Nizami adına Ədəbiyyat İnstitutu
-
ədəbiyyatşünaslıq
tədqiqatlarının əsas mərkəzi
Ədəbiyyat İnstitutu-80
Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları, adlı-sanlı yetirmələri və ədəbiyyatşünaslıq elminin inkişafındakı böyük xidmətləri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş
qərargahı funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir. Bu elm
məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla
həyata keçirir.
XX
əsr boyu ədəbiyyatşünaslıq üzrə
sistemli elmi tədqiqatların aparılması işi bir neçə mərhələdə yerinə yetirilmişdir.
İlk
dəfə bu iş
1923-1929-cu illərdə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Öyrənmə Cəmiyyətində təşkil olunmuşdur. Azərbaycan elmi-tədqiqatçılıq işinin formalaşması sahəsində mühüm rolu olan Tədqiq və Tətəbbö Cəmiyyətində ədəbiyyatşünaslıq üzrə
araşdırmaların təşkilinə görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev rəhbərlik etmişdir. Qısa vaxtda bu cəmiyyətin
xətti ilə digər elm sahələri ilə yanaşı, ədəbiyyatşünaslıq sahəsində, xüsusən də folklor materiallarının toplanması, ədəbi
abidələrin çapa hazırlanması və nəşr edilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Az sonra,
yəni 9 oktyabr 1929-cu
ildə Xalq Maarif Komissarlığının nəzdində Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun yaradılması ilə əlaqədar olaraq ədəbiyyatşünaslıq üzrə
tədqiqatları bu institutun nəzdində təsis edilmiş
Dil, ədəbiyyat və incəsənət bölməsi həyata keçirmişdir. Tanınmış ictimai xadim və publisist Həbib
Cəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda Dil, ədəbiyyat və incəsənət bölməsində əvvəlcə professor Bəkir Çobanzadə və dosent Əli Nazim Mahmudzadə, daha sonra isə professor Vəli Xuluflu başçılıq etmişlər. Dil ədəbiyyat və incəsənət bölməsində folklor şöbəsi ilə yanaşı, Tənqid və ədəbiyyatşünaslıq, Müasir ədəbiyyat şöbələri - seksiyaları əsasında bütövülkdə
milli ədəbiyyatın tədqiqinə ciddi şəkildə diqqət yetirilmişdir.
Bütün bunlarla bərabər, Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ilin SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinin təşkilindən sonra başlanılmışdır. Qeyd edilən tarixdən etibarən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş
bu
akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsində 22 mart 1933-cü ildən Ədəbiyyat sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Beləliklə, 22 mart 1933-cü ildə tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan bölməsinin Ədəbiyyat sektoru Akademiya sistemində Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi hesab oluna bilər. Nəzərə almaq lazımdır ki, müstəqil elmi-tədqiqat institutları yaranan qədər digər elmi sahələri də Az. OZfAN-ın (elmi qurumun rus dilində qısaldılmış
adı - İ.H.) tərkibində sektor səviyyəsində təmsil olunmuşlar. Az. OZfAN-ın
sektorları indiki mənada AMEA-nın elmi-tədqiqat
institutlarının funksiyasını yerinə yetirmişdir. Hazırkı
Nizami adına Ədəbiyyat İnstitutu
da Az. OZfAN-ın Ədəbiyyat sektorunun varisidir.
SSRİ Elmlər Akademiyası Azərbaycan
filialı 19 iyun 1935-ci ildə təşkil olunduqdan sonra həmin
akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat
İnstitutu yaradılmışdır. Dövrün xüsusi ictimai-siyasi çətinlikləri
Dil və Ədəbiyyvat İnstitutunun rəhbərlərinin
də tez-tez dəyişdirilməsində özünü
qabarıq şəkildə büruzə vermişdir.
