Böyük ədəbiyyatı
böyük xarakter
yaradır
Müsahibimiz
xalq şairi
Nəriman Həsənzadədir
- Nəriman müəllim, bəri başdan deyim ki, "Ədəbiyyat qəzeti"nin yaradıcı kollektivi sizə salam göndərib. Elə gün olmaz ki, sizinlə bərabər işləmiş Atababa müəllim, Xeyransa xanım, Elmira xanım sizi səmimi duyğularla xatırlamasınlar. "Ədəbiyyat qəzeti"nə başçılıq etdiyiniz illəri qızıl dövr adlandırırlar. Ötən günlərə heyifsiləndiklərinin, işlərin müşkül çağında "İndi hardan alaq Nəriman müəllimi?" - deyə sual etdiklərinin çox şahidi olmuşam…
- Sağ
olsunlar. İndi cəmiyyətin ən çox kasadlıq
çəkdiyi qədirbilənlik hissidi. "Ədəbiyyat
qəzeti"ni mən həmişə öz doğma evim
bilmişəm. Ömrümün-günümün ən
gözəl anlarını yaşamışam o illərdə.
Hərdən yada salanda rəhmətlik Əli Kərimin
misraları
düşür yadıma: "Necə xoşbəxtəmmiş,
bir zaman, Allah! Necə xoşbəxtəmmiş xoşbəxt,
nə xoşbəxt!". Bu xoşbəxtliyin
bir əsas tərəfi də yaxşılıq duyğusuyla
bağlıdı. Yəni bu gün mən "Ədəbiyyat
qəzeti"ndə mənimlə bir yerdə
çalışmış insanlarla üzbəüz gələndə,
yaxud xatirələrini yad edəndə heç bir xəcalət
duyğusu keçirmirəm, əzəlki
mehribanlığı, xətir-hörməti necə var elə
görürəm. İnsan ilk növbədə xeyirxah
olmalıdı. Xeyirxahlıq hissi olmayan hökmdarı da
bağışlamırlar. Unutmamalısan ki, səni öz
doğma övladın da ölçür ki, görsün sən
haracansan… Heç bir yaxşılıq itmir, deyilir. Bu, cəmiyyət
qanunudur.
- "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işlədiyiniz illəri necə xatırlayırsınız?
- Məni bu vəzifəyə
dahi şəxsiyyət Heydər Əliyev təyin etmişdi.
O vaxt Yazıçılar İttifaqında həm partiya təşkilatı
katibi, həm "Azərbaycan" jurnalında poeziya
şöbəsinin müdiri işləyirdim. Ədəbiyyat Fondunun direktoru vəzifəsini də
katiblik mənə tapşırmışdı.
Yeni təyinatla
bağlı Heydər Əliyevin qəbulunda olarkən onunla səmimi
söhbət etdik. Təklif etdi ki, "bəlkə
Yazıçılar İttifaqının partiya katibliyində
də qalıb işləyəsən?"
Ona yalan vəd verə bilməzdlim. İki vəzifə ağır olardı. Yazıçılar İttifaqının mürəkkəb
bir yaradıcılıq təşkilatı olduğunu
özü bilirdi. Həmin görüşdə Heydər
Əliyev mənə qəzet barədə qəzetçilik
işiylə bağlı qiymətli tövsiyə və
tapşırıqlarını verdi. O
söhbətləri bu gün də minnətdarlıqla
xatırlayıram. Heydər Əliyev ədəbiyyatımızı,
yazıçılarımızı, mətbuatımızı,
eləcə də mətbuat işçilərini qiymətləndirir,
onların əməyinə, şəxsiyyətinə hörmət
edirdi. Onun yanından insan
böyüyüb çıxırdı. O böyük
şəxsiyyətin böyük xeyirxahlıqla, səbir və
təmkinlə dediyi qiymətli fikirləri mən o vaxt tezislər
şəklində dəftərimə
köçürürdüm ki, arada fikir ötürməyim.
Beləliklə, qəzeti demək olar ki,
bu tezislər əsasında unudulmaz insanlarla birlikdə
buraxırdıq. Heydər Əliyev
"Ədəbiyyat və incəsənət" qəzetinin
ideya müəllifi, birinci abunəçisi və oxucusu idi.
O, qəzetin baş redaktorundan tutmuş, redaksiya heyətinə,
əməkdaşlarına qədər hamısını
tanıyan və hörmət edən Azərbaycan
Respublikasının birinci şəxsiyyəti idi.
Belə
şeylər heç vaxt unudulmur və təbii ki, zaman-zaman
yada düşür.
- Nəriman
müəllim, ulu öndərin fikirlərindən, qəzetlə
bağlı tövsiyələrindən daha çox nələr
qalıb yadınızda?
