Firidun bəy Köçərli irsi

ədəbi tənqiddə

 

II

  

Məktublar vasitəsilə fikir söyləmək XIX əsrin əvvəllərindən başlamış, əsrimizin ilk illərinə qədər geniş şəkil almışdı. Bu da səbəbsiz deyildi. Bir tərəfdən mətbuatın olmaması, digər tərəfdən isə hakim sinfin yeritdiyi siyasət, zülm, istibdad və mütərəqqi gəncliyə açıq fikir söyləməyə imkan vermirdi. Bu dövrdə öz həyatından, zəmanədən, haqsızlıqdan, günahsız insanları evsiz-eşiksiz qoyub, eli-obanı çapıb-talayan darğaların azğın hərəkətlərindən bəhs edən onlarca üsyankar məktublara rast gəlmək mümkündür. Bu cəhətdən Q.Zakir, M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, N.Nərimanov, C.Məmmədquluzadə və başqalarının məktubları səciyyəvidir. F.Köçərli də məhz bu yolu seçmiş və müasirləri ilə məktublaşmışdır.

F.Köçərli zəhməti, sağlamlığı hesabına, böyük çətinliklə topladığı, ədəbi materiallar əsasında yazdığı "Azərbaycan ədəbiyyatı"nın vaxtında çapına dönə-dönə təşəbbüs göstərsə də, nəşr etdirə bilmədiyindən şikayətlənir, "Mənim əsərlərimin çapı yenə də təxirə düşdü" - deyə səbir kasasının dolduğuna işarə edirdi. O, sözünü davam etdirərək yazırdı: "İnşallah, müharibə qurtaran kimi əvvəlinci cildin çapına şüuru edəcəyəm. Qarabağ nücəbasından bir nəfəri kitabların çapı üçün nə qədər kağız lazım olsa öz öhdəsinə götürür. Belə ümid-nəvid verənlər çox olubdur, görək bunun axırı necə olacaqdır…"

Böyük Oktyabr sosialist inqilabının qələbəsi Şərq xalqlarının həyatında, ictimai fikrin inkişafında həlledici rol oynadı. Oktyabrın doğurduğu hadisələr, başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ədəbiyyat və incəsənətinin əsas mövzusu oldu. XX əsrin demokratik ədəbi hərəkatını təmsil edən sənətkarlar yeni quruluşu sevinclə qarşıladıqları kimi, onu keçmiş mədəni irsin, xalq ədəbiyyatının inkişafı üçün, dil, mətbuat və şəxsiyyət azadlığı üçün maddi, mənəvi və ictimai-siyasi qüvvə kimi qəbul etdilər.

Yeni zəmanənin vüsətindən doğan sevinc və fərəh hissi böyük ədəbiyyatşünasa keçmiş günləri bir daha xatırladır, onu müqayisəedilməz nəticələrə gətirirdi.

Xalqın maarifi yolunda məhrumiyyətlərə düşən F.Köçərli müxtəlif yollara, üsullara əl atır, çarəsi kəsildiyindən əsərin nəşri məsələsini taleyə bağlayırdı. Lakin yeni sosializm quruluşu ədibdə ciddi, qorxmaz, inamlı fikir oyatmış, onu tərəddüdlərdən xilas etmişdir.

Ancaq bu gözəl təşəbbüs Azərbaycanda sovet hakimiyyəti qurulduqdan və ədəbiyyatşünasın ölümündən beş il sonra "Azərnəşr" tərəfindən həyata keçirilmişdir.

1925-ci ildə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi"nin "Bir iki söz" adlı müqəddiməsində belə bir əsərin indiyə kimi çap olunmaması maarif və mədəniyyətimiz üçün böyük nöqsan sayılırdı. Həm də bu nöqsanın aradan qaldırılması üçün illər uzunu böyük zəhmət çəkən Firidun bəy Köçərlinin xidmətləri xüsusilə qeyd edilirdi. Maarifin, gəncliyin tərəqqisinə və ədəbiyyat tarixinin inkişafına böyük xidmət göstərəcəyini nəzərə alan Azərbaycan Xalq Maarif Komissarlığı kitabı çap etməyi qərara alır və yazırdı: "Azərbaycan ədəbiyyatı bu ana qədər tədqiq edilərək məbut və müntəzəm bir əsər halında toplanıb nəşr edilməmiş olması məmləkət maarifi çün bir böyük nöqsan idi. Bu nöqsanın tələfəsi üçün xüsusi surətdə çalışan bəzi maraqlı mütəxəssislərin vücudu hər kəsə böyük bir ümid veriyordu. Bu maraqlılardan biri də Azərbaycanın əski müəllimlərindən olan Firidun bəy Köçərli idi. Həmən bütün Azərbaycan ziyalıları və xalqı Firidun bəyin "Azərbaycan ədəbiyyatı materialları" ilə uğraşdığını, bunları toplayaraq xalqın istifadəsinə əlverişli bir əsər vücuda gətirməyə çalışdığını biliyordu.

