“Urus arxı”

 

“İşğal vadisi” tarixi romanından parça

  

Çar Rusiyasının Muğana su çıxarmaqda bir məqsədi də Azərbaycanı ikiyə parçalayan Araz çayı kənarına köçürülən rus kəndlərinin - Suvorovka, Kutuzovka, Alekseyevka, Borodinovka kimi yaşayış məntəqələrinin suya olan tələbini ödəməklə onları əbədi “sərhəd çəpərinə” çevirmək idi...

     

  Muğan yanırdı. İl ildən quraq gəlirdi. Susuzluq Muğanı zəvvana çəkirdi. Torpaq daşa dönmüşdü, kəndliyə çörək vermirdi. Çünki torpaq özü də ac idi, su verəni yox idi. Arazı yatağından çıxarıb susuz düzlərə axıdan, arxlar, kanallar çəkən bir əl gərək idi. O isə yoxa çıxmışdı. Kəndlinin buna nə gücü çatırdı, nə də ixtiyarı. İxtiyarı və qüvvəsi olanlar isə bu haqda düşünmürdülər. Araz üstündəki balıq vətəgələri, dəyirmanlar, Muğanın ucsuz-bucaqsız ovlaqları, mal-qaralı qışlaqları, ördəkli-qazlı gölləri Ağaxanlı bəylərini, gəlmə «xozeyinləri», dəyirmançı hacıları yaxşıca bəsləyir, əyləndirirdi. Toxun acdan xəbəri yox idi.

Köçərilikdən bezikmiş, oturaq həyata keçmiş, lakin Muğan torpaqlarında ümidi daşa dəymiş muğanlılar yaz girən kimi cilayi-vətən olub, çörək qazanmaq üçün dağılışırdılar. Qaradonlu, Göhərli, Çaxırlı, Çahar, Qaramanlı, Otuzikilər, Murğuzallar kəndlərinin başıpapaqlıları Cavad qəzasındakı pambıq zavodlarına, Qarabağın əkin torpaqlarına, Araz üzərindəki balıq vətəgələrinə mövsümi işə gedirdilər. Kəndlilərin böyük qismi Qarabağda Haday bəyin məhsuldar torpaqlarında çalışırdılar. Ancaq nə biçinə gedənlər, nə də başqa kəndlilər aldıqları haqla dolana bilmirdilər. İl başa çatana kimi kəndli zinhara gəlirdi…

Belə bir zamanda Qaradonluya Telnov familiyalı bir rus mühəndisi gəldi və həftəbazarda car çəkib camaata bildirdi ki, «Arazdan Muğanın suçıxmaz torpaqlarına böyük arx çəkdirir, işləyib pul qazanmaq istəyən adını yazdırsın”. Nəhayət, çörək pulu qazanmaq üçün uzağa getməyəcəklərini yəqin edən Qaradonlu nahiyəsinin kəndliləri bu çağırışa can-başla qoşuldular və bir həftənin içərisində «Telnovun kampaniyasına» mindən çox muğanlı yazıldı.

Çar Muğana kanal çəkmək barədə icazə verərkən Rusiyanın toxuculuq sənayesinin gələcəyini fikirləşirdi. Ölkədə toxuculuq müəssisələrinin sürətlə artması pambığa ehtiyacı çoxaltmışdı. Dünya bazarında mahlıcın qiyməti bahalaşmışdı. Moskvanın, Kiyevin, Lodzun toxucu sahibkarları ucuz pambıq əldə etmək üçün imperatordan lazımi tədbirlər görməsini tələb edirdilər. Mühəndis Telnov isə Muğana su çıxarmaqla rus sənayesinə bol pambıq vəd edirdi.

Telnovun layihəsinə görə, yeni kanal 80 mil uzunluğunda olmalı, 150-180 min desyatin xam torpağa su verməli idi. Bu qədər torpaqda külli miqdarda pambıq yetişdirmək olardı. Yeni kanal Moskva şəhərinin adını daşımalı idi və qeydiyyatda da «Moskva kanalı» adlandırılmışdı. Lakin yerli camahat onu “Urus arxı” kimi tanıyır və belə də adlandırırdılar.