- O fikirlərin hər biri mənə əziz
və unudulmazdır. Deyirdi ki, gündəlik
işimizin həm müsbət, həm də mənfi cəhətlərini
bütün reallığı ilə əks etdirmək
lazımdır. Yazıçı
mövqeyinizin aydın olmasına çalışın.
Oxucu düzgün istiqamətləndirilməlidir.
Bu proses çox incə və zərif olmalıdır. Fikirlər əsl yazıçı kimi, bədii
sözün gücü ilə deyilməlidir. Şablona
yer vermək olmaz…
Heydər Əliyevin tövsiyələridir:
"Siz gərək özünüz bir-birinizin xeyirxahı
olasınız… Qəzetdə gedən materiallarda üslub
müxtəlifliyinə diqqət verin…Tənqid - kəskin,
düzgün və xeyirxah olmalıdır. Tənqid əsəri
yerə vurmaq, müəllifi öldürmək
üçün yox, kömək üçün
yazılmalıdır. Təəssüf ki, tənqid bəzən
sinfi düşmənçilik yaradır. Sağlam şərait
isə qalır kənarda… Azərbaycançılıq - yalnız
adda yox, xarakterdə olmalıdır; "Ədəbiyyat və
incəsənət" qəzeti yaradıcılıq
ittifaqlarının qəzetidir… "Literaturnaya
qazeta"nı etalon götürün. Həmin
qəzetin səhifələrində gedən materialların bəzilərini
oxuyanda, elə bilirsən ki, ədəbiyyata aid material deyil,
amma çox lazımlı və maraqlıdır.
Çünki ədəbiyyatçı mövqeyindən
yazılıb; tariximizi, ədəbi irsimizi daim diqqət mərkəzində
saxlayın; bu gün ölkəmizdə gedən hərəkat
qəzetdə öz əksini tapmalıdır. Qəzet
ictimai-siyasi hadisələrdən kənarda qala bilməz; Azərbaycan
dilinin gözəlliyi məsələsi ayrıca bir səhifədir.
Bu, qəzet səhifələrində öz parlaq ifadəsini
tapmalıdır; tərcümə əsərlərinin dili
ağırdı, zəifdi, oxumaq olmur. İkrah hissi oyadır.
Kim gəldi tərcümə edir. Bu, düzgün deyil.
Ümumiyyətlə, ədəbi dil barədə çox az
danışılır. Dil mədəniyyəti, ədəbi
dil, tərcümə dili barədə söhbətlər
keçirmək lazımdır. Bu, böyük problemdir; qəzet
tərcüməçi kadrların yetişməsinə
kömək məqsədilə materiallar verməlidir; keyfiyyət
məsələsi birinci yerdə olmalıdır; tənqid obyektiv,
köməkedici olmalıdır. Şit, hədsiz təriflərdən
qaçın - "görkəmli", "böyük"
kimi epitetləri nəzərdə tuturam. Həm də bu
epitetlər alimlər haqqında deyilir; materiallarda forma rəngarəngliyinə,
təqdimat yeniliyinə fikir verin; işləməyən
işçiləri azad edin, qəzetin səhifələrində
ədəbiyyatın inkişafına xidmət edən
diskussiyalar açın, abidələrin qorunması və
tariximiz barədə verdiyiniz materialları davam etdirin; qəzetlər
gərək bir-birini təkrar etməsin, səriştəsi
olmayan adamları qəzetə yaxın qoymayın. Çalışın
subyektivlikdən uzaq olun. Bu, böyük xəstəlikdir.
Hamıya elə gəlir ki, o böyükdür. Hədsiz təriflər
deyilir. Bundan kənar qaçın, gənclərə
geniş yer verin…
Heydər Əliyev
öz tövsiyələrində münasibətini belə
ifadə edirdi və göründüyü kimi onun bu fikirləri
indinin özündə də aktual olaraq qalır. O
böyük şəxsiyyətin bizə göstərdiyi
etimaddan ruhlanaraq biz hətta sovet dövrü kiril əlifbasından
əlavə, qəzetimizi latın qrafikası ilə Türkiyə
üçün, əski əlifbada Cənubi Azərbaycan
üçün də buraxmağa başladıq.
Fikrim var idi ki,
qəzetin ayrıca kitabını da nəşr edək.
Redaksiyanın öz gəliri hesabına kvartalda bir dəfə
qırx səkkiz səhifəlik kitablar buraxmağı
planlaşdırmışdıq.
Yazıçı
dostlarımız da, oxucularımızın yaşlı nəsli
də etiraf edərlər ki, qəzetimiz çox böyük
kütləvi tirajla çap olunurdu.
