"Aqoniya",
yoxsa təkamül?
XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər
Dördüncü məqalə
Rüstəm
Kamalın impulsiv mülahizələri bəzən
absurda gətirib çıxarır: o, Mirzə Fətəli
Axundzadəni "İran millətçisi"
hesab edir və deyir ki, "Azərbaycan ədəbiyyatında
iki nəfər Sasani dövrünün nostaljisini
yaşayıblar: Axundzadə
və Xaqani… (?!- E.)" (Azadlıq radiosu, "Pen klub" proqramı, 19 aprel
2013).
"İran millətçisi", yəni Mirzə
Fətəli Axundzadə (!) Xaqani kimi (?!) "Sasani nostaljisi yaşayır"
və… Azərbaycan ədəbiyyatında tamam
yeni bir janrın banisi olur, milli
dramaturgiya məktəbi yaradır, müasir Azərbaycan ədəbi-bədii dilinin formalaşmasında müstəsna rol oynayır, böyük
fəlsəfi
traktatını Azərbaycan dilində yazır, müasir hekayə janrının əsasını
qoyur, milli ədəbi
tənqidin ("kritikanın"!) təşəkkül
tapmasına təkan verir, konkret
milli mövzu və məzmunu
ədəbiyyata gətirir?
Xaqani dünyagörüşü ilə
ondan 700 (!) il sonra və tamam başqa bir epoxada, tamam başqa bir tarixi şəraitdə, tamam
başqa bir ədəbi-estetik
və siyasi-ictimai mühitdə
yaşamış və yazıb-yaratmış Axundzadə dünyagörüşünü eyniləşdirmək
hansı metodoloji prinsipə söykənir,
ümumiyyətlə, hansı məntiqə əsaslanır?
Şəxsən mən
bu sualın cavabını tapa
bilmədim.
Bu yerdə yenə Yaşar
Qarayevin obrazlı bir
bənzətməsi yadıma düşür:
"XIX əsrdə yaşasa
da, Axundzadə mənəviyyat tariximizdə
bu günü - XX əsri
yaradanların ordusu başında durur" (Yaşar Qarayev. Tarix: yaxından və uzaqdan. səh.
225).
Sadə bir sual doğur:
nə üçün?
Sovet dönəmində də Mirzə Fətəli Axundzadənin
yaradıcılığı və fəaliyyəti yüksək
qiymətləndirilirdi, Axundzadənin əsas tədqiqatçıları
məhz sovet dövrünün
mütəfəkkirləri idi (Mirzə Feyzulla Qasımzadə, Məmməd Cəfər
Cəfərov, Cəfər Cəfərov, Mikayıl Rəfili, Heydər
Hüseynov və b.) və
bu baxımdan bu məsələdə,
yəni Azərbycan ədəbiyyatında və ictimai fikrində Axundzadə hadisəsinin qiymətləndirilməsində
heç bir əksqütblük
yoxdur, ancaq məsələ
bu qiymətləndirmənin bəzi hallarda "nə üçün?"lüyündədir,
hansı bədii-ideoloji əsaslara söykənilməsində,
hansı cəhətlərin şişirdilməsindədir.
Misal üçün, mən Mirzə Fətəlinin yeni əlifba
uğrundakı mübarizəsini birmənalı qəbul etmirəm,
çünki müasir
texnologiya və kommunikasiyanın
inkişafı sübut edir
ki, "göz"ü "kor" etmək
ucbatından, nöqtələrin çoxluğuna
və s. görə, maarifi
kütləviləşdirmək, savadı artırmaq məqsədilə əlifba dəyişmək
o qədər də əsaslandırılmış
məsələ deyil. Hər halda, bizim
özümüzünküləşdirdiyimiz ərəb əlifbası
yapon, yaxud Çin ieroqliflərindən çətin qrafika deyil, ancaq baxın, bu gün ən modern kompyuterlər
məhz həmin ieroqliflərlə çalışır.
