Yeddi ölkənin laureatı
15-20 il
bundan əvvəl İstanbulda
Ramiz Əsgərin də iştirak
elədiyi bir məclisdə onun fəaliyyətindən söz
düşmüşdü. Onda Ramiz nə elmlər
namizədi idi, nə də ki elmlər doktoru. Mən orada dedim ki,
o, türk
dünyasına, elmə, mədəniyyətə, filologiyaya, özəlliklə də türkologiyaya bir professordan çox xidmət
göstərib. Onu tanımayanlar mənim bu sözlərimi heyrətlə, tanıyanlar
isə təqdirlə qarşıladılar. Ramiz
Əsgərin özü isə bu sözlərdən ona xas olan təvazökarlıqla
sıxıldı.
Ramiz Əsgər bütün
göstəricilər üzrə qeyri-adi,
orijinal adamdır. Zahiri
görkəmi ilə hamıdan fərqlənir. Saqqal saxlayır, çiynində daima içi kitabla dolu çanta
daşıyır. Çatan kimi özünün
yazdığı, yaxud tərcümə etdiyi kitabı və ya
kitabları çıxarıb adama hədiyyə
edir. Ciddi, işgüzar, səssiz və iddiasız bir elm adamı, vətənpərvər,
türkçü, dövlətçi bir ziyalıdır.
Ramiz Əsgəri ən qısa və ən dolğun şəkildə təqdim etmək üçün, zənnimcə, bundan yaxşı ifadə tapmaq
mümkün deyil: “Yeddi ölkənin laureatı”. Hansı ölkələrin?
Ən başda öz
ölkəmizin, doğma Azərbaycanın.
Ramiz ixtisasca qəzetçidir,
jurnalistdir, 43 ildir mətbuatdadır.
Yaşlı nəslin nümayəndələri ötən əsrin
80-90-cı illərində onun redaktorluğu altında ərəb, latın və
kiril əlifbaları ilə nəşr olunan “Odlar yurdu”
qəzetini yaxşı xatırlayırlar. O dövrdə onun qədər məzmunlu və maraqlı ikinci bir mətbuat
orqanı yox idi. Qəzetin səhifələrində xaricdə fəaliyyət
göstərən Azərbaycan cəmiyyət, dərnək və
mərkəzləri, mühacirətdə yaşayan
alim, yazıçı və sənətkarlar,
mədəniyyətimizi tədqiq edən azərbaycanşünaslar,
türkoloqlar haqqında çox
gözəl yazılar çıxırdı
və onların çoxunu Ramz Əsgər özü
yazırdı. Mətbuat sahəsindəki çoxillik
və səmərəli fəaliyyətinə görə o, ölkəmizin «Qızıl qələm» (iki dəfə), «H.B.Zərdabi», «Humay» mükafatlarına layiq
görülmüşdür. Ramiz Əsgər
hazırda Azərbaycan Jurnalistlər Birliyinin
baş katibidir, Azərbaycan
Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və mənzil-qərargahı Vyanada yerləşən Beynəlxalq Mətbuat
İnstitutunun (İnternational
Press İnstitute) üzvüdür. 2010-cu ildə isə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ona Azərbaycanın əməkdar jurnalisti fəxri adı verilmişdir.
Ramiz Əsgər qardaş
Türkmənistanın «Altın əsr» mükafatı
laureatıdır. Bu nüfuzlu
mükafata türkmən ədəbiyyatının
tədqiqi, tədrisi və tərcüməsi sahəsindəki
misilsiz xidmətlərinə görə layiq görülmüşdür.
Ramiz
Əsgər bu günə qədər klassik türkmən şairlərindən Nurməhəmməd
Əndəlib, Abdulla Şahbəndə,
Dövlətməmməd Azadi, Məhdumqulu
Fəraqi və
Molla Nəfəsin kitablarını böyük məharətlə tərcümə
etmişdir. O,
“Türkmən şeri antologiyası”,
“Türkmən müəmmaları, deyişmələri və
vücudnamələri” kitablarını tərtib və tərcümə
edərək çapdan buraxmış, nəhayət,
Prezident Qurbanqulu
Berdimühəmmədovun ölkəmizdə böyük
maraqla qarşılanan “Axaltəkə
atı” kitabını çevirmişdir.
Müasir Azərbaycan-türkmən ədəbi əlaqələrinin
inkişafında Ramizin rolunu
yüksək qiymətləndirən Anarın fikrincə, dünyada hələ heç
kim türkmən ədəbiyyatının
təbliği sahəsində Ramiz qədər
səmərəli fəaliyyət göstərməmişdir.
Ramiz Əsgər həm də Özbəkistanın
beynəlxalq Babur mükafatı
laureatıdır. Məlum olduğu kimi, Zəhirəddin Məhəmməd Babur türk tarixinin ən nadir
simalarından biridir. O, 333 il mövcud olmuş baburilər imperiyasının banisi, iki divan
bağlayan şair, türk ədəbiyyatında memuar
janrında ilk əsər olan
“Baburnamə”ni yazan nasir,
neçə-neçə elmi, ədəbi,
dini, hərbi risalə müəllifi, etnoqraf, musiqişünas,
coğrafiyaçı, bir sözlə, ensiklopedik zəka sahibidir.