1933-1950-ci illərdə Dil və Ədəbiyyat
İnstitutunda aşağıdakı şəxslər rəhbər
vəzifədə çalışmışlar:
1. Əli Nazim (1906-1941) - 22 mart 1933 - 30 may 1936-cı il;
2. Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938) - 27 fevral
1936 - 1 iyun 1937-ci il;
3. Əhməd Əli oğlu Əhmədov (1903-1937) - 1
iyun 1937 - 11 iyul 1937-ci il;
4. İdris Zaman oğlu Həsənov (1897-1950) - 19 iyul
1937 - 17 fevral 1938-ci il;
5. Aleksey Alekseyeviç Klimov (1894-?) - 17 fevral 1938 - 31
dekabr 1938-ci il;
6. Heydər Hüseynov (1908-1950) - 1 yanvar 1939 - 25 sentyabr
1939-cu il;
7. Yakov Dmitriyeviç Kozin (1896-1973) - direktor v.i.e.: 20
iyun 1939 - 1 avqust 1939-cu il;
8. Fəzləddin Babayev
(1903-1939) - 1 avqust 1939 - 1 oktyabr 1939-cu il;
9. Məmməd Arif Dadaşzadə (10.06.1904-27.10.1975) -
25 sentyabr 1939 - 27 iyul 1950-ci il;
SSRİ EA Azərbaycan filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə yanvarın 1-dən
Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki
elmi müəssisə yaradılmışdır: Nizami
adına Ədəbiyyat və Dil İnstitutu, Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutu. Nizami adına Ədəbiyyat və Dil
İnstitutunun müvəqqəti direktoru Heydər Hüseynov,
müavini Məmməd Arif Dadaşzadə, Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktoru isə Aleksey Alekseyeviç
Klimov təyin edilmişlər.
Nizami adına Ədəbiyyat və
Dil İnstitutu 1939-cu ildə 4 şöbədən ibarət
idi: Azərbaycan ədəbiyyatı şöbəsi; folklor
şöbəsi; Dilçilik şöbəsi; M.f.Axundzadə
adına Azərbaycan ədəbiyyatı tarixi muzeyi.
Qeyd olunan dövrdə institutda bir
çox mühüm elmi problemlər həll edilmiş,
xüsusən, Azərbaycan ədəbiyyatı tarixinin mərhələlər
üzrə problemlərinin tədqiq olunması, görkəmli
şair və yazıçıların həyatı və
yaradıcılığının
araşdırılması, onların əsərlərinin nəşri
istiqamətində mühüm addımlar
atılmışdır. Bundan başqa, Azərbaycan
şifahi xalq ədəbiyyatının toplanılması, tədqiqi
və nəşri sahəsində də nəzərə
çarpacaq nailiyyətlər əldə olunmuşdur.
Bununla belə, XX əsrin 30-50-ci illərində
Ədəbiyyat İnstitutuna rəhbərlik etmiş şəxslər
dövrün ağır təzyiqlərinin və təqiblərinin
acı nəticələrini yaşamalı olmuşlar. Ədəbiyyat
sektorunun ilk rəhbəri olmuş tanınmış tənqidçi
və ədəbiyyatşünas Əli Nazim Mahmudzadə, Ədəbiyyat
İnstitutuna cəmi 41 gün rəhbərlik etmiş Əhməd
Əhmədov, 7 ay bu qurumda direktor vəzifəsində
çalışmış, dilçi alim İdris Həsənov,
direktor müavini Hənəfi Zeynallı, şöbə
müdirləri Əmin Abid, Salman Mümtaz, Xalid Səid Xocayev
repressiya dövrünün ağır həbs və
ölüm cəzaları ilə üzləşmişlər.
Görkəmli Azərbaycan alimi Heydər
Hüseynov Türkiyəyə obyektiv elmi münasibətindən
doğan siyasi təzyiqlərə dözməyərək
1950-ci ildə intihar etməli olmuşdur. Böyük ədəbiyyatşünas
Məmməd Arif Dadaşzadə isə Azərbaycan SSR Elmlər
Akademiyasının Rəyasət heyətində «Heydər
Hüseynovun məsələsi» müzakirə edilərkən
neytral mövqe tutduğuna görə direktor vəzifəsindən
azad olunmuş, bir müddət ev dustağı kimi cəza
çəkmişdir. Eyni zamanda, Abbas Zamanov
Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkibində
ərazi bütövlüyünün qorunmasına dair Elmlər
Akademiyasındakı yığıncaqda etdiyi
çağırışlara görə kommunist partiyası
sıralarından və Bakı Dövlət Universitetindəki
vəzifəsindən azad edilmişdır. Bundan başqa, Ədəbiyyat İnstitutuna rəhbərlik
etmiş digər millətlərin nümayəndələrinin
və həyatı qeyd olunan dövrdə ağır
keçmişdir. Özbəkistanın
Buxara vilayətində anadan
olmuş Ədəbiyyat
İnstitutunun direktoru
Fəziləddin Babayev
1939-cu ildə həbs
cəzasına məhkum edilmişdir. Milliyyətcə
eston olan Artur Rudolfoviç Zifeldt - Simumyaqin 1937-ci ildə
işdən çıxarılaraq Kolimaya sürgün
olunmuş, 1939-cu ildə orada dünyasını dəyişmişdir.
