Hikmət ziyası
Əməkdar incəsənət
xadimi, tanınmış şair,
təmsil ustası, tərcüməçi, publisist,
dramaturq Hikmət Ziya
özündən sonra zəngin ədəbi
irs qoyub getmişdir. Onun dövrün tələbi ilə
səsləşən ictimai-siyasi məzmunlu
şeirləri, sevgi duyğularını əks
etdirən lirik nəğmələri, dərin
məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri
özündən sonra xalqımıza yadigar qalmışdır.
Məlumdur ki, hər sənətkarın öz
taleyi, öz
yaradıcılıq bioqrafiyası var.
Hikmət Ziyanın da tərcümeyi-halı
zəngindir. Onun babası Abdulla
bəy Əfəndiyev dövrünün
qabaqcıl müəllimi, tanınmış ziyalısı olmuşdur. Abdulla bəyin
qardaşı Rəşid bəy Əfəndiyev isə
görkəmli pedaqoq, dramaturq,
şair kimi daha çox
tanınmışdır. Hikmət Ziya öz doğma
babasını görə bilməsə də, onun qardaşı Rəşid bəy Əfəndiyevi
öz evlərində görmüş,
onun ədəbiyyat, şeir-sənət
haqqında söhbətlərini dinləmişdir. Bir dəfə
balaca Hikmətin ifasında özünün məşhur "Ay havada uçan
durna" şerini
dinləyən Rəşid bəy Əfəndiyev
qardaşı nəvəsininin başını
sığallamış və ona belə demişdir: "Əzbərdən şeir deməyin yaxşıdır, istərdim
ki, böyüyəndə yaxşı
şeirlər də yazasan". Məhz
bu sözlər Hikmətin gələcək
həyat yolunun istiqamətini müəyyən
etmişdir.
Hikmət Şəkidə
doğulsa da, bu qədim şəhərdə cəmi bircə
ay oxumuş, atası Ziya Əfəndiyevin işi
ilə əlaqədar Ağdaşda, Zaqatalada, daha sonra Ağdamda təhsilini
davam etdirmişdir. Hələ orta məktəbdə
oxuyanda şeir yazmağa başlayan Hikmət
elə o vaxt "Tahir və Zöhrə" adlı bir mənzum pyes də
yazmışdır. Ədəbiyyata, yazıb-yaratmağa olan sonsuz maraq
bu gənci o zamanki Azərbaycan Dövlət Universitetinə
aparmış, Hikmət imtahan verərək
filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Görkəmli
alimlərdən, müəllimlərdən, jurnalistlərdən
dərs alan Hikmət Ziya
1952-ci ildə təhsilini başa vurmuş, o vaxdan ömrünün sonuna kimi mətbuatda
çalışmışdır. "Azərbaycan pioneri" qəzetində, "Ulduz" jurnalında və 1969-cu ildən
"Göyərçin" jurnalında şöbə müdiri, məsul katib vəzifəsində
çalışmışdır. Bu illərdə Hikmət
Ziyanın qələmi daim işləmiş,
o müxtəlif mövzulu
şeirlər, nəsr əsərləri, səhnəciklər,
məqalələr yazıb çap etdirmişdir. 1952-ci ildə "Qoqola" adlı ilk şeri mətbuatda işıq üzü
görən Hikmət Ziya 1955-ci ildən
təmsil janrına daha çox
maraq göstərmşdir. Şairin
1986-cı ildə çap olunan
"Ömrümün payı"
adlı kitabına yazdığı ön
sözdə oxuyuruq: "Bir
gün gözəl şairimiz
İslam Səfərli mənə dedi ki, təmsillərin xoşuma gəlir, bu sahədə
üzəngi parlada bilərsən. Bu sözlər məni ruhlandırdı, daha çox təmsillər
yazdım".
Təmsilə
olan maraq onu bu janrın sirlərini
öyrənməyə həvəsləndirmiş, Hikmət Ziya Ezopun, Lafontenin,
Krılovun, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin,
A.Bakıxanovun və başqa görkəmli
təmsil ustalarının əsərlərini sevə-sevə
oxumuşdur. Bütün bunlar
şairin öz
yaradıcılığına da təsirsiz
qalmamışdır.
Xalq yazıçısı Mirzə İbrahimovun Hikmət Ziyanın təmsillərinə
yüksək dəyər verməsi onun bu sahədə fəallığını daha da
artırmışdır. Böyük rus təmsilçisi İvan
Krılovun təmsillərini dilimizə ustalıqla tərcümə
edən Hikmət Ziya bu
janrın sirlərinə yaxından bələd olduqca daha gözəl təmsillər
yazmağa başlamışdır. Təsadüfi deyil ki, görkəmli alim, şair Sergey Mixalkov şairə vurduğu
teleqramda onu "əla
təmsilçi" adlandırmışdır. Şairin təmsillərini təhlil edən, onlara yüksək dəyər verən ədəbiyyatşünaslar
onu "müasir Azərbaycan
təmsilinin Krılovu" adlandırmışdır.
