalayıb düz
ömrünü,
Şərab kimi
öz ömrünü
Süzüb
içər Dərviş
Vəli.
Vəli
Xramçaylı
Ədəbiyyat qəzeti.- 2014.-
9 may.- S.12.