Çar Rusiyasının Muğana su çıxarmaqda bir məqsədi də (bəlkə də əsas məqsədi!) Azərbaycanı ikiyə parçalayan Araz çayı kənarına köçürülən rus kəndlərinin - Suvorovka, Kutuzovka, Alekseyevka, Borodinovka, Anderyevka Pirişib kimi yaşayış məntəqələrinin suya olan tələbini ödəməklə onları əbədi “sərhəd çəpərinə” çevirmək idi...

Beləliklə, əlahəzrət imperatorun səlahiyyətli nümayəndəsi mühəndis Telnovun kampaniyası Muğanda asanlıqla ucuz işçi qüvvəsi əldə etdi və tezliklə fəaliyyətə başladı. O, əvvəlcə Qaradonlu yaxınlığında «Muğanstroy» adlı qəsəbə saldı. «Moskva kanalının» bütün haqq-hesabı «Muğanstroy»da həll olunurdu. Bu minvalla Qaradonlu arxçəkən fəhlələrin mərkəzinə çevrildi…

Günəş od kürəsi kimi başlarının üstündən asılıb durmuşdu, elə bil yerdəkiləri yandırıb-yaxmaq üçün lap aşağı enmişdi. Nəfəs almaq çətinləşmişdi. Külüng vuran, xərək daşıyan fəhlələr gün vurmasın deyə başlarına yaş dəsmal bağlamışdılar. Ətrafda torpaq təpələrindən başqa bir kölgəlik yox idi. Yeganə sərinlik altı üstünə çevrilən nəm torpaqda idi. Arx dərinləşdikcə torpaq sərinləşirdi. fəhlələr kanal müdirinin gözündən yayınan kimi arxın dibinə uzanır, istidən qonurlaşmış bədənlərini nəm torpağa sürtür, bu təmasdan bir sərinlik, rahatlıq duyurdular. Ancaq günəş bunu da onlara çox görür, həmin ləzzəti tezliklə oğurlayıb aparırdı. Yaş torpaq od kürəsinin altında bir anda qovrulub, boz külə çevrilirdi.

«Urus arxı» belə qazılırdı. Yanıb kəltənə dönmüş Muğan torpağı gün çıxandan gün batanadək külüng çalan, bel vuran adamların əzabından xəbərsiz kimi yavaş-yavaş əriyir, iki tərəfində hündür təpələr yaranan dərin arx şərid təki dartılıb gedirdi…

Göhərli Əziz kişi çalmasını açdı, torpağa basdırdığı bardaqdakı sərin su ilə isladıb yenidən başına bağladı. Nəvazişlə oğlu Səmədə baxdı:

- Gün timoyu olarsan, ay oğul. Başına bir şey sarı...

Torpaqla doldurduğu rus lapatkasını güclə qaldırıb xərəyə aşıran Səməd cavab verdi:

- Heç nə olmaz, ata. Məndən nigaran olma, sən özünü qoru ki, gün sətəlcəmi olmayasan.

Səmədin dilavərliyi Seyid Miralının xoşuna gəldi. O, zərblə çırpdığı külüngü torpağa mıxlanmış qoyub qəddini düzəltdi. Qurşağına keçirdiyi dəsmalla tüklü sinəsinin, əzələləri şişmiş qollarının, sifətinin tərini sildi. Mehribanlıqla Səmədin çəlimsiz bədəninə, işlətdiyi belin sapından yoğun olmayan qollarına baxıb dedi:

- Maşallah, qoçaq oğlun var, Əziz kişi. Amma…

O, sözünün arxasını külüngü qanırıb çıxarandan, torpağı kənara sivirəndən sonra dedi:

- Onun işləyən vaxtı deyil. İndi gərək Səməd kimi uşaqlar məktəbə getsinnər, elm öyrənsinnər…

Əziz kişi dərindən köks ötürdü.

- Eh, fələyin gözü çıxsın, -dedi. Sonra oğlunu səslədi: - Yapış görüm xərəkdən, bala.

