Ədəbiyyatımızın
salnaməsi
“Ədəbiyyat
qəzeti” - 80
Qəzetimizin 4 may 2007-ci il sayında
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri, filologiya elmləri namizədi Əmin Əfəndiyevin
redaksiyaya məktubu dərc olunmuşdu.
Həmin
günlər AYB katibliyi adıçəkilən məktubla əlaqədar
Nazirlər Kabinetinin müvafiq tədbir görülməsi təklifindən
irəli gələn vəzifələri müzakirə etdi.
Nəticədə qəzetin bütün saylarının əldə edilməsinə və ehtiyac duyulduqda bərpa edilməsinə nail olmaqla diskə köçürülməsi vacib sayıldı. Eyni zamanda ilk dəfə olaraq “Ədəbiyyat qəzeti”nin tam biblioqrafiyasının kağız və elektron variantının yaradılması, gələcək nəsillərə çatdırılması zəruri hesab edildi.
Hazırda həmin biblioqrafiyanın ilk cildi nəşr olunmaq üzrədir.
Kitaba yazılmış ön sözü oxuculara təqdim edirik.
«Mən
Moskvada yaşayarkən işlədiyim zaman, həm də
işləmədiyim zaman «Ədəbiyyat qəzeti»ni daim
alırdım. Ümumiyyətlə, Azərbaycanın
bütün qəzetlərini alırdım. Çünki Azərbaycandan
mən ayrıla bilməzdim. Amma «Ədəbiyyat qəzeti»ni
xüsusi oxuyurdum… Yəni, ümumiyyətlə, bu məni
maraqlandırıb həmişə. Ona görə də mənim
bu qəzetə çox böyük hörmətim olubdur. Və
qəzet də həqiqətən bizim xalqımız
üçün çox xidmətlər göstəribdir».
Ümummilli
lider Heydər Əliyev respublikamızda yenidən hakimiyyətə
gəldikdən sonra dövri mətbuatımızın, o
cümlədən ədəbi orqanların, eləcə də
«Ədəbiyyat qəzeti»nin maliyyə çətinliyi səbəbindən
çap edilmədiyini görərkən bu tarixi sözləri
demiş və sonra da «Ədəbiyyat
qəzeti»nin, həmçinin digər ədəbi orqanlarımızın
müntəzəm nəşri üçün dövlət
tərəfindən zəruri kömək barədə
lazımi göstərişlərini vermişdi.
Dövlətimizin
başçısı cənab İlham Əliyev ulu öndərin
ümumən ədəbiyyatımıza olan yüksək
münasibətinin davamı kimi «Azərbaycan
Yazıçılar Birliyinin yaradılmasının və «Ədəbiyyat
qəzeti»nin nəşrə başlamasının 75 illik
yubileyi haqqında» 18 may 2009-cu il tarixli Sərəncamını imzalayır. Bu tarixi sənəddə
oxuyuruq: «Azərbaycan Yazıçılar
Birliyinin ədəbi orqanı kimi «Ədəbiyyat qəzeti»
söz sənəti problemlərinə, klassik irsə və
aktual yaradıcılıq məsələlərinə dair səhifələrində
dərc etdiyi yazılarla müasir ədəbi prosesə
töhfələr vermişdir».
Müstəqil
dövlətimizin başçıları tərəfindən
zəngin ənənələrə malik ədəbiyyatımıza
və onun hazırda 80 illik şərəfli tarixə qədəm
qoymuş orqanı «Ədəbiyyat qəzeti»nə verilən
yüksək qiymətlər geniş oxucu auditoriyasında da
müvafiq əks-səda doğurur,
onların bu əvəzsiz mənəvi sərvətin layiqincə
qorunması və gələcək nəslə itkisiz, həm
də vaxtında yetirilməsi arzusunu daha da gücləndirir.
«Ədəbiyyat qəzeti»
adi qəzet deyil, əbədiyyət ünvanlı qəzetdir.
XX əsr ədəbiyyatımızın klassiklərindən
böyük ədib, görkəmli alim və ictimai xadim Mirzə
İbrahimov «Ədəbiyyat qəzeti»nin yarıməsrlik
yubileyi ilə əlaqədar yazdığı məqaləsində
onu «ötəridə əbədiyyət»
adlandırmışdı. Təsadüfi deyil ki, bir müddət
qəzetin baş redaktoru olmuş akademik Məmməd Cəfər
sonralar fəxrlə yazırdı: «Məndən
soruşsaydılar ki, «Haranı qurtarmısan?» Bitirdiyim məktəbləri
sayandan sonra deyərdim: - Bir də «Ədəbiyyat qəzeti» məktəbini
qurtarmışam…»
Həqiqətən,
necə deyərlər, «Səksənində səksənməyən»
«Ədəbiyyat qəzeti» mahiyyət etibarilə minillik ədəbiyyatımızın
ən mühüm keyfiyyətlərini özündə ehtiva
edir. Bu sözləri mən indiyə qədər
çıxmış 4900-dən artıq sayının təqribən
2830-nun çapa hazırlanmasında bilavasitə iştirak
etmiş və nəhayət, son on beş ildən artıq
müddətdə çıxan səkkiz yüzdən
çox nömrəni çapa imzalamış bir qələm
adamı kimi xidmət etdiyim qəzetə dərin minnətdarlıq
hissilə deməyi özümə borc bilirəm…
İstedad məhsulu
olan əsərlər yaradılması vəzifəsini
bütün qələm sahiblərimizlə birlikdə həyata
keçirmək borcu «Ədəbiyyat qəzeti»nin
özünün yaranmasını vacib etmişdir.
Hələ qəzetin
fəaliyyətə başladığı ilk illərdə -
100-cü sayı qeyd olunan nömrədə görkəmli ədib
Mir Cəlal «Ədəbiyyat qəzeti»ni «ədəbiyyatımızın
fütuhatı» adlandıraraq yazırdı: «Gəncliyinə
baxmayaraq o, bütün respublikamızda özünü
tanıtmış, ədəbiyyat maraqlılarının diqqətini
cəlb etmişdir. Yeni başlayanlarla işin ilk təşkilatçılarından
olmuşdur. Yazıçıların tanınmasında və
ədəbiyyat qələbələrimizin möhkəmləndirilməsində
böyük rol oynamışdır.
Lakin ədəbiyyat hərəkatımızın
həqiqi təşkilatçısı olmaq üçün
«Ədəbiyyat qəzeti» çox işləməlidir. O, üzünü yaradıcılıq məsələlərinə,
ayrı-ayrı yazıçıların həyat və
yaradıcılığına, görkəmli əsərlərin
təhlil və tənqidinə, ədəbi
praktikamızın rolunu nəzəri cəhətdən
işıqlandırmağa çevirməlidir. O,
yazıçıları öz ətrafına
toplamalıdır… Xalqımıza layiq həqiqi doluqanlı sənət
əsərləri yaradılması uğrunda
çalışmalıdır. Sənətin nüfuzunu
qaldırmağa çalışmaqla öz nüfuzunu da
artırmalıdır».