Ramiz bu dühanın əvvəlcə “Seçilmiş əsərləri”ni, sonra isə “Baburnamə”sini dilimizə çevirmişdir. Özbəkistan rəhbərliyi
bunu böyük
razılıq hissilə qarşılamış, Prezident İslam Kərimovun
göstərişi və humanitar məsələlər
üzrə müşaviri,
yazıçı-baburşünas Xeyrulla
Sultanovun iştirakı ilə Baburun vətəni Əndicanda kitabın təqdimat
mərasimi keçirilmiş, Beynəlxalq
Babur fondunun qərarı
ilə Ramizə laureat adı verilmişdir. Baburun qohumu, Teymur soyundan olan Sultan
Hüseyn Bayqaranın divanını, XX əsr
özbək şeri antologiyasını da tərcümə edən Ramiz
hazırda “Özbək ədəbiyyatı tarixi”
üzərində işləyir.
Qardaş Türkiyə də Ramiz
Əsgərin fəaliyyətinə yüksək dəyər vermişdir. “Divani lüğat-it-türk”ün
nəşrindən sonra 2007-ci ildə Türk Dil Qurumunda
Türkiyənin 9-cu Cümhurbaşkanı Süleyman
Dəmirəlin də qatıldığı təqdimat mərasimi
keçirilmişdir. Eyni
mərasim Avrasiya Yazarlar
Birliyində də təkrar edilmişdir.
Türkiyə Yazarlar və Sənətçilər
Vəqfi isə 2008-ci ildə Ramiz Əsgəri
“Türk dünyasına xidmət”
mükafatına layiq görmüşdür.
Alim türk
dünyasının YUNESCO-su sayılan, mənzil-qərargahı
Ankarada yerləşən TÜRKSOY-un
da özəl mükafatını
almışdır (2010-cu ildə).
Bu
yaxınlara qədər Azəbaycan ictimaiyyəti Bəkir
Çobanzadəni görkəmli dilçi-alim
və türkoloq kimi
tanıyırdı. İndi onun adının önünə “incə duyğular şairi və
gözəl hekayələr müəllifi” epitetləri də
əlavə edilir. Ona görə ki, Ramiz Əsgər ədibin
azərbaycanca “Seçilmiş şeirləri”
və “Seçilmiş bədii əsərləri”
adlı iki kitabını çapdan
buraxaraq 84 şerini və
6 hekayəsini ədəbiyyatsevərlərə təqdim etmişdir. Krımın (Ukrayna)
Simferopol (Ağməscid) şəhərində
yerləşən B. Çobanzadə
fondu bunları nəzərə alaraq 2012-ci ildə Ramiz
Əsgərə beynəlxalq Bəkir Çobanzadə
mükafatını vermişdir.
Türk dünyasının ən ulu şairlərindən biri
olan Abdulla Tukayın
(1886-1913) yaradıcılığı Azərbaycanda çox tanınır və sevilir.
Müxtəlif vaxtlarda
ölkəmizdə onun ayrı-ayrı
şeirləri tərcümə və çap
edimiş, lakin heç bir kitabı
çıxmamışdır. Şairin
125 illik yubileyi ərəfəsində
Ramiz Əsgər bu boşluğu dolduraraq Abdulla Tukayın “Millətim” və “Seçilmiş əsərləri”
kitablarını Azərbaycan tukaysevərlərinin
ixtiyarına vermişdir.
Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi bu xidməti
müqabilində Ramiz Əsgəri
Tatarıstanın «Mədəniyyət sahəsində uğurlar» medalı ilə təltif etmişdir. O, Kazana dəvət
olunmuş, Tukayla
bağlı yerləri gəzmiş, Milli Kitabxanada ziyalılar və oxucularla
görüşmüşdür.
Məşhur şair Qasım Amanjolov
(1911-1955) öz lirik və
həzin rübabı ilə XX əsr qazax
ədəbiyyatında silinməz izlər
buraxmışdır. Onun
ölümündən təqribən 60 il
ötsə də, bir çox
şeirləri hələ də dillər əzbəridir.
2011-ci ildə şairin anadan
olmasının 100 illiyi böyük
təntənə ilə qeyd edilmişdir. Ramiz Əsgər
də bu sevincdən kənarda
qalmamış, sənətkar haqqında “Ədəbiyyat qəzeti”ndə
bir səhifə yazı vermiş,
bəzi şeirlərini Azərbaycan dilinə tərcümə
etmiş, yaradıcılığı barədə
elmi məqalə yazmışdır.
Almatıda, Karaqandada və Türkiyənin
Yalova şəhərində keçirilən
yubiley tədbirlərində maraqlı məruzə
ilə də çıxış edən Ramiz
Əsgər Qazaxıstanın «Qasım Amanjolov»
yubiley medalı ilə təltif olunmuşdur.
Alınan son xəbərə görə, Ramiz Əsgər TÜRKSOY-un
yaradılmasının 20 illiyi münasibətilə
buraxılan yubiley medalı ilə də təltif
edilmişdir.
İnanıram ki, o, hələ başqa ölkələrin də laureatı olacaq!
Nizami CƏFƏROV
AMEA-nın müxbir üzvü,
millət vəkili
Ədəbiyyat qəzeti.- 2014.- 10 yanvar.- S.5.