- Bütün bunlara baxmayaraq sizə mane olmağa çalışanlar da olub…
- Hə, işlərimiz
yarımçıq qaldı… Sənə qurban,
Yazıçılar Birliyinin katibliyindən bildirdilər ki, qəzet
KP MK-nın Bürosunda müzakirə olunacaq. İndi bəlkə
də bu, sadə görünür. Amma o zaman qəzetin
Büroya çıxarılması həm məsuliyyətli,
həm də riskli bir hadisəydi. Cəmi altı ay idi ki,
Baş redaktor vəzifəsində işləyirdim. Di gəl
nədənsə qəzetin üçillik fəaliyyəti
müzakirə olunacaqdı. Gündəlikdə məsələnin
adı beləydi: "XXV partiya qurultayı və
qarşıda duran vəzifələr". "Ədəbiyyat
və incəsənət" qəzeti partiya qəzeti deyildi.
Buna baxmayaraq müzakirə başladı. Dedilər ki, qəzet
zəif çıxır. Ümumi mənzərə aydın
idi. Sözü mənə verəndə dedim ki, yoldaş
Əliyev, çıxış üçün mənə
çox az vaxt verilib, deməli sözümsə çoxdu.
Dedi: "İstədiyin qədər danış". Problemlərdən
söz açdım. Əslində redaksiya işçilərinin
fikirlərini çatdırdım. İttifaqın rəhbərliyi
etiraz etdi: Mərkəzi Komitənin Bürosu stol, mebel yeri
deyil… Ola bilsin "İzvestiya" qəzetinin stolu, mebeli
yoxdu, ancaq o cürə qəzet buraxırlar".
Heydər Əliyev cavab verdi: "Bəs
problemləri burada deməyib harda desin?"
Müzakirə gərgin keçirdi. Hamı Birinci katibin son qərarını gözləyirdi.
Haradansa mənim yadıma Nitsşenin bir fikri gəlib düşmüşdü:
"Gördün biri yıxılır, sən də arxadan itələ,
qoy tez yıxılsın".
Konfisi ilə başqa söz deyirdi: "Özünə
rəva bilmədiyini başqasına da rəva bilmə".
Altı ay əvvəl Heydər Əliyev
məni Baş redaktor təyin edəndə demişdi ki, siz gərək
özünüz bir-birinizi qoruyasınız, bir-birinizə
xeyirxah olasınız.
Ən böyük xeyirxahımız ayağa qalxdı,
adəti üzrə kostyumunun yaxasını və qalstukunu
düzəltdi: "Mən "Ədəbiyyat və incəsənət"
qəzetini oxuyuram - dedi. - Qəzet yaxşı
çıxır".
Ortaya dərin bir sükut çökdü…
Qədim yunan sərkərdəsi
Aqesilaydan soruşurlar ki, ədalət yaxşı şeydi,
yoxsa igidlik? O, ədaləti üstün tutur: "Bizdə
ədalət olsaydı, - deyir - igidlik bizim nəyimizə
lazım idi?"
Mən bunu Büro iclasında
gördüm. Bizim qəzetin müzakirəsində
ədalət zəfər çaldı. Çünki
Heydər Əliyev ordaydı. O olan yerdə də ədalət
olurdu.
Qəzetin işinə müdaxilələr
bir də doxsanıncı illərin məlum olayları
zamanı yenidən başladı. Əbdülrəhman
Vəzirov qəzetimizdə Meydan mitinqlərindən gedən
şəkilləri pisləyirdi. İşdən
çıxarılmağıma səbəb də tapıldı
- Nəriman Səfərəliyev adlı kənar müəllifin
Baqramyan soyadlı məmurun Bakıda, birinci fəxri xiyabanda dəfn
edilməsinə etiraz edən məqaləsi bizdə dərc
olundu. Vəzirov zəng açıb məqalənin
çapına görə məni milli ayrı-seçkilikdə
ittiham etdi. Ərizəmi yazası oldum.
Eyni zamanda da Yazıçılar
İttifaqının yeni nizamnaməsi də mənim işdə
qalmağıma imkan vermirdi. Yazıçıların
növbəti plenumunda işdən azad olundum. Bu, o vaxt idi ki, Azərbaycanda Müstəqillik
Aktını ilk imzalayan deputatlar sırasında Heydər
Əliyevdən sonra mənim də adım var idi. Əlbəttə, bu, mənim imzamı şərəfləndirirdi.
Yeni iş axtarışımda Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anarın zəhməti
çox oldu. Prezident Aparatına, əlaqədar vəzifə
sahiblərinə dəfələrlə, günlərlə zəng
vurmuşdu. O vaxt da ona təşəkkür etmişdim, indi də
böyük hörmətim var.
- Mənzili
heç zaman kəsə olmayan bir ömür boyunca "adlar
yolumuzda çıraq olurlar" şükranlığına
tapınıbsınız. Sizinlə
görüşə xalqımızın böyük oğlu
Nəriman Nərimanovun əzəmətli heykəli
önündən keçib gəldim. Bilirəm ki,
ömrü boyu böyük adaşınızın
adını uca tutub, sevərək tərənnüm edibsiniz.