Yakov Dmitriyeviç Kozin də dövrün təzyiqlərinin
dalğasında direktorluqdan uzaqlaşdırılaraq pedaqoji fəaliyyətə
göndərilmişdir. Belə çətin
və məsuliyyətli dövrlərdə fəaliyyət
göstərməklərinə baxmayaraq, Ədəbiyyat
İnstitutunun əməkdaşları xüsusi səylə
çalışmış, Vətən elminə qiymətli
töhfələr verə bilmişlər. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan
olmasının 800 illiyi münasibətilə əsərləri
ana dilinə tərcümə edilmiş və geniş ön
sözlərlə kitab halında nəşr edilmişdir.
Respublika rəhbərliyi tərəfindən sərt
qarşılanmasına baxmayaraq, məşhur «Kitabi-Dədə
Qorqud» dastanları Bakıda çapdan buraxılmışdır.
«Koroğlu» dastanı, zəngin şifahi xalq ədəbiyyatı
nümunələri, Mirzə fətəli Axundzadə, Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabirin əsərləri
toplanıb tərtib edilmiş, nəşr olunmuşdur. Həmidə xanım Məmmədquluzadənin
böyük demokrat Mirzə Cəlil haqqında xatirələri,
bir sıra ədəbiyyatşünaslıq əsərləri
də bu dövrdə meydana çıxmışdır.
Bu dövrdə yazılıb çap olunmuş
yüzlərlə elmi məqalələr professional ədəbiyyatşünaslığın
elmi bünövrəsinə çevrilmişdir. 1938 -ci
ildə cəmisi on bir ay tarix, dil və ədəbiyyat
formatında bu akademik quruma rəhbərlik etmiş Aleksey
Klimovun “Azərbaycan filialının xəbərləri”
jurnalında çıxan məqaləsində institutda
filoloji istiqamətdə aparılan tədqiqatların
miqyasını və əhatə dairəsini aydın şəkildə
təsəvvür etməyə imkan verir: “1937-ci ildə Mahmud
Kaşğarinin “Divani-lüğat-it-türk” əsərinin 3
cilddə hazırlanmasına dair müqavilə
imzalanmışdır… Azərbaycan ədəbiyyatı
klassiklərinin əsərlərinin akademik nəşlərində
hazırlıq üzrə də az iş
aparılmamışdır. Bu işlərin nəticəsində
cari ildə Azərbaycan xalqı öz doğma ana dilində Mirzə Fətəli Axundzadənin (tərtibçilər:
Feyzulla Qasımzadə
və Mikayıl Rəfili), Azərbaycanın böyük
satirik şairi Sabirin və Molla Nəsrəddinin əsərlərini
ala biləcəklər. Şota Rustavelinin “Pələng
dərisi geymiş pəhləvan” poeması çox cəlbedici
şəkildə çap olunmuşdur. Yaxın
vaxtlarda Y.K.Yenikolopovun şair Mirzə Şəfi
haqqındakı tədqiqatı Azərbaycan və rus dillərində
çapdan çıxacaqdır. 1938-ci ildə
İnstitutda Azərbaycan ədəbiyyatının
böyük klassiki, məşhur şair Nizami Gəncəvinin
əsərlərinin tədqiq edilib öyrənilməsi və
çapa hazırlanması üzrə böyük işlər
həyata keçiriləcəkdir”.
Məlum olduğu kimi, 27 mart 1945-ci ildə
Azərbaycan SSR Elmlər Akademiyası yaradılmış, bu
tarixdən etibarən ayrı-ayrı elm sahələri üzrə
müstəqil elmi-tədqiqat institutlarının
formalaşdırılması və inkişafına xüsusi
diqqət yetirilmişdir. Azərbaycan Elmlər
Akademiyasının təşkili xalqımızın həyatında
mühüm tarixi hadisədir. Azərbaycanda
elminin inkişafında, yüksək ixtisaslı elmi
kadrların hazırlanmasında Elmlər Akademiyasının
böyük rolu və xidmətləri vardır. Nizami adına Ədəbiyyat İnstitutunun da ən
yüksək inkişaf dövrləri Elmlər
Akademiyasının fəaliyyəti ilə bağlıdır.
Beləliklə, Elmlər Akademiyasının tərkibinə
daxil olduqdan sonra Nizami adına Ədəbiyyat
İnstitutuna müxtəlif illərdə
aşağıdakı elm xadimləri rəhbərlik
etmişlər:
1. Akademik Məmməd Arif Məhərrəm oğlu
Dadaşzadə (10.06.1904-27.12.1975) - 25 sentyabr 1939-27 iyul 1950-ci il; İkinci dəfə: 7 dekabr 1957-17 sentyabr
1959-cu il;
2. Akademik Mirzə Əjdər oğlu İbrahimov
(28.10.1911-17.12.1993) - 15 avqust 1950-29 fevral 1952-ci il;
3. Professor Mirzağa Yüzbaşi oğlu Quluzadə
(24.10.1907-1979) - 29 fevral 1952 - 7 dekabr 1957-ci il.
