Söz ki var...

     

Gərək ona hörmət edəsən. Bu, həm o sözün müəllifinə, həm də eşidənə, dinləyənə bir sayğıdır. Daha müğənni Məhərrəm kimi yox.

Molla Cumanın "Ya bir olar, ya iki" adlı qoşmasına Ələkbər Tağıyevin bəstələdiyi musiqi hamı tərəfindən sevilib, hətta əzbərlənib. Zeynəb xanım Xanlarovanın bu əvəzsiz ifasına Məhərrəm də baş vurub. Amma necə?

 

İsmi pünhan, niyə məndən küsübsən?

Dost mehriban ya bir olar, ya iki

 

Bu, Molla Cumanın misralarıdır və Zeynəb xanım onu hörmətlə, ruhuna xələl gətirmədən oxuyub. Məhərrəm isə:

 

- İsmi Pünhan, niyə məndən küsübsən

Dost mehriban ya birya olar iki (?!)

 

Yəni öz ağlınca bir "yenilik" eləyib. Demək istəyib ki, o, Molla Cumadan yaxşı şairdir və "…ya olar iki…" deməklə moltanı cümləsi yaradıb. İndi ondan heç soruşan da yoxdur ki, Məhərrəm, "…ya olar iki…" nə deməkdir, başına dönüm? Sənin bir orta məktəb həcmində təhsilin, savadın varmı? Məhərrəm bir yana, bəs AzTV-yə nə olub ki, bu səydəş, qondarma, düzməcə misra yapışdırılmış mahnını efirində səsləndirir, hətta klipvari bir tərzdə nümayiş etdirir?

Çox hörmət etdiyim Könül Xasıyeva "Dalğalar" mahnısının sözlərini yazan İslam Səfərlini heç bəyənməyib deyəsən. Bəyənsəydi:

 

Sahili şən dalğalar,

Ay nəğməkar dalğalar

 

kimi oxuyub, misraların yerini dəyişdirməzdi. Halbuki bu, belədir:

 

Sahili şən dalğalar,

Ay ötüşən dalğalar…

 

Yəni elə bir yersiz nümunə göstərib ki, ondan sonra oxuyanlar Şövkət xanım Ələkbərovadan deyil, onun tələbəsi sayılan Könül Xasıyevadan eşitdikləririni oxuyurlar.

Yenə Zeynəb xanımdan bir misal gətirək. "Sənsən" mahnısını ondan sonra insafən Teymur Mustafayev düzgün və qüsursuz oxuyub. Amma sonralar:

 

Aylı gecə, sərin bulaq, göy çəmən,

Dörd yanımız ətir saçan yasəmən -

 

dönüb olub:

 

…Dörd yanımız ətir saçır (?!) yasəmən…

 

Dədə Şəmşirin "Ay qız" qoşmasını Süleyman Abdullayevdən savayı heç kəs düzgün oxumur. Bəhram Nəsibovun bu bəstəsində:

 

Niyə məndən yan (!) gəzirsən

 

əvəzinə

 

"Niyə məndən gen gəzirsən,

Dolanırsan gendən, ay qız?

 

kimi oxunması düzgün deyil. Dədə Şəmşir eyni sözü qonşu misralarda belə təkrarlamaz axı. "Yan gəzirsən" yerinə "gen gəzirsən" kimi oxuyanlar səhvlərini düzəldə bilərlər, hələ gec deyil.

Bu mövzunu çox uzatmaq olar. Nöqsanlar kifayət qədərdir. Amma bu yazı bir xatırlatmadır, xəbərdarlıqdır. Xalq artisti Aygün Bayramova "Olmaz, olmaz" mahnısında

 

Üşüyürsən, bir yaxına gəl barı

Çatıb qara qaşların nədənsə…

Olmaz-olmaz, olmaz-olmaz deyirsən -

 

Yox:

 

Üşüyürsən, bir yaxına gəl barı

Qəzəbdənmi, alovdan don geyirsən.

Olmaz-olmaz, olmaz-olmaz deyirsən.

 

Xalq artisti Brilyant Dadaşova "Külək" mahnısını ifa edərkən əvvəla, oynamamalı idi. "Külək" lirik mahnıdır. Oynamalı bir şey yoxdur. Həm də:

 

…O deyir astaca sevmirəm səni

Külək, niyə belə əsirsən külək"

 

yox,

 

"O deyir astaca, sevmirəm səni,

Niyə onun sözün kəsirsən, külək"…

 

kimi oxumalı qol götürüb süzməməliydi. Adamdan soruşarlar ki, "səni sevmirəm" deyirlər, gününə oynayırsan? Axı sözün dramaturgiyası, musiqi başqa ovqat aşılayır. Zeynəb xanım Xanlarovanın repertuarından olan bu mahnını Səxavət Məmmədov qüsursuz ifa edib.

Şahid Əbdülkərimovun "Könül açdım" mahnısını əvvəla "Şanə-şanə" kimi təqdim edənlər yanılırlar. İkincisi:

 

Qorxuram ki, əhdin dana,

Bağrım olar (ya da "olur") şana-şana,

Özü eşqə yana-yana

Rüsvay edər eldə məni -

 

düzgün deyil.

 

Qorxuram ki, əhdi dana,

Bağrım ola şana-şana.

Özü eşqə yana-yana

Rüsvay edə eldə məni.

 

sözü düzgün oxumamaq, öyrənməmək ifaçı üçün rüsvayçılıq olmasa da, savadsızlıq, tənbəllik rəmzi sayılır. Belə ifalarda məntiqsizlik, mənasızlıq heç kəsin gözündən qaçmır.

Sözə, o sözün müəllifinə, dürüst oxuyan ifaçısına hörmət etmək hər kəsin borcudur. Ən çox müraciət olunan mənbə Zeynəb xanım Xanlarovanın repertuarıdır. Zeynəb xanım həm ona görə əvəzsiz sənətkardır ki, dürüst oxuyub, düzgün oxuyub, gözəl oxuyub, ürəklə, istedadla, sözə, musiqiyə hörmətlə, əsl korifey kimi oxuyub.

Ondan nümunə götürün!

 

Hidayət Elvüsal

 

Ədəbiyyat qəzeti.- 2014.- 16 may.- S.14.