Fədakar tədqiqatçı

  

Həmsöhbətim danışdıqca, məntiqi ardıcıllıqla cümlələri bir-birinə caladıqca, asanlıqla mövzudan mövzuya keçdikcə xəyalımda keçən əsrin 50-80-ci illəri canlanırdı. O vaxtlar çox savadlı, bilikli və çox məlumatlı adamları “canlı ensiklopediya” adlandırırdılar. İndi belələrini barmaqla saymaq olar. Sayı-hesabı bilinməyən televiziya kanalları, radio, internet, kompyuter, “şeytan əməli”nin lap böyüyü cib telefonları “canlı ensiklopediyalar”ı unutdurub. Xoşbəxtlikdən, az da olsa “canlı ensiklopediya” missiyasını yerinə yetirənlər vardır. Onlardan biri, bəlkə də birincisi akademik Vasim Məmmədəliyevdir. Bir dəfə söhbət poeziyadan düşmüşdü. Dedim ki, payız haqqında ən gözəl şeri Abbas Səhhət yazıb. Payız fəslini dahi rəssamlar sayağı təsvir edib. Aşağıdakı dörd misranı əzbərdən dedim:

 

Əsdi xəzan yeli, payız yetişdi,

Bağın mənzərəsi tamam dəyişdi.

Küləklər taladı bağçanı-bağı,

Söndü al güllərin yanar çırağı.

 

Gözləmədiyim halda Vasim müəllim özünəməxsus təmkinlə dedi ki, şeir Nizaminindir. Abbas Səhhət onu tərcümə edib.

Deməyə söz tapmadım. Ürəyimdən keçən bu oldu: “Bu adam canlı ensiklopediya deyil, bəs nədir? Hardan deyirsən, ordan kəsir.”

Vasim müəllimlə müqayisəyə sığmasa da, həmsöhbətim Əminə Tuncay da “canlı ensiklopediya”dır - desəm, həqiqətdən kənar olmaz. Təsadüfi deyildir ki, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ramiz Zöhrabov Əminə xanımı “ensiklopedik bilik sahibi” adlandırmışdır.

Məlumat üçün deyim ki, Əminə xanım İncəsənət Universitetini bitirmiş, görkəmli bəstəkar Şəfiqə Axundovadan dərs almış, 1992-ci ildə “Muğamların fəlsəfəsi dünyası və tariximizdə müsuqinin əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onu da deyə bilərik ki, o, Hacı Mayıl kimi qəzəlxan, Hacı Səməd və oğlu Hacı Hidayət kimi muğam biliciləri yetişdirən Nardaran kəndində dünyaya göz açıb. Əminə xanımda muğama maraq və məhəbbət o mühitdə yaranıb. Muğamlarımıza dair sanballı əsərlər yazıb. Elə yenicə çapdan çıxmış “Musiqi töhfələri” (Bakı, Adiloğlu, 2013, 324 səh.) kitabının böyük bir hissəsi muğamlarımıza həsr olunub. Kitabı şərti olaraq iki bölümə ayırmaq olar. Birinci bölüm dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından bəhs edir. İkinci bölüm Azərbaycan xalq musiqisi və muğamlarımızla bağlı tədqiqatlar aparan xarici araşdırıcılar daxil olmaqla musiqişünaslara, mədəniyyət, incəsənət xadimlərinə, bəstəkarlara, müğənnilərə, tarzənlərə, aşıqlara, folklorşünaslara, musiqi məclislərinə və s. həsr olunub. Kitabdakı yeniliklər, sürprizlər adamı heyran edir. Akademik Vasim Məmmədəliyevin redaktoru olduğu bu əvəzsiz əsərə ölkəmizin hüdudları xaricində də yaxşı tanınan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının alimləri, sənətşünaslıq doktorları, professorlar İmruz Əfəndiyeva, Zenfira Qafarova, fəlsəfə elmləri doktoru, professor, BMA-nın prorektoru Gülnaz Abdullazadə, sənətşünaslıq doktoru, professor Arif Əsədullayev və Bəstəkarlar İttifaqının katibi, tanınmış bəstəkar Sərdar fərəcov rəy vermişlər.

Vətənpərvərlik üstündə köklənən kitabda yer alan 106 məqalənin əksəriyyəti adamı duyğulandırır, istər-istəməz qürur hissi keçirirsən.