İkinci dəfə: 19 aprel 1968 - 9 aprel 1979-cu il;
4. Akademik Məmmədağa Şirəli oğlu
Şirəliyev (13.09.1909-19.04.1991) - 1 iyun 1960 - 19 aprel 1968-ci il;
5. Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə
(1923-2006) - direktor v.i.e. - 19 aprel 1979-15 may1980-ci il;
6. Akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov
(09.05.1909-09.05.1992) - direktor v.i.e. - 15 may 1980 - 10 aprel 1981-ci il;
7. AMEA-nın müxbir üzvü Əziz
Mirfeyzulla oğlu Mirəhmədov (11.02.1920-28.08.2002) - 9 sentyabr
1985 - 25 avqust 2002-ci il;
8. AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev
(05.03.1936-25.08.2002) - 9 sentyabr 1985-ci il - 25
avqust 2002-ci il;
9. Akademik Bəkir Əhməd oğlu Nəbiyev
(21.08.1930-15.03.2012) - 10 fevral 2003 - 15 mart 2012-ci il;
10. AMEA-nın müxbir üzvü Teymur Həşim
oğlu Kərimli (1953, 2 oktyabr) direktor v.i.e. - 4 iyul 2002 - 10
fevral 2003-cü il; İkinci dəfə: 15
mart 2012 - 19 iyun 2013-cü il;
11. Akademik İsa Həbibbəyli (1949, 16 oktyabr) - Nizami adına Ədəbiyyat İnstitutunun direktoru -
19 iyun 2013-cü il tarixindən İ.Həbibbəyli həm də
AMEA-nın Humanitar və ictimai elmlər üzrə
vitse-prezidenti, Milli Məclisin deputatıdır.
Nizami adına Ədəbiyyat
İnstitutunda müxtəlif tarixi dövrlərdə Azərbaycan
ədəbiyyatı tarixinin ayrı-ayrı mərhələlərinin
tədqiq edilməsi istiqamətində mühüm işlər
həyata keçirilmişdir. Hələ sovet
hakimiyyəti illərində mövcud rejimin
yaratdığı çətinliklərə baxmayaraq,
görkəmli yazıçılar haqqında
çoxsaylı dissertasiya işlərinin müdafiə
olunması, monoqrafiyaların çap olunub ictimaiyyətə
çatdırılması, klassik və müasir ədəbiyyat
nümunələrinin kitab halında təqdim edilməsi
İnstitutun ölkəmiz və xalqımız
qarşısında böyük xidmətidir. Xüsusən
«Azərbaycan ədəbiyyatı tarixi»nin
1957-1960-cı illərdə 3 cilddə hazırlanıb nəşr
edilməsi mühüm elmi nailiyyət hesab olunmuşdur. Nəşrin hazırlanmasına həmin dövrdə
institutda direktor vəzifəsində
çalışmış Məmməd Arif Dadaşzadə rəhbərlik
etmişdir. İdeoloji prinsiplər nəzərə
alındığı üçün əvvəlcə
1957-ci ildə Azərbaycan ədəbiyyatının sovet
dövrünü əhatə edən üçüncü
cild (redaktorları Ə.Sultanlı, Ə.Mirəhmədov, K.Talıbzadə),
1960-cı ildə ən qədim dövrdən XVIII əsrin
sonuna qədərki mərhələdən bəhs edən
birinci cild (redaktorları H.Araslı, M.Quluzadə, M.C.Cəfərov)
və XX əsrin əvvəllərindən 1917-ci ilin sonuna qədərki
ədəbiyyatdan söz açan ikinci cild (redaktorları Ə.Sultanlı,
Ə.Mirəhmədov, K.Talıbzadə) nəşr olunub
ictimaiyyətə çatdırılmışdır. Dövrün sərt ideoloji tələblərindən
irəli gələn proseslərin və yanaşmaların da
öz əksini tapmasına baxmayaraq, «Azərbaycan ədəbiyyatı
tarixi» üçcildliyi Azərbaycan ədəbiyyatının
tarixi inkişaf yolunun ardıcıl və sistemli şəkildə
öyrənilməsi baxımından əhəmiyyətli
hadisə idi.