İllərcə qeyrətdən, uzun və nəhayətsiz müxabirələrdən sonra Köçərli meydana bir əsər gətirmişdir".

Bu hadisədən sonra "Azərbaycan ədəbiyyatı tarixi" ədəbiyyatşünaslığın diqqət mərkəzində durur. Köçərli haqqında bir-birinin ardınca elmi-tədqiqat xarakterli məqalə və kitabçalar yaranır. Bu məqalə və kitabçalarda F.Köçərlinin ədəbi-tənqidi görüşləri, elmi-pedaqoji fəaliyyəti, bədii və publisist yaradıcılığı haqqında məlumat verilirdi. Bu sahədə ilk fəaliyyət göstərən Mehdi Hüseynin 1926-cı ildə "Məktəb" jurnalında (N-6) çap olunmuş məqaləsindən sonra daha sanballı əsərlər meydana gəlir. Mustafa Quliyevin "Oktyabrtürk ədəbiyyatı" (1930), Fərhad Ağazadənin "F. Köçərlinin bioqrafiyası" (1936), alimlərimizdən Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər" (1947), Cəfər Xəndanın "Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları" (1949), Ağamməd Abdullayevin "Azərbaycan dilinin tədrisi tarixinə dair" (1958), Kamal Talıbzadənin "Firidun bəy Köçərli" (1960), Bəkir Nəbiyevin "Firidun bəy Köçərli" (1963), "Firidunbəy Köçərli" (mənalı ömürdən səhifələr) (1984), Həmid Araslının "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" (1956), F.Qasımzadənin ""XIX əsr Azərbaycan ədəbiyyatı" (1956), Məmməd Cəfərin "Firidun bəy Köçərli" (1969), Raifə Həsənovanın "XIX əsrdə Rusiya-Azərbaycan ədəbi əlaqələri tarixindən" (1956), Şıxəli Qurbanovun "A.S.Puşkin və Azərbaycan" (1959), D. Əliyevanın "Azərbaycan - gürcü ədəbi əlaqələri tarixinə dair" (1958), A.Hacıyevin "Tiflis ədəbi mühiti" (1980) adlı kitab və monoqrafiyalarında, həmçinin qəzet və jurnal səhifələrində çap olunan elmi-publisist məqalələrdə Köçərlinin bilavasitə və yaxud bilavasitə yaradıcılığından, elmi-pedaqoji və tərcüməçilik fəaliyyətindən, qardaş xalqlar ədəbiyyatı sahəsindəki xidmətlərindən, xalqlar dostluğu uğrunda apardığı mübarizədən, Azərbaycan ədəbiyyatının tədqiqi və təhlili tarixindən və başqa məsələlərdən bəhs edilmişdir.

Bu tədqiqatçılar sırasında K.Talıbzadənin və F.Köçərli yaradıcılığı haqqında ilk monoqrafiya yazan B.Nəbiyevin apardığı tədqiqatlar öz məzmun və mündəricəsinə görə səciyyəvidir. Bəkir Nəbiyev Firidun bəy Köçərli yaradıcılığına həsr etdiyi ilk monoqrafiyasında alimin həyatı və pedaqoji fəaliyyəti, ədəbi-tənqidi görüşlərini apaşdırır, "Azərbaycan ədəbiyyatı tarixi" barəsində geniş və hərtərəfli fikir yürüdür.

F.Köçərli 1885-ci ildə (12 iyun) Qori seminariyasını bitirən tələbələrdən fərqli olaraq kənd məktəblərinə göndərilmir. Seminariyanın müəllim heyətinin zəmanəti ilə yaxşı əxlaqi keyfiyyətlərə malik tələbə kimi Yerevan gimnaziyasına müəllim təyin edilir. Pedaqoji şuranın F.Köçərliyə verilmiş 1885-ci il 12 iyun tarixli zəmanətində deyilirdi: "Firidun bəy Köçərli 22 yaşında ikən əla əxlaqla seminariyanı bitirmiş və şəriət, pedaqoji, rus dili, hesab, həndəsə, yerölçmə, tarix, coğrafiya, təbiət, hüsnxətt fənlərindən, habelə təcrübi məşğələlərdən müvəffəqiyyətlə imtahan vermişdirBuna görə də məskurə ibtidai xalq məktəbi müəllimi adı veriliro, layiq görüldüyü vəzifənin bütün hüquqlarından istifadə edə bilər".

