1990-cı ilin 20 Yanvar faciəsi müstəqillik arzusu ilə ayağa qalxan millətimizin qürur tarixidir. Kimsə bu qanlı olaylarda şahid, kimsə şəhid oldu. Şahid olanlardan biri - şair Adil Cəmil həmin hadisələrin bədii inikasını "Qan borcu" (Bakı, "Elm və təhsil", 2014) poemasında özünəməxsus sənətkarlıqla verə bilib. 1990-cı ildə yazılmış poemadan bir hissəni oxucularımızın diqqətinə yetirməklə 20 Yanvar qurbanlarımızın ruhunu bir daha yad etmiş oluruq.

 

Qan borcu

 

Poemadan parça

 

O gecə

yaxud 19-20 Yanvar

 

Yavaş-yavaş şər qarışır,

Yenə qaynayır şəhər.

Demə özündən xəbərsiz

Od ilə oynayır şəhər.

 

Bu şəhərin yollarını

Kəsibdir insan "hasarı".

Başbilənlər başa düşmür

Nədir millətin azarı.

 

Nədir canlı "barrikada",

istəyir körpə, uşaq.

Toplaşıblar topa-topa,

Ortalıqda yanır ocaq

 

Bu şaxtalı qış gecəsi

Bu adamlar üşümürmü?

Hara çəkir xalqı bu yol,

Görən kimsə düşünürmü?...

 

Bəli, bəli tədbir töküb

Düşünən var, daşınan var.

O gecənin zülmətində

Yaraqlanıb yaşınan var.

 

biləsən başımıza

Yağmağa qurğuşun gəlir.

Qanımıza yerikləyən

Poladpaltar qoşun gəlir

 

***

 

Tırtılların səsi yaxın

İşıqlanır qara gecə.

Kimsə bilmir tank "karvanı"

Hardan gəlir, hara keçə.

 

Biz görmüşdük bu tankları,

Bu zirehli maşınları.

Görməmişdik qana həris

Bu əcayib qoşunları.

 

Çəhrayıya çalan sifət

Birgünlükdən qan-qan deyir.

Yazıq insan beləsinə

ürəklə insan deyir?

 

Bu pələnglər pəncəsindən

Qurtulmağın çarəsi yox.

Yox, yox, onlar əsgər deyil -

Beləsinin anası yox

 

Tez bölünüb dəstələrə

Yırtıcılar halay vurur.

İşıqsaçan odlu güllə

Qaranlığa qalay vurur

 

Fəryad qopur gecəyarı,

Qaranlıqda qan tökülür.

Ağacdan yarpaqsayağı

Torpağa insan tökülür.

 

Yolda ocaq qalayının

Qəfildən ocağı sönür.

Bir gecədə neçə ömrün

Qaynar gənclik çağı sönür.

 

Qardaşını itirən kim,

Yoldaşını itirən kim.

Bu qırğına inanmayıb

Öz başını itirən kim.

 

Haray çəkən adamları

Ağır tanklar əzib keçir.

Silahsız "yolkəsənləri"

Tırtılıyla kəsib keçir.

 

Güllələyib söndürürlər

İşıq saçan qəndilləri.

Sönmüş ocaq yerlərində

Ləpələnir qan gölləri.

 

Süngülərə keçirirlər

Qocaları, körpələri.

Xalqımın yol çəkən gözü

Görməliymiş gör nələri

 

***

Göz açandan gözümüz yaş -

Bu dünyada nələr gördük.

Haqsızların pəncəsində

Haqqımızı mələr gördük.

 

Mənim kölə taleyimdə

Dərdimin ən ağırı - bu.

Azadlığa gedən yolun

Aqibəti, axırı - bu.

 

Kimdir mənim mənliyimi

Bu gecə sınağa çəkən?

Üzüyumşaq millətimi

Sola çəkən, sağa çəkən?

 

Kimdir mənim kürəyimi

Hədəf seçən, nişan edən?

Şəhərimin göylərini

Belə atəşfəşan edən?

 

Bir ölkədə biz biriksə

Axmayaydı bu qan gərək.

Bir gün sonra çıxmayaydı

fövqəladə fərman gərək

 

Ay-Ulduzu görən cəllad

Bayrağımı al-qan edir.

Qoşun "borcunu ödəyib"

Bizi qana qəltan edir.

 

Güllə yağır yağış kimi,

Evlər deşmə-deşmə olur.

Ahıl, uşaq, qadın, kişi -

Hamı dönüb "düşmən" olur.

 

Gülərüzlü bir millətin

Göz yaşları gilələnir.

Küçələrə çıxmayanlar

Öz evində güllələnir.

 

Haray çəkən yaralılar

Gah sürünür, gah dururlar.

Meyitləri odun kimi

Maşınlara doldururlar.

 

Dilim gəlmir "meyit" deyəm

O gülüzlü cavanlara.