Azərbaycan ədəbiyyatşünaslıq elminin bir
neçə nəsli Nizami adına Ədəbiyyat
İnstitutunda formalaşıb inkişaf etmişdir. Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvləri Mirzə
İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər
Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, Bəkir
Nəbiyev, müxbir üzvlər Əziz Mirəhmədov,
Yaşar Qarayev, Azadə Rüstəmova, elmlər doktorları
Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Əli
Sultanlı, Mirəli Seyidov, Qafar Kəndli, Kamran Məmmədov,
Yəhya Seyidov, Qasım Qasımzadə, Dilarə Əliyeva, Əflatun
Məmmədov, Şamil Salmanov, Hüseyn İsrafilov, Vəli
Osmanlı, Bəhlul Abdulla və onlarla başqaları
institutun müxtəlif tarixi mərhələlərdə
ölkə elminə bəxş etdiyi görkəmli
simalarıdır. Hazırda da tanınmış ədəbiyyatşünas
alimlər Nizami adına Ədəbiyyat
İnstitutunda elmi fəaliyyətlərini uğurla davam
etdirirlər. Bu elmi-tədqiqat institutunda
çalışanların sıralarında 1 akademik, 2
müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən
çox fəlsəfə doktorları vardır. Ədəbiyyat
İnstitutunun əməkdaşlarından 3 nəfəri
Dövlət mükafatı laureatı, 2 nəfəri əməkdar
elm xadimi, 1 nəfəri isə əməkdar mədəniyyət
işçisidir.
Müstəqillik dövründə Nizami adına
Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi
başlanmışdır. Azərbaycançılıq
ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi,
dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin
genişləndirilməsi, açılmamış səhifələrin
tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun
müasir mərhələsinin əsas istiqamətlərini
müəyyən edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il
tarixli “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında”kı sərəncamının həyata
keçirilməsində İnstitut əməkdaşlarının
özünəməxsus xidmətləri vardır. Ölkəmizdə
klassik və müasir ədəbiyyatın bir çox dəyərli
nümunələri institut əməkdaşlarının tərtibçiliyi
və müqəddiməsi əsasında latın
qrafikası ilə çap edilmişdir. Hazırda
Ədəbiyyat İnstitutunda yeddicildlik Azərbaycan ədəbiyyatı
tarixinin dörd cildinin nəşri başa
çatdırılmışdır. Beşinci,
altıncı və yeddinci cildlər üzərində isə
ciddi elmi-tədqiqat işləri aparılmaqda davam edir. Ədəbiyyat
İnstitutunun çap etdirdiyi böyük demokrat
yazıçı Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə çıxmış “Molla Nəsrəddin”
jurnalının səkkiz cilddə və Əli bəy
Hüseynzadənin “füyuzat” jurnalının bir cilddə
transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi
hadisə sayılmağa layiqdir. Moskvada
“Xudojestvennaya literatura” nəşriyyatında “Azərbaycan
folkloru və ədəbi abidələri” antologiyasının
4 cildinin kitab halında nəşr edilməsi də
mühüm əhəmiyyətə malikdir. Nizami
adına Ədəbiyyat İnstitutu elmi şurasının 4
cildlik “Azərbaycan ədəbi tənqidinin tarixi”, 10 cildlik Azərbaycan
mühacirət ədəbiyyatının və 10 cildlik
türk xalqları ədəbiyyatı antologiyasının
hazırlanıb elmi izahlarla birlikdə nəşr edilməsi
haqqındakı qərarları əsasında aparılan
işlər yeni mərhələdə həyata keçirilən
tədbirlərin sırasında xüsusi yer tutur. Bundan
başqa, artıq bu ildən etibarən Azərbaycan
Yazıçılar Birliyi ilə birlikdə Nizami adına Ədəbiyyat İnstitutunda ilin
janrlar üzrə ədəbi yekunlarına həsr ediləcək
yaradıcılıq müşavirəsinin keçirilməsinə
hazırlıq işlərinə
başlanılmışdır.
