Yazıçılarımızın
Türkiyə səfəri
3-11 may
tairixində Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı
Anarın rəhbərliyi ilə yazıçılar
Türkiyədə səfərdə olublar.
Yazıçılar Əskişəhərdə Avrasiya Yazarlar Birliyinin və Türkdilli
Ölkələrin Yazarlar Birliyinin
birgə təşkil etdiyi Türk dünyası Yazar
Məclisinin toplantısına qatılıblar. Toplantıya
müxtəlif türk dövlətlərindən
gəlmiş 48 tanınmış yazar
qatılıb. Tədbiri giriş sözü ilə Avrasiya Yazarlar Birliyinin
başqanı Yaqub Öməroğlu
açıb. Daha sonra
söz Türkdilli
Ölkələrin Yazarlar Birliyinin
başqanı, xalq
yazıçısı Anara verilib. O,
çıxışında bildirib ki, türkdilli ölkələrin
yazarlarının birləşməyə, birgə fəliyyət
göstərməyə böyük
ehtiyacı vardı və bu baxımdan Türkdilli Ölkələrin Yazarlar
Birliyinin yaranmasının əhəmiyyəti
böyükdür. “İndi
Türk dünyası yazarlarının
paytaxtı Əskişəhərdir. Hörmətli valiyə
də minnətdarlığımı bildirirəm ki, Əskişəhərdə TÖYB üçün ofis
ayrılmasına göstəriş verib”
- deyə xalq yazıçısı
çıxışını yekunlaşdırıb.
Əskişəhərdə ilk dəfə olaraq
Türk Dünyası Kitab Sərgisi
təşkil edilib
Silsilə tədbirlər
çərçivəsində ilk dəfə
olaraq Türk
Dünyası Kitab Sərgisi də keçirilib. Sərgi Avrasiya
Yazarlar Birliyi tərəfindən
təşkil olunub. Mayın
5-də şəhərin Vilayət meydanında
açılışı baş tutan sərgidə şəhər valisi Güngör Azim Tuna, Türkiyənin təhsil
naziri Nəbi Avçı, Azərbaycanın
xalq yazıçısı Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, "Azərbaycan
Naşirlər və Poliqrafçılar" Birliyinin
sədri Bəhruz Axundov, Türk dünyasının tanınmış
yazıçıları və digər ziyalılar da iştirak ediblər.
Mərasimdə
çıxış edən Yaqub Öməroğlu,
Anar, Milli Məclisin
deputatı, yazıçı-publisist Aqil
Abbas, türkiyəli naşir
Süleyman Koca, eləcə
də sərgiyə qatılan digər türkdilli
xalqların nümayəndələri tədbirin əhəmiyyətini
vurğulayıblar, sərginin qardaş xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsindəki
rolundan danışıblar. Bu kitab bayramının
yazıçılar və naşirlərin
qarşılıqlı iş birliyinə
də öz töhfəsini verəcəyini
bildiriblər. Yüzə yaxın stendin qurulduğu və
mayın 11-dək açıq olan sərgidə
kitabsevərlər türkdilli xalq və toplumları təmsil edən
naşirlərin nəşrləri, tanınmış
yazarların əsərləri ilə yaxından
tanışlıq imkanı əldə ediblər. Bundan əlavə, sərgidə müxtəlif
dərgilər, türk sənət
nümunələri, elmi-publisistik məzmunlu
kitablar da nümayiş etdirilib.Azərbaycan bu kitab bayramına 5 nəşriyyatla
qatılıb. Naşirlərimiz tərəfindən təqdim
edilən nəfis tərtibatlı kitablar
iştirakçıların marağına səbəb olub. Azərbaycanı təmsil edən
nümayəndə heyətinin tərkibinə daxil
olan ədiblərimiz - Anar,
Aqil Abbas, İradə
Tuncay, Pərvin və digərlərinin imza günləri də sərgiyə
qatılanlarda maraq oyadıb. Qərara
alınıb ki, Türk
Dünyası Kitab Sərgisi ənənəyə
çevrilsin.
Rəcəb Tayyib Ərdoğanla
görüş
Tədbirlər
çərçivəsində Azərbaycan nümayəndə
heyətini Türkiyənin baş naziri Rəcəb Tayyib
Ərdoğan da qəbul edib.
Görüş Türkiyənin İstanbul şəhərində baş tutub. Qonaqları salamlayan Baş nazir Türkdilli Ölkələrin
Yazarlar Birliyinin
yaranmasının əhəmiyyətini vurğulayıb,
xalqların yaxınlaşmasında ədəbiyyatın böyük önəm
daşıdığını bildirib.
Görüşdə Əskişəhər valisi
Güngör Azim Tuna, təhsil naziri Nəbi
Avçı, Avrasiya Yazarlar
Birliyinin sədri Yaqub
Öməroğlu, Türkdilli Ölkələrin
Yazarlar Birliyinin
başqanı, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar
çıxış ediblər.
Anar çıxışında deyib: - Sayın Başbakan,
gərgin çalışma gündəminizə rəğmən
vaxt tapıb bizlərlə görüşdüyünüz üçün şəxsən öz adımdan və yazar
arkadaşlarım adından sizə təşəkkür edirəm.
