İtmiş qiblə

 

Hekayələr

     

  - Gedirsən?!.

- Hə... gedirəm...

- Demək, fikrin qətidir?!.. - deyə yaşlı kişi titrəyən əllərini qarşısında dayanan qadının həyəcandan pörtmüş yanaqlarına toxundurdu.

Qadın onun əlini ovucları arasına alaraq əvvəlcə dodaqlarına yaxınlaşdırıb xəfifcə öpdü, sonra sinəsinə basaraq hönkürdü.

Kişi də yaz buludu kimi dolmuşdu. Bu halını qadın hiss etməsin deyə, tez-tez başını qaşıyaraq, bığlarının ucunu dişləri arasına alıb çeynəyirdi. O, sudan sahilə atılmış balıq kimi, sanki ölümün pəncəsindən qurtulmaq üçün ağzını geniş açaraq dərindən nəfəs alırdı.

Qadın isə qəmli baxışlarını kişinin üzünə dikərək gözlərini qırpmadan ona baxırdı. Elə bil onun şəklini son dəfə gözlərinin yaddaşına köçürmək istəyirdi.

Kişi həyəcanını gizlətmək üçün zorla da olsa gülümsəməyə çalışdı:

- Niyə mənə belə baxırsan?!.

Qadının dodaqları titrədi.

- Bilirsən, mən qadın olduğumu səninlə keçirdiyim bu qısa müddətdə anladım. Qadın ömrü yaşamamışdım axı... Həmişə arzulamışdım ki, yaxın bir kimsəm olsun. Özüm kimi duysun hər şeyi. Qız vaxtı düşünürdüm ki, kaş şikəst adama ərə gedim, amma mənimlə danışan dili olsun.

- Olmaya, arzuna çatmısan? - deyə kişi gülümsədi.

- Eh... - qadın əlini havada yellədi. - Ərə gedəndən sonra iş-gücüm o qədər artmışdı ki, az qalırdım doğduğum uşağımı da özüm tutum. İşləməkdən əlimin qabarıyla, dabanlarımın döyənəyi cütə qoşulan öküzün dırnaqlarından da betər olmuşdu.

Mənim çəkdiyim rəsmləri görmüsünüz də? - deyə qadın nədənsə birdən-birə söhbəti dəyişmək istədi.

- O rəsmlərdə işlətdiyim bütün rənglər öz həyatımın ağlı-qaralı cizgiləridir. O rəsmlərin hamısı mənim özüməm. Onları ancaq mən ayırd edə bilərəm, başqa heç kəs.

- Mən səni başa düşürəm, - deyə kişi yüngülcə qadının çiyinlərinə toxundu. Biz hər ikimiz hərbiçiyik, axı sən həyatla döyüşmüsən, mən isə düşmənlə.

- Hə, elədir... Amma mənim düşmənlərim daha qorxunc olublar, axı onlar özümünkülərdir. Sənin düşməninə nə var ki, bilirsən bu sənin düşmənindir, onu öldürməsən, o səni öldürəcək. Mən isə həmişə məğlub olmağa məcbur olmuşam.

Qəribədir, qız vaxtı arzulamışdım ki, kaş mən də tibb bacısı olaydım, sevdiyim oğlan da hərbiçi olaydı. Hərbiçiylə cəbhədə bir olaydıq, yeri gələndə ona dəyəcək güllənin qabağına sinəmi verərdim. Görürsən, neçə illərdən sonra arzum çin oldu, özüm hərbiçinin qəfil gülləsinə tuş gəldim... özü də düz ürəyimin başından vurdu, - deyə qadın gülümsədi. - Gör neçə ildir ki, bu görüşün həsrətindəydik, mən səni ilk dəfə gördüyüm andan iyirmi ilə yaxın bir vaxt keçibdir. Bu iyirmi ildə yalnız bircə dəfə görüşmək qismətimiz oldu. İndi də ayrılırıq, özü də bu ayrılığın əbədi olacağını düşünəndə damarlarımdakı qanım da donur. Neçə illərdi ki, xəyallarımda bu sakit otağı tikirdim, toz-torpağını silirdim, divarlarını öpürdüm, yerinə xalça-palaz əvəzinə çəkdiyim rəsmlərimi döşəyirdim. Qapı-pəncərəsinə qıfıl axtarırdım ki, Tanrıdan başqa heç kəsin açarı düşməsin bu qıfıla. Axır ki, arzuladığım və xəyallarımda yaşatdığım bu otağı qurdum. Xoşuna gəlirmi, necə “inşaatçıyam”, qurban olum? - deyə qadın onun sinəsinə sığındı.