Keçən əsrin ortalarında bütün dünyada məşhur olan ABŞ müğənnisi Pol Robson haqqında məqalədən məlum olur ki, iyirmidən artıq dildə mahnı oxuyan dünya şöhrətli müğənni Moskvada Səid Rüstəmovun şair Hüseyn Arifin sözlərinə bəstələdiyi “Mən sülhə səs verirəm” mahnısını oxumuşdur.

Əminə xanımın dəyərli kitabından bir məsələ də aydın olur: Kərküklü alim Əta Tərzibaşı “Kərkük xoyratları və maniləri” kitabında (İstanbul, 1975, s.264) yazır ki, kərküklü müğənni Siddiq Bəndə Qafur ümumi bir münasibətdə bir azəri şairinin şerinə bəstələnmiş “Çırpınırdı Qara dəniz” mahnısını oxuduğuna görə zindana atıldı, başı çox bəlalar çəkdi.

O vaxtlar biz nə şairin, nə də mahnının müəllifinin adını bilirdik. Sovet İttifaqının süqutundan sonra öyrəndik ki, şeir repressiya qurbanı Əhməd Cavada məxsusdur. Musiqişünaslar xaric, görəsən çoxmu adam bilir ki, bu möhtəşəm mahnının müəllifi dahi bəstəkar Üzeyir bəy imiş.

Burada oxucular üçün maraqlı olacağını nəzərə alaraq bir məsələdən də söz açmaq yerinə düşərdi. Akademik Bəkir Nəbiyev “Üzeyir bəyin izahlı ömürnaməsi” kitabının əlyazmasını oxuyub redaktə etməyi mənə həvalə etmişdi (Belə şeylər olur. Kitab çıxanda redaktor kimi başqa adamın adı getmişdi). Böyük həcmli əsərin əlyazmasını 10 günə oxuyub redaktə edəndən sonra mənim üçün bir-biri ilə əlaqəli, lakin kitabda əksini tapmayan iki məsələ qaranlıq qaldı. Kitabın əlyazmasını Bəkir müəllimə qaytaranda müəllifə 14.02.11 tarixli bir məktub da ünvanladım. Məktub “Seçilmiş əsərləri”min V cildində (Bakı, Təhsil, 2012, s.203) bütövlükdə çap olunub. Məktubdan bir hissəni oxucuların diqqətinə çatdırıram: “Deyilənlərə görə firidun bəy Gəncədə öldürüləndə Nərimanov Üzeyir bəyi öz evinə gətirir ki, ona toxunmasınlar. Təəsüf ki, Üzeyir bəylə Nərimanovun münasibətləri barədə kitabınızda elə bir məlumata rast gəlmədim. Çox istərdim Azərbaycanın ağır vaxtlarında hər ikisi Bakıda fəaliyyət göstərən bu iki tarixi şəxsiyyətin münasibətlərinə dair kitabınızda nəsə olaydı”.

Məktubda Paşa Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” kitabında Nərimanovun dahi bəstəkarın “Əsli və Kərəm” əsərinə rəy yazdığını da göstərmişdim. Təəssüf ki, Bəkir müəllimin səhhəti axtarışlarını davam etdirməyə imkan vermədi.

Budur, Əminə Tuncayın “Musiqi töhfələri” kitabında oxuyuruq ki, Nəriman Nərimanov 1916-cı ildə Üzeyir bəyin “Arşın mal alan” operettası və “Əsli və Kərəm” operasına bir-birinin ardınca iki məqalə həsr edib. Üzeyir bəyin istedadını yüksək qiymətləndirən Nərimanov məqalədə bəstəkarın xalq yaradıcılığına həssas və dahiyanə münasibətinə heyranlığını bildirmişdir.

Yeri gəlmişkən, Əminə xanım dahi bəstəkarın “Leyli və Məcnun” operasını hərtərəfli şərh edərək orada istifadə olunmuş 25 muğamın fəlsəfi və lüğəti təhlilini elmi əsaslarla açıqlamışdır.

“Musiqi töhfələri” kitabının 1-ci bölümündə müəllifin “Leyli və Məcnun” operasında Füzuli və Üzeyir zirvəsinin fəlsəfi dünyası”, “Ü.Hacıbəyli və S.Vurğunun musiqi haqqında mülahizələri”, “Hafiz Şirazi Üzeyir Hacıbəyli yaradıcılığında”, “Ü.Hacıbəyli ocağının yetişdirməsi”, “Üzeyir irsini qoruyub yaşadan sənətkar” və s. ilhamla, milli irsə məhəbbətlə yazılmışdır.

