Həyatın dibindən böyük üfüqlərə

 

Məmməd Cəfər Cəfərovun "Xatirələr" kitabına yazılmış ön sözdən   

 

Akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr" əsərindəki "Ədəbiyyat qəzeti" ilə əlaqədar mətləblər ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan bu mətbuat orqanının fəaliyyətinin çətin və məsuliyyətli bir mərhələsinə işıq salır. Görkəmli elm xadimi xatirə materiallarının təhlili əsasında "Ədəbiyyat qəzeti"nin milli mətbuat tariximizdəki yerinə və mövqeyinə özünəməxsus şəkildə yüksək qiymət vermişdir. "Ədəbiyyat qəzeti"ni məktəb səviyyəsində dəyərləndirən Məmməd Cəfər müəllim bu məktəbin prinsiplərini də elmi tezislər şəklində müəyyən etmişdir. Bir müddət redaktoru olduğu "Ədəbiyyat qəzeti"nə istinadən deyilmiş mülahizələr geniş mənada qəzet işi, qəzetçilik təcrübəsi barəsində ümumiləşmiş tezislər kimi səslənir. "Qəzet də bir məktəbdir. Qəzetçi yalnız öyrətmir, yalnız tərbiyə etmir, eyni zamanda tərbiyələnir. Məndən soruşsaydılar ki, "Haranı qurtarmırsan?" Bitirdiyim məktəbləri sayandan sonra deyərdim: - Bir də "Ədəbiyyat qəzeti" məktəbini qurtarmışam.

…Qəzet bir çox istedadı, səyləri, bir-birini oyadan, tamamlayan fikirləri vahid bir məqsəd ətrafında birləşdirir… Qəzetin böyük xidmətlərindən biri də gənc istedadları üzə çıxarmaq, onları yazmağa həvəsləndirməkdir… Bu gün adlı-sanlı yazıçılar kimi tanınan və müasir ədəbiyyatımızın ikinci nəsli sayılanların əksəriyyətini oxucular ilk dəfə "Ədəbiyyat qəzeti" vasitəsilə tanımışlar".

"Ədəbiyyat qəzeti" ətrafında Məmməd Cəfər Cəfərovun mülahizələri bütövlükdə Azərbaycan mətbuatının dərsləri, prinsipləri səviyyəsində ümumiləşir. Bu mülahizələr qəzetçilik ənənəsinin, mətbuat işinin nəzəriyyəsi kimi səslənir. "Xatirələr"dəki "Ədəbiyyat qəzeti" düşüncəsi ilə Məmməd Cəfər Cəfərov görkəmli ədəbiyyat nəzəriyyəçisi olduğunu isbat edir. Təqdim edilən xatirələr, eyni zamanda, "Ədəbiyyat qəzeti"nin XX əsrin qırxıncı illərindəki tarixini öyrənmək üçün də qiymətli faktlar və hadisələrlə zəngindir. "Xatirələr"də "Ədəbiyyat qəzeti"nin makinaçısından, korrektorundan baş redaktoruna, redaksiya əməkdaşlarından müəlliflər heyətinə qədər böyük bir qəzetçilər və yazıçılar nəslinin həyatının və fəaliyyətinin konkret məqamları nəzərə çarpdırılır. Bu mənada "Xatirələr" həm də Azərbaycan ədəbi mətbuatının sütunu olan "Ədəbiyyat qəzeti"nin tarixini öyrənənlər üçün də qiymətli qaynaq sayıla bilər.

Akademik Məmməd Cəfər Cəfərovun "Ədəbiyyat qəzeti" dünyası həm də onun özünün ədəbiyyatçı dünyasının güzgüsüdür. Cavan bir ədəbiyyatçı olaraq Məmməd Cəfər Cəfərovun ədəbiyyat sahəsindəki elmi və bədii axtarışlarının bir çoxu "Ədəbiyyat qəzeti"nin zəminində meydana çıxmışdır. Keçən əsrin qırxıncı illərində "Ədəbiyyat qəzeti"ndə çap olunan məqalələri və hekayələri onu ədəbiyyat aləmində və mətbuat sahəsində geniş mənada Azərbaycan ictimaiyyətinə təqdim etmişdir. Bu mənada keçən əsrin 40-cı illərində baş redaktoru olduğu "Ədəbiyyat qəzeti" Məmməd Cəfər Cəfərov üçün həm ədəbi məktəb, həm də həyat məktəbi olmuşdur. Məmməd Cəfər müəllim kimi romantik meylli ədəbiyyat adamının cavan yaşlarında böyük həyata hazırlanmasında "Ədəbiyyat qəzeti" məktəbinin ibrətamiz dərslərinin böyük rolu və təsiri var idi. Müəllim kimi ali məktəb auditoriyalarından kənara çıxmayan, yaxşı mənada fanatikcəsinə elmi məşğuliyyətə könül verən Məmməd Cəfər müəllim üçün "Ədəbiyyat qəzeti" həyatla ədəbiyyat arasında möhkəm və etibarlı körpü funksiyasını həyata keçirmişdir. Məmməd Cəfər Cəfərov həyatdan ədəbiyyata və ədəbiyyatdan həyata "Ədəbiyyat qəzeti" körpüsündən keçərək gəlmişdir. İctimai həyatda və elmdə böyük şöhrət zirvəsini fəth etdikdən sonra yazılan "Xatirələr"də bütün bunları geniş ürəklə etiraf etməsi yalnız mütəfəkkir şəxsiyyətin ucalığının, böyüklüyünün ifadəsidir.