Bildiyiniz
kimi, bu ilin fevral ayında Avrasiya Yazarlar Birliyinin, Azərbaycan, Qazaxıstan və
Qırğızıstan Yazıçılar birliklərinin təşəbbüsüylə,
TÜRKSOY-un yardımıyla, Əskişəhər
valiliyinin dəstəyi və zati-alinizin himayəsilə Türkdilli
Ölkələrin Yazarlar Birliyini
yaratdıq və mən bu birliyin
başqanı seçilməklə şərəfləndirildim.
Məqsədimiz türkdilli xalqların ədəbiyyatlarını
bir-birinə daha yaxşı tanıtmaqla
xalqlarımızı bir-birlərinə daha
da yaxınlaşdırmaqdır.
Xalqlarımızın öz ana dillərinin özəlliklərini qoruyub-saxlamaqla Türkiyə türkcəsinin
aramızda ünsiyyət və rabitə dili
kimi təsdiq olunması təklif və qəbul
edilib.
Sayın Başbakan, bu günlərdə
Praqada Türkiyənin iştirak
etmədiyi bir toplantıda Türkiyəyə
böhtan atılanda hörmətli Prezidentimiz İlham
Əliyev “Mən burdayam” - deyib
və böhtançıya layiqli cavab verib. Prezidentimizin
bu hərəkətindən və
çıxışından qürur duyuruq. «Mən burdayam»
artıq bir şüar
kimi səslənir. İnanıram ki, bundan sonra
da hər hansı səbəbdən
Türkiyənin iştirak etmədiyi bir toplantıda Azərbaycan “Mən burdayam” - deyib Türkiyəmizin
haqqını müdafiə edəcək və hər
hansı səbəbdən Azərbaycanın
qatılmadığı bir toplantıda
Türkiyə “Mən burdayam” deyib bizim haqq
işimizi müdafiə edəcək. Və
bu qardaşlıq, bir-birinə arxa durmaq sonsuza
qədər davam edəcək.
Sayın Başbakan, böyük şairimiz Nazim Hikmətin
Sovetlər Birliyində ən yaxın dostlarından biri atam Rəsul Rza idi. Mən də ilk gənclik yaşlarımdan Nazimi
şəxsən tanımış, söhbətlərini eşitmiş, şeirlərini öz
dilindən, öz səsilə dinləmişəm.
Nazim haqqında anılarım və
düşüncələrim əsasında «Kərəm kimi» adlı kitab yazdım
və bu kitab Azərbaycandan
öncə Türkiyədə nəşr olundu.
Bu kitabda Nazim Hikmətin haqqını
qaytardığınız, Türkiyə vətəndaşlığını
bərpa etdiyiniz üçün
Sizə yazdığım məktub - şəxsən sizə
və başçılıq etdiyiniz
hökumətə minnətdarlığımı ifadə edən
məktub da çap olunub. Böyük məmnuniyyətlə
həmin kitabı Sizə təqdim edirəm.
Sonra xalq
yazıçısı Anar «Kərəm kimi» kitabını Baş
nazir R.T.Ərdoğana təqdim edib.
Daha sonra Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Tatarıstan,
Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Qaraçay, Kərkük türkmanları ədəbiyyatlarını
təmsil edən yazıçılar da
çıxış ediblər.
Azərbaycan Milli Məclisinin deputatı,
yazıçı Aqil Abbas
Ərdoğanı onun lideri
olduğu partiyanın bələdiyyə
seçkilərində qələbəsi münasibətilə
təbrik edib və prezident
seçkilərində ona uğurlar
arzulayıb.
Sonda Ərdoğan yazıçılarla
xatirə şəkli çəkdirib.
"XIV Ankara Hekayə Günləri"
Mayın 7-də ənənəvi
"XIV Ankara Hekayə Günləri"
çərçivəsində Ankara
Universitetində Azərbaycan hekayəsi ilə bağlı
ayrıca panel keçirilib.
Panelin moderatoru
Ərciyəs Universitetinin doktoru
Sevinc Üçgül
Azərbaycan ədəbiyyatı, nəsri barəsində ətraflı
söz açıb. Sonra
professor Hamlet
İsaxanlı hekayə barədə məruzə ilə
çıxış edib. Alim
məruzədə Çexovun hekayələri
ilə müqayisəli təhlil aparıb. Türk
yazarı, Azərbaycan ədəbiyyatından çoxsaylı
tərcümələr eləmiş İmdat
Avşar tərcümə işinin
çətinlikləri, üstünlükləri, problemlər
və perspektivlərdən danışıb.
Xalq yazıçısı Anar
ədəbiyyatımızda hekayə janrı ilə
bağlı fikir və mülahizələrini
bölüşüb. Tədbirdə iştirak edənlərin Azərbaycan ədəbiyyatı
ilə bağlı sualları cavablandırılıb.
AYB Mətbuat Xidməti
Ədəbiyyat qəzeti.- 2014.- 16 may.- S.2.