Bu bölümdə, eləcə də akademik Ziya Bünyadovun üzə çıxararaq ərəb dilindən tərcümə etdiyi “Koroğlu” dastanının yeni qolu “Misri qılıncın oğurlanması”ndan, “Koroğlu” operasından, onun ifaçısı, xalq qəhrəmanının möhtəşəm obrazını yaradan Bülbüldən, “Gerçək xalq qəhrəmanı” məqaləsində Koroğlunun tarixi şəxsiyyət olmasından, “Misri qılıncın sirləri nədədir” məqaləsində isə çoxlarına məlum olmayan maraqlı məsələlərdən söhbət açılır. Müəllif yazır: “Bunu Türkiyənin “Süleyman Paşa” muzeyindən əldə etmişəm. Bu sirlər belə başlayır. Xəncər bir göz qırpımında qalın mismarı ikiyə bölür, özündə isə heç bir iz qalmır. Dünyada yalnız misri polad buna qadirdir. Bu polad hələ Aristotel vaxtı şöhrət tapıb və haqqında o qədər əfsanələr yaranıb ki... Hətta bu gün də tarixçilər nəyin həqiqət, nəyin əfsanə olduğunu ayırd edə bilmirlər. Bu cür poladın hazırlanma texnologiyasının sirləri həmişəlik itirilmişdi. Müxtəlif əsərlərdə alimlər onun üzərində baş sındırıb, hətta təcrübələr şahı faradey də bu sahədə özünü sınayıb, lakin misri polad öz sirrini heç kəsə verməyib...

Son vaxtlar Donetsk Politexnik Universitetinin bir qrup alimi bu cür poladın alınma texnologiyasını işləyib hazırlamışlar. Beləliklə, “Koroğlu” dastanında ildırım qılıncı adlandırılan, nəyə vursan kəsib tökən, tünd qara rəngli misri qılıncın hazırlandığı poladın sirri açılmışdır”.

Yorulmaq bilməyən Əminə xanım bununla kifayətlənməmiş, elmi axtarışlarını davam etdirmiş, Sankt-Peterburq, Moskva arxivlərində, xüsusən də Türkiyənin “Süleyman Paşa”, eləcə də “Süleymaniyyə” və “Səlimağa” universitet arxivlərində, İstanbulun “Tanıtım” musiqi studiyasında tədqiqat aparmış, ədəbiyyat və musiqi tariximizə dair, bizlərə o qədər də məlum olmayan qiymətli materiallar əldə etmiş, qədərincə bəhrələnmiş, kitabında xarici musiqişünasların muğamlarımıza dair məqalələrindən bəhs etmişdir. Müəllif xarici musiqişünaslardan klassik muğamlarımızın tədqiqatçıları, fransız alimləri Jak Dürrünq, Ojjen Oben və rus musiqişünası Viktor Belyayev haqqında maraqlı məqalələr yazmışdır. Araşdırıcı V.Belyayevin “Folklor musiqisi” və qədim yazılar kitabında Azərbaycan xalq musiqisinə geniş yer verildiyini xüsusi vurğulayır. Əsərin “Giriş”, “Azərbaycan xalq mahnıları”, “Azərbaycan xalq rəqs musiqisi”, “Azərbaycan aşıqlarının yaradıcılığı”, “Azərbaycan muğamları” bölmələrinin tədqiqatçılar üçün qiymətli mənbə olduğunu göstərir. Burada çox əhəmiyyətli olan odur ki, V.Belyayev Azərbaycan mahnılarını başqa xalqların mahnıları ilə müqayisədə nəzərdən keçirir. Mahnıların təhlilinə ancaq musiqi baxımından baxmır, musiqini mahnı mətni ilə vəhdətdə götürür.

Əminə xanımın bu gərəkli kitabında təbii olaraq musiqi xadimlərinə geniş yer verilib. Bəstəkarlardan Qara Qarayev, Niyazi, Ramiz Mustafayev, Ələkbər Tağıyev, Sərdar Fərəcov, müğənnilərdən Bülbül, tarzənlərdən Əhmədxan Bakıxanov, Əhmədbəy Tahirov, sənətşünas alimlərdən Arif Əsədullayev və başqaları haqqında yazıları oxuduqca xalq qarşısında böyük xidmətləri olan bu şəxsiyyətlər oxucunun gözündə daha da ucalır. Əminə xanımın Ələkbər Tağıyevə həsr etdiyi “Nəğmələrdə yaşayan ürək” məqaləsini həyəcansız oxumaq olmur, insan haldan-hala düşür. Xüsusən də Zeynəb Xanlarovanın ifasında oxunan mahnının sözləri çox təsirlidir:

 

İtirdim bu eşqə son ümidimi,

Könül rübabının qırıldı simi.