Bir insan
üçün zəngin həyat təcrübəsi mənasında
qibtə ediləsi ömür demək olan 80 rəqəminin
bir xalqın doğma ədəbiyyatının, mədəniyyətinin
inkişafı naminə yaranmış ədəbi orqan
üçün necə böyük əhəmiyyət kəsb
etdiyini təsəvvürə
gətirmək mümkündür.
Müasir
və klassik ədəbiyyatımızın, şifahi xalq
yaradıcılığının, ümumən ədəbi-bədii
həyatımızın elə mühüm problemi yoxdur ki, «Ədəbiyyat
qəzeti»nin əsrin beşdə dördünə qədər
geniş bir dövrü əhatə edən nəşrindəki
(dörd minə yaxın sayda) çox zəngin materiallara müraciət
olunmadan lazımi səviyyədə tədqiq-təhlil edilə
bilsin. Görünür, bu həqiqətin
təbii olaraq dərk edilməsi səbəbindəndir ki,
vaxtilə hər sayı böyük formatda dörd səhifə
həcmində nəşr edilən «Ədəbiyyat qəzeti»nin
bir müddət əvvəl müəllif və oxucuların
təkidli xahişi nəzərə alınaraq, əvvəlcə
altı səhifə, sonra da səkkiz səhifə həcmində
çapına qərar verildi.
Bizə olan oxucu
müraciətlərində «Ədəbiyyat qəzeti»nin, belə
demək mümkünsə, yubiley tarixləri ilə də
maraqlanırlar. Məlumat üçün xatırladaq ki, qəzetin
ilk yubiley tədbiri onun 100-cü sayı münasibətilə
qeyd edilib (18 mart 1937-ci ildə). Sonralar 1500-cü sayı
münasibətilə səhifələr verilib (8 dekabr 1968-ci
il). Qəzetin tarixində yadda qalan rəsmi yubiley qeydi onun 50
yaşı olanda keçirilib. Bu unudulmaz hadisənin təntənəli
mərasimi ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Həmin günlərdə o, məlum
olduğu kimi, Moskvada işləyirdi. Yaxşı
yadımdadır ki, təntənəli yubiley tədbirinin
iştirakçıları Heydər Əlirza oğlunun «Ədəbiyyat
qəzeti»nin yarıməsrlik yubileyi münasibətilə
göndərdiyi təbrik teleqramını böyük
qürurla dinləyib, sürəkli alqışlarla
qarşıladılar. SSRİ Ali Sovetinin sədri
A.Andropovun 5 yanvar 1984-cü il tarixli fərmanı ilə «Ədəbiyyat
qəzeti» («Ədəbiyyat və incəsənət») «Xalqlar
dostluğu» ordeni ilə mükafatlandırıldı.
Həmin əlamətdar
hadisə münasibətilə redaksiyada keçirilən
yığıncaqda Azərbaycan Yazıçılar
İttifaqı İdarə Heyətinin sədri, xalq
yazıçısı, Sosialist Əməyi Qəhrəmanı
Mirzə İbrahimov dedi: «Fikri-fəlsəfi dərinliyi
və emosional bədii qüdrəti ilə insanı vəcdə
gətirən, onu yeni mübarizələrə ruhlandıran
istedadla yazılmış əsərlərin və
istedadlı müəlliflərin yetişməsində «Ədəbiyyat
və incəsənət» qəzeti misilsiz rol oynamış və
oynamaqdadır. Bu mükafat qəzetin kollektivində məsuliyyət
hissini ikiqat artırmalı, onları arxayın salmamalı, qəzetin
daha dolğun çıxmasına səy göstərməlidirlər.
Qəzet istedadlara meydan verməlidir, bəli, meydan həqiqi
istedadlarındır».
Mirzə İbrahimov qəzetimizin
yarım əsrlik yubileyi ilə əlaqədar qələmə
aldığı, əvvəldə də
xatırlatdığımız «Ötəridə əbədiyyət»
adlı məqaləsində yazırdı: «…Mən həmişə
bu əqidədə olmuşam ki, maddi və mənəvi sərvətlər
imkanlarının ən vacib şərtlərindən
biri xalqın əsrlər uzunu toplanmış təcrübəsinə,
zamanın sınaqlarından çıxmış
böyük ənənələrə əsaslanmaqdır,
onlardan qidalanmaqdır… Azərbaycan ədəbiyyatı və
incəsənətinin tarixin dərinliklərinə kök
atmış bu cür ənənələri Xaqani, Nizami, Əcəmi
Naxçıvani kimi dühaların
yaratdığı qranit bünövrə üstündə
ucalmışdır və bizim qəzetimiz illər boyu bu
böyük irsi öyrənmək, onu düzgün qiymətləndirmək
kimi şərəfli işdə az əmək sərf etməmişdir.
Əlli yaşını qeyd edən qəzetimizə, onun
əməkdaşlarına və geniş yaradıcı müəlliflərinə
yeni uğurlar olsun!»
Görkəmli
elm adamlarımız da «Ədəbiyyat qəzeti» ilə
yaxından əməkdaşlıq etməyi vacib bilib,
mühüm problemlərin həllində ədəbi mətbuatın
təsir gücündən ümumi işimizin xeyrinə
sanballı məqalələrlə çıxış ediblər. Bu cəhətdən akademik Həsən
Əliyevin xüsusi xidməti vardır. Həmin günlərdə
akademik yazırdı: «Qəzetimizin 50 illik
yubileyi münasibətilə onun işində şərəfli
zəhmət çəkənləri, onun səhifələrində
öz yazıları, şeirləri ilə xalqımıza mənəvi
qida verən qocaman və ərsəyə gələn gənc
yazıçıları ürəkdən təbrik edirəm.
…Respublikamızın
gözəl və zəngin təbiətinin qorunması və
səmərəli istifadə olunmasını ziyalı
kütləyə çatdırmaqda mən özüm də
qəzetin səhifələrindən geniş istifadə edirəm.
Bu qəzetin səhifəsində dərc etdirdiyim «Təbiəti
qorumaq ümumxalq işidir» adlı məqaləm, elə bilirəm,
ziyalı kütlə üçün bir
çağırış oldu. Bundan sonra da Azərbaycan təbiətinə
aid geniş məqalələr «Həyəcan təbili»
kitabının yaranmasına səbəb oldu.
…Bu fürsətdən
istifadə edib yazıçılarımızı təbiətimizin
gözəlliklərini təbliğ etməyə, bəzi
neqativ halları ciddi tənqid etməyə dəvət edirəm».
