Ramiz Əsgər - 60
Hörmətli Ramiz müəllim!
Sizi - tanınmış şair,
ədəbiyyatşünas, tərcüməçi və publisisti anadan
olmanızın 60 illiyi münasibətilə
ürəkdən təbrik edirik.
Siz orta məktəbi qızıl medalla bitirərək indiki
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil
olmuş, daha sonra əlaçı tələbə kimi təhsilinizi Moskva
Dövlət Universitetinin jurnalistika
fakültəsində davam etdirmisiniz.
Əmək fəaliyyətinizə Azərbaycan radiosunda başlamış, türkcə
verilişlər redaksiyasında
çalışmısınız. Daha sonra Azərbaycan, türk,
ərəb, fars, ingilis,
fransız və alman dillərində
çıxan “Azərbaycan bu gün” jurnalının baş
redaktoru olmusunuz.
Siz eyni zamanda
tanınmış ədəbiyyatşünassınız.
Türkologiyanın təməl əsərlərindən olan Yusif Balasaqunlunun
“Qutadqu bilik” poeması
üzrə namizədlik, Mahmud Kaşğarinin “Divani lüğat-it-türk” əsəri üzrə
doktorluq dissertasiyası
yazmısınız. Siz 10 monoqrafiya
və 200-ə yaxın elmi əsərin
müəllifisiniz. Türkologiyanın ən böyük,
ən qədim və ən zəngin məxəzi olan “Divani-lüğat-it-türk”
haqqında sanballı monoqrafiya
yazmış, bu əsər üzrə biblioqrafik və qrammatik
göstəricilər hazırlamısınız. Sizin qələminizdən çıxan “Orxon abidələri”, “Qutadqu
bilik” və “Türk
xalqları ədəbiyyatı oçerkləri” kitabları da elmi ictimaiyyət tərəfindən
dərin maraqla qarşılanmışdır.
Siz son dövrlərdə Bakı
Dövlət Universitetində elmi-pedaqoji
işlə məşğul olursunuz.
2002-2006-cı illərdə türkologiya
kafedrasında müəllim kimi
çalışmış, 2007-2011-ci illərdə BDU-nun Azərbaycan mühacirət ədəbiyyatı
və bədii tərcümə elmi-tədqiqat
laboratoriyasının baş elmi işçisi və müdiri olmuş, 2012-ci
ildə Türk
xalqları ədəbiyyatı kafedrasının müdiri seçilmisiniz.
Sizin fəaliyyətinizdə tərcüməçilik
xüsusi yer tutur. Siz indiyədək rus, alman, türk,
özbək, uyğur, türkmən, tatar, qaqauz dillərindən
40 kitab tərcümə etmisiniz.
Bunların arasında M.Kaşğarinin
“Divani lüğat-it-türk”
(4 cild) əsərini, Y.Balasaqunlunun
“Qutadqu bilik”
poemasını, F.Sümərin
“Oğuzlar”, B.Ögelin “Türk mifologiyası”, Z.Baburun
“Baburnamə” kitablarını, H.Bayqara, Babur və Mehri Xatunun divanlarını, Azadinin,
Ənbəlibin, Məhdumqulunun, Molla Nəfəsin,
A.Tukayın və başqalarının seçilmiş
əsərlərini göstərmək olar.
Sizin tərcümənizdə
“Monqolların gizli tarixi”,
“Türk ədəbiyyatı tarixi” (2 cild), özbək
və türkmən poeziyası antologiyaları da oxucular tərəfindən
rəğbətlə qarşılanmışdır.
Siz indiyədək Türkiyənin “Türk
dünyasına xidmət”, Özbəkistanın beynəlxalq “Babur”, Ukraynanın beynəlxalq “Bəkir
Çobanzadə”, Türkmənistanın beynəlxalq
“Altın əsr”, Avrasiya Yazarlar
Birliyinin və TürkSOY-un
mükafatlarına layiq görülmüsünüz. Qasım Amanjolovla
bağlı tədqiqat və tərcümələrinizə
görə Qazaxıstanın “Qasım Amanjolov”
yubiley medalı ilə, Abdulla
Tukayın əsərlərinin tərcüməsinə
görə Tatarıstanın “Mədəniyyət sahəsində
uğurlar” medalı ilə təltif edilmiş, 2011-ci ildə Avrasiya
Tərcüməçilər Birliyinin
(Ankara) sədri seçilmisiniz.
Hörmətli Ramiz Əsgər!
Sizi yubileyiniz münasibətilə
bir daha təbrik edir, uzun ömür,
cansağlığı və yeni-yeni uğurlar arzu edirik!
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2014.- 10 yanvar.- S.5.