O acı həsrətin bir xəyal kimi,

Elə hey boylanıb ağlar könlümdə.

 

Büründün dumana dağlar qoynunda,

Getdin, bilinmədi məkanın, yerin.

Qaldım ümidinə xatirələrin,

Hicran çeşmələri çağlar könlümdə.

 

Əminə xanımın kitabında önəmli yer tutan tədqiqatlardan biri də “Şamaxı musiqi məclisləri”dir.

Bu böyük həcmli tədqiqat işini oxuyan hər kəs bir daha dərk edəcək ki, niyə muğam sənətimiz Şuşa ilə, Qarabağla bərabər, Şamaxı və Şirvanda zirvələr fəth etmişdir.

Bu yazıda dünya şöhrətli şəxsiyyətlərdən Mahmud ağanın (1836-1896) evində Azərbaycan muğam və mahnılarını dinləyən, Azərbaycan rəqslərini maraqla müşahidə edən fransız yazıçısı Aleksandr Düma, rus etnoqrafı və səyyahı İ.Yevlaxov, Sankt-Peterburq Rəssamlıq Akademiyasının prezidenti Qaqarin yazılarında heyranlıqlarını gizlədə bilməmişlər. Qaqarin məşhur “Şamaxı rəqqasları” rəsm əsərini Şamaxı məclislərinə həsr edib. Aleksandr Düma iki rəqqasın - Nisə və Sona adlarını çəkdiyi halda, Qaqarin öz qeydlərində Nisə və Sonadan başqa Rəna, Səkinə, Hikmət və Məleykədən də məhəbbətlə söz açır.

“Musiqi töhfələri” kitabının sanbalını artıran yazılardan biri də “Dünyanın ən uzaq yolu fəxri xiyaban” məqaləsidir. Müəllif bu adı nə səbəbdən seçdiyinə belə aydınlıq gətirir: “Dünyanın ən uzaq yolu qəbiristanlığa gedən yoldur. Çünki həyatdan heçliyə gedən bu yolun uzaqlığı həyata ilk göz açıb, son vida dediyin zamanla ölçülür” və sonra əsas mətləbə keçir. Burada uyuyan, xalqımızın qürur mənbəyinə çevrilən şəxsiyyətlərin adlarını çəkir. Cəlil Məmmədquluzdə ilə Həmidə xanımın bir yerdə olmalarına sevinir. Hökümə Qurbanovanın ciyərparası Vəfanın anasından ayrı düşdüyünə kədərlənir. Çoxlarının məzarının harada olduğundan xəbərsiz olduğu Cabbar Qaryağdıoğludan söz açır. Müğənninin qızı - 80 yaşlı Şəhla xanımla əlaqə saxladığını göstərir. Azərbaycanın xalq artisti, “Şərəf nişanı” ordenli, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, muğamlarımızın mənəvi atası Qaryağdıoğlunun hamının başının müharibəyə qarışdığı, qanlı-qadalı 1944-cü ildə dünyasını dəyişdiyini, müğənninin ümumi qəbiristanlıqda dəfn olunduğunu və qəbrin üstünün götürülmədiyini təəssüflə qeyd edir. Görkəmli sənətkarın qəbrini sahmana salmaq borcumuzdur, yoxsa gələcək nəsillər bizi qınayar.

Ümumiyyətlə, sağlığında da, elə indi də, örnək əməlləri ilə xalqımıza başucalığı gətirən, dünyasını dəyişmiş şəxsiyyətlərə Əminə xanımın həsr etdiyi məqalələrini oxuduqca onun xeyirxahlıqla döyünən ürəyinə qibtə etməmək olmur.

Fitri istedadı olan adamlar hərtərəfli biliyə sahib olurlar. Əminə Tuncay folklorumuzu, aşıq musiqisini və aşıq yaradıcılığını da gözəl bilən, biliklərə can atan fədakar tədqiqatçıdır. Onun folklorşünas Vəli Xuluflu, “Koroğlu” dastanı və misri qılınc haqqında çox maraqlı və yeni olan məqalələri, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şakir haqqında yazıları çox mətləblərdən xəbər verir. Tədqiqatçı Aşıq Şakirlə bağlı çoxlarının bilmədiyi bir məsələni gündəmə gətirir: “Dünya yaxşılardan xali deyil. 1984-cü ildə ABŞ-da Şakirin səsi yazılmış maqnitofon lentini Azərbaycan Respublikasının Mərkəzi Səsyazmalar Arxivinə hədiyyə göndərdilər. Los-Anceles şəhərinin radio verilişləri redaksiyasının əməkdaşları fred Həyat və fred Azad (fəraməz Bərazəndeh) tərəfindən edilmiş bu nəcib təşəbbüs Aşıq Şakiri öz ana yurdunda tamamilə unudulmaq təhlükəsindən xilas etdi”.