Bu barədə "Mənim ədəbi taleyim"
kitabınızda yazdıqlarınız da var…
- Hələ o kitabdan çox-çox illər
öncə Nərimanov haqqında yazdığım poema və
pyesdə də bu böyük şəxsiyyət haqqında
olan düşüncələrimi ifadə etməyə
çalışmışam. Milliyyətcə
türk olması bolşevik Nərimanovun parlaq ömür
yolunda böyük maneə olmuşdur. Silahdaşları
onun türk böyüklüyünü heç vaxt sinirə
bilməmişdilər.
Atam Gürcüstanla sərhəddə
yerləşən Poylu dəmir yolu stansiyasında işləyirmiş. Kürün üstündən keçən dəmir
yol körpüsü iyirminci illərdə yandırılanda Nəriman
Nərimanov da Bakıdan Poyluya, hadisə yerinə gəlibmiş.
Atam ona bələdçilik edib. Anam da, atamın yaşlı fəhlə
yoldaşları da bu barədə mənə
danışardılar. Hələ
adımı da anam sonralar dəyişdirib Nəriman
qoymuşdu. Bu adın cazibəsi həmişə
mənim ömür yolum üstündə istiqamətverici
mayaka dönüm. Bu adın
işığı mənim Heydər Əliyevlə
tanışlığıma qapı açdı. O zaman
mənim 27-28 yaşım var idi. Nəriman Nərimanov
haqqında poema yazmaq istəyirdim. Arxiv sənədləri
ilə tanış olmağa icazə vermələri
üçün "KQB"yə məktub
aparmışdım. Nüfuzlu bir
yazıçı mənə demişdi ki, Nərimanovdan əsər
yazsan başın ağrıyacaq. Get, "Neft
daşları"ndan yaz, Komsomol mükafatı al. Qərəzli
deməmişdi. O zaman KQB-də məsul vəzifədə
çalışan Heydər Əliyevlə
görüşüm nigaranlığıma son qoydu. Nərimanovun
arxiv materialları ilə tanış olmaq
istəyimi alqışladı. Dəyərli tövsiyələrini
verdi. Beləliklə mən
Müsavatın arxivinə daxil olan ilk şair oldum.
Poemanı yazdığım müddətdə
hələ Mikoyan Moskvada, Kremldə, o biri mikoyanlar isə
Bakıda sağ idilər. Rəhbər
vəzifələrdə çalışırdılar.
Ancaq Heydər Əliyevin münasibəti məni
bu poemanı yazmağa ruhlandırdı. Bu
əsər mənim ədəbi taleyim idi. Böyük dyğularla yazdım. Təəssüf ki, kitab halında çap ediləndə
min dörd yüz misrasını ixtisar etdilər. Xalq yazıçısı Qılman İlkin və
kitabın redaktoru, şair dostum Eyvaz Borçalının səylə
müdafiə etmələri belə kömək etmədi.
Bir görüş zamanı artıq Azərbaycana
rəhbərlik etməyə başlamış Heydər Əliyevə
"Nəriman" poemasının qlavlit tərəfindən
ixtisar edildiyini söylədim. Göstəriş verdi ki, poema necə yazılıbsa, eləcə
də çap edilsin… Ancaq qlavlit ixtisar etdiyi hissələri
"itirmiş", yox etmişdi. "Nəriman
dedikcə nərimanlaşıb, özüm də dəyişdim
bu neçə ildə" - misralarıma görə mənə
irad tutub tələb edirdilər ki, "Nərimanovlaşmaq"
yox, "Leninləşmək" lazımdır.
- Bu
cür aqibət yəqin ki, "Bütün Şərq
bilsin" pyesinizin tamaşasından da yan keçməmişdi?
- Kiçik bir detalı xatırlayıram;
Akademik Milli Dram Teatrında bu pyesin tamaşasıydı. Respublikaya rəhbərlik edən ulu öndər də
tamaşaya baxmağa gəlmişdi. Təbii
ki, rəhbər vəzifədə olan bir çox
rusbaşlılar, erməni əsillilər də var idi. Nərimanov rolunda çıxış edən xalq
aristi Məlik Dadaşov monoloq dediyi bir yerdə, birdən
"yaşasın böyük rus xalqı, rus xalqına
eşq olsun" kimi pyesdə olmayan sözlər işlətdi.
Tamaşanın baş rejissoru Mərahim fərzəlibəyovla
səssizcə baxışdıq. İndi
dünyasını dəyişmiş dostumuz Məlik
Dadaşov sonradan danışırdı ki, səhnənin
ortasında Azərbaycan, azadlıq, neft, millət haqıqnda
misralar deyəndə Büro üzvlərindən ikisi
üzümə elə sərt baxdı ki, özümü
itirdim, deyəcəyim sözləri unutdum, məcbur olub
özümdən əlavələr etdim.
