Fərdi hisslər...
və sosial xarakterlər
Xalq şairi Bəxtiyar Vahabzadə
Əbülfət Mədətoglu barəsində yazıb:
«Əbülfət sözün əsl mənasında
şairdi, onu oxuyanda tüstüm təpəmdən
çıxır. Bax, budur sənətin qüdrəti…». Və
yaxud Ramiz Rövşən qeyd edir ki, «…Əbülfət son dərəcə
səmimi və son dərəcə də özünə bənzəyən
şairdi». Ümumiyyətlə, Əbülfət Mədətoğlu
barəsində yazılan bütün fikirlərdə onu dərdi
kişi kimi çəkən, sevgini pıçıltı ilə
söyləyən bir şair kimi xarakterizə edirlər. Hətta
şairin 2007-ci ildə İstanbulda nəşr edilən
kitabına «Ön söz» yazmış doktor, professor Hüseyn
Adgüzel türk oxucularına müraciətlə:
«Əbülfət bəyə dərdlərin şairi deməyin
zamanı çatıb» - deyir.
Qələm adamları hər nə qədər
ictimai mövzulara müraciət etsələr də, bu bir həqiqətdir
ki, hər bir şair özünü yazır. Yəni konkret
olaraq bu belədir. Bizim tarix boyu ictimai mövzularda yazan
şairlərimiz olub. Məsələn, Nəsimidən Səməd
Vurğuna qədər. Amma bu ictimailiklə yanaşı, həm
də Nəsiminin özü var, öz daxili üsyanı,
öz intonasiyası var. Səməd Vurğunun
özünün daxili təntənəsi var, özünəməxsusluğu
var. Bunlar bir həqiqətdir. Lakin elə şairlər də
var ki, sözün həqiqi mənasında özlərini
yazırlar. Mən Əbülfət Mədətoğlunu bax,
heç bir tərəddüdsüz bu cür şairlərin
sırasına daxil etmək istəyirəm. Doğrudur, onun
yaradıcılığında sentimentallıq yoxdur. Amma
bununla yanaşı belə, həddən artıq özü,
öz daxili dünyası, öz ovqatı, öz hissləri
şeirlərində əsas yeri tutub. Hətta bunlar bəzən
o qədər fərdi olur ki, öz-özünə
düşünürsən ki, bəlkə ədəbiyyat,
poeziya bu qədər fərdiliyə getməməlidir? Amma
bununla yanaşı, bir mühüm cəhəti də qeyd etmək
istəyirəm. Belə ki, Əbülfət
yaradıcılığında, poeziyasında nə qədər
fərdidirsə, onun bir qədər də özünəməxsusluğu
və hər kəs tərəfindən qəbul olunacaq sosial
simaya malik lirik qəhrəmanı var. Sual oluna bilər ki, bu
sosial sima nə ilə ölçülür, necə müəyyənləşdirilir?
Əvvəla, bu sosial sima bütövlükdə insan, onun həyat
tərzi, xüsusilə bugünkü insanın həyat tərzi,
mövqeyi, cəmiyyətlə əlaqəsi, həyat problemləri
ilə bağlılığı… yəni bütün bunlar
da onun yaradıcılığındakı qabarıq fərdiliklə
sıx bağlıdır.
Onun yaradıcılığında həm
özünəməxsusluq var, həm də bu özünəməxsusluqda
bir xarakter var. Əbülfət özünəməxsusluğu
tipologiyası olan, xarakteri olan özünəməxsusluqdu. Mən
onun şeirlərini oxuyanda elə bil ki, çox sevilən xanəndələrimiz
Mənsum İbrahimovun, Səxavət Məmmədovun,
İslam Rzayevin, Süleyman Abdullayevin səslərini eşidirəm.