Ata-oğul ağzınacan dolu xərəyi qaldırdılar, qıçları əsə-əsə yuxarı çıxdılar. Biri qocalıqdan titrəyirdi, digərinin isə hələ sümüyü bərkiməmişdi, lap uşaq idi. Seyid Miralı göhərli Əzizi yaxşı tanıyırdı. Bir bölük külfət atası qocalıb əldən düşsə də, ailəsini dolandırmaq üçün səhərdən-axşamadək torpaq işi görməyə - yer qazmağa, xərək daşımağa məcbur idi. Ancaq onun aldığı pul uşaqlarının qarnını doydura bilmirdi. Odur ki, on dörd yaşlı Səmədi də buraya işləməyə gətirmişdi. Hələ lap kiçik oğlu Bəhram da tez-tez tikintiyə gəlir, atasına kömək edirdi.

Ata-oğul xərəyi boşaldıb geri qayıtdılar. Əziz nəfəsini dərmək üçün yerə oturdu, Səməd Seyid Miralının külüngünün ağzından çıxan torpağı xərəyə doldurmağa başladı. Qoca fikirli görünürdü, gözü yol çəkirdi. Yenidən tənbəl-tənbəl torpağı eşdi, bardağı çıxardı, başına çəkdi.

- Suyumuz qurtarıb, ay oğul, -dedi. Sonra başından çalmasını açıb, bardaqdakı son damcıları suyu buxarlanıb uçmuş dəsmala hopdurdu. Səməd atasını arxayınlaşdırdı.

- İndi Bəhram gələr, ata. Su da gətirər.

Qoca ayağa qalxdı, belini götürüb torpağa vurdu, ağır-ağır qaldırıb xərəyə tökdü. O, yaxşı bilirdi ki, gündəlik qazancları daşıyacaqları xərəklərin sayından, torpağın qədərindən asılıdır.

- Ay Miralı, sənə bir sualım var, -deyə Əziz qıçlarının əsməcəsini dayandırmaq üçün nəm torpağın üstünə çökdü. - Deyək ki, bizim əlacımız yoxdu, bu cəhənnəmdə qovruluruq, bəs sənə nə gəlib? Sən ki, halalca-hümmətcə seyid nəslindənsən. Otur komanın altında nəzir-niyazın gəlsin, ağa kimi dolan. Məyər sənin cəddin Seyid Mir Fazilin, Mir Mahmudun, Şeyx Şəfinin, Şeyx Əlinin cəddindən kəsərsizdi? Nəmxuda, dolanışıqda Sarı xandan, Qaspar xozeyindən geri qalmırlar…

Miralının sifəti dartıldı, elə bil boynunun damarları şişib yoğunladı, tərdən islanmış saqqalının altında dodaqları bir-birinə sıxıldı. Bu vəziyyətdə xeyli külüng çaldı. Sonra birdən külüngü yerə ataraq, qurşağındakı dəsmalı sifətinə çəkdi, ağır-ağır qocaya tərəf gəldi.

- Bunları başqa adamdan eşitsəydim, bihörmət edərdim. Sənə isə izzətim var, Əziz kişiBu əllər mənə ona görə verilib ki, işləyə, çörək qazana, külfətini saxlaya. Yoxsa başqasının malına göz dikməyə… Qaldı sənin saydığın seyidlərə, onların heç biri Allah adamı döyül. Çünki canlarında allah xofu yoxdu, əllərindən hansı nanəciblik, nainsaflıq, bişərəflik desən gəlir…

Miralının səsində sərt bir inciklik duyulurdu. O, Əzizin peşmançılıqdan büzüşərək, lap kiçildiyini, oturduğu yerdə get-gedə yumşaq torpağa quylandığını gördü, geri çəkildi, külüngünü qaldırıb, başı üzərində tovlayaraq torpağa çırpdı. Bir də qaldıranda qocaya tərəf ucadan:

- Heç atam Mir Yusif də nəzir-niyaz çörəyi yeməyib, -dedi.