Əlifbanı
dəyişmək, əslində, millətin özü
ilə öz keçmişi
arasında mənəvi bir sərhəd yaratmaq deməkdir və bunun
acı nəticələrini bizim bəxtimizə
düşən dörd dəfə (ərəb-latın-kiril-yenidən
latın) əlifba dəyişmə zamanı görmüşük. Mirzə Fətəlinin əlifba
uğrundakı mübarizəsinin rəmzi mənası, mənim
üçün, bu
mübarizənin nəticəsindən üstündür
və mən "rəmzi məna" dedikdə, milləti
silkələmək, onu xəyalistandan,
"1001 gecə" nağılları aləmindən
dartıb çıxarmaq ehtirasını, sulu
qəlyan ləzzətini kitab
həvəsi ilə əvəz etmək istəyini nəzərdə
tuturam, bu fəaliyyət
öz enerjisini
dünyanın - müasir elmin,
ədəbiyyatın, incəsənətin artıq tamam birtərəfli (Qərb istiqamətindəki!)
inkişafı ilə ayaqlaşa bilmək
amalından alırdı.
Yaxud, "Axundzadə ateizmi"
mətləbinin (daha dəqiq isə
"Axundzadə və din" mövzusunun) şişirdilməsini və yeri gəldi-gəlmədi hakim
sovet ideologiyasının tələbləri
baxımından bundan sui-istifadə edilməsini
götürək. Mən Mirzə Fətəli
Axundzadənin 170 illik yubiley
gecəsində məruzə etmişdim və
o məruzəni hazırlayarkən,
SSRİ miqyasında keçirilən bu yubiley zamanı Tiflisdə onun
abidəsinin açılışı mərasimində Eduard Şevardnadzenin
çıxışını oxumuşdum.
İdeoloji konyunkturanı ifadə edən
bu çıxışda Şevardnadze
ədibin yaradıcılığını
və bu yaradıcılığın əhəmiyyətini
bir tərəfə qoyub,
Mirzə Fətəlinin
"dinin buxovlarını cəsarətlə
qırdığını" xüsusi
vurğulayırdı (Bax: "Kommunist" qəzeti, 6 oktyabr 1982).
Hətta
bizim böyük ədəbiyyatşünaslarımızdan
biri olan rəhmətlik
Əziz Mirəhmədov da M.F.Axundzadəni "dövtələb ateizmin banisi"
adlandırır və bunu xüsusi
təqdir edirdi (Bax: "Kommunist"
qəzeti, 17 oktyabr 1982).
Bir cəhət də vardı ki,
"Axundzadə ateizmi"ndən danışanda, əsas
etibarilə bu ateizm islamla bağlanırdı və "Axundzadə
ateizmi" çox zaman məhz islamla
bağlı aspektdə təhlil edilirdi, halbuki "Axundzadə və din"
münasibəti yalnız islamı yox, bütün dinləri ehtiva
edirdi.
Bütün bunları deməklə, mən yenidən
Amerika kəşf etmək fikrində deyiləm,
söhbət sadəcə olaraq ondan gedir ki,
Azərbaycan ədəbiyyatından və indiki
halda XIX əsr ədəbiyyatından bəhs
edərkən, biz ilk
növbədə onu, sovet
dönəminin ideoloji doqma
və aksentlərindən
azad etməliyik.
Rüstəm
müəllim "xarici mütəxəssislərin"
bu fikri ilə
razılaşır ki, "XIX əsr Azərbaycan
ədəbiyyatı təzədən
yazılmalıdır" (Kulis.az
saytı, 29 aprel 2013) və mən də
"təzədən yazmaq" mənasında
yox, XIX əsr ədəbiyyatına,
ümumiyyətlə, ədəbiyyat tariximizə yeni
gözlə nəzər salmağın vacibliyi
baxımından Rüstəm müəllimlə də, onun istinad etdiyi
"xarici mütəxəssislərlə"
də müttəfiqəm.