«Ədəbiyyat
qəzeti»nin («Ədəbiyyat və incəsənət»)
1500-cü sayı münasibətilə çıxan nömrədə
zəmanəmizin böyük bəstəkarı Qara Qarayev
müasir dövrdə ciddi mətbuatın cəmiyyətin mənəvi
həyatında əvəzsiz rolunu xüsusi vurğulayaraq
göstərirdi ki, müasir
zəmanədə qəzetsiz yaşamaq müsiqisiz yaşamaq
kimi bir şeydir və mən deyərdim ki,
qeyri-mümkündür. Başqa sözlə, qəzetsiz
ömür sürmək mürəkkəb, ziddiyyətli,
çoxhadisəli dünyamızdan xəbərsiz olmaq, onun
sevinc və dərdlərini, zəfər və
uğursuzluqlarını bölüşdürməmək deməkdir.
Qəzetlər
çoxdur, müxtəlifdir. İnsanlar kimi onların da
öz profilləri, «ixtisasları» var. Şəxsən mənə,
bəstəkar olduğum üçün «Ədəbiyyat və
incəsənət» qəzeti daha çox yaxın və əzizdir.
O, mənim və mənim kimi yüzlərlə sənətkarın
dostu, tənqidçisi, məsləhətçisidir, musiqi mədəniyyətimizin
təbliğatçısı, tədqiqatçısıdır.
Başqa sahələrin
mütəxəssisləri kimi, biz bəstəkarların da «Ədəbiyyat
və incəsənət» qəzetinə xüsusi hörməti
var. Hər şeydən əvvəl ona görə ki, o bizim
öz qəzetimizdir, yaradıcılıq müvəffəqiyyətlərimizin
aynasıdır».
Mötəbər
elm-sənət adamlarımızın «Ədəbiyyat qəzeti»nə,
indicə qeyd olunduğu kimi, «xüsusi hörməti» hər
çıxışı diqqətlə izlənilən
doğma qəzetimizin bir əsrə yaxın
enişli-yoxuşlu, mürəkkəb hadisələrlə zəngin
fəaliyyətində həmişə obyektivliyi, xalq mənafeyini, həqiqəti qorumaq
prinsipini əsas götürməsidir.
Bir vacib
məqamı nəzərə çatdırmağa ehtiyac
duyuram.Yəqin xatırlayırsınız ki, «Füzuli ili»nin - 1994-cı ilin əvvəllərində
respublika mətbuatında («Unutmayaq ki, Bayat dahi Füzulinin vətənidir» - «Azərbaycan»
qəzeti, 24 mart 1994-cü il) dahi şairin məzarını
ölkəmizə gətirmək təklifləri eşidildi. Lakin «Ədəbiyyat qəzeti»
elə həmin həftədəki sayında dərhal bu təklifin
münasib olmadığını sübuta yetirən məqalə
dərc etdi. (Ayaz Vəfalı - «Füzuliyə qibtə» - «ƏQ», 1 aprel
1994-cü il)
Yaxşı
yadımdadır, cənab Prezident Heydər Əliyevin
yanında keçirilən geniş iclasda həmin məsələ
təkrar qaldırıldı. Əvvəlki təklifə
qarşılıq olaraq məsələnin «Ədəbiyyat qəzeti»ndə
qoyulan variantı da yada salındı. «Ədəbiyyat qəzeti»
belə hesab edirdi ki, məsələn,
repressiya qurbanı H.Cavidin nəşinin yad Maqadan
çöllərindəki «məhbus məzarı»ndan
doğma torpağımıza gətirilməsi həqiqətən
zəruri idi və böyük tarixi xidmətdir. Lakin İmam
Hüseyn məscidində uyuyan Füzulinin - bütün
soydaşlarımız və islam aləmi üçün mənəvi
birlik simvolu olan Füzulinin
ruhunu, məzarını narahat etməyə heç bir əsas
yoxdur…
Burada
onu xüsusi qeyd etmək istəyirəm ki, Dövlət
Komissiyasının iclasını aparan Respublika Prezidenti
müzakirə zamanı meydana çıxan fikir müxtəlifliyinə
özü təmkinli yanaşmaqla bərabər,
başqalarının da belə hərəkət etməsini məsləhət
bildi: «Bu barədə
fikirləşmək lazımdır. Mən qəti
bir şey demək istəmirəm». (Ətraflı məlumat
üçün bax: Ayaz Vəfalı - «Qüdrətli qələm
- qüdrətli ruh» - «Ədəbiyyat qəzeti», 2 mart 2012-ci
il, N-8; həmçinin üçcildlik «Azərbaycan Füzulişünaslığının
qaynaqları». «Təhsil» nəşriyyatı,
2012). Məlum olduğu kimi, nəhayət, Prezidentin «Ədəbiyyat
qəzeti»nin mövqeyinə uyğun qəbul etdiyi tarixi qərar
həm Füzulinin
ruhunu şad etdi, həm də xalqımızın ürəyincə
oldu. Füzulinin İraqda
keçirilən unudulmaz 500 illik yubileyi məhz həmin
müdrik qərarın nəticəsi idi.
«Bizim ədəbiyyatımız,
mədəniyyətimiz xalqımızın milli sərvətidir
və intellektual mülkiyyətidir» - söyləyən ulu
öndər Azərbaycan yazıçılarının X
qurultayındakı nitqində deyirdi: «Biz Nizaminin, Xaqaninin, Nəsiminin,
Füzulinin adlarını böyük
iftixar hissi ilə çəkirik və onların əsərlərini
oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və
istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni
zamanda, dünya, bəşər qarşısında bunlarla fəxr
edirik, öyünürük. Öyünməyə də
haqqımız var. Çünki bu böyük insanlar nəinki
bizim xalqımızı, bütün bəşəriyyəti,
bəşər tarixini zənginləşdirən əsərlər
yazmışlar. Onlardan sonra gələn nəsillər də
bu ənənəni, xüsusiyyəti davam etdirmişlər».
«Ədəbiyyat
qəzeti»nin müxtəlif illəri əhatə edən
komplektlərini vərəqlədikcə bu böyük həqiqətin
dəyərli faktlar əsasında elmi təsdiqinə dair qiymətli
ədəbi-bədii nümunələrin şahidi olmaq
mümkündür.
Dünya
şöhrətli söz sahiblərinin zəngin irsini dərindən
tədqiq-təhlil edib öyrənən müxtəlif nəslə
mənsub tədqiqatçılarımız, şeir-sənət
ustadlarımız dövrün tələblərinə
layiqincə cavab verə bilən milli-mənəvi dəyərlərimizi,
ənənələrimizi
əsrlərlə yaşadıb və yaşadır. Belə müqəddəs bir borcu həm vətənimizdə
yaşayıb-yaradan mötəbər qələm
adamlarımız, həm də ölkəmizin
hüdudlarından uzaqlarda məskən salmış neçə-neçə
tanınmış yaradıcı-tədqiqatçı
soydaşlarımız əsl övlad sədaqəti ilə,
ardıcıl həyata keçirirlər.