Onu da deyim ki, Əminə xanım Şakir sənətinin pərəstişkarı olub. Dəfələrlə Nardaranda aşığın toy məcslislərində iştirak edib. Filarmoniyada aparıcı işləyərkən Şakirin konsertlərini aparıb. Aşıq Şakirə şeirlər də qoşub:

 

Mən indi nə deyim, Şakir kim idi,

O, fəryad qoparan sarı sim idi.

Ürəkdə çırpınan şeir kimiydi,

Könül nəğməsiydi Şakirin səsi.

 

“Musiqi töhfələri” əsərinin ən oxunaqlı bölmələrindən biri “Nələr olmur bu dünyada” başlıqlı hissəsidir. Burada müğənni, aktyor və bəstəkarlarla bağlı maraqlı hadisələrdən söz açılır. Onlardan ikisini burada veririk.

Məşhur rus müğənnisi Fyodr Şalyapin müğənni əməyini asan iş sayan adamlar haqqında belə demişdir: “Bu cür adamlar bir dəfə məni Moskvada gəzdirmiş bir faytonçunu xatırladır. O, məndən soruşdu: “Ağa, siz nə işlə məşğulsunuz? Cavab verdim ki, oxuyuram. O, narazılıqla başını buladı: - Bilmək istəyirəm nə iş görürsünüz? Oxumağı elə hamımız bacarırıq”.

Bu, mənim yadıma yenicə yazıçılığa başlayan İsi Məlikzadə ilə atası dəmirçi Abbas arasında olan söhbəti xatırladır.

Nə isə... Mətləbdən uzaqlaşmayaq.

- Cənubi Amerikada “Otello” pyesinə tamaşa edən bir şəxs Yaqonun alçaq hərəkətlərinə dözməyib onu güllə ilə vurub öldürür. Qatil tamaşaçını edam edir və onların hər ikisini bir məzarda dəfn edir və qəbir daşında yazırlar: “Ən yaxşı aktyora və ən yaxşı tamaşaçıya abidə”.

Əminə xanımla söhbət edəndə adama elə gəlir ki, dünyanın ən xoşbəxti odur dünyada. Onun apardığı tədqiqatlar, milli dəyərlərimizin təbliği yolunda gördüyü əvəzsiz işlər də bunu deməyə əsas verir. Bununla belə, keşməkeşli dünyamızın keşməkeşləri ondan da yan keçməmişdir. Gözəl şair Nüsrət Kəsəmənli “Dörd divar arasında” adlı altı bəndlik şerini ona həsr edib:

 

Nəfəsiylə qızdırar soyuq gecələrini,

Qazanı birnəfərlik, ocağı birnəfərlik.

Ay işığı oxşayar oyaq gecələrini,

Üşüyər açıq qalan qucağı birnəfərlik.

 

Əminə Tuncay özü də lirik şairdir. Onun şeirlərinə Şəfiqə Axundova, Ələkbər Tağıyev, Tofiq Bakıxanov, Tamilla Məmmədzadə kimi gözəl bəstəkarlar musiqi bəstələmişlər. “Azərbaycan gəncləri”, “Bəlkə gəldi”, “Gözəllik”, “Xoşbəxtliklə gülüm”, “Sevirsənsə ümid bəslə”, “Təbəssüm” və s. zamanında sevilən mahnılar sırasında idi.

Müəllifin “Közərən məhəbbət”, “Dağılan dünyam”, “Mənsur şeirlər” kitabları işıq üzü görüb. Lakin Əminə xanımın “Musiqi töhfələri” bambaşqadır. Acılı-şirinli xatirələrinizi vərəqləmək, yaddaşınızı təzələmək istəyirsinizsə, ürək çırpıntılarının, sonsuz məhəbbətin bəhrəsi olan, rəvan dildə yazılan bu kitabı oxuyun.

 

Qəzənfər PAŞAYEV

filologiya üzrə elmlər doktoru,

professor

 

Ədəbiyyat qəzeti.- 2014.- 10 yanvar.- S.6; 8.