İngilis modernist yazarı Devid Herbert Lorens
Həyat
və insan konsepsiyası
“Ağlımız
yanıla bilər, amma qanımız nə hiss edirsə, nəyə
inanırsa, nə söyləyirsə hər zaman həqiqətdir”
XX əsrin əvvəllərində insan və həyat
probleminə yeni istiqamətdən nəzər salan Qərb fəlsəfəsinin
bədii ədəbiyyata ideya baxımından güclü təsiri
ədəbi yaradıcılıqda yeni təfəkkür
sistemi müəyyən etmiş oldu. O cümlədən, özünəməxsus
fərqli düşüncə, yaradıcılıq metodu ilə
səciyyələnən modernizm ədəbi cərəyanının
da ideya mənbəyi kimi XX əsr Qərb fəlsəfi fikri
çıxış etməkdə idi.
İdeoloji əsasını Z. Freydin, F. Nitsşenin,
A.Berqsonun fəlsəfi fikirləri təşkil edən ingilis
modernist ədəbiyyatının görkəmli nümayəndələri
C.Coys, T.S.Eliot, D.H.Lorens, O.Hakisli şəxsiyyət və həyat
probleminə bəzən anlaşılan, bəzən isə dərk
edilməyən duyğulara sahib insanın gerçək aləmlə
qarşılıqlı münasibətləri müstəvisində
nəzər salmışlar. Bu yazarlar əsərlərində
özünü bəzən reallıq prinsiplərinə tabe
etməyə çalışan, bəzən isə gerçəklikdən
uzaqlaşan, dumanlı arzular, anlaşılmaz hisslər
burulğanında tənhalaşan, mənən məhv olan
insanların faciəsini təsvir etməklə insan və həyat,
fərd və cəmiyyət, şəxsiyyət və
mühit problemlərini həll etməyə
çalışmışlar.
Devid Herbert Lorens (1885-1930) Qərb fəlsəfəsindən
əxz etdiyi bir sıra müddəaları öz
müşahidələri, bir çox həyati problemlərlə
bağlı şəxsi mülahizələri ilə zənginləşdirərək
orijinal bir təfəkkür sistemi ilə
çıxış etmiş oldu. Onun həyat, insanın
daxili aləmi, bir varlıq olaraq mahiyyəti, qadın,
müasir dünya və s. barədə orijinal
düşüncələri yazarın fərqli ədəbi-fəlsəfi
konsepsiyasını, filosof, psixoloq olaraq
dünyagörüşünü geniş şəkildə əks
etdirməkdədir.
Məlum olduğu kimi, alman filosofu F.Nitsşenin
həyat fəlsəfəsi bədii ədəbiyyatın ideya
sferasında hərəkətverici düşüncə
axını yaratdı. Bütünlükdə, ideya əsasında
“əbədi qayıtma”, “fövqəlinsan”, “amirlik iradəsi”
konsepsiyaları dayanan nitsşeçilik bədii ədəbiyyatın
fəlsəfi əsasında aparıcı düşüncə
qatlarından birinə çevrilə bildi.