- Şeirlərinizin birində "Bir insan
ömrünü girov qoymuşam, bir şair ömrünü
yaşatmaq üçün" yazıbsınız. Sizcə, Cek London demiş,
oyun yanan şama dəyərdimi?
- Rəhmətlik Məmməd Səid Ordubadi deyərdi:
"Necə ki, dişimiz vardı - yemək yoxuydu. İndi yemək var, diş yoxdu". Şöhrətin istisi, yaşın soyuğu tərs
kimi ikisi bir yerə düşüb. Sənə
qurban, nə yaxşı ki, bütün ömür-gün
hesabatımın sonu təsəlliylə bitir.
Bilmirəm bir ömrü yaşamışammı,
Ya heç yaşamağa başlamamışam?!
Bəlkə yüz ilim var hələ qabaqda,
Bəlkə bircə həftəm qalıb o vaxta?..
Tale var… Bu tale ömrümün,
günümün ən ağır, ümidsiz vaxtında məni
böyük xeyirxahım Mir Cəlalla
görüşdürdü. İki ali
məktəb bitirmişdim, ancaq iş tapmırdım. Mir Cəlal
böyük bir insanpərvərliklə "iş axtarma, adam axtar; adam da mən!" - deyib
qabağa durdu. Xeyirxahım oldu. Məni xilas elədi. Əyyub
Abbasovdan xahiş etdi ki, mənim kitabımın iki çap vərəqini
kəsib, əvəzində Nərimanın kitabımı nəşr
etsinlər. Gəncəli
yazıçı Qərib Mehdiyevin kitabı da Mir Cəlalın
bu xeyirxahlığı hesabına işıq üzü
görmüşdü.
İnsan, xüsusilə də şair və
yazıçı gərək xeyirxah olsun. Səməd
Vurğun kimi, Mehdi Hüseyn, Mir Cəlal kimi… Mən
indi də ata əvəzi olan bir insanın verdiyi tarixi bir evdə
yaşayıram. Təəssüf ki, onun əvəzsiz
yaxşılıqlarının
qarşılığını verməyə gecikdim. Heç özü də etdiyi yaxşılıqlara
heç vaxt əvəz gözləmədi. Yaxşılıq onun təbiətində idi. Müdrikliyi onun özünə ucaltdığı
heykələ dönmüşdü. Sovet dönəmində
ziyalıların tez-tez "görəsən gələcəkdə
Kirovun heykəlinin yerində kimin heykəli ucaldılacaq?"
sualının ən doğru cavabını Mir Cəlal
vermişdi: "Hər kim o heykəli
götürə bilsə, yerində onun da heykəli
ucaldılacaq". Taleyimin uğura
açılan qapıları o böyük insanın
adıyla bağlıdı. Doğru
danışmağı çoxu ar bilir. Ancaq
gərək belə olmasın. Heç
unutmuram, ustad yazıçı bir dəfə evimə qonaq gəlmişdi.
Yola salanda ayaqqabılarını geyməsinə
kömək etmək istədim. Bunu görən
dostlardan biri mənə irad tutdu. Ancaq elə deyil
axı! Sənə edilən
yaxşılığın qarşılığında
imkanın çata biləni niyə etməyəsən?
Bu, ehtiram duyğusudu, milli mentalitetdən gələn bir ali hissdi. İnsan gərək səmimi
olsun, yaxşılığı itirməsin. Rəsul
Rzanın, Nigar Rəfibəylinin
yaxşılığını necə unuda bilərəm? Anamın yas yerinə icazəsiz getdiyim
üçün hərbi hissənin komandiri məni tribunala
vermək istəyirdi. İki-üç il
cəza gözlənirdi. O böyük insanlar məni xilas
etdilər. Bunu necə unudum? Necə deməyim?
Mətbuat və İnformasiya Nazirliyi ləğv
ediləndə nazir müavini kimi mən də işsiz
qaldım. Artıq Mir Cəlal dünyada
yox idi. Ancaq dünya Mir Cəlalsız
deyildi. Günün birində Hafiz Paşayev mənə
dedi ki, Arif müəllim sizi çağırıb, get
gör nə deyir. Getdim. Mehribanlıqla
qarşılayıb iş təklif etdi. Bu
yaxşılığı necə unudum, necə anmayım?
Yaxşı adamlar olmasa cəmiyyət
dağılar, ümidlər sönər. Hə,
qoy Əsgər dayıoğlu bir stəkan samovar çayı
süzsün, mən də bir dişləm "tvaroq"
götürüm. Samovar dayıoğlunun
şah əsəridi. Mir Cəlal müəllim
deyərdi ki, çay ən yaxşı içkidir.