Bu mövzunun getdikcə
daha artıq aktual olduğu şübhəsizdir. Son dövr beynəlxalq aləmdə diasporanın,
lobbiçiliyin xüsusilə ciddi əhəmiyyət kəsb
etdiyi bir vaxtda hər hansı dövlət müxtəlif
ictimai-siyasi səbəblər üzündən öz tarixi vətənindən
uzağa düşmüş həmvətənlərinin bir təşkilat
halında birləşməsinə mümkün köməyi
göstərməyi əslində milli borc səviyyəsində
dəyərləndirir. Müstəqilliyini yenidən əldə
etmiş ölkəmizin bu sahədə çox ciddi fəaliyyətə
başlaması ümummilli liderimiz Heydər Əliyevin adı
ilə bağlıdır. Dünya Azərbaycanlılarının
Respublikamızın paytaxtında keçirilən I
qurultayı (9-10 noyabr, 2001-ci il) və Heydər Əlirza
oğlunun o möhtəşəm tədbirdə uzun illər
üçün proqram olacaq çıxışı
böyük tarixi əhəmiyyətə malik hadisədir.
Bizim hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasının, azərbaycançılığın
xalqın taleyindəki həlledici rolunu dəqiq müəyyənləşdirən
həmin çıxışda deyilir: «Biz hesab edirik ki,
müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların
hər biri yaşadığı ölkədə həyatını
özü istədiyi kimi qurub yaşayır.
Yaşadığı ölkənin vətəndaşıdır,
onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi
yol ilə getməlidir.
Ancaq
eyni zamanda, indi azərbaycanlıların bir müstəqil
dövləti mövcud olduğu halda, dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıların bir-biri
ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini
bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr
yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli
bir vəzifə kimi meydana çıxır. Bizim
vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi
ondan ibarətdir ki, bütün ölkələrdə
yaşayan azərbaycanlılara mümkün olan
qayğını, diqqəti göstərsin, onların həyatı
ilə maraqlansın və dövlətimizlə
ayrı-ayrı ölkələrdə olan Azərbaycan
icması arasında əlaqələri daha da inkişaf
etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar
isə gərək indi müstəqil Azərbaycan ilə daha
da sıx əlaqələr qursunlar. Bunlar hamısı
dünyada olan bütün azərbaycanlıların birliyinin,
həmrəylinin təmin olunması üçün əsas
şərtlərdir».
Hər
bir azərbaycanlı üçün mənəvi-vicdani vəzifə
mahiyyətində dərk olunan bu yüksək məqsədin
həyata keçirilməsində bütün başqa sahə
nümayəndələri ilə yanaşı həm də
ilk növbədə ədəbiyyatın, sənət
adamlarının qarşısında çox ciddi vəzifələr durur. Yaradıcı ziyalalırımız - ədəbi
qüvvələrimiz Heydər Əlirza oğlunun ədəbiyyatımız,
mədəniyyətimiz üçün hətta
imkansızlıq şəraitində belə mümkün məqamlardan
maksimum istifadə etməsinə cavab olaraq var qüvvələrini
səfərbərliyə almışlar.
Bu
böyük məqsədin reallaşmasında zəngin ənənələrə
malik «Ədəbiyyat qəzeti» bədii
sözümüzün neçə-neçə əsrlərdən
baş alıb gələn əbədiyaşar keyfiyyətlərinə
arxalanmağı özünə müqəddəs borc bilir. Füzuli
hələ 500 il bundan əvvəl «Hədiqətüs-süəda»nı
qələmə almaqla məşhur Kərbəla vaqiələrini
soydaşlarının - türk xalqlarının da məclislərdə
öz ana dillərində oxuyub-söyləyə bilmələrinə
yardımçı olmuşdu. «Mən dilimdən vaz keçməm,
- Olursam dilim-dilim» deyən xalq üçün qürbət
diyarda Füzulinin
doğma dildə yaratdığı misilsiz sənət
nümunələrinin nə demək olduğunu təsəvvür
etmək çətin deyil. Bunu, bir növ, yanar səhrada su həsrəti
ilə müqayisə etmək olar. Şairin özünün
bu dil yandıran sətirlərində olduğu kimi: «Ya həbibullah,
ya xeyrəl-bəşər, müştaqinəm, - Eylə
kim, ləbtəşnələr yanıb dilər həmvarə
su…»
Həmçinin
doğma dildə «Heydərbabaya salam» kimi ən gözəl
musiqi qədər şirin və ölməz bir əsər
yaratmış və buna görə də haqlı olaraq fəxrlə:
«Türki bir çeşmə idi, mən onu dərya
elədim!..» - deyən Şəhriyar da ustadı füzulinin həyata
keçirdiyi tarixi missiyanı ondan beş əsr sonra,
başqa bir mühitdə öz dövrünün və
xalqının böyük övladı olaraq yerinə
yetirmişdir. Heç təsadüfi deyil
ki, «Heydərbaba, ildırımlar şaxanda, - Sellər-sular
şaqqıldayıb axanda» kimi ana dilinin şəhdi-şirəsi
ilə yoğrulmuş misralar müxtəlif ictimai-siyasi səbəblər
üzündən planetin ayrı-ayrı guşələrində
məskun olmuş hər bir azərbaycanlının anadilli
dünyasında doğrudan da sanki bir «ildırım
şaxdıdır» və «sellər axdırır».
Doğma bədii ədəbiyyat,
bədii söz xalq üçün belə qeyri-adi qüvvəyə
malik sehrlər aləmidir.
Soydaşlarımızın
milli ədəbiyyatımıza göstərdikləri
güclü marağı da əslində həmin əbədiyaşar
keyfiyyətlərlə izah etmək olar.
Son
vaxtlar MDB məkanındakı ayrı-ayrı respublikalarda
(Rusiya, Ukrayna və s.) məskunlaşmış neçə-neçə
soydaşımız «Ədəbiyyat qəzeti» redaksiyasına
zəng edib xaricdəki həmvətənlərimizin doğma ədəbiyyatımıza
olan məhəbbətlərini əməkdaşlarımıza
yetirir və qəzetə abuna yazılmaq arzularını bildirirlər.
Həmçinin uzaq
xaricdə yaşayan bir çox ziyalı
soydaşlarımız ədəbi həyatımızla
yaxından maraqlanır və imkan daxilində «Ədəbiyyat
qəzeti» ilə əməkdaşlıq etməyə səy
göstərirlər. Qəzetin yerli yaradıcı
ziyalılarımızdan ibarət redaksiya heyətindən əlavə,
xarici ölkələrdə yaşayıb-yaradan
tanınmış soydaşlarımızı təmsil edən
redaksiya şurasının təşkil olunması da həmin
istəyin nəticəsidir. Oxucular qəzetimizin
səhifələrində Almaniyadan görkəmli türkoloq Əhməd
Şmidenin, İraqdan ədəbi ictimaiyyətimizin
yaxşı tanıdığı Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvləri, ustad
folklorşünas Əta Tərzibaşının, görkəmli
tədqiqatçı və şair Əbdüllətif Bəndəroğlunun,
Sinan Səidin, Məhəmməd Bayatın, Əli
Poladın və başqa tanınmış qələm sahiblərinin
ələqalərimizin mühüm sahələrinə dair
bir sıra çox dəyərli materiallarını maraqla
oxumuşlar.