Biz müasir ədəbiyyatşünaslığımızın
tarixini Firidun bəy
Köçərli ilə başlayırıq, ancaq fakt budur
ki, Azərbaycan ədəbiyyatşünaslığı
70 illik sovet
dövründə təşəkkül tapmış,
formalaşmış, inkişaf etmiş və böyük
bir elmi-nəzəri təsərrüfat
yaratmışdır. Ona görə
də xoşbəxtlikdən "təzədən yazmağa" ehtiyac yoxdur (artıq yazılıb!), ancaq
bu ədəbiyyata ideoloji
məcburiyyət və məhdudiyyətdən azad
şəkildə yeni gözlə baxmağa ehtiyac var, bu isə heç vəchlə o demək
deyil ki, Mirzə Fətəlini
"İran millətçisi" elan edəsən.
Deməliyəm ki, Rüstəm müəllimin bu fikri orijinal
deyil. Xatırlayıram ki,
hələ 1988-ci ildə mən Nyu-Yorkda ilk dəfə Tadeuş Svyatoxovski ilə görüşdüm
və onun evində qəhvə süfrəsi
arxasında gecənin yarısına qədər söhbət
etdik. O zamana
qədər mən onun yanlız Türkiyədə
türk dilində nəşr olunmuş "Rus Azərbaycanı:
1905-1920" kitabını oxumuşdum (bu kitabı oxumaq üçün rəhmətlik professor Abbas Zamanovdan götürmüşdüm,
sonra isə müəllif özü
avtoqrafla mənə
bağışladı) və söhbətimiz əsnasında
gördüm ki, Svyatoxovskinin bir tarixçi kimi Azərbaycan tarixi,
xüsusən Demokratik Respublikanın tarixi ilə ciddi məşğul
olur. Elə həmin gecə bir sıra məsələlərlə
bağlı isə onunla mübahisəmiz
də oldu və o məsələlərdən
də ən birincisi bu
idi ki, Tadeuş
Svyatoxovski Mirzə Fətəli Axundzadəni "İran millətçisi" hesab
edirdi. Sonralar - SSRİ çökəndən sonra
- Svyatoxovskinin əsərləri çap olundu, onun hansısa yazısında bu
fikirlə də rastlaşdım və mən bunu
amerikalı alimin Mirzə Fətəli
yaradıcılığını, xüsusən onun komediyalarını yaxşı öyrənə
bilməməsi, əxz etməməsi ilə yozuram.
Mən
vaxtı ilə Azərbaycan problematikası kontekstində Mirzə
Fətəli Axundzadənin
yaradıcılığı haqqında geniş
məqalə yazmışdım (maraqlananlar
baxa bilər: "Mənim fikirlərim haqdır",
M.F.Axundzadənin
şəxsiyyəti və yaradıcılığı
haqqında düşüncələr, "Ədəbiyyat və
incəsənət" qəzeti, 10 dekabr
1982) və orada Əbdürrəhim bəy
Haqverdiyevin çox dəqiq
bir müşahidəsini yada
salmışdım: "Mirzə Fətəlinin… epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş libasının
altında od tutub
alışmaqda olan bir
ürək döyünməkdə idi"
("Revolyusiya və kultura"
jurnalı, 1938, ¹ 6-7, səh. 115).
Bir az gurultulu səslənəcəyindən
çəkinməyərək demək istəyirəm ki, "od tutub
alışmaqda olan o
ürəyin" Azərbaycan naminə
döyündüyünə əmin olmaq üçün, heç
bir elmi-nəzəri yozuma,
necə deyərlər, "köməkçi, yönəldici
təmayülə" ehtiyac yoxdur və
mən Mirzə Fətəli
haqqında söylənmiş məlum fikirləri təkrar
etmək istəmirəm, qısaca olaraq
yalnız elə onun dramaturgiyasına
müraciət edirəm.