Hikmət Ziya yaradıcılığının mövzu və problematikası zəngindir. Onun yaradıcılıq nümunələri
arasında ictimai-siyasi mövzuda
yazdığı əsərlər xüsusi
yer tutur. Doğrudur,
yaşadığı sovet dövrünün tələbi ilə Hikmət
Ziya da digər qələm
dostları kimi Leninə, partiyaya,
kommunistlərə, sarsılmaz qardaşlığa, sosialist vətəninin, sosialist
əməyinin tərənnümünə həsr olunan xeyli şeirlər
yazmışdır. Ancaq
yaxşı cəhət bundan ibarətdir
ki, Hikmət müəllim
xalqımızın milli-mənəvi dəyərlərini heç zaman unutmamış,
Azərbaycançılıq ideyası onun
bütün yazılarının cövhərini,
mayasını təşkil etmişdir. Onun şeirlərində
Azərbaycan təbiətinin gözəllikləri böyük məhəbbətlə tərənnüm
olunur. Şairin Qobustana, Qarabağa, Şəkiyə,
Mingəçevirə, Azərbaycanın digər guşələrinə
həsr etdiyi şeirlərdə vətən
torpağını məhəbbətlə tərənnüm
edən bir yaradıcı insanın
ürək döyüntülərini eşidirik.
Qarabağı "Azərbaycanın solmaz
gülzarı" - deyə vəsf edən şair
doğulduğu Şəkini də eyni məhəbbətlə tərənnüm
edir:
H.Ziya regionçu şair
deyil, Şəkini məhəbbətlə
tərənnüm etdiyi kimi,
Azərbaycanın digər bölgələrini də sonsuz sevgi ilə tərənnüm
edir, yeni nəsli Azərbaycanın
adına layiq oğullar,
qızlar kimi böyüməyə, heç vaxt vətənin
haqqını, onun adət-ənənələrini unutmamağa, duz-çörəyin qədrini
bilməyə səsləyirdi:
Hikmət Ziyanın
yaradıcılığında müqəddəs vevgi duyğularının tərənnümünə
həsr edilən şeirlər də az deyil. Bu şeirlərdə
dərin məhəbbətlə sevən, daim
eşqinə sadiq, həssas, kövrək,
tez inciyib tez küsən, vüqarlı bir
insanın bədii obrazı göz
önündə canlanır.
Bu şeirdə Hikmət Ziya
elə bil ki, öz bədii portretini
yaradıb. Onun fikir və düşüncələri,
sevgiyə münasibəti sanki bu misraların boyuna biçilib. Şairin
"Məhəbbətsiz dünya bir heçə dönər",
"Bağışla, ürəyim, məni
bağışla", "Sənsizləşən günlərim",
"Mən tək duyan olarmı",
"Küsüşdük,
barışdıq", "Bilmədin qədrimi sən", "Qovuşsaq",
"Könlüm səni unutmaz"
və s. bu kimi onlarla şerində
sevən, sevilən, segi əzabları
çəkən, məhəbbətinin yolunda
bütün çətinliklərə mətanətlə
sinə gərən bir ürəyin
döyüntülərini eşitməmək mümkün
deyil.
Hikmət Ziyanın
poeziyasındakı lirik ovqat,
axıcılıq, hiss və
düşüncələrin incə ştrixlərlə
verilməsi bəstəkarlarımızın diqqətindən
yayınmamışdır. Görkəmli bəstəkarlarımızdan
Arif Məlikovun, Süleyman
Ələsgərovun, Sevda
İbrahimovanın, Musa Mirzəyevin, Emin Sabitoğlunun,
Ağabacı Rzayevanın, Əfsər Cavanşirovun,
İzolda Babayevanın, Hökumə Nəcəfovanın,
Oqtay Zülfüqarovun,
Hacı Xanməmmədovun, Nəriman Məmmədovun və
başqalarının Hikmət Ziyanın sözlərinə
yazdıqları mahnılar uzun müddət
tanınmış müğənnilərin repertuarından
düşməmişdir. "Unutmarıq",
"Bahar nəğməsi",
"Solmazın mahnısı", "Sənin qəlbindən
keçir", "Bəxtiyarlığım",
"Sən olmasan", "Gözümdəsən",
"Şirin yuxum olasan", "Yeganəm", "Qəşəng
qız", "Gəl öyrət mənə", "Sən
məni yad etsən", "Xoş gəlmisən", "Ay yaraşıqlı", "Mən sənsiz,
sən də mənsiz" və s. bu kimi məşhur
mahnıların sözləri Hikmət Ziyaya
məxsusdur.