Şurada təmsil
olunmayan ziyalı soydaşlarımız da vaxtaşırı
redaksiyamıza müraciət edir, milli ədəbiyyatımızın
vacib problemləri barədə fikirlərini söyləyirlər.
Burada bir faktı - Nizami Gəncəvinin türkcə
divanı («Divani - Nizami Gəncəvi - Türkcə yeni
tapılan əsərləri») ilə əlaqədar mübahisəni
qeyd etməklə kifayətlənəcəyəm. Bu son dərəcə ciddi problem təkcə Azərbaycanda
yaşayan mütəxəssisləri deyil, eyni dərəcədə,
uzaq Avropada yaşayan azərbaycanlı tədqiqatçıları
da dərindən maraqlandırmış və onlar bu barədə
«Ədəbiyyat qəzeti»nə öz fikirlərini yazıb
yetirməyə ciddi ehtiyac duymuşlar. Berlində
yaşayan soydaşımız ədəbiyyatşünas Məhəmmədəli
Hüseyni redaksiyamıza göndərdiyi «Nizami Gəncəvi
adına çıxılan bir əlyazma haqqında» məqaləsində
adı çəkilən divanın Nizamiyə məxsus
olmadığını sübut üçün Londonda
yaşayan görkəmli alimimiz Turxan Gənceyinin də
dəlillərinə istinad etməyi lazım bilir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami
adına Ədəbiyyat İnstitutunun yaratdığı
xüsusi komissiyanın gəldiyi eyni məzmunlu nəticə
ilə Berlindən göndərilən məqaləni «Ədəbiyyat
qəzeti» yanaşı çap etdi («Ədəbiyyat qəzeti»,
12 mart 2004-cü il). Bu
«yanlışlığ»ın birgə «düzəldilməsi»
əslində təkcə qəzet səhifəsində deyil,
həm də həyatda - fəaliyyətdə, ümummilli mənafe
mahiyyətli məsələlərdə ruhən - fikrən
yanaşı olmağı təsdiqləyən səciyyəvi
bir fakt kimi qiymətlidir.
Ədəbiyyatımızın aynası
olan doğma qəzetimizin ölkəmizdən uzaqlarda da
Türk dünyasının görkəmli elm-sənət
adamları üçün böyük önəm
daşıdığını, onlar üçün, öz
etiraflarına görə, bir məktəb mahiyyətində
olduğunu dərk etmək, əlbəttə, bizim üçün xoşdur.
İraq-türkman
ədəbiyyatının görkəmli nümayəndəsi,
şair-tədqiqatçı Əbdüllətif Bəndəroğlu
vaxtilə bir söhbətində özünəxas səmimiyyətlə
«Mən «Ədəbiyyat qəzeti»nin vurğunuyam!» - deyərək
sözünə başladı: «Ədəbiyyat qəzeti»nin
bizcə, İraq türkmanları üçün çox əhəmiyyəti,
böyük əhəmiyyəti var. Siz bilirsiz,
otuz beş il boyunca «Yurd» qəzetəsi çap etdirmişik,
hər zaman «Ədəbiyyat qəzeti»ndən səhifələr
vermişik. «Ədəbiyyat qəzeti»ndən yazılar veririk…
Hər zaman oxuduğum bir qəzetdir» - deyərək minnətdarlıqla
qeyd etdi ki, bu qəzetin İraq türkmanlarını
tanıtmaqda böyük bir rolu olmuşdur. Son illər qəzetin
redaksiya şurasının üzvü olaraq da yaxın əməkdaşlığımızdan
çox məmnunam. Bu neçə illər boyu İraq
türkmanlarına, İraq türkmanlarının ədəbiyyatına,
tarixinə, dilinə, ənənəsinə, mədəniyyətinə
çox diqqət yetiribsiz və gərəkli yazılara səhifələri
açıbsız».
Ə.Bəndəroğlu
İraqda rejim (Səddam rejimi) dağıldıqdan sonra
dövlət tərəfindən çıxarılan
bütün qəzetlərin, o cümlədən baş
redaktoru olduğu «Yurd» qəzetinin də
qapadıldığını dedi: «Yenidən qəzetlər
çıxmağa başladı. Mən də «Yurd»
adını sevdiyim üçün, «Yurd» adına vurğun
olduğum üçün, özüm bu adı əvvəldən
qoyduğum üçün indi - keçən ildən bəri
(2006-cı ildən - red.) «Yurd» adında dərgi
çıxarıram, dərginin adı yenə «Yurd». O dərgi
həm ərəbcə, həm türkcə, həm
türkmanca materiallar verir».
İmzası
oxucularımıza yaxşı məlum olan görkəmli
alman türkoloqu, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin
dostu H.Əhməd Şmide redaksiyamıza göndərdiyi məktubunda
yazırdı: «Hörmətli redaksiya üzvləri, «Ədəbiyyat
qəzeti»nin 12 oktyabr 2001-ci il tarixli nüsxəsində
oxumuşam ki, böyük dostum, mərhum Abbas Zamanov
haqqında xatirələr kitabı düzəldiləsidi.
Budur ki, mən də
rəhmətlik dostum haqqında bir neçə sətir
yazıb qurtarmışam. Arzu edirsinizsə, dərc edə bilərsiniz.
Məqaləmi
(sitatlar xaric) bütövlükdə Türkiyə türkcəsi
ilə qələmə aldığıma görə sizdən
üzr istəyirəm. Bu ləhcədə daha sərrast yaza
bilirəm…
Hörmət və
ehtiram hisslərimlə,
H.Əhməd
Şmide».
«Ədəbiyyat qəzeti»
həmin məqaləni o zaman nəşrə hazırlanan
«Müasirləri Abbas Zamanov haqqında» kitabına təqdim
etməklə bərabər, həm də öz səhifələrində
məmnuniyyətlə dərc etdi.
«Bir böyük dostum
vardı…» adlı həmin məqalədə oxuyuruq: «Əziz
ağa qardaşım Bəxtiyar Vahabzadənin dəvətilə
1969-cu ilin sonlarında ilk dəfə Azərbaycana gəlmişdim.