Mən Molla Pənah Vaqifin bədii
dilimizi milliləşdirməsi barədə
artıq yazmışam, Mirzə Fətəli Axundzadə isə XIX əsr
Azərbaycan ədəbiyyatına yeni janr gətirərək, ədəbiyyatımızın
mövzu və məzmununu milliləşdirdi,
artıq söhbət nəzirəçilikdən, mücərrəd qəzəl və
qəsidəçilikdən, nəsihətçilikdən,
"Divan ədəbiyyatı"nın
vaxtı keçmiş təqlidindən yox, xalqın təmiz dili
ilə həmin xalqın gündəlik həyatının,
güzəranının, xarakterinin, hiss-həyəcanının
ifadəsi olan Heydər bəyin Sona xanıma real məhəbbətindən
("Sərgüzəşti-mərdi-xəsis"), Ziba xanım ilə Şölə
xanımın tipik intriqasından ("Sərgüzəşti-vəziri-xani-Lənkəran"),
Tarverdinin Şəmsəddin
mahalındakı dərədə uğursuz
soyğunçuluğundan ("Hekayəti-xırs-quldurbasan"),
Şahbaz bəyin Parisdə dünyəvi
təhsil almağa can
atmasından ("Hekayəti-müsyö Jordan
həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur"),
millətin irəlidə gedənləri hesab
olunan xaçmazlı Şeyx
Salahın, Ağa Zaman
həkimin, Molla Salmanın, tacir Məşədi Cabbarın, mülkədar
Səfər bəyin konkret olaraq 1832-ci ildə nuxalı zərgər
Hacı Kərimin evinə toplaşıb "Tiflisə gedib, rüsxət alıb (! - E.), Xaçmazın dağlarında çadır qurmuş" Molla
İbrahimxəlilin kimyanın gücü
ilə bir batman misdən
xalis gümüş əldə
etməsini müzakirə edən və pul
toplayıb ucuz gümüş
ardınca kimyagərin hüzurunda varid olan bu
"möhtərəm" şəxslərin
avamlığından və nadanlığından ("Molla İbrahimxəlil hər
kəs sikkəli pul gətirirdisə, iki çəkisi bərabəri sikkəsiz xalis gümüşə" sahib
olur!) və s. gedirdi, artıq Hacı Qara
da, Dərviş Məstəli şah da, aferist
kimyagər də, Şəhrəbanu xanım da
klassik Azərbaycan ədəbiyyatının
ən gözəl obrazlarından olan
Məcnun, yaxud da Leyli kimi Ərəbistandan
gəlməmişdilər, onlar Azərbaycan
xalqının tipik nümayəndələri
idi və elə buna
görə də Mirzə fətəli komediyaları
bütövlükdə Azərbaycan xalqını ifadə edirdi.
Mehdi Məmmədov yazırdı ki,
Mirzə Fətəlinin
"dramaturgiyası və teatrı yalnız gülmürdü
və güldürmürdü, haray qaldırır, fəaliyyətə
çağırırdı" ("Onun
mütəfəkkir və sənətkar dünyası",
"Ədəbiyyat və incəsənət" qəzeti,
15 oktyabr 1982).
Bu
"haray qaldıran", "fəaliyyətə
çağıran" "İran millətçisi"
yox, Azərbaycan mütəfəkkiri idi, o azərbaycanlı Molla İbrahimxəlilləri, Dərviş Məstəli
şahları ən kəskin sarkazm (və
ürək ağrısı!), ən sadə Azərbaycan dili ilə Azərbaycan xalqının
özünə göstərirdi və belə bir bədii cəsarətin
arxasında həmin xalqı, artıq neçənci dəfə
dediyim kimi, Şərqin
orta əsrlər mürgüsündən
ayıltmaq ehtirası dururdu.