Hikmət Ziyanın uşaq ədəbiyyatı sahəsində
xidmətləri də böyükdür.
Bu da təsadüfi deyildir. Ömrü boyu uşaq mətbuatında
çalışması onun ədəbiyyatın
bu spesifik, bənzərsiz,
gərəkli sahəsi ilə ciddi, sistemli, müntəzəm şəkildə məşğul
olmasına zəmin yaratmışdır. Demək olar ki, "Göyərçin"
jurnalının hər nömrəsində Hikmət
Ziyanın şeirləri, təmsilləri, hekayələri,
nağılları, məqalələri, səhnəcikləri
dərc olunmuşdur. Uzun
illər "Balaca Nəsrəddin"
rubrikası altında duzlu-məzəli lətifələri,
yanıltmacları ilə tapmacaları ilə
çıxış edən Hikmət Ziya
yeni nəslin yumor duyumunun formalaşmasında da
az iş görməmişdir.
Hikmət Ziyanın uşaq şeirlərinin mövzu
dairəsi çox zəngindir. Uşaqların maraq dairəsinə
uyğun elə bir məsələ
yoxdur ki, bu istedadlı uşaq
yazıçısının diqqətindən kənarda
qalsın. Şairin balaca
oxuculara, yeniyetmə və gənclərə
ünvanlanan şeirlərinin əksəriyyəti
qısa, mənalı, düşündürücüdür.
Bu əsərlərin dili
çox sadə və aydındır ki, bu da
uşaq ədəbiyyatı üçün çox vacib şərtələrdən biridir.
Şair öz şeirlərində
balaca qəhrəmanın bədii
obrazını yaratmağı, onun arzu və düşüncələrini əks
etdirməyi bacarır. H.Ziyanın bu tipli əsərləri nəinki
uşaqları, hətta böyükləri də düşündürür.
Hikmət Ziya nəsr və dramaturgiya
sahəsində də qələmini sınamışdır. Onun "Qərib Cinlər diyarında" povesti əsasında film
çəkilmiş, "Sınaq" pyesi
Lənkəran, "Əkiz qardaşlar"
əsəri isə A.Şaiq adına Kukla Teatrında uğurla tamaşaya qoyulmuşdur.
Hikmət müəllimin "Mehir məsələsi",
"Meşədə qala" pyesləri əsasında
isə radio-tamaşalar
hazırlanmışdır.
Hikmət Ziya müraciət etdiyi
janrların hamısında uğur qazansa da, onun
yaradıcılığı üçün
ən aparıcı janr təmsildir. Müasir Azərbaycan təmsilinin yeni mövzularla zənginləşməsi,
bədii sənətkarlıq baxımından cilalanması məhz
Hikmət Ziyanın adı ilə bağlıdır. Onun bir neçə misradan ibarət təmsillərinində sətiraltı
məna çox güclüdür.
Şair fikrini ifadə
etmək üçün maraqlı bədii
detallardan istifadə etməyi bacarır.
Hikmət Ziyanın
yığcam, dərin mənalı təmsilləri çoxdur. Bu bədii
parçaların hər biri tədqiqatçı
üçün zəngin material
vermək gücündədir. Şairin təmsillərində
dövrün bütün
sosial bəlalarına təmsilçinin
kinayəli münasibəti öz əksini
tapmışdır. Hikmət Ziyanın təmsillərində
xalq hikmətinin ziyası vardır.
Hər bir bədii əsərə qələm sahibinin arzu və
düşüncələri, həyata, cəmiyyətə
baxışı ilə bərabər, yaradıcı
insanın ruhu da hopur. Hikmət Ziyanı uzun
illərdən bəri yaxından tanıyan, onunla
daim ünsiyyətdə olan,
bir redaksiyada işləyən
adam kimi yaxşı
bilirəm ki, bu
insanın şəxsiyyəti ilə
yaradıcılığı bir-birinə çox
uyğun gəlirdi. Hikmət Ziya öz işinə məsuliyyətlə
yanaşan, xalqını dərin məhəbbətlə
sevən, həssas, kövrək, xeyirxah,
hazırcavab, eyni zamanda
cəmiyyətin antipodlarına qarşı barışmaz
mübarizə aparan bir
ziyalı idi. Ruhu şad olsun Hikmət
Ziyanın!
Rafiq YUSİFOĞLU
Şair, ədəbiyyatşünas,
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat
qəzeti.- 2014.- 16 may.- S.11.