Əziz kişi Miralının könlünə dəydiyini hiss etdi, ancaq üzrxahlıq üçün bir söz demədi. Yalnız başını tərpədərək öz-özünə danışırmış kimi astadan pıçıldadı:

- Doğru deyirsən, oğlum. Atan Mir Yusif də namuslu adam idi. Ölənə kimi çalışdı-vuruşdu, heç kimin bir toyuğuna göz dikmədi… Amma sözlərimdən incik düşmə. Mənim aləmimdə sizin ocaq hər ocaqdan müqəddəsdi…

Əziz kişi aclıq ilində Qaradonlu «ocağında» Mir Yusifin camaata üz tutub danışmasını, Molla Behbudalının «ay camaat, Allahın sizə qəzəbi keçib, odur ki, göydən yerə aclıq göndərib, ocağa nəzir-niyaz gətirin, Allah-təalanın hirsi sovuşsun» deyən səsini batırmasını, adamları var-yoxdan çıxmamağa, aclığı ram etmək üçün işdən möhkəm yapışmağa çağırmasını və bundan sonra Şeyx Əlinin fitvası ilə məsciddən qovulmasını xatırladı. Xatırladı və yenə də astadan dilləndi:

- Allah atana rəhmət eləsin, yeri behişt olsun. Sən də atana çəkmisən məzlumların təsibini çəkməkdə…

Atasının sözlərini və Miralının tutqun cavabını eşidən Səməd ürəyində həyəcanlandı, halı pozuldu. Öz-özünə dedi: «Atam niyə xətrinə dəydi Miralı əminin? Axı, o yaxşı adamdır. Bizə də kömək edir. Ağır işi öz boynuna götürüb, kəltən kimi torpağı külüngünün ağzına verib yumşaldır, biz də daşıyıb pul qazanırıq. Hələ desən, atam yorulanda xərəyin bir tərəfindən Miralı əmi yapışır…»

Lapatkasını yerə sancıb, Miralıya yaxınlaşdı. Seyid ağır külüngü fasiləsiz qaldırıb endirirdi, hər zərbənin ahənginə uyğun qəribə səs çıxarırdı. Səməd sanki ilk dəfə Miralının qüvvətli qollarını gördü, nədənsə nağıllarda eşitdiyi pəhləvanlar yadına düşdü. «Kaş mənim də qollarımda belə güc olaydı». Batildə belə düşündü, aşkarda isə başqa sözlər söylədi:

- Miralı əmi, sən atamın sözlərindən incimə. O sənin xətrinə dəymək istəmirdi…

Miralı Səmədin sözlərini eşitdi, əl saxladı, qəddini düzəldərək, qarşısında dayanan çəlimsiz, yaraşıqlı sifətində tərlə tozun yoğrulub palçıq izi saldığı oğlana baxdı. Gülümsədi. Atasının əvəzinə Səmədin üzrxahlıq etməsi Miralının xoşuna gəldi, incikliyini unutdurdu. Mehriban səslə:

- Nə atandan, nə də səndən incimirəm, -dedi. Codlaşmış əlini Səmədin islanıb qıvrılan saçına çəkdi. Sonra əlavə etdi:

- Çünki mən də, atan da, lap elə sən də bir kürədə yanırıq…

Səməd bu sözlərdən bir mətləb anlamasa da ürəyi açıldı, üzündəki gərginlik yox olub getdi. Sevinclə:

- Sağ ol, Miralı əmi. Sən yaxşı adamsan, -dedi. Seyid yenə gülümsədi. Əl atıb külüngünü götürdü. Birdən gözləri arxın yamacında qıçlarını aralayıb durmuş əlişallaqlı adama sataşdı, astadan dedi:

- Səməd, yapış xərəkdən, Qoston bəy gəlir. İndi səsini başına atacaq.

Əziz kişi elə bil yuxudan ayıldı. Yaşına yaraşmayan bir cəldliklə ayağa qalxdı, Miralının götürmək istədiyi xərəyi onun əlindən aldı. Ata-oğul ağır torpaq yükü altında əsə-əsə yüxarı qalxdılar.

Çar Rusiyasının Muğana su çıxarmaqda bir məqsədi də Azərbaycanı ikiyə parçalayan Araz çayı kənarına köçürülən rus kəndlərinin - Suvorovka, Kutuzovka, Alekseyevka, Borodinovka, Pirişib kimi yaşayış məntəqələrinin suya olan tələbini ödəməklə onları əbədi “sərhəd çəpərinə” çevirmək idi...