Ədəbiyyat İnstitutunun əməkdaşlarının
imzası ilə minlərlə məqalələr elmi
dövriyyəyə daxil edilmişdir. Ümumiyyətlə,
Nizami adına Ədəbiyyat
İnstitutunda hazırlanıb nəşr edilən əsərlərdən
böyük bir kitabxana yaratmaq mümkündür. Bu mənada
Nizami adına Ədəbiyyat İnstitutu
alimlərinin əsərlərindən ibarət kitabxana Azərbaycanda
ədəbiyyatşünas alimlərin səksən ildən
çox bir dövrdəki ardıcıl, sistemli və yorulmaz
fəaliyyətinin real nəticəsidir. Bu
möhtəşəm kitabxananı təşkil edən qiymətli
monoqrafiyalar, jurnallar və məqalələr Azərbaycan
elminə böyük töhfədir. Müasir
dövrdə ölkə elminin inkişafında Azərbaycan ədəbiyyatşünaslarının
böyük rolu vardır. Ədəbiyyat
İnstitutunun qədim dövr, orta əsrlər, yeni dövr,
XX əsr Azərbaycan ədəbiyyatı şöbələrində
Azərbaycan ədəbiyyatının çoxillik tarixinin
bütün mərhələləri elmi cəhətdən
sistemli şəkildə tədqiq edilir. Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin əməkdaşları
milli ədəbiyyatın inkişaf
qanunauyğunluqlarını dünya ədəbiyyatında gedən
proseslərlə əlaqəli şəkildə
araşdırır, sənətkarlıq məsələlərini
öyrənib ümumiləşdirirlər. İnstitutda şifahi xalq ədəbiyyatı abidələrinin
tədqiqi sahəsində də mühüm nailiyyətlər
əldə olunur.
Dünya ədəbiyyatının öyrənilməsi
istiqamətində də institutun əməkdaşları
mühüm nailiyyətlər qazanmışlar. İnstitutun Xarici ölkələr ədəbiyyatı
və ədəbi əlaqələr, Türk xalqları ədəbiyyatı
şöbələrində Azərbaycan ədəbiyyatının
dünya xalqlarının ədəbiyyatları ilə
qarşılıqlı əlaqələri ardıcıl
olaraq öyrənilir. Nizami adına Ədəbiyyat
İnstitutunun Dissertasiya şurası yüksək ixtisaslı
yeni elmi kadrların hazırlanmasında mühüm rol
oynayır.
Ölkə elmi qarşısında xidmətləri nəzərə
alınaraq Azərbaycan KP MK Nizami adına Ədəbiyyat
İnstitutunun 50 illiyinin qeyd edilməsi haqqında 7 oktyabr
1982-ci ildə qərar qəbul etmişdir. Görkəmli
dövlət xadimi Heydər Əliyevin qayğısı ilə
Nizami adına Ədəbiyyat
İnstitutunun 1982-ci ildə “Xalqlar dostluğu” ordeni ilə təltif
edilməsi Azərbaycan ədəbiyyatşünaslarının
zamanına görə qazandığı böyük nailiyyət
sayılmağa layiqdir. Səmərəli fəaliyyətləri
nəzərə alınaraq Azərbaycan SSRİ Ali Soveti Rəyasət
heyətinin 29 dekabr 1982-ci ildə Nizami adına Ədəbiyyat
İnstitutunun görkəmli alimlərindən bir qrupunu “Əməkdar
elm xadimi” fəxri adı və Ali Sovetin fəxri fərmanları
ilə təltif etməsi ölkəmizdə alim adının
ucalığına ehtiramın ifadəsidir. Azərbaycan Milli
Elmlər Akademiyası Rəyasət heyətinin Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik
yubileyinin keçirilməsi haqqındakı 17 oktyabr
2013-cü il tarixli qərarı elmə göstərilən
diqqətin daha bir təzahürüdür.
Ədəbiyyatşünaslıq elmi
müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
və ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini
məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq
ideyasının formalaşması və inkişafında milli
ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq
elminin də özünəməxsus xidmətləri
vardır. Geniş mənada Azərbaycanşünaslıq
elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq
elmi xüsusi çəkiyə malikdir.
Hazırda bütövlüklə Azərbaycan Milli Elmlər
Akademiyasında olduğu kimi, Nizami adına
Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü
yaşayır. Bu elmi-tədqiqat institutunda
aparılan yeniləşmə və dəyişikliklər
müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq
elminin daha dərindən və əsaslı şəkildə,
ölkənin milli maraqlarına və dünya elmi-ədəbi
mühitində gedən proseslərlə əlaqəli şəkildə
öyrənilməsinə geniş şərait yaradır.
Bu mənada 2013-cü idə
yaradılmış müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı,
Ədəbi tənqid şöbələri,
Nizamişünaslıq və füzulişünaslıq
sektorları ədəbiyyatşünaslıq elminin
nüfuzunun genişləndirilməsinə yeni imkanlar
açır. Bundan başqa, Elmi informasiya və tərcümə,
Elmi nəşrlər və proqnozlaşdırma köməkçi
şöbələri, Mətbuat xidməti qrupu ədəbiyyatşünaslıq
elmi sahəsində qazanılan nailiyyətlərin ictimaiyyətə
çatdırılması, tərcüməsi, nəşrə
hazırlanması istiqamətlərində səmərəli
iş aparır.