Düzdür, M.F.Axundzadənin
bədii nəsrində - "Aldanmış kəvakib"də
öz-özlüyündə çox
maraqlı mövzu və məzmun
başqadır və o, Azərbaycan ədəbiyyatında
daha artıq dərəcədə mühüm janr hadisəsi
idi. Füzulinin
"Şikayətnamə"sindən üzü
bu tərəfə ədəbiyyatımızın
ayrı-ayrı nəsr nümunələrinə təsadüf
edirik, ancaq hekayəni
bir janr kimi Azərbaycan ədəbiyyatının
faktı edən "Aldanmış kəvakib" oldu və bu əsər bədii
nəsr dilimizin gələcək
inkişafında müstəsna rol
oynadı.
Axundzadənin
biləvasitə təmasda olduğu şəxsləri,
kolleqalarını xatırlayaq: rus ədibləri
Aleksandr Bestujev-Marlinski,
Yakov Polonski, Polşa şairi Tadeuş Zablotski, gürcü ədibləri Qriqol
Orbeliani, Georgi Eristavi, Georgi Sereteli və b.; Mixail Lermontovun həyat və
yaradıcılığının ən sanballı tədqiqatçılarından
biri, bəlkə də birincisi
olan İrakli Andronikov onun, yəni Lermontovun Mirzə Fətəli ilə biləvasitə
təmasda olduğunu yazır və bizim tədqiqatçılar da
bu faktı təsdiq edir
(Bu barədə ətraflı bax: M.A.Bağırov. M.Y.Lermontov.
Bakı, "Azərnəşr", 1964, səh.
35-36) - belə bir əhatə ilə təmasda
olan, belə bir
ünsiyyətdən faydalanan İran ədəbiyyatı idi,
yoxsa Azərbaycan ədəbiyyatı?
Belə bir ünsiyyətdə
tərəf müqabillərini məlumatlandıran və
maraqlandıran "İran millətçisi"
idi, yoxsa ki, nuxalı zərgər Hacı Kərimi,
xaçmazlı Şeyx Salahı,
Qarabağlı, Təklə-Muğanlı obasının bəyi
Hatəmxan ağanı, Oğuzun Gəldəkli
kəndindən Molla İbrahimxəlili,
onun şagirdi samuxlu Molla Həmidi, lənkəranlı Mirzə Həbibi,
ağcabədili Hacı Qaranı, yaxud
Heydər bəyi, Əsgər bəyi, təbrizli Səkinə
xanımı və Əziz bəyi - belə bir
coğrafiya sakinlərini səhnəyə
çıxaran, personajlarının dili
ilə xalqın problemlərini qaldıran Azərbaycan ədibi?
Aydın məsələdir
ki, bu tipli
sualların sayını xeyli dərəcədə
artırmaq olar və bu
sualların pozitiv cavabını Mirzə Fətəli Axundzadə
yaradıcılığı və hadisəsi timsalında XIX
əsr Azərbaycan ədəbiyyatı verir.