…Bütövlükdə isə "Ədəbiyyat qəzeti" Azərbaycanda ədəbiyyat mühitinin salnaməsidir, hər bir ədəbiyyat adamının ədəbi və elmi taleyinin əsas hərəkətverici qüvvəsidir. Çoxillik davamlı ənənələrə, zəngin təcrübəyə malik olan "Ədəbiyyat qəzeti" ədəbi məktəb yaratmış, ədəbiyyatımızın və ədəbiyyatşünaslıq elmimizin bir neçə nəslinin taleyində mühüm rol oynamış əsas mətbuat orqanı kimi Azərbaycan cəmiyyətində böyük tarixi missiyanı yerinə yetirmişdir. Məmməd Cəfər Cəfərov kimi görkəmli elm xadiminin "Xatirələr" memuarındakı "Ədəbiyyat qəzeti"nə dair mülahizələrdən çıxarılan bu ümumiləşmiş nəticələri mötəbər qəzetimiz indi də şərəflə həyata keçirməkdə davam edir.

üçün Məmməd Cəfər Cəfərov "Xatirələr"i çap etdirməmişdir? fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyətinə, 37-ci il hadisələrinə, repressiya proseslərinə, görkəmli alimin müasirləri olan bir sıra tanınmış şəxsiyyətlərə dair bəzi ciddi mətləbləri əhatə etdiyinə görə Məmməd Cəfər müəllim öz sağlığında "Xatirələr"i kitab kimi çap etdirməyə ehtiyatlı yanaşmış, qəti qərar qəbul etməkdə çətinlik çəkmişdir. Bundan başqa, əsərdə dini məsələlərə ateist deyil, loyal münasibət bəslənilməsi də o zaman, sovet dövründə "Xatirələr"in çapını çətinləşdirmişdir. Nəhayət, əsərin bitməmsi, yarımçıq qalması da çap baxımından tədbirli olmağa imkan vermişdir.

Bütövlükdə akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr"inin ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim olunması elmi-ədəbi mühitimizin əhəmiyyətli hadisəsi sayıla bilər. Yazıldığı vaxtdan 30 ildən artıq bir dövr keçməsinə baxmayaraq, "Xatirələr" memuarı aktuallığını itirməmişdir. XX əsrin yetmişinci illərində yazılmış "Xatirələr" memuarında sovet ideologiyasının təsiri yox dərəcəsindədir. "Xatirələr" memuarı da görkəmli mütəfəkkir alimin digər əsərləri kimi əbədiyaşarılıq haqqı qazanmaq imkanlırana malikdir.

Ümid edirik ki, yarımçıq qalmış "Xatirələr" memuarını Məmməd Cəfər müəllimi yaxından tanıyan dostlarının və tələbələrinin xatirələri, ustad alimin irsini öyrənən yeni nəsillərin təəssüratları tamamlayacaqdır.

Biz memuar ədəbiyyatının bu dəyərli nümunəsindən parçaları ilk dəfə olaraq "Azərbaycan" qəzetində, "525-ci qəzet"də, "Ədəbiyyat qəzeti"ndə oxuculara təqdim etmişdik. Lakin düşünürük ki, "Xatirələr" memuarının tam halda təqdimi həm elmi ictimaiyyət, çağdaş ədəbi mühit, həm də oxucular üçün faydalı olacaqdır.

"Xatirələr" memuarının çapa hazırlanmasına yol açmış Azərbaycanın yeni dövr ziyalı qadınlarının layiqli nümayəndəsi professor Ulduz xanım Haşımovaya minnətdarlığımı bildirirəm.

Unudulmaz müəllimimiz, akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr" əsərinin kitab halında çap edilib elmi-ədəbi ictimaiyyətə və oxuculara çatdırılması həm də böyük ustad qarşısındakı vəfa borcumun daha bir əməli ifadəsidir.

 

Ədəbiyyat qəzeti.- 2014.- 10 yanvar.- S.2.