Bu bayraq

 

Bu bayraq

Şəfəqlər kimi

Bərq vurar,

Sönməz bu bayraq!

Zirvələrdə cilvələnər,

Enməz bu bayraq!

 

Ürəyim,

Diləyim çağlayar

Göy rəngində,

Yaşılında,

Alında.

Qızıl aypara, ulduz

Möhürlənib alnında.

 

Ala bilməz

Top-tüfənglər onu daha.

Bu bayrağı

Ulu öndər

Sancdı Ali qərargaha!

 

İgidlərin and içdiyi,

Uğrunda candan keçdiyi

Bu bayraq - bizim!

Dalğalanır səmasında

Vətənimizin!

 

Bu bayraq

Əsgər kimi

Ön sırada addımlayar.

Gəl-gəl - deyən dağlara.

İşıq saçar,

Qərq eyləyər

O yerləri bahara.

 

Bu bayraq

İçimdədi -

Köksüm altda

Ürək kimi döyünər.

Bu bayraq -

Uca millət!

Bu bayraq -

Şərəf, hünər!

 

Bu bayraq

Varlığımda

Çinar kimi şaxələnib,

Kökləri çox dərində…

Bu bayrağı

Qılınc kimi

Sıyıracam içimdən,

Asacağam

Şuşanın göylərindən!

 

Yurd olar

 

Həsrətlərə dözər ürək

Mən dözdüm əvvəlki tək.

Pulluya mərdlik gərək,

Kasıb mərd olar,

mərd olar.

 

Arınınkı - bal pətəyi,

Bada verməz bir çiçəyi.

Qanmazların dərs deməyi

Mənə dərd olar,

dərd olar.

 

Mənim Məkkəm - məndən uzaq

Vətən deyil hər dərə, dağ

Baba, nənə yatan torpaq

Bizə yurd olar,

yurd olar.

 

Nə qəm, bəxtim güləcəksə,

Ömrə bahar gələcəksə.

Mən çəkəni quzu çəksə

Dönüb qurd olar,

qurd olar.

 

Özümə oxşayır

yazdığım şeir

 

Özümə oxşayır yazdığım şeir,

Bir az narahatdı,

bir az - nahamar…

 

Hər kəlməm, hər sətrim bu,

sənsən, deyir

Mənə oxşamasa mənə dərd olar.

 

İmzamı bəyənən, bəyənməyən var,

deyim, bəlkə düz ola bilər

Cilvəsi işıqlı təmiz duyğular

Ovcuma tökülsə köz ola bilər

 

Şeirlər görmüşəm boynu fraklı,

Bənzər kilsələrin zəng səslərinə.

Şair tanıyıram əliçıraqlı

Yol gedir hələ ruzi yerinə

 

Hər kəlməm bildirçin dimdiyi

boyda,

Görən var,

görməyən anlaya bilmir.

Bu səs-küy içində, bu hay-harayda

Şerim çırpınıb banlaya bilmir…

 

Qələmim, yaxın gəl,

dostunam axı.

O kimdi vurnuxar kəsə səsini.

Hər misram - dumduru bir çəmən arxı,

Sular səsləndirər zümzüməsini,

Otlar eşidirsə,

daha nə lazım…

 

Kədərlənmə, könlüm

 

Kədərlənmə, könlüm,

qəm vaxtı deyil.

Sevda var, sevgi var,

aşiq var hələ.

Dünya zülmətlərin paytaxtı deyil

İynənin ucunda işıq var hələ.

 

Hələ günəşlərin ruhu oyaqdı,

Yağışlar səpilib sünbül olar ki.

Bir yaz gecəsindən ömrün bu vaxtı

Bir ulduz istəsəm görən nolar ki…

 

Hələ qarşıdadı keçəsi yollar,

Xalça yamacların şehli çöhrəsi.

Kədərlənmə, könlüm bəlkə bu

bahar

Sellərə qərq oldu qəm

düyünçəsi

 

Dərələr boyanar dağ nəfəsinə,

Ay aman, bulağın daş yaxası var.

Sən inan Yusifin möcüzəsinə,

Hələ bu dünyanın Züleyxası var

 

Kədərlənmə, könlüm,

açıqdı göylər.

Gücün var dənizlər, dağlar aşasan.

Bir ömrün işığı sənə bəs eylər

Allahın adına layiq yaşasan…

 

Şeytanla söhbət

 

Şeytana

şifariş elədi

gizlicə.

Görüşünə getdi bir gecə.

Qaranlıq bir zirzəmidə

Qapqara bir tülkü gördü

Qarşıda.

Az qaldı ki, qışqıra

Tülkü zığıldadı:

- Qorxma, bu - mənəm,

Şeytanam.

Qulluğuna gəlmişəm,

Səninləyəm həmişə…

- Hə, şeytan qardaş,

Nə gözəl tülkü olmusan.

Niyə deyirlər ki,

üzün qaradı?

Sən bilməsən də,

Mən bilirəm

sonum haradı.

 

Sənə ibadət etmişəm,

Dosta xəyanət etmişəm.

Şeytanların adı çıxıb

Min cür cianyət etmişəm

Anasını ağlatmışam

bu millətin.

Günahlarımdan keçmək

çox çətin.

Sənə öyrədərəm hiylələrimi.

İstəsən lap sənə

Verərəm yerimi.

Amma, canım şeytan,

Cəhənnəmin qapısında

Möhkəm dayan.

Məni ora gətirəndə

desələr heç baxma sən.

De ki, yer yox cəhənnəmdə,

De ki, orda basabasdı

Məni ora buraxma sən

 

Ədəbiyyat qəzeti.- 2014.- 17 yanvar.- S.7.