Nizami adına Ədəbiyyat
İnstitutunda 1946-cı ildən çıxan “Ədəbiyyat
məcmuəsi” jurnalı respublikada filologiya üzrə əsas
elmi nəşrlərdən biri kimi qəbul olunur. İnstitutda yeni təsis olunmuş “Poetika. izm”, “Ədəbi əlaqələr”
jurnalları aparılan yeni tədqiqatların elmi dövriyyədə
yer alması imkanlarını genişləndirir. “Ədəbiyyat
məcmuəsi” jurnalının 2013-cü ildə
çıxan və 282 səhifədən ibarət olan iyirmi
dördüncü sayı bütövlükdə Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik
yubileyinə həsr edilmişdir. “Ədəbiyyat məcmuəsinin
növbəti 25-ci sayının bütövlükdə Nizami
adına Ədəbiyyat İnstitutunun yeni
elmi nəslinin tədqiqatlarına həsr edilməsi qərara
alınmışdır.
Son vaxtlarda Nizami adına Ədəbiyyat
İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi
sahəsində də mühüm addımlar
atılmışdır. İnstitutun tarixində ilk dəfə
olaraq ayrı-ayrı ölkələrin akademik qurumları ilə
yaradılan əlaqələr Nizami adına
Ədəbiyyat İnstitutunun ölkə hüdudlarından kənarda
da iş aparmasına, qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsində yaxından iştirak etməsinə
imkan yaradır. Almaniyanın Humbold Universitetinin Azərbaycan
tarixi kafedrası (2 noyabr 2013-cü il), Qazaxıstanın
paytaxtı Astana şəhərində fəaliyyət
göstərən Türk Akademiyası ilə (6 noyabr
2013-cü il) imzalanan müqavilələr, Türkiyənin Yunus
İmrə Vəqfi, Polşa Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutu, Ukrayna Elmlər Akademiyasının Taras
Şevçenko adına Ədəbiyyat İnstitutu,
Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat
İnstitutu (19 dekabr 2013-cü il) ilə əldə olunan
razılaşmalar elmi-tədqiqat institutları arasında əlaqələrin
inkişaf etdirilməsinə böyük meydan açır.
Ədəbiyyat İnstitutunda 9 dekabr
2013-cü ildə keçirilmiş “Yaşayan Yunus İmrə”
Beynəlxalq simpoziumu bu elmi-tədqiqat institutunun türk
dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə
təkan vermişdir. 2013-cü ildə Nizami adına Ədəbiyyat
İnstitutunun əməkdaşlarının Türkiyədə,
Rusiyada, İran İslam Respublikasında, Polşada, Ukraynada,
Yunanıstanda, Qazaxıstanda və Türkmənistanda
keçirilmiş konfranslarda elmi məruzələrlə
çıxış etmələri Azərbaycan ədəbiyyatşünaslıq
elminin hüdudlarının genişləndirilməsində
yeni addımlardır.
Hazırda Nizami adına Ədəbiyyat
İnstitutunda Azərbaycan ədəbiyyatşünaslıq
elmi aşağıdakı şöbələr üzrə
araşdırılıb inkişaf etdirilir:
1. Azərbaycan şifahi xalq ədəbiyyatı və
yazılı abidələr - fil.e.d., prof.
M.Qasımlı;
2. Qədim dövr Azərbaycan ədəbiyyatı - fil.e.d., prof. İ.Həmidov;
3. Orta əsrlər Azərbaycan ədəbiyyatı -
Müxbir üzv Ə.Səfərli;
4. Nizamişünaslıq sektoru - fil.e.d.,
prof. N.Araslı;
5. Füzulişünaslıq sektoru - müxbir üzv
T.Kərimli;
6. Yeni dövr Azərbaycan ədəbiyyatı - fil.e.d.
Z.Əsgərli;
7. XX əsr Azərbaycan ədəbiyyatı - fil.e.d., prof. Ş.Alışanlı;
8. Azərbaycan mühacirət ədəbiyyatı - fil.f.d., dos. N.Cabbarlı;
9. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
- fil.f.d. E.Mehrəliyev;
10. Cənubi Azərbaycan ədəbiyyatı - fil.e.d., prof. T.Əhmədov;
11. Ədəbiyyat nəzəriyyəsi - fil.e.d.,
prof. T.Məmməd;
12. Ədəbi tənqid - fil.e.d. V.Yusifli;
13. Türk xalqları ədəbiyyatı - fil.e.d., prof. M.Əliyev;
14. Xarici ölkələr ədəbiyyatı və ədəbi
əlaqələr - fil.e.d., prof.