Çox keçmədi ki, Qoston bəyin gur səsi ətrafa yayıldı. Əvvəlcə əlindəki şallağı şaqqıldatdı, sonra bir-birindən ağır sözlər arx boyu gəzdi, onsuz da bükülmüş belləri əydi, daş yükü kimi ürəkləri əzdi.

- İt köpək uşağı, şallaq səsi eşitməyincə tərpənmirsiniz. Ağalar var-yoxdan çıxırlar, siz isə işləməyə can çəkirsiniz. Hərəniz torpaqdan bir mitəkkə düzəltmisiniz, bircə o qalıb ki, baş-başa verib xoruldayasınız…

Günortanın istisindən tənbəlləşmiş, orda-burda torpaq taylarına söykənib nəfəslərini dərən, odlu şüalardan daldalanan fəhlələr Qoston bəyin zəhmli səsini eşidən kimi cəld ayağa qalxdılar, bellər, külünglər təzədən torpağın altını üstünə çevirdi, toz havaya sovruldu.

Arxçəkənlər Qoston bəyi yaxşı tanıyırdılar. Onun elə bir keçmişi, «əsli-nəcabəti» yox idi. Ancaq həddindən artıq əzazilliyi ona şöhrət qazandırmışdı, onu qondarma bəy eləmişdi. Əsl adı Güləstan idi, əvvəllər Sarı xanın tövləsində mehtərlik edərdi. Sonra kanal tikintisi başlayanda xan onu Telnova «hədiyyə» vermiş və demişdi:

- Yaxşı şallaq vurandı…

Rus mühəndisi Sarı xanın zəmanətini bəyənmiş və Güləstanı arxçəkən fəhlələrin üstündə nəzarətçi qoymuşdu. Keçmiş mehtər yeni işdə özünü tamamilə doğrultmuş və «incinar ağadan» mükafat olaraq, «Qoston bəy» adını almağa nail olmuşdu. Bundan sonra daha da ruhlanan Güləstan öz adını unudaraq, bunu başqalarına da unutdurmuşdu. Onun uzun mehtər şallağı arxçəkənlərin qəniminə çevrilmişdi…

Qoston bəy adəti üzrə şallağını şaqqıldada-şaqqıldada, allı-güllü söyüşləri yağış kimi səpələyə-səpələyə arxın dibinə endi, Seyid Miralıya yaxınlaşdı. Əlini belinə qoyaraq, bir müddət onun zərblə külüng çalmasına baxdı, sonra baxışlarını Əziz kişiyə tərəf hərlədi və ucadan dedi:

- Seyid Miralı, bu qoca yabı ilə bir boyunduruğun altına girmək sənə yaraşmır. Özünə başqa tay tap.

Bayaqdan Qoston bəyin acı söyüşlərini çəkic zərbəsi kimi başında hiss edən Miralı bu dəfə özünü saxlaya bilmədi. Külüngü yerə sancılı qoyub qəddini düzəltdi, acıqlı-acıqlı nəzarətçiyə baxdı.

- Latayır danışma, Qoston ağa, ağzını suya çək, sonra danış. Qaldı sən nə mənim, nə də Əziz kişinin dərdini çəkmə. Payımıza düşən torpaq işini görüb qurtaracağıq. Lazım olsa onların işini də özüm görəcəyəm.

Qoston bəyin gözü Miralını almırdı. Onunla başqaları kimi danışa bilmirdi. Seyidin sözü qırmızı üzə deməsi, zəhmli baxışları, bir də damarları şişmiş qüvvətli qolları, iri cüssəsi həmişə arx nəzarətçisini üşüdür, canına qorxu salırdı. Nədənsə Qoston bəy ondan çəkinir, Miralının qarşısında dayananda xeyli yumşalırdı. İndi isə Seyidin hirsləndiyini görüb mülayim danışdı:

- Seyid Miralı, gələn bazar gününə kimi arxı Daşlı təpəyə çatdırmalıyıq. İncinar ağa özü, nahiyə pristavı cənab Pavlenko və uryadnik Sakayev qanova baxmağa gələcəklər… Dediyim odu ki, işi tezləşdirək, ağaların yanında gözükölgəli qalmayaq.