D.H.Lorens F.Nitsşenin “əbədi qayıtma”
konsepsiyasından çıxış edərək öz
orijinal düşüncələri ilə həmin fəlsəfi
ideyaları genişləndirməyə nail oldu. Belə ki, D.H.Lorens mənsub olduğu zaman çevrəsində
insanların faciəli taleyini doğuran müharibə və
qırğınların, iqtisadi tənəzzülün əsas
səbəbi olaraq, digər yazar və filosoflar kimi humanizm
böhranını əsas amil hesab edirdi. Lakin
bir çox müasirlərindən fərqli olaraq D.H.Lorens həmin
humanizm böhranını törədən amil kimi insanın
daxilindəki irsi, genetik, bioloji amillərlə yanaşı
müasir sivilizasiyanı da diqqət mərkəzinə
çəkir. D.H.Lorensə görə,
texniki tərəqqi cəmiyyəti nə qədər irəli
aparırsa, insanın mənəviyyatına o qədər zərbə
vurur, onu təbii xoşbəxtlikdən məhrum edir. Müasir insanın faciəsini doğuran əsas səbəblərdən
biri kimi texniki tərəqqini, sənaye sivilizasiyasını
görən D.H.Lorens cəmiyyətdə hər şeyin
mexanikləşdirilməsinə, sənayenin bir çox sahələrində
maşınların insanları əvəz etməsinə
qarşı çıxır, insanı ikinci plana keçirən
tərəqqiyə etiraz edirdi. D.H.Lorensə
görə, müasir sivilizasiya insanın ruhi həyatında
məhvedici rol oynayır, çünki həmin mədəniyyət
və inkişaf insanın təbii instinkt və
emosiyalarının qarşısını alır,
sıxışdırır ki, bu da insanın
varlığını dəyişir, onu azadlıqdan məhrum
edərək mexanikləşdirilmiş həyatın quluna
çevirir. Beləliklə, D.H.Lorens
müasir texniki inkişafa, sənayenin, iqtisadiyyatın
maşınlaşdırılmasına insana cəmiyyətdə
olan tələbatın arxa plana keçməsi və
insanın dəyərsizləşdirilməsi kimi nəzər
salırdı. Müəllifin fikrincə,
cəmiyyət texniki cəhətdən nə qədər
inkişaf edib irəliləyirsə, bir o qədər insan
keçmişdən uzaq düşür. Təbii
ki, D.H.Lorensin konsepsiyasında keçmiş
anlayışı daha mürəkkəb məna
daşıyır. Belə ki, müəllif
“keçmiş” kəlməsi ilə bəşəriyyətin
təbii hisslərə bağlı olduğu, əl əməyi
ilə təmin edildiyi zamanları nəzərdə tutur.
D.H.Lorens yazır: “Müasir dövrdə iztirab da, zövq də,
and da, ehtiras da saxtadır, biz yalnız və yalnız pul vasitəsilə
yaşayırıq”, hər şey yalnız “pul qazanmaqdan
ötrü bir vasitə”yə çevrilmişdir, hətta
insan özü də cəmiyyətdə bir vasitə, texnikiləşdirilmiş
mühitin alətidir.
D.H.Lorens insanın təbii istək və
arzularına xidmət edən hər şeyin müdafiə
olunmasının tərəfdarı idi. Ədibə görə, bəşəriyyətin
xilası insanın öz hisslər aləminə bələd
olmasında, instinkt və intuisiyasına etibar edə biləcək
qədər özünü anlaya bilməsindədir.
D.H.Lorensi yalnız insanın daxili
dünyasının doğurduğu tələbatlar, hisslərindəki
səmimiyyət, ilkin yaranışdan insana xas olan təbii
duyğular, keçmişlə müasir insan arasındakı
sirli əlaqə maraqlandırırdı. D.H.Lorens
doğulub böyüdüyü İstvud torpağı
haqqında yazır: “Uşaqlıq və gəncliyimdə mən
bu yerlərin vasitəsilə qədim İngiltərə, onun
meşələri və gölləri ilə əlaqədə
oldum. Burada avtomobillər yox idi, şaxtalar, demək
olar ki, landşaftı pozmamışdı və Robin Hud
öz şən dəstəsi ilə haradasa, tamamilə
yaxınlıqda idi”. Özü ilə əsrlər əvvəl
baş verən hadisələr, qədim insanlar arasında ruhi
əlaqə, hətta onların “hənirini” duyan D.H.Lorens əsərlərində
insanın ilkin başlanğıcına bağlı
olduğunu, ağlın çox vaxt həyati məsələlərin
həllində aciz, instinkt və intuisiyanın isə daha həlledici
rola malik olduğu fikrini irəli sürür.