İçək və xatırlayaq (zarafata salıb bir az əvvəl etdiyi bazarlığı
xatırladıram. Özünəməxsus təbəssümlə
gülümsünür): Sənə qurban, məni
karıxdırdınız, çaşıb satıcı
qıza deyirəm ki, mənə turş qənd ver…
-
Hüseyn Arifin yox günü… Bə lətifə belə
yaranır də…
- Demə, demə! Qəribədi, bu əhvalatlar
Hüseyn Arifin adına söylənəndə
yaxşı səslənir, sənin-mənim adıma səslənəndə
alınmır. Nizami Cəfərovla görüşəndə
tez-tez xatırlayırıq…
- Yeri gəlmişkən,
Nizami müəllimi də "Ədəbiyyat qəzeti"nə
siz dəvət etmişdiniz…
- "Ədəbiyyat qəzeti"ndə
Nizami işləməyib kim işləyəcəkdi
ki? Ancaq bir az çətin oldu. Deyirdilər çox cavandı, yerlibazlıq kimi
başa düşəcəklər. Təkcə Anar mənə
dəstək verdi. Nizaminin gəlişi
"Ədəbiyyat qəzeti"ndə yeni mühit
yaratdı. Böyük iş gördü. O mənlə,
mən də onunla nəfəs alırdıq. O, azad, sərbəst
xarakteriylə mənə doğmalaşdı. Biz
o zaman qəzetdə adi fotoşəkli boş yeri doldurmaq
üçün yox, bədii material, əsər kimi verirdik.
Qəzetin maketi olmalıdı. Əvvəlcədən bilməlisən ki, nəyi və
niyə çap edəcəksən. Bu
baxımdan, Nizami məni çox yaxşı anlayırdı.
Rəhmətlik Fərman Kərimzadəni, Sabir Əhmədovu,
Nadir Cabbarovu, Vidadi Məmmədovu heç unutmuram. Seyran Səxavət,
Sabir Rüstəmxanlı, Ayaz Vəfalı, Atababa
İsmayıloğlu kimi talantlı insanlar işləyirdilər.
Sonralar Əliağa Kürçaylı
xahiş etdi ki, qoy Sabir Rüstəmxanlı
"Yazıçı" nəşriyyatında mənimlə
işləsin. Zövqü, ədəbi
prinsipiallığı vardı. Bu adamlar
bir-birinə söykək idilər. Bir-birinin
ədəbi uğurlarına sevinirdilər. Heç kəs özünü klassik hesab etmirdi.
Tam sərbəstlik yaratmışdım işdə.
Hər kəs öz işini bilirdi. Səhifələrin yiyəsi şöbə
müdirləri idi. Bir həftə əvvəl bilirdik
ki, növbəti həftə nələri dərc edəcəyik!
Heç kəs heç kəsin işinə
darılmırdı. Yaradıcı insan qələm
dostunun uğuruna sevinməlidi. Bu
yaxınlarda Eyvaz Borçalının Lermontovdan, Puşkindən
tərcümələrini oxumuşam. Eyvaz
Lermontovu da, Puşkini də Azərbaycan dilində gözəl
"danışdırıb". Mən
buna necə sevinməyə bilərəm? Zəng
edib özünə demişəm.
Türkiyədə İlyas Əfəndiyevin
əsəri tamaşaya qoyulmuşdu. Böyük
zalda iynə atsan yerə düşməzdi. Boş yer yox idi. Hətta
böyük yazıçının oğlu, professor
Timuçin Əfəndiyev belə ayaqüstə
qalmışdı. Dilxor idi. Dedim:
"Sevinmək lazımdı, bu, İlyas Əfəndyiev sənətinə
olan marağın nəticəsidi, təbrik edirəm". Qələm adamının xarakteri olmalıdı.
Bu xarakter Lermontovda olub. Bu
xarakteri Qaysın Quliyevdə görmüşdüm, Mustay Kərimdə
görmüşdüm. Böyük sənətkarlar
idilər. Bizi - Azərbaycanı çox
istəyirdilər. Mustay Kərimlə on
gün bir yerdə poeziya festivalında iştirak etmişəm.
O on günün onunda da Mustay başqırd, mən Azərbaycan
dilində danışdıq. Ayrılanda dedim ki, Mustay, bu on
gündə mən sənə qulaq asdım, dediklərindən
doymadım, ancaq açığı heç nə başa
düşmədim. O da gülüb eynən mənim kimi dedi.
Başa düşməmişdik, amma doğmaydıq… O
doğmalığı unutmuram - necə ki, Xəlil Rza
Ulutürkün gülüşlərini unuda bilmirəm. Onun gülüşü adamı təmizləyirdi,
bir özgə dünyası vardı. İlyas
Əfəndiyevi unutmuram. Əvəzsiz adam
idi. Yeganə insandı ki, Yazıçılar Birliyinin
katibliyindən öz ərizəsi ilə çıxıb
getdi, dedi mən oturub əsərlərimi yazacam. Bunu kim edə bilərdi?