Bu səslərin intonasiyasını, ritmini, məzmununu, o səslərin
lap içindən gələn kədərin özünü
dinləyirəm. Hətta kifayət qədər nikbin nəğmələr
oxuyanda belə, o səslərin ən dərin qatlarından
bir kədər duyulur. Bax, Əbülfət Mədətoğlunun
da şeirləri belədir. Demək olar ki, onun elə bir
şerini təsəvvür etmək mümkün deyil ki, orada
kifayət qədər dərin, zəngin bir ağrı ilə
rastlaşmayasan, yəni onun şeirlərinin hamısında
bu dərin ağrı bir ana xətt kimi gəlib keçir. Hətta
onun leksikonu da belədir. Yüzlərlə ağrı-acı
ifadə eləyən sözlər, ifadələr, poetizmlər
var onun şeirlərində. Məsələn, acı, soyuq, dəli,
fağır, diz çökmüş, sükut, tamarzı,
donuq, kədər, lal baxışlı, yaralı,
ağrı, yazıq, biganə, qorxu, özünə yer tapa
bilməyən, atılmış və s. Yəni bu leksikon
onun şeir dilini və belə deyim ki, şerin
orqanikasını, necə deyərlər, mahiyyətini
açan bir məsələdir. Bizim poeziyamızda bir qayda
olaraq müsbət, ümidverici kimi təsvir edilən bar, meyvə,
toxum, tum, həm də şirinlik anlamında təqdim edilir,
ona ümidlə baxılır. Əgər o bardısa, tumdusa,
toxumdusa o ümidverici bir şeydi. Amma Əbülfət
yazır:
Mən tumu acı bir baram,
Bəsdi özümə öz yaram…
Buradakı ikinci bənd, yəni «bəsdi
özümə öz yaram» məsələnin başqa bir tərəfidi. Burada əsas olan, ilk diqqəti çəkən
tumun, yəni o mənbənin insan üçün, o lirik qəhrəman
üçün acılığıdı. Belə başa düşülür ki, o da
özü-özlüyündə Əbülfətin
yaradıcılığını, ideya məzmununu göstərən
bir məsələdi. Eyni zamanda bu da bir
daxili məntiqin yenidən mənalandırılmasıdı.
Yəni biri var tumun təbii
acılığı, biri də var onun yenidən məntiqi mənada
acı kimi təqdim edilməsi. O ki qaldı «bəsdi
özümə öz yaram» deyiminə, bu da ikinci mərhələdə
bir təəssüf, ağrı doğuran bir məqamdı. Bax, bu da çox maraqlı qarşılanır,
burada maraqlı olan həmin ağrı çəkən,
ağrıdan yaranan lirik qəhrəmanın özünü
təhlil etməsidir. Mən bir xüsusiyyəti
də ayrıca qeyd etmək istəyirəm. Azərbaycan poeziyasında elə nümunələr,
elə ciddi şairlər, sənətkarlar var ki, onlar əhval
-ruhiyyəni, ovqatı təsvir və təqdim edirlər.
Ancaq Əbülfətin şeirlərində
bunlarla yanaşı, həm də təhlil var. O hissləri, o
emosiyaları sadəcə ifadə eləmək yox, həm də
təhlil etmək ağır bir məsələdi. Çünki hissin təhlilə gəlməsi
üçün təbii ki, ona yenidən hisslərlə
qayıtmaq, hisslərlə təhlil vermək lazımdı.
Bu, çox çətin bir iş olmaqla yanaşı, həm
də çox maraqlıdır. Düşünürəm
ki, bu Əbülfətin yaradıcılığında
xüsusilə səciyyəvi bir xüsusiyyətdir. Digər bir məqam isə Əbülfətin poetik
kədərinin sadəcə təbii axımı ilə,
öz enersiyası ilə gəlməsidir. Həm də şairin lirik qəhrəmanının
bu kədərdən zövq almasıdır, bu kədərlə
dünyanı dərk etməsidir. Bir vaxtlar böyük
sənətkarımız Aşıq Ələsgər deyirdi:
Dərd alıb, qəm satıb nəf eyləmişəm.
- yəni dərd qəmə nisbətən
çox ağır bir şeydi. Dərdi
alıb, qəmi satmaqla faydalanmışam - deyən
Aşıq Ələsgər sadəcə söz oyunu etməyib.
Bunun arxasında böyük bir fəlsəfə
durur. Elə Əbülfət də təxminən eyni fəlsəfəni,
eyni məsələni yazır:
Gəl sevdirək özümüzü kədərə…
Hər kəsə məlumdur ki, sevgi
müsbət bir emosiyanın ifadəsidir. Sevgi insana ruh yüksəkliyi gətirən bir hadisədi.
Amma «gəl sevdirək özümüzü kədərə»
- deyəndə, şair kədərə son dərəcə
böyük sevgi çağırışı edir. Bu da təkrar qeyd edim ki, əslində şairin
poetik məntiqlə özünü və dünyanı dərk
etmək üçün seçdiyi üsuldu. Ona görə dərhal diqqəti özünə
çəkə bilir.
Əbülfət Mədətoğlu
poeziyasında bizim ədəbiyyatımız üçün
orijinal olan başqa bir məqam da var. Bu da insanın sıravi
görünmək qorxusu ilə bağlıdır. Yəni sıravi görünmək belə deyim ki, həm
qəhrəman üçün - həm ədəbiyyatın,
həm də həyatın qəhrəmanı
üçün ən acılı bir şeydi. İndi təsəvvür edin ki, sevdiyin
üçün sıradan biri olmaq nə boyda acıdı,
qorxudu. Əgər bunu şair çox sərrast
deyirsə, bu artıq ədəbi uğurdur. Belə düşünmək olar ki, sıradan biri
olmaq bəlkə də neytrallıqdı, bəlkə də
ümumilikdi. Ancaq aşiq
üçün, sevən üçün, sevilməyini istəyən
üçün sıradan biri olmaq kədərdi, dərddi.