D.H.Lorensin intuisiya ilə bağlı
görüşlərinə F.Nitsşe, Z.Freyd fəlsəfəsilə
bahəm həyat və zaman, həyat və idrak kimi problemlər
çevrəsində şəxsiyyətin mahiyyətini
işıqlandırmağa çalışan filosof A.Berqsonun
da yaradıcılığının güclü təsiri
olmuşdur. Həyatın, insanın elmlərin
köməyilə sona qədər dərkinin
mümkünsüzlüyünü irəli sürən
A.Berqsonun fikrincə, idrakın əsası instinktlərdən
ibarətdir. filosof düşünürdü
ki, zəka və intuisiya eyni problemin həllinin iki müxtəlif
cəhətlərini təşkil edir. Başqa sözlə
desək, A.Berqson dərketmədə zəka və
intuisiyanın bərabər rolunu inkar etmir və filosof
intuisiyanın ən ali, ən məhsuldar
idrak forması olmasına inanırdı.
D.H.Lorensin yaradıcılığında
da məhz A.Berqson fəlsəfəsinin bu əsasları bədii
şəkildə əksini taparaq təsdiqlənir. Belə ki, D.H.Lorens varlığın, həyatın
yalnız intuisiya ilə dərk edilə biləcək məqamlarını
obrazlarının taleyi zəminində məharətlə
canlandırır. Yazar demək olar ki,
bütün hekayə yaradıcılığında müxtəlif
mövzulara toxunaraq həmin məsələnin -
intuisiyanın ən mühüm dərketmə vasitəsi kimi
qavranılmasına çalışmışdır.
D.H.Lorensin yaradıcılığına
Z.Freydin insan varlığı ilə bağlı elmi-fəlsəfi
düşüncələrinin böyük təsiri
olmuşdur. Z.Freydin izah etməyə
çalışdığı psixoanaliz özünüdərk
üçün filosofun irəli sürdüyü metoddur.
Bu dərketmənin əldə olunması
üçün Z.Freyd insan təbiətində fərdin
özü tərəfindən dərk olunmayan psixi hadisələr
haqqında təsəvvürlər yaratmağa
çalışdı. Filosof insan
psixikasının onun rəftarında hərəkətverici
amil kimi çıxış edən mühüm bir
qatını təşkil edən qeyri-şüuri haqqında
təlimini irəli sürdü. Z.Freyd
qeyri-şüurinin təsirləri altında qalmış
insanın ətraf aləmlə, daha geniş anlamda isə
dünya, hətta özü ilə münasibət və əlaqələrinin
normal məcraya salınması üçün birinci növbədə
qeyri-şüuri arzuların aradan qaldırılmasını
vacib problemlərdən biri hesab edirdi.
D.H.Lorens yaradıcılığında Z.Freydin daha
çox “qeyri-şüuri ilə bağlı” həmin
mülahizələrindən faydalanaraq insanın daxili
dünyasının, psixikasının təfərrüatına
qədər bədii əksinə nail ola
bilmişdir. Onun “Payızgülülərin ətri”,
“Prussiyalı zabit” və s. hekayələrində, eləcə
də romanlarında Z.Freydin,-
“qeyri-şüuridə sıxışdırılmış
arzu mövcud olmaqda davam edir” - elmi mülahizəsi bədii
şəkildə ifadəsini tapmışdır.
D.H.Lorensin insan konsepsiyasında “bədən
və qan” anlayışları daha mühüm məna
daşıyır. 1913-cü ildə yazdığı məktublarının
birində: “Mənim böyük dinim qana və bədənə
inam üzərində bərqərardır. Çünki
onlar intellektdən daha müdrikdirlər. Bizim
ağlımız yanıla bilər, amma bizim qanımız nə
hiss edirsə, nəyə inanırsa, nə söyləyirsə,
hər zaman həqiqətdir. Ağıl
yalnız yüyəndən başqa bir şey deyil”, deyə
qeyd edən D.H.Lorens insan varlığındakı intellekt və
qanı bir-birinə qarşı qoyan fəlsəfi
baxışla çıxış edir. Yazar
instinkti ağıla və şüura qarşı qoymaqla
insan təbiətində məlum olmayan obyektə ruhi
bağlılıq məsələsini şərh etməyə
çalışır. Maraqlıdır
ki, D.H.Lorens insanın qeyri-şüuri olaraq ruhən
bağlı olduğu obyekt kimi qeyri-müəyyən
keçmişi nəzərdə tutur. Bu məsələ
Nitsşenin irəli sürdüyü “keçmişə
qayıdış” ideyasına bənzəyir. Lakin D.H.Lorens həmin düşüncə istiqamətindən
çıxış edərək tamamilə orijinal fikirlər
irəli sürür. Belə ki, D.H.Lorens
insanın öz keçmişinə, yəni onun
yaranmasından çox əvvəlki dövrlərə və
həmin zamanlarda yaşamış adamlarla ruhən
bağlı olduğu fikrini və həmin əsərlərarası
əlaqə kimi isə qan amilini irəli sürür. Müəllifə görə, qan yaddaşın,
irsiyyətin, xatirələrin, bir sözlə, bütün
bağlılıqların daşıyıcısıdır.