Köhnə «İnturist» otelində yerləşər-yerləşməz
odamın qapısı döyüldü, içəri - o ana
qədər sırf məktublaşma yolu ilə tanış
olduğum Bəxtiyar Vahabzadənin yanında… gülərüzlü
bir şəxs girdi. Onunla da əvvəlcə bir neçə
dəfə məktublaşmışdıq, hətta mənə
fotoşəklini də yolladığı üçün həmən
tanıdım. Fotoşəkil
indi də məndə durur. Arxasına şəfqət dolu bu
sözləri yazmışdı: «Dostum Əhməd Şmide cənablarına
yadigar. A.Zamanov. 10.XII.68.Bakı».
Görüşdük.
Cibindən bir qırmızı alma çıxarıb mənə
uzatdı. Türk mifologiyasından bildiyimə görə,
qızıl alma yetişmək istənilən bir mərhələnin
rəmzidir. Abbas müəllimin verdiyi qızıl alma Vahabzadə
- Zamanov - Şmide üçlü dostluğunun ilk meyvəsi
oldu. Və bu alma sanki qəlbimdəki bir ağacın ilk meyvələrindəndi.
Bu ağac heyranı olduğum türk mədəniyyətinin
simvoluydu».
Əhməd Şmide
tam səmimiyyətlə etiraf edirdi: Heç bir vaxt vaz
keçmədiyim, inşallah, son nəfəsə qədər
də vaz keçməyəcəyim iki cəhət var:
birincisi - haqq tanıdığım dinim, ikincisi -
türklük sevgisidir. Zatən mənim anlayışıma
görə bu iki cəhət tarixin gedişatında möhkəmlənmiş,
artıq bir-birindən ayrılmaz vahid bir qavram halına gəlmişdir.
Məni tanıyanlar bilirlər ki, İslama və
türklüyə bağlılığım öz milli mənsubiyyətimə,
yəni almanlığıma əsla zidd deyildir. Əksinə,
öz millətimi, onun tarix və kültürünü
yüksək saydığım üçündür ki,
başda türklər olmaq üzrə digər millətləri
o dərəcədə sevə bildim. Atama
borclu olduğum bir çox dəyər ölçülərindən
biri də odur: Özünü bil ki, başqasını da biləsən.
Özünə düşmən olma ki, başqasına da
düşmən olmayasan… Bu anlayış eyni zamanda
İslamın təsvirində də ifadəsini tapır:
mömin Allahla, özü-özüylə və ətrafıyla
barış içində olan adamdır. Vurmaq, yıxmaq,
öldürmək - bunlar səlamət anlamına gələn
İslama tamamilə yaddır…
«Abbas Zamanov
mənim zehnimə qayğıkeşlik, əzabkeşlik, cəfakeşlik
timsalı olaraq həkk olunmuşdur» - deyən Əhməd
Şmide xüsusi vurğulayırdı ki, millətin xeyri
üçün yazdığı, nəşr etdirdiyi əsərlərdən,
Azərbaycanı dünyada tanıtmaq uğrunda
qatlandığı fədakarlıqlardan və bunların nəticəsində başına gələn
dərdlər, müsibətlər bir yana: fikri-acizanəmcə,
Abbas Zamanovun bir vətəndaş olaraq gördüyü ən
böyük iş 1960-cı illərdə Naxçıvan
Muxtar Respublikasını Azərbaycandan ayırıb Ermənistana
verməyə qalxanların hesabını pozması idi. Əmin
yerlərdən bu fəci niyyətdən xəbərdar
olub, Səməd Vurğunu xatırlamaq üçün Elmlər
Akademiyasının böyük salonunu ağzınacan
doldurmuş olan qələbəliyin önündə
kürsüyə çıxıb, Səməd Vurğunun
çox dəyər verdiyi xalqlar dostluğundan bəhs edəndən
sonra deyir: «…Bu dostluğu pozmaq istəyənlər var. Bu
yaxınlarda Yerevana getmişdim. Orada Naxçıvanın Ermənistana
ilhaq edilməsiylə əlaqədar sənədlər
hazırlanır, mitinqlər keçirilir. Əgər Səməd
sağ olsaydı, şübhəsiz deyərdi ki,
Naxçıvanın bir qarışını da heç kimə
verməyəcəyik…»
Əhməd
Şmide haqlı qeyd edirdi ki, unudulmaz Abbas müəllimin bu
işin üstündə çəkdiyi
sıxıntılardan özündən başqa, hər halda,
çox adamın xəbəri olmaqla bərabər,
hamımız bu təşəbbüsün o zamanlarda nə
demək olduğunu aşağı-yuxarı təxmin edə bilərik. Elə oldu ki, ortalıq
bu dərəcədə qarışdıqdan sonra
Naxçıvandan əl çəkildi… Millətin xeyrinə
verdiyi hizmətlərdən biri bu idi. Başqalarını da
qədirşünas Azərbaycan türk milləti bilir və
unutmaz. Abbas müəllim idi: milləti, yaxud bir
millət övladı sıxıntıya
düşdümü, öz dincliyinə önəm vermədən
bu dərdin çarəsini axtarırdı. Əslində iki
ayrı xarakterə sahib Abbas Zamanov və Bəxtiyar Vahabzadə
bu nöqtədə birləşirdilər: millətin dərdi
və bu dərdə çarə axtarışı!
«Ədəbiyyat
qəzeti»nə əbədiyyət haqqı qazandıran qüdrətli
elm-sənət adamları ötən dövr ərzində Azərbaycan
xalqının zəngin milli-mənəvi dəyərlərini
layiqincə qoruyub-saxlamağa, nəsildən-nəslə əmanət
verməyə qadir şəxsiyyətlər olmuşlar. Eyni zamanda onu da qeyd etməyi özümə
borc bilirəm ki, belə yüksək varislik sədaqəti ədəbiyyatımızın
ən vacib keyfiyyətlərindən biri kimi həmişə
yüksək tutulub və yüksək tutulacaq. Bu
sətirlərin müəllifi - unudulmaz Abbas müəllimin
böyük qayğısını görmüş tələbələrindən
biri kimi 60-cı illərin əvvəllərində «Ədəbiyyat
qəzeti»ndə («Ədəbiyyat və incəsənət»)
işlədiyi ilk vaxtlarda yuxarıda deyilən hadisədən
sonra ustadın redaksiya əməkdaşları tərəfindən
necə dərin hörmət və ehtiramla
qarşılandığını təbii qürur hissiylə
xatırlayır.
O zaman qəzetin
baş redaktoru işləyən görkəmli ədəbiyyatşünas
alim və şair, çox səmimi insan Qasım Qasımzadənin
Abbas müəllimin gəlişini eşidincə dərhal
qarşısına çıxıb hal-əhval tutduğunu,
«Necəsiz?» - sualına: «Şikayətə əsas yoxdur!» - məlum-məşhur
cavabını
aldığını sanki indicə görürəm.