Dilim gəlmir "şəhid" deyəm

Açılmamış solanlara

 

Yandırırlar ölənləri

Bu da təzə bir fənd olur.

Qaranlıqda doğma tüstü

Göy üzünə bülənd olur.

 

Ölənlərə od vurmaqla

Qanlı quzğun iz itirir.

Düşünürəminsanlığı

İnsan necə tez itirir

 

Yaddan çıxır bir ölkənin

Süfrəsində çörək kəsmək.

Yaddan çıxır cəbhələrdə

"Qardaş" deyib kömək gəzmək.

 

Yaddan çıxır neftimizin

Tankları tərpədən səsi.

Yaddan çıxır o davada

Azərbaycan qələbəsi.

 

Yaman günə qoyub bizi

Elə belə yaxşılığım.

Bu gün məni kül eyləyir

Mənim kölə yaxşılığım.

 

Öyrəşmişəm itaətə,

Öz əlim, öz başım hanı?

Öz elində, öz yurdunda

Bir azad yurddaşım hanı?

 

"Torpaq" deyən torpaq olur,

Yurdu sevən yurdsuz qalır.

Axı necə od oğluyuq -

Ocağımız odsuz qalır?..

 

Azadlığa gedən yolum

Gəlib çıxır bu gecəyə.

Alovlanıb yer-göy yanır -

Millət düşür əsməcəyə.

 

***

Dirigözlü şəhidləri

Başqa səmtə döndərirlər.

Dənizdə "dəfn" etmək üçün

Gəmilərə göndərirlər.

 

Sağ qalanlar sürünürlər

Kolun-kosun arasına.

İnildəyən yaralılar

Məlhəm gəzir yarasına.

 

İşıq düşüruzaqlardan

bayraqlı həkim gəlir.

"Qadağandır tibbi yardım" -

Güllələnir hər kim gəlir

 

Yaralıya əl atana

Bu vəhşilər güllə atır.

Məni məndən "qoruyanlar"

Asıb-kəsir, qırıb-çatır.

 

"Bərpa edir asayişi"

Bu tökülən qan üstündə.

"Təzə ilim" gəlib çıxır

Bir təzə fərman üstündə.

 

***

Neçə-neçə xəstəxana

Doludur ağzına kimi.

Həkimlər göz yaşı töküb

Ağlayırlar ana kimi.

 

Əldə duruş gətirməyib,

Titrəyir cərrah bıçağı.

Yaşamaqdır yaralının

Bu bıçaqdan umacağı.

 

"Yaralıyam, yatmaram,

Aya kəmənd atmaram.

Mən yaralı görmüşəm,

Yaralı oyatmaram".

 

Yardım edən maşınların

Biri gedir, biri gəlir.

Qan çilənmiş xərəklərdə

Ölü gəlir, diri gəlir

 

Son nəfəsdə "Vətən" deyib

Gözlərini yumana bax.

Allah, göydən yerə enib

Dizə çıxan bu qana bax

 

Birisinin sağı yoxdur,

Birisinin solu yoxdur.

Birinin qolu özgənin,

O birinin qolu yoxdur

 

Ana yurdum, öz balanı

Bu görkəmdə tanı indi!

O gülüzlü cavanların

Hanı indi, hanı indi?..

 

Dəhlizdə növbəyə durub

Yaralıya qan verən kim.

Son ayaqda son sözünü

Söyləmədən can verən kim

 

Əldə duruş gətirməyib

Titrəyir cərrah bıçağı.

Yaşamaqdır yaralının

Bu bıçaqdan umacağı.

 

Söndürürlər işıqları

Göz gözü görməsin deyə.

O gecə şam işığında

Davam edir cərrahiyyə

 

***

Bir gündə bələd olduq

Həyatın hər üzünə.

Gedənlərin yerinə

Təzə insan gəlirdi

O gecə yer üzünə.

 

O gecə doğulanın

Oğlan idi hamısı.

Gülləbaran altında

Doğulurdu elə bil

Bu torpağın namusu.

 

Analar körpəsinə

"Şahid" adı qoyurdu.

Beləcə ölmək üçün

"Şəhid" adı qoyurdu

 

***

Yüz illər ağladan Füzuli babam

O gecə dözməyib özü ağladı.

Oxudum şerini təsəlli tapam,

Yaralı Sabirin sözü ağladı.

 

"Fitneyi-iblisi-məlunu" gördük,

Qətlimə fərmanda qolunu gördük.

Azadlıq, aşkarlıq yolunu gördük -

Şərqin gülümsəyən gözü ağladı.

 

Eşidib xalqının bu naləsini

Təzədən soyuldu sanki Nəsimi…

O gecə içinə çəkib səsini

Heykəl babalarım bizi ağladı…

 

Adil Cəmil

  

Ədəbiyyat qəzeti.- 2014.- 17 yanvar.- S.7.