V.Arzumanlı.
Nizami adına Ədəbiyyat
İnstitutunda XXI əsrdə Azərbaycan ədəbiyyatşünaslıq
elminin milli və bəşəri dəyərləri əsasında
inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Ədəbiyyat İnstitutunun böyük elmi ənənələri
və mühüm elmi nailiyyətləri bu elmi-tədqiqat
ocağının nüfuzunu daha da artırır.
Ölkənin müasir inkişaf prinsiplərinə və
istiqamətlərinə uyğun olaraq Nizami adına
Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslıq
elmini irəli aparan əsas elmi mərkəz funksiyasını
layiqincə və daha məsuliyyətlə yerinə yetirməyə
ciddi səy göstərir. “Nizami adına Ədəbiyyat
İnstitutu əməkdaşlarının biblioqrafiyası:
“Kitablar” adlı biblioqrafik göstərici institutun əməkdaşlarının
uzun illər ərzindəki ardıcıl elmi fəaliyyətinin
layiqli salnaməsidir. Nizami adına Ədəbiyyat
İnstitutunun «Ədəbiyyat məcmuəsi» adlanan elmi əsərlərinin
iyirmi dördüncü sayının yubiley nəşri olaraq
xüsusi buraxılış səviyyəsində çap
edilməsi bu elm ocağının səksən il ərzində
keçdiyi şərəfli yolun işıqlandırılmasına
və ümumiləşdirilməsinə imkan
yaratmışdır. Ədəbiyyat
İnstitutu haqqında jurnalda Azərbaycan, ingilis və rus dillərində
verilmiş məqalə institutun tarixi ilə yanaşı,
geniş dairədə tanıdılmasına da xidmət edir.
«Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları» və
«Elm yollarında» başlıqları ilə verilmiş məqalələrdə
39 müəllif tərəfindən yazılmış 41
portret-oçerk öz əksini tapmışdır. Akademik
İsa Həbibbəyliyinin Azərbaycan, rus və ingilis dillərində
çapdan çıxmış «Nizami adına
Ədəbiyyat İnstitutu» adlı tanıtma kitabında
keçilmiş inkişaf yolu və müasir vəzifələr
əks etdirilmişdir. Professor Teymur Əhmədovun «Nizami adına Ədəbiyyat İnstitutu» kitabı
bu elm ocağına həsr olunmuş monoqrafik əsər kimi
mühüm əhəmiyyətə malikdir. Təqdim
olunan nəşrlərdə yeni aşkar edilmiş zəngin
arxiv materiallarından və çoxsaylı nadir şəkillərdən
istifadə olunmuşdur. Bundan başqa, 2013-cü ilin nəticələrinə
görə, Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və
ictimai elmlər bölməsinin əhatə etdiyi 11 elmi-tədqiqat
institutu arasında Nizami adına Ədəbiyyat İnstitutunun
dördüncü yeri tutması da mühüm irəliləyişlərdən
biri sayıla bilər. Müəyyən olunan parametrlər
üzrə reytinq göstəriciləri humanitar və ictimai
elmlər sahəsində mövcud mənzərəni obyektiv təsəvvür
etməyə imkan yaradır, eyni zamanda, hər bir elmi-tədqiqat
müəssisəsinin, o cümlədən Nizami adına Ədəbiyyat
İnstitutunun gələcək inkişaf prosesində
hansı məsələlərə xüsusi diqqət yetirməli
olduğunu nəzərə çarpdırır.
Nizami adına Ədəbiyyat
İnstitutunun 80 illik yubileyi ədəbiyyatşünaslıq
elminin böyük bir dövrünün hesabatıdır. Bu yubiley keçilmiş şərəfli və məsuliyyətli
yolun təcrübəsini və dərslərini öyrənmək
və yeni vəzifələri müəyyən etmək
üçün də özünəməxsus əhəmiyyətə
malikdir. Nizami adına Ədəbiyyat
İnstitutunun yubileyinin keçirilməsi Azərbaycan ədəbiyyatşünaslıq
elminin böyük yaradıcılarının xidmətlərinə
ehtiramın ifadəsidir. Yubiley tədbirləri
böyük ənənələrin fonunda daha böyük gələcəyə
doğru açılan üfüqləri də nəzərə
çarpdırır. Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun kollektivi müstəqillik dövrünün
işığında elmi-ədəbi və ictimai fikrin inkişafı yollarında
irəliyə doğru
addımlamaqda davam edir.
İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik
Ədəbiyyat qəzeti.- 2014.-
17 yanvar.-S.2-3.