Mən
yuxarıda bizim ədəbiyyatşünaslıqdan
danışdım və burası da mühüm, eyni zamanda, mövzumuzla
bağlı əlamətdar bir faktdır ki, Azərbaycan ədəbiyyatşünaslığının
formalaşmasında və inkişafında XIX əsr ədəbiyyatının
müstəsna rolu var. Söhbət bir kompleks şəklində ədəbiyyatdan
gedirsə, bu mühüm
cəhətdən sərf-nəzər etmək olmaz və mən elə yalnız öz kitabxanamda olan əsərlərin adlarını çəkmək
istəyirəm: Mirzə Feyzulla
Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı",
Məmməd Cəfər Cəfərovun "M.F.Axundzadənin ədəbi-tənqidi
görüşləri", Heydər Hüseynovun
"XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən", Əliəjdər
Seyidzadənin "Mirzə Şəfi Vazeh",
Mikayıl Rəfilinin "M.F.Axundzadə", "Mirzə
Şəfi dünya ədəbiyyatında",
Cəfər Cəfərovun "M.F.Axundzadənin
dramaturgiyası", Əziz Mirəhmədovun "XIX əsr
Azərbaycan ədəbiyyatında satiranın inkişaf
məsələsinə dair", Həmid
Məmmədzadənin "Mirzə Fətəli Axundzadə və
Şərq", Hidayət Əfəndiyevin "M.F.Axundzadənin nəsri", Kamran Məmmədovun
"XIX əsr Azərbaycan şeirində satira",
"Q.B.Zakir", Nadir
Məmmədovun "M.F.Axundzadənin
realizmi", Kamil
Mirbağırovun "Seyid Əzim Şirvani", Bəylər Məmmədovun
"Xurşidbanu Natəvan"… XIX əsrdə
yazıb-yaratmış Nəcəf bəy Vəzirov,
İsmayıl bəy Qutqaşınlı, Abbasqulu
Ağa Bakıxanov, hətta
XIX əsr ədəbiyyatının simasını müəyyənləşdirməyən,
ancaq öz-özlüyündə
istedadlı qələm sahibləri olan Mir Mövsüm Nəvvab,
Mirzə Ələsgər Növrəs, Heyran
xanım Dünbili, Baba
bəy Şakir, Mirzə Baxış Nadim, Fazil xan Şeyda,
Mirzə Məmməd Bağır Ağa Xalxali, Seyid Əbülqasım Nəbati və bir çox digər ədiblər
haqqında elmi monoqrafiyalar,
yüzlərlə elmi məqalələr
nəşr və dərc olunub, ədəbiyyatşünaslığımızda
ayrıca "Axundovşünaslıq" qolu
yaranıb. Əlbəttə, bu böyük elmi təsərrüfatın hamısı eyni səviyyədə
deyil, ancaq
adlarını çəkdiyim ədəbiyyatşünaslar,
eləcə də Həmid Araslı, Məmməd Arif, Mehdi Hüseyn,
Əmin Abid, Əli Nazim,
Hənəfi Zeynallı, Məsud Əlioğlu, Yaşar Qarayev, Sadıq Hüseynov və b. elə
bil ki, XIX əsr Azərbaycan
ədəbiyyatı haqqında nəhəng (və bütöv!) bir monoqrafiya yaratmışlar. Bu
nəhəng monoqrafiya nəinki milli ədəbiyyatşünaslığımızın,
ümumiyyətlə, ictimai fikrimizin sütunlarından biridir.
Artıq XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatı Abbas Səhhətin
dili ilə:
Birimiz mərsiyəgulluqda böyük
şair idi,
Birimiz sağərə mail, birimiz cananə!
- deyə, yaxud:
Yoxdur daha fikrimdə mənim qönçə
dodaqlar dərdi…
- deyə elə bil ki, özündən
əvvəlki mərhələ ilə, yəni orta əsrlər
poeziyası - "Divan ədəbiyyatı"yla
vidalaşırdı və Mirzə Ələkbər Sabirə
müraciətlə: "O pərişan yuxudan sən bizi
bidar etdin" - deyirdi.
Sabiri isə Cəlil Məmmədquluzadə ilə, XX əsr
Azərbaycan ictimai fikrinin Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə və b. kimi
böyük nümayəndələrini də XIX əsr Azərbaycan
ədəbiyyatı və XIX əsrin ədəbi-ictimai
aurası yetişdirdi.
1907-ci ildə Həsən
bəy Zərdabi vəfat etdi və dəfn
mərasimində Əhməd bəy Ağayev onun ruhuna
müraciətlə son dərəcə emosional məşhur
çıxışında deyirdi ki, o dünyada
babalarımızın yaxasından yapışıb soruş:
bu nə vətəndir, bizə qoyub getmisiz?!