Kişi gözlərini otağın bütün künc-bucağına dolandıraraq, diqqətini qoşaçarpayıda tərtəmiz, amma qırış-qırış olmuş yataq dəstinə dikərək dərindən köks ötürdü:

- Sən yanımdasan, ömrümdəsən... Səsini eşidirəm, rahat oluram, elə doğmasan ki mənə, anamın laylası qədər... Niyə ürəyimin bu boyda yetim olduğunu duymamışdın? Mən səni axtarırdım. Nə olar, söz ver ki, məni tərk etməyəcəksən, sən bu şəhərdən kənara çıxmayacaqsan. Çıxırsansa, çıx ürəyimin başına, daraş mənim ömrümə. Elə istəyirəm, bu dəqiqə, elə bu an mənə deyəsən ki, heç kəs ürəyimi belə öpməyib, heç kimi bu qədər ürəkdən sevməmişəm. Və sonra da deyəsən: - Axı nə verəcək bu sevgi bizə, nə qədər gec deyil, uzaqlaş, qaç məndən.

Qadın xəstə adamlar kimi zarıdı:

- Bu gün bildim sənə nə qədər bağlı olduğumu. Ürəyim elə sızlayır ki... Sən də çalış unutmayasan məni. Sən mənə hamıdan doğmasan. Sənə tərəf gələn yol çox uzun oldu e...

- Çox şükür ki, sağ və salamat gəldin, - deyə kişi qadını bərk-bərk sinəsinə sıxdı. - Sən keçirdiyin hissləri mən də keçirirəm. Yox, məncə, tələsmədik, hər şey vaxtında oldu. Sənə demişdim, axı sən mənim Tanrı payımsan, Tanrım tərəfindən mənə göndərilmiş bir mələksən. Görürsən, Allahım necə qovuşdurdu bizi?

- Mən bura gəlincə nələrdən keçdim, bir Allahım bilir. Allahım yol açdı. Gəldim ki, sənin də ürəyin sakitləşsin, məni az da olsa tanıyasan, biləsən ki, mən səni nə qədər sevirəm. Bundan sonra mənim haqqımda nə düşünürsən - düşün, özün bilərsən. Mən sevgiyə Allahıma inandığım qədər inanmışam, amma dadını bilməmişəm. İndi anladım ki, bir-birinə qovuşanlar necə də xoşbəxtdirlər. Hər gün yuxularımda, xəyallarımda yaşadırdım səni. Bəzən xəyallarımda səni itirirdim, yenidən tapanda qucaqlayırdım, zəhmli baxışlarından öpə-öpə əriyirdim; - heç kəsə verməyəcəyəm səni, - deyirdim. Ancaq sözlərim boşluqda əks-səda verən səs kimi yenidən özümə qayıdırdı. Həmişə düşünürdüm, sənə necə müraciət edim, ömrüm, canım, həyatım, rəsmlərimmi deyim?! Fikirləşirdim ki, yox, bunların hamısı sənə olan sevgimin yanında çox cılız görünər. Sən bunların hamısından çox güclüydün. Bəlkə elə Allahım deyim sənə?!

Biz bir az da gec görüşsəydik, inan ki, dəlixanalıq olacaqdım...

Qadının bu sözləri kişini yamanca kövrəltdiyindən:

- Gözlərimin dərinliyində boğulub batacağına və səni oradan sevgimlə çıxaracağıma söz verirəm. Sənin gözlərində hara kimi üzəcəyimə tam əmin deyiləm. Kaş, gözündəki ləpələr məni sahilə çırpmayaydı. Mən səni bağrıma basıb baxışlarımla gözlərindəki “iz”ləri yuyub aparardım və elə bu andaca: “Getmə uzaqlara, qal, sənə qurban...” mahnısını oxuyardım. Amma sənin inadına bələd olduğum üçün, bu inad qarşısında çox gücsüzəm. Barı, gedən zaman söylə, hansı tərəfə gedirsən, mənim qibləm hara olacaq, mən üzümü hayana tutum?!.

Qadın çantasından çıxardığı əl dəsmalıyla yanağından süzülən göz yaşlarını silərək son dəfə gülümsədi və bir söz demədən əlini dəstəyə uzatdı.

 

Balıqçı arvadı

 

... Otuz il bundan qabaq sənin indiki balıqçı ərinlə balıq tuturduq, balıqçı arvadı... Bağışla ki, “indiki ərinlə” dedim, sənin ömrün boyu bir ərin olub, axı...

Çay qırağında yanaşıydı yerimiz, yan-yanaydı tilovlarımız... yanyanaymış, guya ürəklərimiz... Hər gün beləcə balıq tutardıq onunla. Səni sevdiyimi bilirdi... Çünki hər dəfə evinizin yanından keçəndə, daş hasarınıza hörülmüş balaca ceyran heykəlinə baxıb zümzümə etdiyim: “Ceyranım, ay ceyranım, baxma mənə yan, ceyranım” mahnısını çox eşitmişdi

Mən oxuduqca, o, gülüb deyərdi: - O ceyran heykəli deyil, uzunqulaq heykəlidi. Qınamırdım onu, ona görə ki, o, buralara gəlməmişdən qabaq gözünü açıb, həyət-bacalarında, elə hey uzunqulaq görmüşdü.