F.Köçərli Qori seminariyasına müəllim təyin olunan gündən bütün imkanlardan istifadə edir. Elm, maarif, mədəniyyət və tərəqqi baxımından geri qalmış Azərbaycan balalarının təlim-tərbiyəsi ilə məşğul olur. O, tanınmış xalq müəllimləri, onların pedaqoji təcrübələri ilə yaxından maraqlanır, dərslərində iştirak edir. Dərslik və dərs vəsaiti olmadığından təəssüflənir və bu boşluğu doldurmaq üçün şairlərlə əlaqə saxlayır. Onların vasitəsilə klassik sənətkarların həyatını və yaradıcılıq nümunələrini, xalq ədəbiyyatı materiallarını toplayır. Qabaqcıl rus ədib və şairlərinin həyat və yaradıcılığı ilə şagirdləri tanış etmək üçün xeyli material toplayır, tərcümələr edir. F.Köçərlinin ilk tərcüməsi 1890-cı ildə A.S.Puşkinin "Balıqçı və balıq nağılı" adlı əsəridir. 1891-ci ildə isə tərcümə etdiyi və Bağçasarayın "Tərcüman" mətbəəsində çap etdirdiyi əsər "Təlimati-Sokrat" adlanırdı. Daha sonra, tərcümə etdiyi Puşkinin "Torçu və balıq" (1892), Lermontovun "Üç xurma ağacı" və M.B.Kolstovun "A kişi, niyə yatıbsan" adlı şeirlərini 1895-ci ildə Şuşada erməni mətbəəsində kitabça halında çap etdirmişdir.

Bu kitabçaların çapdan çıxması gənc nəslin təlim-tərbiyəsində böyük rol oynamışdır. F. Köçərlinin ədəbiyyata olan marağı onu yeni-yeni elmi yaradıcılığa ruhlandırır. O, Azərbaycan dramaturgiyasının inkişaf tarixini öyrənmək və müasir dramaturqları bu sahəyə həvəsləndirmək üçün M.F. Axundzadənin məzhəkələri əsasında özünün məşhur "Tatar komediyaları" adlı elmi məqaləsini yazır. Bu əsər ilk dəfə Tiflisdə çıxan "Novoye obozreniye" qəzetinin 1895-ci il 3, 7 və 12 iyun tarixli nömrələrində təfriqə şəklində çap edilir.

Yerevan gimnaziyası F.Köçərli yaradıcılığına böyük və müsbət təsir göstərmişdir. O, bu on il ərzində gimnaziyada pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbiyyatımızın toplanması, tədqiqi, elmi şərhi sahəsində də bir sıra diqqətəlayiq işlər görür.

1895-ci ildə Qafqaz təhsil dairəsi popeçitelinin 30 oktyabr tarixli əmri ilə f.Köçərlinin Qori müəllimlər seminariyasında şəriət və Azərbaycan dili müəllimi təyin olunması onun yaradıcılığına böyük təsir göstərir. Seminariyada həm pedaqoji aparır və həm də ədəbiyyatımızın tədqiqi üçün daha geniş material toplayır. Xalqımızın müasir, yaxın və uzaq keçmişindən bəhs edən onlarca elmi, publisist məqalələr yazıb müxtəlif rus və Azərbaycan mətbuat orqanlarında çap etdirir. F.Köçərli bu illərdə Zaqafqaziyada çıxan "Qafqaz", "Novoye obozreniye", "Tiflisski listok", "Zaqafqaziya", "Kaspi", "Şərqi-Rus", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni iqbal", "Dəbistan", "Rəhbər" kimi qəzet və jurnalların daimi əməkdaşı olmuşdur.

1905-ci il hadisələrindən sonra nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının meydana gəlməsi, nəinki ictimai fikir tariximizdə böyük rol oynamış, həmçinin F.Köçərli kimi şəxsiyyətlərin də yaradıcılığına müsbət təsir göstərmişdir. "Molla Nəsrəddin" jurnalını sevinclə qarşılayan, onu yeni zəmanənin yeni ədəbi hadisəsi kimi qiymətləndirən F.Köçərli jurnalın ilk nömrələri haqqında yazırdı: "İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin" nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir.

Yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır".

Bəkir Nəbiyev "Firidun bəy Köçərli" adlı monoqrafiyasında "Molla Nəsrəddin" jurnalının Köçərli yaradıcılığına göstərdiyi müsbət təsiri yüksək qiymətləndirir.

