Ürəyimin gizli dostu

 

Nizam qurub hər əzanı təbiət,

Bu - gül çöhrə, bu - sinədə şirin bar.

Ürəyəsə bəxş eləyib məhəbbət,

Döyünürsə - hələ demək, eşqi var.

 

Məni sevgim hardan hara apardı,

Quş olsan da, sözüm səni tapardı...

Xoş duyğudan dəniz sinəm qabardı,

Məhəbbətə ana oldu bu bahar.

 

Yarın yara ləngiyərmi qədəmi?

Nuş etmişəm mən sevgidə hər qəmi.

Ürəyimin gizli dostu, həmdəmi,

Üzür məni gözlərində hələ qar.

 

Dərdini dağ... Buludunu yel alsın,

Gül payını bu gün qısa tel alsın...

Dəli sevgim, qoy ayağın yer alsın,

Alışacaq sinən üstə intizar!

 

İndi Gədəbəyin yaxşı vaxtıdır

 

Talalar çəməndən tutub yükünü,

Tapmazsan meşənin kör-kötüyünü;

Təbiət qaytarıb itirdiyini,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

 

Hər yalın-yamacın əyni çiçəkdi,

Hər daşın-qayanın boynu çiçəkdi,

Dərənin, çöysəyin qoynu çiçəkdi,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

 

Bu taydan o taya yüz bulağı var,

Cüyür bulağıvar, “Qız bulağıvar,

Soyuq bulağıvar, “Buz bulağıvar,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

 

Çəmən uşaqların çay yığıncağı,

Çataq ulduzların Ay yığıncağı,

Sazlı-balabanlı yay yığıncağı,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

 

Qarılar görür - qeyrətə gəlir,

Şəhərli qonaqlar heyrətə gəlir...

Cüyür , buzov da həyətə gəlir,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

 

Şəlalə qayada, qartal göydədi,

Könül təlatümdə, ömür küydədi.

İlyasın burnunun ucu göynədi,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

 

Sazda ana laylası var

 

Saz öyrənən Qəlbinurum,

Sazın yetmiş havası var,

Onda elin arzuları,

Könüllərin nəvası var.

 

Əvvəl öyrənSarıteli”,

Yada salır doğma eli;

DillənəndəGöyçə gülü”,

Sazda bahar havası var!..

Mirzəcanı”, “Gözəlləmə”,

Qılınc çalır dərdə, qəmə.

Yanıq Kərəmenir bəmə,

Onda Əsli sevdası var!

 

Səsi düşür oymaq-oymaq,

Əsrlərdən verir soraq.

Axır qəlbə bulaq-bulaq,

Hər xalının mənası var.

 

Könülsüzə könül düşür,

Xatirələr ürək deşir.

Sazla vüsal tez yetişir,

Sazda hicran qovğası var.

 

Sübhə kimi məclis yatmaz,

Cəngisinə cəngi çatmaz.

Qalxanına qılınc batmaz

İgidlərin davası var!

 

Sazı öyrən, sözü öyrən,

Ay İlyasın gözü, öyrən;

Saz üstündə bizi öyrən -

Sazda ana laylası var”!

 

Yaxşıdır

 

Bir yolun üstündən neçə yol keçir,

Hərə öz yoluyla getsə yaxşıdır.

Yadın bağçasına tamahsınmayıb,

Hər pöhrə bağında bitsə yaxşıdır.

 

Əzəldən bağlıdır hörmətə-hörmət,

Dünənki şöhrətə bugünkü şöhrət;

Təzə qanad açıb bugünkü sürət

Dünənki sürəti ötsə yaxşıdır.

 

Seçsin hər bir insan düzü əzəldən,

Keçməz qorusalar közü əzəldən.

Sonra deyəcəyi sözü əzəldən

Adam bir götür-qoy etsə yaxşıdır.

 

Salar hörmətini - sirrini yayan,

Arsızdı gündə bir gözələ uyan...

Halal süd əmmişi gözaltılayan

Təmiz arzusuna yetsə yaxşıdır.

 

Layiqli yaşayıb ömür töhfəni,

Bəzəyək xoş sözlə hər səhifəni.

Əgər yarıtmırsa bir vəzifəni,

İnsan öz xoşuna getsə yaxşıdır.

 

Mənim sınıq çıxıb çox az dostlarım,

Çəkib ayağımdandostbazdostlarım.

Qədrini bilməsə İlyas dostların,

Onu axtarmayın, itsə yaxşıdır.

 

Dağların

 

Uçub getdim ürəyimin dalınca

Mən görəndə ilk yazını dağların!

Yağış burdan, şimşək ordan səslədi...

Bacarırsan, çək nazını dağların.

 

Qartalların qıyyaları səsimdi,

Könül qalxıb asimanı gəzindi;

Yay səfası bir ömürlük bəsimdi,

Qış sevirəm ayazını dağların!

 

Sevgim üçün bulaq təzə ad deyir,

Zirvələrdən zirvəyə çat - deyir...

Popstar da, “caz”da mənə yad deyil,

Mənim üçün çal sazını dağların!

 

Şəfa qılıb sağalmayan azara,

Xalı salıb xoş niyyətə, güzara;

Mən İlyasam, ürəyimdə məzara

Apararam avazını dağların!

1983

 

İlyas Tapdıq

 

Ədəbiyyat qəzeti.- 2014.- 16 may.- S.14.