Bu da ki orijinal bir fikirdi. Özü
də bir misrada, bir-iki şeirdə təkrarlanmır. Əksinə, bütün yaracılıq boyu kədər
fəlsəfəsinin təhlil imkanının Əbülfətdə
nə qədər böyük olduğunu sübut edir.
Özü də şeir yaradıcılığı
üslubunun bu metodu, bu hissləri təhlil üsulunun o dərəcədə
metafizikasına gedə bilir ki, çox səmimi və rahat da
yazır:
Dünyadan qopub ayrıldım,
Çəkildim qara günümə.
Özünüz fikir verin, qara gün
insan həyatının son kədəri, ağrı-acı həddidir. Yəni sənin barışdığın sonluqdu.
Bu, sənə olan Tanrınınmı, həyatınmı,
taleyinmi münasibətindən bütün mübarizə
imkanlarının bitməsidir. Və bu məntiq,
bu düşüncə tərzi, o hiss texnologiyaları da məhz
lirik qəhrəmanı bu yerə gətirib
çıxarmalıdı. Burada isə məncə,
Əbülfət həm haqlıdı, həm də elə
bilirəm ki, özünün poetik kredosuna sadiq bir şairdi.
Əbülfət ictimai mövzulara da
müraciət edir, amma ictimai mövzuları mövzudan daha
çox bir məqam kimi, bir obraz kimi, bir hadisə kimi
götürərək, onu sitat kimi gətirərək
çox gözəl mənalandırır. Məsələn, məlumdur ki, Azərbaycanda
ölüm hökmü ləğv edilib və bu da hər kəs
tərəfindən anlayışla qarşılandı.
İctimai mühit bunu humanist, insanpərvər
hadisə kimi təqdim etdi. Lakin şairin çox zərif
və mənalı bir şəkildə təqdim etdiyi fikrə
nəzər yetirək:
Heyif səndən
ölüm hökmü…
ləğv edildin.
… Aldın mənim əlimdən
sevgilimin
kirpiklərindən
asılmaq qismətimi…
Yəni doğrudan çox gözəldi. Burda söhbət heç də şairin
ölüm hökmünün ləğv edilməsinə
etirazından getmir. Sadəcə bu bizim
poeziyamızın məntiqidir ki, aşiq öz sevgisi, sevgilisi
uğrunda ölməlidir. Burda başqa bir
yol yoxdur. Hətta sağ qalsa belə ölməlidir. Bu bizim poeziyamızın minilliklərdən gəlib
çıxdığı qənaətdir.
Şair Əbülfət Mədətoğlu
da ictimai-siyasi prosesin yox, ədəbi-bədii prosesin
övladı, varisi olduğu üçün istər-istəməz
ədəbiyyatın məntiqini müdafiə edərək
çox maraqlı bir qarşılaşdırma ortaya qoyub. Şəxsən mən bunu poetik kəşf hesab
edirəm.
Yaradıcılığının müəyyən
məqamlarında Əbülfətin şeirlərində bir
nikbin notlar da ortaya çıxır. Amma bu o
qədər təsadüfi olur ki, görəndə təəccüblənirsən
və hətta düşünürsən ki, bu sanki musiqinin,
muğamın xaric ifa edilməsinə bənzəyir.
Qarabağdan, oradan gələn yaradıcılıq
imkanlarından qaynaqlanan Qarabağ ədəbi mühitini, bir
az da Natəvanın ruhunu, intonasiyasını özündə
yaşadan Əbülfətin bu nikbinliyi ortaya çıxanda
düşünürsən ki, bu ya təsadüfdü və
yaxud da heç bunun yeri deyil.
Əbülfətin lirik qəhrəmanında
bir xüsusiyyət də var. Bu, daha çox onun
özünün hadisəsidi. Olduqca
metafizikdi. Yalnız öz daxilini, öz iç
dünyasını, onların hadisəsini ortaya qoyur. Həm də Əbülfət intellektual bir
şairdi. Bu fikri xüsusilə qabartmaq istəyirəm.