Müəllifin bu fikrinə əsasən deyə bilərik ki, qarşılıqlı təsir bütün mollanəsrəddinçilərə xas olan məziyyət olmuşdur. Bu təsirin nəticəsidir ki, XX əsrin N.Nərimanov, M.Ə.Sabir, Ü.Hacıbəyli, Ə.Haqverdiyev, M.S.Ordubadib. qabaqcıl ziyalıları kimi C.Məmmədquluzadə və F.Köçərli də Azərbaycan xalqının tarixində silinməz izlər buraxmış və bu böyük şəxsiyyətlərin yaradıcılıq yolu, apardığı mübarizə, məslək və əqidələri nəticə etibarı ilə birləşmişdir. Biri nöqsanlara gülmək və satira yolu ilə cəmiyyəti islah edirdisə, digəri məktəb, maarif elm və mədəniyyəti inkişaf etdirmək, xalqımızın uzaq və yaxın keçmişi ilə əlaqədar olan ədəbi, elmitarixi sənədləri saf-çürük edib toplamaqçap etdirməklə ətaləti, cəhaləti, nadanlığı, geriliyi aradan qaldırmağa kömək edir, mütərəqqi dünya xalqlarının həyatı və yaradıcılıq nümunələri ilə geniş oxucu kütlələrini tanış edirdi.

F.Köçərlinin müntəzəm olaraq müasirləri ilə görüşməsi və yazışmasının səbəbi məhz bu idi. "O, öz publisist və tənqidi məqalələrilə vətəndaşlarını oyatmaq, xalqın zəngin ədəbi irsindən onun tərəqqisi yolunda istifadə etmək, həmvətənlərini başqa xalqlara hörmət və məhəbbət ruhunda tərbiyə etmək, maarif və mədəniyyəti geniş miqyasda təbliğ etmək və xalqı cəhalətdən qurtarmaq" kimi məsələləri ön plana çəkmək və ictimai eyibləri tənqid etməklə vətəndaşlıq borcunu yerinə yetirirdi.

Azərbaycan sovet hakimiyyətinin qələbəsindən sonra F.Köçərli ədəbi irsi güclü maraq doğurmuş, 50-ci illərdən başlayaraq daha geniş mənada müstəqil tədqiqat obyekti olmuşdur. Xüsusi elmi-nəzəri əsərlərdən, xeyli qəzet və jurnal məqalələrindən başqa bilavasitə F.Köçərli yaradıcılığı ilə bağlı olmayan bir sıra namizədlik və doktorluq dissertasiyalarında da yeri gəldikcə bu böyük ədəbi-elmi şəxsiyyətin yaradıcılığı haqqında fikirlər söylənmişdir. Kamal Talıbzadə, Əkbər Ağayev, Cəfər Xəndan, Mir Cəlal kimi ədəbiyyatşünas alimlər Köçərli irsinə böyük qiymət vermişlər.

XX əsr ədəbi-bədii fikir tarixinin tədqiqatçılarından olan Kamal Talıbzadə F. Köçərlinin seçilmiş əsərlərinə yazdığı müqəddimədə deyir: "F. Köçərlinin… qırx ilə yaxın bir dövrü əhatə edən elmi fəaliyyəti Azərbaycan ictimai, ədəbi fikrinin yeni dövrünü öyrənmək, qiymətləndirmək üçün gözəl imkanlar yaradır, Köçərli yaradıcılığı Azərbaycanda Axundzadənin ədəbi görüşlərinin necə, hansı şəkildə, hansı yollarla davaminkişaf etdiyini öyrənmək üçün əhəmiyyətli olduğu kimi, həmin dövrdə ədəbiyyatşünaslığın, ədəbi tənqidin hansı qüvvətli və zəif cəhətlərə malik olduğunu aydınlaşdırmaq üçün də qiymətlidir".

1982-ci ildə "Maarif" nəşriyyatının çap etdiyi "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyində də alimin yaradıcılıq yolu dövr, zaman və məkan çərçivəsi daxilində obyektiv qiymətləndirilir: "Birinci rus inqilabının təsiri ilə Azərbaycan ictimai və ədəbi fikir tarixində yaranan ziddiyyətli bir dövrdə Firidun bəyin tutduğu yol aydın idi. Xalqa, onun sənət və ədəbiyyatına qabaqcıl fikir və düşüncələr mövqeyindən yanaşmaq, xalqlar dostluğunu, vətənpərvərliyi, realist ədəbiyyatı, xalqın intibahına təkan verən şeri, sənəti təbliğ etmək, keçmiş milli ədəbi irsi toplamaq, haqqında əsərlər yazıb, mümkün qədər geniş planda başqa millətlərə tanıtmaq. Bu idi onun idealı. F.Köçərlinin ədəbi-tənqidi görüşləri, sənət və ədəbiyyat qarşısında qoyduğu vəzifələr inqilabi-demokratik "Molla Nəsrəddin" məktəbi ilə üzvi şəkildə bağlıdır".