Rəhmətlik Süleyman Rəhimov bir dəfə mənə
dedi ki, kürəyini kürəyimə söykə: "Bax mənim
də boyum sənin boyun kimi uca idi…" Yəni,
illər, hadisələr adamı belə əyir. İndi tez-tez xatırlayıram o səhnəni.
Hərdən gəncəli alim fuad Əliyevin
bağışladığı bu samovardan çay
süzüb içə-içə o anları
xatırlayıram. Düşünürəm
ki, biz İstiqlal savaşına çıxan zaman humanitar
yardım üçün çıxmamışdıq, sənə
qurban. Bu, ləyaqət məsələsidi.
Ləyaqəti olmayan insanın vətəndaşlığına
inanmaqmı olar?
- Nəriman
müəllim, Montenin sözləridi ki, "həyat səhnəsində
hər kəs hoqqa çıxarıb namuslu adam
rolunu oynaya bilər. Lakin qəlbin dərinliklərində istədiklərini
edə bildiyin, qapısı hamının üzünə
bağlı olan pünhan, xəlvət bir guşədə təmiz,
namuslu olaraq qalmaq bütün mümkün ləyaqətlərin
ən alisidir". Sizcə bu ali hiss cəmiyyətimizi
bütün qapsamıyla əhatə edə bilirmi?
- Sənə qurban, xalqımız əsrlər boyu
azadlıq mücadiləsi aparıb öz müstəqilliyinə
qovuşdu. Müstəqillik xalqın ləyaqətidi.
Ədəbiyyatımız bu istiqamətdə
bütün zamanlar boyu mücadilə aparıb. Bu, ədəbiyyatımızın ləyaqətidi.
Ancaq bəzən adam elə məyusedici
hallarla qarşılaşır ki, ədəbi sözün
gücsüzlüyünə heyfi gəlir. O yerdə ki, hər
nazirin özünü bir klassik, ağa kimi aparması
faktıyla üz-üzə qalırsan, dövlətçiliyin
ağır yükünü çəkən insanların
haqqı önündə xəcalət çəkir,
sınır, inciyirsən. Bu cür həyat
reallığından bəzən kifayət qədər
nüfuz sahibi olan bir insan əziyyət çəkirsə,
gör adi, sadə insanların vəziyyəti nə halda olur…
Mən bunları mətbuat və informasiya nazirinin müavini
işlədiyim vaxtlarda daha çox hiss etdim. Bir
ay iyirmi gün müddətinə əlli səkkiz adda dərslik
çap etdirdim. Pul yox idi. Ərkim çatan insanlara ağız açası
oldum. Sağ olsun xalq yazıçısı Elçin,
arxam-köməyim oldu. Gördüyüm
işləri təqdir etdi, köməkliyini əsirgəmədi.
-
Yaradıcılığınızı şərtləndirən
başlıca məziyyət ənənəylə
novatorluğun vəhdətidi. Bu qəlib sizi
sıxmır ki?
- Qətiyyən! Ədəbiyyat
süddən, sümükdən gəlir. Mənim
anam kəlağayılı bir muğam idi, muğamat da öz
doğmaca anam idi. Anam muğamatı
öyrətdi mənə, muğam da Üzeyiri tanıtdı.
Hər millətin öz xörəyi, adət-ənənəsi
var, sifəti var. Mənim xalı anam, muğamat anamdan gələn
mənə doğmadı. Sən tərəkəmə
oğlusan. Yüzlərlə quzunun öz
anasını tanıyıb onu əmməsi səhnəsini
çox görübsən. Nəylə
tanıyır? - Doğma ətri, qoxusu ilə. İnsan da elədi. Gəncəyə gedirəm,
gözüm Qərib Mehdini, Bahadur Fərmanı, Sahib Axundlunu,
Məmməd Alimi axtarır, niyə? Ona görə
ki, mən onların qoxusunu, ruhunu tanıyıram.
Almaniyada əməliyyat olundum, yanımda Simax Şeydanı
gördüm… Ruh doğmalığı çəkir
adamı. Sənət də elədi.
Dildə islahat aparmaq, təhsildə, təlimdə
islahat keçirmək ehtiyat tələb edir. Bunun arxasında milli mentalitet dayanır. Bizdə ədəbiyyat var, ədəbiyyatın
ideoloji təhlili yoxdur. "Bir gəncin
manifesti"ndə deyilən "İtə ataram, yada
satmaram" fikri, etirazı yadındadımı? Bu, milli xarakter məsələsidi. O bir
cümləlik fikir xalqın böyük bir təbəqəsinin
milli ruhunu tərbiyə etdi. Ədəbiyyatın
əsl qayəsi budu. Bəxtiyarın
"Gülüstan"ı, Şəhriyarın "Heydər
babaya salam"ı eyni missiyanı həyata
keçirdi.