Bunun da səbəbi var. Mən həmişə
müşahidə etmişəm. Həddən
artıq hisslərlə polemikaya girən, həddən
artıq hisslər üzərində
yaradıcılığını quran yazarlarımızda bir
qayda olaraq intellekt çatışmır və yaxud da onlar
bilərəkdən intellektuallıqdan imtina edirlər. İstəyirlər ki, hər şey hisslər
üzərində qurulsun və hisslərin səmimiyyəti təqdim
olunsun. Çünki intellektuallıq istər-istəməz
poeziyaya müəyyən quruluq gətirir, müəyyən
sxemlər gətirir. Amma Əbülfət
Mədətoğlunun şeirlərində çox
maraqlıdır ki, hisslərin səmimiyyəti
intellektuallıq, məlumatlılıq, bilik o qədər təsir
edir ki, səmimiyyətə xələl gətirmir. Yəni səmimiyyət pozulmur. Həqiqətən
də mən düşünürəm ki, poeziyanı elmdən
fərqləndirən və yaxud da fərqlənməsi,
birinci növbədə onun sadəlövhlüyü ilə
bağlı olmalıdır. Ədəbiyyatda,
poeziyada sadəlövhlüyə qədər gedəcək səmimiyyət
yoxdursa, istər-istəməz oxucu şairə inanmır.
Ona hisslərin diplomatı kimi baxır. Bu da özünü doğrultmayan bir məsələdir.
Ümumiyyətlə, Əbülfətin
bütün şeirlərində özünəməxsus səmimiyyət
son nöqtəyə qədər davam edir. Məsələn,
adamın məktub gözləməsi təbii bir haldır,
amma özünün özünə məktub yazması bir az qeyri-ciddi görünür. Əbülfət
isə bunu o qədər səmimi və inandırıcı
ifadə edir ki, oxucuda şübhə yeri qalmır:
Hərdənbir
adından
özümə məktub yazmaq istəyirəm…
Əbülfətin şeirlərində
çoxlu sayda poetizm sayıla biləcək, yəni hisslərə
hopub yaşaya biləcək, yaddaşlarda qalacaq fikirlər,
ifadələr var. Bunlar da yəni ictimai olandan fərdi olana,
ümumi olandan fərdi olana qədər fərqlərin
izahıdır. Məsələn, mənim
çox maraqla qarşıladığım və mənə
təsir edən «Acgöz şadlıq evləri»
misrasını qeyd edə bilərəm. Fikir verin,
«şadlıq evi» və «acgözlük» ifadələri. Biz artıq bunu məişətimizdə hər
gün görürük. Eyni zamanda burda
söhbət təkcə şadlıq evindən,
acgözlükdən getmir. Həm də
bizim ictimai həyatımızda baş verənlərdən
gedir, onların qiymətidi. Yəni son dərəcə
öz içərisində olan, öz ruhu ilə mükalimə
aparan şairin elə şeirləri var ki, burada birdən o qədər
ictimai və o qədər hamını düşündürə
biləcək, hiss edə biləcəyi məsələlərə
toxunur ki, bəzən ümumiyyətlə,
yaradıcılığının xarakteri daha çox ictimai
olan şairlərimizin deyə bilməyəcəyini son dərəcə
dəqiq misralarla ifadə edir.
Məsələn:
Canım, üsyan gözlənir,
Çevriliş qorxusu var.
İçimə sığmır sevgim -
İçim sevgin üçün dar!..
Mən əlbəttə, Əbülfət
Mədətoğlunun şeirləri barədə xeyli sayda
özünəməxsus xüsusiyyətləri də qeyd edə
bilərəm. Lakin onun yaradıcılığı barəsində
dəyərli ədəbiyyat adamlarımızın,
xüsusilə Seyran Səxavətin «Sənin sözün
insanın iç dünyasına nüfuz edir, onu daxilən hərəkətə
gətirir» və yaxud Musa Yaqubun «Əbülfətin
yaratdığı sevgi ağacının hər bir
yarpağının öz düzümü, öz
dözümü, öz sözü, öz titrəyişi var»
fikirləri var. Xalq şairi Zəlimxan Yaqubun «Özünü
dərd dəlisi adlandıran, kədəri incitməyən, qəmin
doğma adamına çevrilən şairin (yəni Ə. Mədətoğlunun
- N.C.) yaradıcılığı bütövlükdə
bütün dərd çəkənlərin, qəm
daşıyanların poeziyasıdır» - deməsi, bir daha
göstərir ki, Əbülfət artıq Azərbaycan
poeziyasında doğulduğu mühitin, Qarabağ ədəbi
mühitindən öz qaynaqlarını götürməklə,
bizim poeziyamızın ümumi axınında
özünün gözəl bir şair yolu ilə,
özünəməxsusluğu ilə seçilməklə və
özünün mükəmməl bir şair obrazını
yarada bilib.
Nizami
CƏFƏROV
AMEA-nın
müxbir üzvü,
Milli Məclisin deputatı
Ədəbiyyat
qəzeti.- 2014.- 17 yanvar.- S.6.