F. Köçərli yaradıcılığı ilə əlaqədar fikir söyləyən ədəbiyyatşünaslar içərisində prof. Mir Cəlal xüsusi fərqlənmişdir. Onun tezislərindən, fikir və mülahizələrindən bu böyük alimi dərindən duyduğu açıq hiss edilir. Doğrudur, Mir Cəlal F.Köçərli haqqında az yazmışdır, amma onun ədəbiyyatımız tarixindəki xidmətlərini düzgün qiymətləndirmişdir. O, "Azərbaycanda ədəbi məktəblər" (1905-1907) adlı doktorluq dissertasiyasında yazır ki, "Firidun bəyin əsərləri keçmiş məcmuələrdən fərqli olaraq, birinci dəfə ədəbi təhlili, yalnız ədəbiyyatı öyrənmək deyil, həm də qiymət təşəbbüsünü irəli sürən əsərdir… Müəllifin alimliyi, ədəbiyyatşünaslıq istedadı, ədəbi zövqü, sənətə olan münasibəti də əsasən burada özünü göstərir".

Akademik M. Arifin Köçərli haqqındakı mülahizələri də ruhu etibarilə Mir Cəlalın fikirləri ilə səsləşir. O, "Azərbaycan ədəbiyyatı tarixi" kitabına yazdığı "Ədəbiyyat tariximiz" adlı müqəddiməsində itib-batmaqda olan ədəbi şəxsiyyətlərin həyatı və yaradıcılığının toplanılması, nadir sənət nümunələrinin sahmana salınması sahəsində əvəzsiz xidmətlər göstərən F.Köçərlinin tarixi xidmətlərini obyektiv şəkildə qiymətləndirərək yazırdı: "İlk dəfə Azərbaycan ədəbiyyatının tarixini yaratmaq məsələsi ilə XIX əsrin sonlarında Firidun Köçərli maraqlanmışdır. Köçərli yaxşı bir müəllim olmaqla bərabər, istedadlı bir ədəbiyyatşünas idi. Mükəmməl rus təhsili almış Köçərli mütərəqqi görüşlərə malik idi. Ədəbiyyata aid tənqidi-publisist məqalələrində o, bir sıra ciddi ictimai-mədəni məsələlərə toxunmuş, rus ədəbiyyatının gözəl nümunələri ilə Azərbaycan oxucularını tanış etmişZaqafqaziya xalqlarının ədəbi əlaqələrindən yazmışdır. O, müasir Azərbaycan şair və ədibləri ilə məktublaşmış, bir çox ədəbi faktların toplanması, tərtib edilməsi ilə məşğul olmuşdur. Bundan başqa, Köçərli Azərbaycan ədəbiyyatının tarixini yaratmağa təşəbbüs etmiş, bunun üçün zəngin material toplamış, xüsusən XVIII-XIX əsrlərin ədəbiyyatını müəyyən dərəcədə işıqlandırmağa müvəffəq olmuşdur.”

F. Köçərli irsindən bəhs edən müəlliflərin əsas bir qismi alimin yaradıcılığı haqqında qiymətli fikirlər söyləməklə yanaşı, onun bəhs etdiyi ədəbi növjanrlara aid mülahizələrinə də toxunmuş, əsasən düzgün nəticələrə gəlmişlər. Bu cəhətdən prof. Ə.Ağayevin "Firidun bəy Köçərli və Azərbaycan poeziyası" məqaləsi daha maraqlıdır. O, "Azərbaycan sovet poeziyası (1920-1970)" adlı doktorluq dissertasiyasında Firidun bəy Köçərlinin Azərbaycan poeziyasının tədqiqi sahəsindəki geniş fəaliyyətinin əsas və prinsipial cəhətlərini ümumiləşdirərək onun ədəbiyyat tarixi prosesinə münasibətində zəmanəsinin imkanı və elmi səviyyəsi çərçivəsində yenidüzgün yolla getdiyini, Mirzə Fətəli Axundzadənin açdığı ədəbiyyatşünaslıq məktəbinin və mütərəqqi rus ədəbiyyatşünaslığının davamçılarından olduğunu göstərmişdir.

 

İnayət BƏKTAŞİ

 

Ədəbiyyat qəzeti.- 2014.- 17 yanvar.- S.4.