Mənsur şeir
Yazı
özünüifadədi, ya özünüinşa?
Hərdən
özümdən xəbər aldığım bu sualın qabağında ifadəylə
inşanın fərqini tutmayan orta məktəb uşağı kimi boynumu büküb
dururam.
Yazı - əlbəttə,
yazıdısa - ilk növbədə,
Allahın payıdı, Allahın payı çox
olduğundan sən ondan
nə götürsən, qənimətdi.
Deməli, belə:
pay Allahın, qab - sənindi.
Hərənin
qabına görə payı verilir. İntəhası, sən öz
qabındakını ortaya
çıxaranda onu dadan - Allaha dilucu, sənə cani-dildən dua eləyir. Düz də eləyir,
məncə. Bizim Tanrıdan
umduqlarımızı Tanrı
onsuz da öz əliylə yox, bəndələrinin əliylə bizə çatdırır.
Onda
belə çıxır
ki, yazı həm də yazanındı. Yazan
da bir Allahdan
deyəndə, beş də özündən deyir. Qələm ondadı, axı... Hamısını Allahdan desə,
peyğəmbər olardı.
Belədə yazıçıdı.
Elə
yazıçı var
ki, aldığı payı buğlana-buğlana
oxucunun qabağına
çəkir. Eləsi var,
üstünə qoyur.
Üstündən götürəni
də az
deyil! Allah hamısının
payını versin!
Tək-tük
qələm adamı tanırıyıram ki, Allahdan hazır pay almır.
Bir yol üç-dörd
sümük götürür,
bir yol quru
kəllə götürür,
bir yol... axırda onları bir-birinə calayıb adam fiquru
düzəldir - eynən
özünə oxşar!
Amma yaratdığına
nəfəs verməyə
qüdrəti çatmır,
məcbur olub yaratdığıyla nəfəs
alır...
O:
özünü inşa eləyəndi,
bənnadı,
mühəndisdi,
qaynaqçıdı...
O:
Allahdan
aşağı
yaradandı.
Deməli, belə...
***
Qulaqlarını tut ki…
görəsən!
Gözlərini yum ki…
eşidəsən!
Qulu
AĞSƏS
Ədəbiyyat qəzeti.- 2014.-
16 may.- S.1.