Beləcə mənim ağlımda o balaca daş ceyran heykəli, gözlərim tilovumu tərpədən bobla balıqlarda ikən, sən demə, onun gözü səndə, “qızıl balıq”da imiş....

Onu yaxşı tanıyırdım, çox vaxt tilov əvəzinə tor götürərdi: “Tora balıqlar yaxşı gəlir” - deyərdi.

Onun torla balıq tutduğunu görməsəm də, “tora saldığı balıqları” çox görmüşdüm. Bu əməllərinə görə onu çox qınayırdım. Deyirdi ki, qoy, toruma bir dənə “qızıl balıq” da salım, sonra atacam bu “peşənin” daşını...

Kişi sözünə əməl etdi, saldı səni toruna...

Bu sadəlövh ağlımla elə bilirdim sən onun “toruna” düşməzsən. Eşitmişdim ki, qızıl balıq tora düşmür, düşəndə də, yaşaya bilmir.

Sənin heç bağrın da çatlamadı, qızıl balıq kimi, öz yağında bişdin, xörəyi oldun balıqçının, balıqçı arvadı...

Otuz il keçib, yenə ərinlə balığa gedirik. Mən tilov götürürəm, o isə “tor atır.” Hər gün də toruna “balıqlar” düşür.

... İndi məni sevdiyini deyirsən, balıqçı arvadı... Otuz ildir məni hər gün ərinin tutduğu, yediyinizi yeyib, yemədiyinizi duzlayıb qaba qoyduğun balıq kimi yarıb, içimi duzlayırsan…

 

Sel…

 

Sel bütün kəndi basmışdı. Mal-qaranın böyürtüsü, itlərin hürüşməsi gecənin bu qaranlığında, onsuz da qorxunc olan bu mənzərəyə bir az da ağırlıq qatırdı.

Xilasedicilər bacardıqca insanları təhlükəsizlik yerlərə daşıyırdılar. Bu dəhşətli anlarda kənd camaatı bütün ümidlərini yalnız onlara yönəltmişdi. Hamı onlardan kömək gözləyirdi.

Bu vaxt Solmaz da azyaşlı qızının itdiyini ağlaya-ağlaya onlara xəbər verdi. Dəstənin komandiri gənc ananı sakitləşdirərək, ondan hansı istiqamətdən gəldiklərini soruşdu. Ana hıçqırıq qopararaq həyəcanla titrəyən əllərini bayaq gəldikləri istiqamətə uzadaraq balasının xilas edilməsi üçün zabitə yalvarırdı.

Get-gedə artıb çoxalan su adamboyu qədər qalxmışdı.

Birdən xilasedicilərdən biri yaxınlıqda ağlayan bir uşaq gördü. Uşaq “Ana!.. Ana!..” - deyərək fəryad qoparırdı.

Gənc xilasedici özünü təhlükəyə ataraq səs gələn tərəfə irəlilədi. Güclü sel hər an onun özünü də qoynuna alıb apara bilərdi. Amma gənc oğlan bunlara əhəmiyyət verməyərək imdad diləyən uşağa tərəf irəliləyirdi. O, yaxınlaşanda gördü ki, balaca bir qız uşağı ağacın gövdəsini bərk-bərk qucaqlayaraq ağlayır.

Xilasedici qıza çatıb onu qucağına aldı. Qorxmuş qızcığaz bərk-bərk ona sarılaraq ağlamağına davam edirdi. Onu sakitləşdirmək olmurdu. Xilasedici qızı dilə tutmağa başladı. Amma yenə də o, sakitləşməyərək qışqırıb anasını istəyirdi. Belə davam eləsəydi, qızın qorxudan ürəyi partlayardı. Birdən gənc oğlanın ağlına bir fikir gəldi. O, gecənin qaranlığında yavaşca qızcığazın qulağına pıçıldadı:

- Sakitləş, ağlama, görmürsən sel güclənir? Sən ağlayarsan, göz yaşların selə qarışar, su çoxalar, ikimiz də boğularıq axı...

Qızcığaz cavan xilasedicinin sözlərinə inanaraq, tezcə də səsini içinə çəkib, zorla da olsa, gülümsəməyə çalışdı... Qarşıda isə sevincindən göz yaşlarını saxlaya bilməyən ana görünürdü...

  

Meyxoş Abdullah

  

Ədəbiyyat qəzeti.- 2014.- 16 may.- S.12.