Hansı zamanda yaşamasından asılı
olmayaraq, qanda insanı çox-çox əvvəlki zamanlara,
əslinə bağlayan gizli bir əlaqə mövcuddur.
D.H.Lorensə görə, insanı idarə edən
instinktlər də bu bağlılığın
doğurduğu gerçəklikdir. Müəllifin
“İngiltərə, mənim İngiltərəm” hekayəsində
də əsərin qəhrəmanı yaşadığı
torpağı, təbiəti qeyri-adi bir məhəbbətlə
sevir, bu torpaqda çox əsrlər əvvəl
yaşamış insanların ruhunu, həmin şəxslərlə
ruhi bağlılığını duyur: “Bu yerin ruhu uzun illər
əvvəl, saksonların gəldiyi ibtidai zamanları
andırırdı. Ah, o, bu torpağı necə də
sevir... Nə qədər qədim, nə qədər
qədim bir məkan”. Qəhrəman burada
özünü ulu əcdadlarının ruhuna, qədim tarixi
olaylara yaxın, müasir dünyadan təcrid olunmuş hiss edir.
Bununla da Z.Freydin izah etdiyi “qeyri-şüuri” də D.H.Lorensin
şərhində qanın insan psixikasına
ötürdüyü anlaşılmaz duyğular, istəklər
yığını kimi təqdim edilir.
Həyat D.H.Lorensin fikrincə, əbədi
dövr edən münasibətlər axınıdır,
“insanın insanla, insanın təbiətlə - torpaq və
günəş, güllər və ağaclar, ay və səma
ilə əlaqələridir”.
D.H.Lorensin əsas məqsədi insanın mahiyyətini
- hisslərini, arzularını, əməl və rəftarını
doğuran məqsədlər aləmini öyrənmək,
insanın fərdi dünyasının özəlliklərini,
onu əhatə edən mühitin onun taleyinə və mənəvi
aləminə nüfuzunu əks etdirməkdən, nəticədə,
fərdin xoşbəxtliyini təmin edə biləcək amilləri
müəyyən etməkdən ibarət idi.
İnsanın daxilində
qarşı-qarşıya duran iki qütbün olduğunu
düşünən D.H.Lorens qeyd edir ki, həmin
qarşıdurma aradan qaldırılsa, fəlakət baş
verər. İnsan
varlığını, həyatı ziddiyyətlərin
qarşılıqlı münasibətlərilə daxili
qarşıdurmalarla izah etməyə çalışan
D.H.Lorensə görə, həyatda biri digərinə zidd olan
hər bir şey bir-birinin yaşaması üçün zəmin
rolunu oynayır. Həyat və kainat,
bütünlükdə bəşəriyyət ziddiyyətlər
üzərində qurulduğundan birinin aradan qalxması digərinin
də mövcud olmaması anlamına gəlir.
Müəllif insan varlığında
ruhun və bədənin tarazlığının tənzim
edilməsi üçün yollar, bilgilər arayırdı. Bunun üçün o, insanın öz daxili hisslərini,
emosiya və instinktlərini, arzularının mənbəyini,
ruhun hara can atdığını dərk etməli olduğunu
vacib hesab edirdi. D.H.Lorensə görə,
insan bir varlıq kimi özünü dərk etməyincə,
onun xoşbəxtliyi mümkün deyil.
Cavidə
MƏMMƏDOVA
filologiya
üzrə fəlsəfə doktoru
Ədəbiyyat
qəzeti.- 2014.- 16 may.- S.5.