Miralı dəsmalı ilə qaşının üstündə, saqqalında yumrulanmış tər damcılarını sildi, astadan, ancaq istehza ilə dedi:

- Ağalara yandığının yarısı qədər bu adamların halına yansaydın, Allah səndən razı olardı. Yaxşı, bizim dediklərimizi incinar ağaya çatdırdın, ya yox? Dedinmi ki, günün istisi camaatın axırına çıxdı, günortaya çıxmaq üçün icazə versin?

Bir neçə gün qabaq Miralı ilə Qoston bəy yenə də beləcə üzləşmişdilər. O vaxt mancanaqla arxın dibindən torpaq çəkən Çopur Hüseyni gün vurmuş, burnundan qan açılmışdı. Kişini qan götürüb gedirdi. Arxçəkənlərin hamısı onun başına yığışmışdılar, hərə əlindən gələn köməyi etmək istəyirdi. Ancaq qanı saxlamaq mümkün deyildi. Belə bir məqamda Qoston bəy onlara yaxınlaşmış, şallağını şaqqıldadaraq, gözlərini yumub ağzını açmışdı:

- Bircə o qalıb ki, yas qurub şaxsey-vaxsey deyəsiz. Tez iş başına, tənbəl köpək uşağı!

Miralı adamlardan aralanaraq, Qoston bəyin üstünə yerimiş, bozarmışdı:

- Səsini başına atınca bu kişinin dərdinə əncam çək. Görürsən ki, qan aparır.

Sonra Miralı səsini daha da ucaldaraq demişdi:

- Belə getsə, yay qurtarınca birimiz də bu qanovdan salamat çıxa bilməyəcəyik… Elə bu gün bizim adımızdan ağaya çatdır ki, günün duran vaxtı işi dayandırmağa izn versin. Yoxsa bu cəhənnəmdə hamımız qırılarıq.

Seyid Miralı bu sözləri elə-belə, hirsləndiyi üçün deməmişdi. Bu fikirlər çoxdan idi ki, onun beynini məşğul edir, sinəsini qovururdu. Miralı günün qızmarında arxçəkənlərin qıç qatdamadan fasiləsiz işlədiklərini, əldən-dildən düşdüklərini görürdü. O, Çaharlı Qasımın, Mehdi oğlu Çərkəzin, Otaylı Hənifənin gün sətəlcəmi olub yorğan-döşəyə düşmələrini unutmamışdı. Qonça qarının nəvəsi Bahadurun müsibəti gözləri qabağından getmirdi. Bığ yeri təzəcə tərləmiş Bahadur baməzə bir oğlan idi, işin çətin vaxtında hamını şadlandırmağı, güldürməyi bacarırdı. Onun ölümü hamını ağlatdı, Qonça arvadın ağlını alıb dəli etdi. Bahadur günortanın gün şaxıyan vaxtında istidən daldalanmaq üçün özünə yuva düzəltmişdi. O, arxın yaxasından torpağın içərisinə doğru bir-iki arşın uzunluğunda lağım atmış, içərisinə quru ot döşəmiş, Qoston bəyin gözünə sataşmamaq üçün yulğun çöplərindən çəpər hörüb, kiçik «mağaranın» ağzını örtmüşdü. Günorta nəfəs almaq çətinləşəndə Bahadur öz yuvasına çəkilir, gün əyilib kəsərdən düşənədək orada daldalanırdı. Heç kim onun bu kələyinin üstünü açmaq, sirrini faş etmək istəmirdi. Ancaq bir dəfə günortanın cırhacırında Bahadurun yuvasından tükürpədici səs qopdu, hamı qaçıb gəldi, yulğun çəpərini kənara atıb lağıma baxdılar. Bahadur hərəkətsiz qalmışdı, sinəsində isə boz gürzə qıvrılıb-açılır, fısıldayırdı. Adamları görən kimi gürzə sürüşüb düşdü, mağaradan çıxıb torpaq yarıqları arasında gizlənmək üçün vurnuxdu. Oğlanın sifətindəki qan izini, dirənmiş donuq gözlərini görən Miralı özünü necə itirdisə külüngü qapmağı belə unutdu. O, sürünüb gözdən itməkdə olan ilanın arxasınca qaçdı, quyruğundan yapışıb havaya qaldırdı. Adamlar qorxudan içlərini çəkdilər, hamının başından eyni fikir keçdi: «ilan Seyidi də çalacaq». Ancaq Miralı gürzəyə geri qanrılmağa imkan vermədi, bir göz qırpımında onu başı üzərində tovlayaraq arxın döyəclənməkdən bərkimiş badına çırpdı. Qaldırıb, bir də çırpdı. Gürzə get-gedə heydən düşdü, nəhayət, yumşaq kəndir parçası kimi cansızlaşdı. Miralı:

- Allahın lənətinə gələsən, səni. Bu nə ziyanlıq idi elədin, -deyə ilanın başını dabanı altına salıb əzdi. Sonra arxçəkənlərin heyrətli baxışları altında Bahadurun cəsədi yanına qayıtdı. Bir xeyli dayanıb, onun zəhərin şiddətindən şişib göyərmiş sifətinə baxdı, birdən dizi üstə çöküb, uşaqtək hönkürdü…

O zaman Bahadurun ölümünə ağlamayan, əksinə, qəhqəhə çəkib gülən təkcə Qoston bəy olmuşdu.

- Qonça arvadın gədəçəsi mənə kələk gəlmək istədi, -demişdi. - Amma yadından çıxarmışdı ki, mən ilanlarla dilbirəm…

Sonra şallağını şaqqıldadaraq, arxçəkənlərin üstünə şeşələnmişdi:

- Kim incinar ağaya və mənə kələk gəlmək istəsə, onu gürzələrə tas-tas etdirəcəm…

Bütün bunları görən və ağrısından ağrıyan Seyid Miralı Qoston bəylə qabaqlaşmalı olmuş, onun qarşısında şərtlər qoymuş və bu şərtləri «incinar ağaya» çatdırmağı tələb etmişdi. İndi o, Qoston bəylə ikinci dəfə üzləşəndə iti baxışlarını nəzarətçinin gözlərinə sancaraq, inadla cavab gözləyirdi.

- Bizim sözlərimizi incinar ağaya çatdırdınmı? Dedinmi ki, iş başında ölən Bahadurun qan haqqını qoca nənəsinə verməlidi? Söylədinmi ki, bu cəhənnəmdə yanıb yorğan-döşəyə düşən Çopur Hüseyn, Çaharlı Qasım, Mehdi oğlu Çərkəz, Otaylı Hənifə yeməyə çörək tapmadıqları üçün sağalmırlar? Naxoş olduqları müddətdə onların haqqını ödəməlisiniz…

Qoston bəy sakit danışmağında davam etdi:

- Söylədim, Seyid Miralı, söylədim. Sənin dediklərinin hamısını bircə-bircə qoydum incinar ağanın ovcuna. İncinar ağa diqqətlə qulaq asdı və sonra şaqqanaq çəkib güldü. Axırda dedi ki, qoy Seyid Miralı cəddini köməyə çağırsın, Tanrıdan təvəqqe eləsin ki, bu istiləri bir az azaltsın. Onda biz ağalar da rahat nəfəs alarıq, siz arxçəkənlərin də işi düzələr…

Qoston bəy bunları deyib özü də hırıldadı. Miralı onun kəlmələrindəki kinayəni tez anladı, gözləri daha da qıyıldı:

- Məni sarıma, Qoston bəy. Elə bu gün ağana çatdır ki, cəddim olsaydı, hamınızı külə döndərərdim… Yox, lazım döyül, səndən bizə elçi olmaz. Axşam bu camaatı yığıb özüm gedəcəm qantora, incinar ağanın hüzuruna. Görüm nə haqla bizim tələbimizi ödəmək istəmir, hələ üstəlik lağa qoyub gülür…

Qoston bəy ciddiləşdi, səsini ucaltdı:

- Belə danışıqlar səni xeyrə calamayacaq, Seyid Miralı. Onsuz da incinar ağa səndən çox yığıb, gec-tez səni göndərəcək gedər-gəlməzə. Atının cilovunu bir az dartsan yaxşıdı.