İmamverdi Əbilovu yaxşı
tanıyırsan. Bütöv bir
dövrün salnaməsidi. Neftçalada
yaşayıb-yaradır - milli dəyər etalonu kimi. O,
təbiət hadisəsi olan bir insandı. Səmimidi,
ürəyi var. Təqdir edir, nöqsan axtarmır. Çünki yaxşı adamdı. Eləcə də professor Qəzənfər
Paşayev. Elə bil bu adam
xeyirxahlıq üçün doğulub. Belələrinin
uzun ömür yaşamalarının səbəbi də
budur. Ona görə ki, kiməsə həsəd
aparmırlar, kin saxlamırlar, xeyirxahlıq mələyi
kimidirlər. "Ədəbiyyat qəzeti"ndə
mənimlə bərabər çalışan insanların hərəsi
bir cür yaxşı idi. Hər kəsdə
yaxşı bir cəhət var. O yaxşı cəhəti
inkişaf etmək, böyütmək lazımdır. Ədəbiyyatın başlıca məramı da elə
budu. Bayaq Vidadi Paşayevin adını
çəkdim - yaxın günlərdə yuxuda
gördüm, durub ağladım, sənə qurban.
Ünsiyyətcil adam idi. Ünsiyyət
üçün doğulmuşdu. Çox
yazmadı, ancaq yazmamağıyla da bir yazıçı idi.
Hələ Eldar Baxış… Hayıf ondan.
Təvazökar və istedadlı idi. Tariximizi bilirdi. Lermontov xarakterli
bir gənc idi. Rəhmətlik Tofiq Mahmudu o
gün yuxuda görmüşəm. Məni
kimdənsə xilas edir, "şairdir, ona dəyməyin"
- deyirdi. Ruhu şad olsun. Dostum Abbas Abdulla, Camal Yusifzadə, Umud Rəhimoğlu,
Əsəd Məmmədov öz işlərini bilən
istedadlı insanlardı. Xətir-hörmətlə
işlədik. Öz ata evimiz bildik "Ədəbiyyat qəzeti"ni.
- Gənc
yazarlarımıza sözünüz…
- Heç vaxt unutmadığım bir fikir var:
"Yaratdığın obrazı gözünlə gör, əlinlə
tut, nəfəsini hiss et. Bir sözlə,
gör, tut, hiss et!" Tarixi bilmək
lazımdı. Çində tarix bu gündü, yəni
bugünkü nəsil üç min il əvvəlin
yazısını sərbəst oxuya bilərlər. Bizdə
isə əlifba dəyişikliyi böyü tariximizə, ədəbiyyatımıza
çat salıb. 118 il Gəncənin
adı yasaq edilib. 118 il ha! Sisyanov əmr
veribmiş ki, kim "Gəncə"
sözü işlətsə bir manat gümüş pul cərimə
verəcək. Gəncəlilər gəlib
deyirmişlər ki, alın, bu sizin bir manat gümüş
pulunuz, götürün, ancaq biz "Gəncə" - deyəcəyik.
Bu, millətin ruhudu. Gərək
ruh qoruna. İndi İçərişəhərdə
mehmanxana - filan tikirlər, yermi qəhətdi? Xatirələr silinir, bu, yolverilməzdi?
- Tənhalıq
sizi sıxmır ki?
- Yaralı yerimdi. Ən dahi
yalançıya dönmüşəm. Qızım
zəng edir ki, yeməyin varmı? - var
- deyirəm. Oğlum da elə… Allah
canlarını sağ eləsin. Gələndə
hərəsi bir adla bir əşyaya sahiblənir, evimi ləzzətlə
talayırlar (gülümsünür). Onlardan
başqa kimim var?
Kim ki, dərddən qaçır, o dərdə
qaçır,
Dedim eşitmədi kara dərdimi.
Bir pərdə bağlayır, bir pərdə
açır
Barmaqlar saydıqca Sara dərdimi.
Dərdi kitablardan oxuyanların nə dərdini
soruş, nə dərd de ona… Səni çox
istəyirəm Sərvaz, zəhmətkeşliyini
alqışlayıram. Biz tələbə
yoldaşlarıyıq. Mən xeyli səndən
əvvəl Gəncə Dövlət Universitetini bitirdim.
Sonra siz gəldiniz… Durur Gəncədəki bizim
institut. Sağlıq olsun, yaxın günlərdə
yığışıb gedərik. Mütləq.
Burnumun ucu göynəyir Gəncə
üçün. Rəhmətlik Mürşüd Məmmədov,
Altay Məmmədov, Sabir Əliyev vardı Gəncədə.
Xatırlamaq, anmaq lazımdı. Xatırlamaq özü
böyük məktəb, böyük mədəniyyətdi…
Söhbətləşdi:
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2014.- 16 may.- S.1; 8-9.