Unudulmaz alim və
pedaqoq Abbas Zamanov mövcud çətinliklərə
baxmayaraq, «Ədəbiyyat qəzeti»nin, həmçinin «Azərbaycan
müəllimi»nin Cənub mövzusuna geniş yer
ayırmasına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə
məsləhət görülən «Cənubdan səslər»
rubrikası Abbas müəllimin təklifi idi. Güney
oxucularımızın arzusuna uyğun olaraq «Ədəbiyyat qəzeti»
bəzi səhifələrini hətta əski əlifba ilə
çap edirdi.
Xalqımızın-millətimizin
ruhu olan ədəbiyyatımız, eləcə də ədəbi-mədəni
həyatımızın mötəbər salnaməsi
sayılan «Ədəbiyyat qəzeti» mövcud olduğu
dövr ərzində ən ağır məqamlarda belə əbədiyaşar
milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirmiş
və gələcək nəsillərə əmanət
vermişdir. Xalqın taleyində həlledici əhəmiyyətə
malik neçə-neçə mənəvi-əxlaqi problemlər
söz ustalarımızın, elm-sənət
adamlarımızın ardıcıl səyi ilə illər
keçdikcə nəhayət, həllini tapa bilmişdir.
Doğma
qəzetimizin mötəbər müəlliflərindən
olan görkəmli şərqşünas alim, filologiya elmləri
doktoru, professor Aida İmanquliyeva iyirmi il bundan əvvəl
yazdığı «Novruz Şərq ölkələrində»
(«Ədəbiyyat qəzeti», 21 mart 1991-ci il) adlı geniş
elmi məqaləsində göstərirdi ki, Yeni il - Novruz
bayramı Mərkəzi
Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə
məskunlaşan bütün türk xalqları tərəfindən
sevinclə qarşılanır.
Müstəqilliyə
gələn yolumuzda, sözün düzünü demək,
xalqın müqəddəs mənəvi dəyərlərini
adı ilə ifadə etmək elm-sənət
adamlarımız üçün məşum «olum ya
ölüm» sualına öz həyatları bahasına cavab
vermək mahiyyətində idi.
Bu ağır və
şərəfli yolda müxtəlif nəslə mənsub
ziyalılarımızın hər birinin öz mənəvi
borcunu imkanı daxilində necə, hansı əsəb gərginliyi
hesabına yerinə yetirdiyini qeyd etmək, yada salmaq ədalətli
münasibət olardı.
Eyni zamanda xalqın
ruhu - mənəvi dünyası ilə bağlı mübarizə
yolunda əsrin neçə-neçə çətin məqamlarını
keçib gəlmiş «Ədəbiyyat qəzeti»nin
mövqeyini, ardıcıllığını da
vurğulamağımız yerinə düşərdi.
Məsələ
bundadır ki, tale elə gətirib, belə demək
mümkünsə, bu müşkül prosesin 37-ci ili
görmüş «Ədəbiyyat qəzeti»nin 60-cı illər
səhifələrində necə nigaran, ehtiyatlı
addımlarla davam etdirildiyinin bir əməkdaş kimi bilavasitə
şahidi olmuşam.
Böyük
folklorşünas alim, keçmiş sovet məkanında
mötəbər həmkarlarının şəksiz
etimadını qazanmış professor Məmmədhüseyn Təhmasib
1966-cı ilin Novruz bayramı ərəfəsində (12 mart)
«Adət, ənənə, mərasim, bayram…» adlı geniş və
çox qiymətli elmi faktlara əsaslanan məqaləsini
redaksiyaya təqdim etdi. Məqalənin
«Müzakirə yolu ilə» rubrikası altında çap
olunması münasib bilindi.
Təhmasib müəllim
yazırdı: «Öz əcdadını sevməyən həqiqi
mənada özünü və övladını da sevə
bilməz. Keçmişinə xor baxan, gələcəyinə
kor baxar. Lakin öz keçmişini sevmək, ona ehtiram bəsləmək
heç də onun hər nəyi olubsa qeyd-şərtsiz qəbul
etməyə haqq vermir. …Biz bunların
yaxşılarını yaşatmalı, inkişaf etdirməli,
hətta bir qədər daha gözəlləşdirməli, zərərlilərini,
bizi geriyə çəkənlərini, irəliləməyimizə
mane olanlarını isə doğma atamızın pis vərdişləri
kimi rədd etməli, həyatımızdan, məişətimizdən
silməliyik.
…Yüzlərlə… misallar… sübut edir ki, təsəvvürlər,
görüşlər, qənaətlər, inamlar, ənənə,
mərasim, adət və bayramlar aləmi çox mürəkkəb
bir aləmdir. Buna görə də bunlara münasibət məsələsində
də ölçü-biçi ehtiyatlı, düz
olmalıdır».
Müəllif daha sonra qeyd edirdi ki,
yaşadılması lazım və vacib olanlar dedikdə, məlum
olduğu kimi, elə mərasimlər, elə bayramlar nəzərdə
tutulur ki, öz ictimai əhəmiyyətlərinə, məna
və məzmunlarına, estetik məziyyətlərinə, hətta
təsərrüfata xidmətlərinə görə əsrlərdən
bəri yaşamış, yaşayır və yaşayacaqlar.
Bizdə belə bayramlardan ən əsaslısı, bəlkə
də yeganəsi məşhur Novruz bayramıdır.
Bütün dünya xalqları kimi, bizim xalqımızın
da tarixində saysız-hesabsız bayramlar olmuşdur. Lakin
bunların heç biri Novruz bayramı qədər geniş
yayılmamış, xalqın məişətində bu bayram
qədər dərin kök sala bilməmişdir.
Təhmasib müəllim fikrini şəksiz təsdiqləyən
kifayət qədər təkzibolunmaz faktlar gətirərək
belə əsaslı bir nəticəyə gəlirdi: «Bizcə,
Novruz bayramı xalqımızın həyata, təbiətə,
torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Biz bu bayramı qondarma əlavələrdən və sadəlövh
ünsürlərdən təmizləyərək, eləcə
də… vaxtı keçmiş mərasimlərini bir tərəfə
ataraq müasir, mədəni, ümumxalq bayramı səviyyəsinə
qaldırmalıyıq. Biz bu bayramdan yaz təsərrüfat
işlərimizə hazırlığın yoxlanılması
və başlanması günü, yaxud həftəsi, hətta
ayı kimi çox səmərəli şəkildə istifadə
edə bilərik».
Nəhayət: «Adət və ənənələrlə,
mərasim və bayramlarla ciddi şəkildə məşğul
olmaq lazımdır. Bizcə,
bunun üçün respublika miqyasında xüsusi bir
şura yaradılmalıdır».
Yəqin oxucu bilmək
istər ki, həmin məqalənin çapından çonra
- yəni qəzetin Novruz bayramı qeyd olunası növbəti
sayında (19 mart, 1966) bu mövzuda nə kimi materiallar verildi.