Ancaq elə Həsən bəyin dəfn mərasiminin
özü göstərdi ki, cəhalət və nadanlıq
baxımından vətən daha əvvəlki vətən
deyil, artıq bu vətənin Mirzə Cəlil kimi, Mirzə
Ələkbər Sabir, Üzeyir bəy, Nəriman Nərimanov,
Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə,
Əhməd bəy Ağayev, Əlimərdan bəy
Topçubaşov, Məhəmməd Hadi, Hüseyn Ərəblinski,
Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Əbdürrəhim
bəy Haqverdiyev və b. kimi sənətkar-vətəndaşları
və siyasi-ictimai xadimləri, milli burjuaziyanın Hacı
Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi
Əsədullayev və b. kimi nümayəndələri var
idi, bu vətəndə "Molla Nəsrəddin" ədəbi
məktəbi yaranmışdı, onlarla qəzet və jurnal
nəşr olunurdu…
Artıq Abbas Səhhət bir vətəndaş sevinci
ilə deyirdi:
Yaşa, ey nameyi-"İrşad", yaşa!
Ey edən milləti dilşad, yaşa!
Ey "Füyuzat" feyzin cari,
Səndə var çünki "Həyat"
asari.
Yaşa, ey "Rəhbəri-əbnayi" vətən,
Qıl "Dəbistan" ilə ehyayi-vətən!
Çox yaşa, çox yaşa ey "Molla əmu"!..
Füzulinin ən
gözəl klassik qəzəllərindən
birinin lirik qəhrəmanı:
Edəmən tərk,
Füzuli, səri-kuyin
yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!
- deyərkən, onun içində
o qədər coşqun bir məhəbbət var idi ki,
yarın yaşadığı məhəlləni
özünün vətəni hesab edirdi və bu, əslində,
böyük bəşəri məhəbbətin konkret
ünvanı olmayan bəşəri vətəni idi.
Səhhətin lirik qəhrəmanı isə artıq konkret
ünvanlı vətəndən danışırdı:
Millət, ey banisi-həyati-vətən!
Oyan, ey milləti-əziz, oyan!
Sənə vabəstətədir nicati-vətən.
Bu o vətəndir ki, "əcdadımızın
mədfənidir, övladımızın məskənidir".
Aydın məsələdir ki, söhbət Füzuli ilə Səhhətin müqayisəsindən
getmir (bu gülünc olardı!), söhbət konkret
ünvanlı vətəndaş qayələrinin Azərbaycan
ədəbiyyatına gəlməsindən, Azərbaycan
poeziyasında Mirzə Ələkbər Sabir hadisəsinin
yaranmasından və həmin vətəndaşlıq qayələrinin
sürətlə poeziyamızın aparıcı istiqamətinə
çevrilməsindən gedir.
Bu vətəndaşlığı da,
poeziyamızın vətəndaş lirik qəhrəmanlarını
da XIX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikri
yetişdirdi.
Yaşar
Qarayev Məhəmməd
Hadini "Azərbaycan
poeziyasında yeni romantizmin böyük nümayəndəsi" adlandırırdı
(Məhəmməd Hadi. Seçilmiş əsərləri, Bakı, "Şərq-Qərb",
2005, səh. 7) və bu yeni (!) romantizm XX əsrin əvvəllərində
məşhur misralarını
yazırdı:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar
içində…
Bu "yeni romantizmi" XIX əsr Azərbaycan
ədəbiyyatı yetişdirmişdi.
Həsən bəy Zərdabinin o dəfn
mərasimi ilə, elə bil ki, XIX əsr ədəbiyyatını
və ictimai fikrini ehtiva edən zəngin mündəricatlı
böyük bir epoxa öz missiyasını yerinə yetirərək
estafeti artıq formalaşdırdığı yeni bir mərhələyə
ötürürdü.
21 sentyabr 2013
Bakı
Elçin
Ədəbiyyat
qəzeti.- 2014.- 10 yanvar.- S.4.