Mənzərə belədir: böyük formatda çıxan
4 səhifəlik qəzetin 3-cü səhifəsində sol
sütunda «Bahara eşq olsun!» rubrikası altında
«Çiçəklər» fotoetüdü (çiçəkli
budaqları sevincək tutmuş qız uşağının
şəkli) verilmişdir. Ondan
aşağıda «Gənclərin bahar şeirləri»
ümumi başlığı ilə Əlisa Nicatın
«Etüdlər» («Yaz çəmənə uzandı, -
Dağları qucaqladı. - Şəlalələrdə
güldü, Çeşmələrdə
çağladı…»), İskəndər Etibarlının
«Toyxanadır təbiət» («Qış qurtarıb, - Yer
günəşdən uzaqlaşır, - Bahar yerlə qucaqlaşır…» və s.), Raqub Kərimovun «Bənövşə»
(«Torpağı ilk bahar oyadan zaman, - Yuxulu gözünü
ovuşdurmusan. - Tənhalıq qəlbini göynədən
zaman, - Baharı qış ilə qovuşdurmusan».
(«Qışı bahar ilə qovuşdurmusan» deyilsəydi daha
münasib olardı. - A.V.) Həmin səhifədə
dolayısı ilə bayram gününü xatırladan
«S.Vurğuna həsr edilmişdi…» (məlumdur ki, şairin
anadan olduğu gün pasporta görə Novruza - 21 marta təsadüf
edirdi) adlı imzasız kiçik bir xəbər də var.
Belə başlayır: «Martın 16-da Razin qəsəbəsindəki
Mədəniyyət sarayında böyük şairimiz Səməd
Vurğunun anadan olmasının 60 illiyinə həsr
olunmuş ədəbi gecə keçirilmişdir». Hamısı
səhifənin təqribən beşdə birini tutur.
Göründüyü
kimi, az qala hər kəlmədə narahat
ölçü-biçi, ehtiyat aşkar duyulmaqdadır. Nəinki
«Novruz bayramı», «Novruz» sözü, heç «Bahar bayramı»
ifadəsi də işlədilmir.
Sonrakı ildə qəzetin
bayram nömrəsində (18 mart 1967-ci il) bir az, necə deyərlər,
«irəliləyiş» hiss etmək mümkündür.
Doğrudur ki, üz səhifəsində Novruz bayramına dair
heç nə yoxdur. Burada «Hamı Azərbaycan SSR Ali Sovetinə
və yerli Sovetlərə seçkilərə!
Xalqımızın səadəti
üçün!» plakatı verilmişdir.
Ancaq bu dəfə
kiçik formatda 16 səhifə həcmində çıxan
qəzetin 6-cı səhifəsi bütünlüklə «Bahar
bayramı» ümumi başlığı altında verilmiş
materiallardan ibarət idi. Burada Nəbi Xəzrinin
«Yaz günü», Hüseyn Kürdoğlunun «Mübarək»
şeirləri, bu sətirlərin müəllifinin «Mənə
anam öyrədib…» məqaləsi (materialın gərgin
yazılma şəraiti 42 il sonra - «Bir Novruz yazısı,
bir-iki söz» məqaləmizdə qələmə
alınıb. - «ƏQ», 20 mart 2009-cu il, həmçinin
bu sətirlərin müəllifinin «Yarım əsrlik yol»
kitabı: səh. 157-158) və rəssam Adil Quliyevin «Bahar
bayramı» lövhələrindən Novruz bayramı tonqal
üstündən atılan başı papaqlı oğlan
uşağı və bayram şirniyyatı
düzülmüş xonçada yanan şamlar təsvir
edilmiş iki rəsm dərc olunmuşdur.
Beləliklə, «Bahar
bayramı» sözü, mətbuatda nəhayət, dilə gətirilsə
də, «Novruz bayramı» şəklində deyilməsi hələ
də mümkün deyildi. Heç şübhə
etmirəm, oxucu məni düz başa düşər - qeyri-təvazökarlıqda
qınamaz desəm ki, «Mənə anam öyrədib…» adlı
yazımda «Novruz» sözünü «bayramsız»,
«Novruzgülü» şerimdən həmin çiçəyin
adını çəkdiyim misraları misal gətirməklə
yada salmalı olmuşam.
Eyni
zamanda onu da qeyd edim ki, müstəqilliyimiz bərpa olunduqdan
sonra, Novruz bayramı həsrəti artıq keçmişdə
qaldığı bir vaxtda, Novruz indi daha YUNESKO tərəfindən
Şərq ölkələri xalqlarının əziz
bayramı olaraq mədəni irsimizin unudulmaz simvolu səviyyəsində
dünya miqyasında böyük
məhəbbətlə keçirilməkdədir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə
Azərbaycan xalqına təbrikində göstərir ki,
xalqımız min illər ərzində təşəkkül
tapmış ənənələrə sadiq qalaraq hər il
Novruz gününü təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz
vəhdətinə dair qədim təsəvvürləri əks
etdirən Novruz bayramı insanlarımızın
yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızın
indiki nəsillərə misilsiz ərməğanı olan
Novruz adət-ənənələrinin günümüzədək
layiqincə yaşadılması Azərbaycan xalqının
çoxəsrlik tariximiz qarşısında müstəsna
xidmətidir.
Bu
müstəsna xidməti «Ədəbiyyat qəzeti»
özünün minlərlə səhifələrində
yaradıcı ziyalılarımızın yüksək vətəndaşlıq
hünəri və məsuliyyəti ilə yazılmış
çox qiymətli ədəbi-bədii-elmi əsərlərində
hifz edib saxlayır.
Dünya
xalqları ədəbiyyatlarının müxtəlif
nümunələri barədə tədqiqi məqalələr,
ədəbi əlaqələrimizin inkişaf prosesini faktlarla
izləyən, şərh edən araşdırmalar, xarici
ölkə müəlliflərinin poeziya və nəsrindən
tərcümələr («Orijinaldan tərcümə» sözləri daimi rubrikaya
çevrilmişdir) «Ədəbiyyat qəzeti»nin bütün
fəaliyyəti boyu ardıcıl həyata keçirdiyi ədəbi
xəttin tərkib hissələridir.
Klassik və
müasir ədəbi-mədəni sərvətimizin ən
mühüm problemlərinin əhatəli, obyektiv tədqiqində
«Ədəbiyyat qəzeti»ndən mötəbər mənbə
kimi istifadə edilməsi zərurəti təsadüfi deyil.
Özünün 80-ci ilinə bu günlər qovuşmuş,
eyni zamanda qədim və zəngin ənənələrə malik ədəbiyyatımızın
əvəzsiz salnaməsi haqqını qazanmış «Ədəbiyyat
qəzeti»nin biblioqrafik göstəricisi cildlərinin nəşrə
hazırlanması, şübhəsiz, bu böyük mənəvi
xəzinəmizə yüksək dövlət
qayğısının əyani ifadəsidir.
Ayaz
VƏFALI
Ədəbiyyat
qəzeti.- 2014.- 10 yanvar.- S.1-3.