Miralı təbdən çıxmışdı, odur ki, dilinin ucunu yandıran sözləri saxlaya bilmirdi:

- Cilov dartmaq səndən qalıb, mehtər Güləstan. Məni qorxutma, onsuz da mənim aşım dibinəcən yağlıdı.

Elə bil Bahaduru çalan gürzə dirilib, Qoston bəyin ayağına dolandı. Nə vaxtdan bəri idi ki, heç kəs cürət edib onun keçmişini üzünə çəkmirdi. Qoston bəy çoxdan unutmuşdu ki, əsl adı mehtər Güləstandır və bir gün bu adın geri qayıdacağını ağlına da gətirmirdi. Onun dünyada ən çox qorxduğu şey «bəyliyini» itirməsi idi. Amma indii Seyid Miralı, Qoston bəyin əlinin altında işləyən adicə bir arxçəkən onun keçmişini qurdalamağa cürət etmişdi. O, Miralıdan hər şey gözləyirdi, təkcə bundan başqa. Odur ki, qan qulaqlarına vurdu, gözlərinə qızartı çökdü, əvvəllər üşəndiyi, qorxduğu möhkəm biləkli, dağ gövdəli Miralı əridi, balacalaşdı, cılız bir uşağa çevrildi. Sağ əlindəki şallaq yuxarı qalxdı, havada qıvrılaraq şaqqıltı qopartdı, fit çala-çala Miralının başına endi. Qıcanmış dişləri arasından bu sözlər çıxdı:

- Sən elə bir əbləhin belindən gəlmisən ki, özün kimi tərs idi. Ona görə də it kimi gəbərdi, üstündə quran oxuyan da olmadı…

Uşaqlıqda çox davakar olan Miralı sonralar atasının ruhuna and içmişdi ki, heç kimə əl qaldırmayacaq. O vaxtdan çox qovğalar olmuş, çox hadisə baş vermiş, amma Miralı hər dəfə səbrini basaraq, əhdini pozmamışdı. İndi isə bəndi yarmış çay kimi onu da saxlamaq çətin idi. Yumruqları düyünləndi, boynunun damarları dartıldı. Ağır-ağır Qoston bəyə doğru yeridi.

Nəzarətçi bu gəlişdən qorxaraq, geri çəkildi, arxın badına söykəndi. Əlindəki şallaq yenidən havaya qalxdı və bu dəfə Miralının açıq kürəyində şaqqıldadı. Uzun hörmə qayış köz kimi onun bədənini alışdırdı, şallağın ucu isə gürzə kimi sıçrayaraq, gözünün altını çaldı. İşıqlı dünya Miralının gözündə qaranlıqlaşdı, sonra bu qaraltı qırmızıya çevrildi. İstidən və qəzəbdən şişmiş damarları şallağın zərbinə tab gətirmədi, çiynindən və sifətindən qan fışqırdı. Bayaqdan hərcayı danışdığı üçün Qoston bəyi ağır yumruğuna qonaq etmək istəyən Miralı fikrindən daşındı. Pişik cəldliyi ilə geri atıldı, yerdən külüngü qapdı, qaldırması ilə Qoston bəyin başına çırpması bir oldu.

Arxın dibindən boğuq səs çıxdı. Günün qızmarında arxçəkənlərin alnından süzülən tər damcıları kimi bu səs də quru torpağa hopub yox oldu...

* * *

Seyid Miralının sürgün edilməsi xəbəri Qaradonlu əhlini məyus etdi. Arxçəkənlər isə həm sevinirdilər, həm də kədərlənirdilər. Sevinirdilər ki, Qoston bəy kimi əzazildən canları qurtardı. Ancaq Seyid Miralı yadlarına düşəndə qəmlənib, başlarını aşağı dikir, doluxsunmuş gözlərini bir-birindən gizlətməyə çalışırdılar.

Göz yaşlarını təkcə Səməd gizlətmirdi. Miralını silah qabağına qatıb aparan günü Səməd axşamadək üzü üstə sərilib qaldı, hönkür-hönkür ağladı, göz yaşı ilə quru torpağı islatdı. Sonrakı günlərdə də o, tez-tez Miralını xatırlayır, gözləri yol çəkirdi. Səməd bu dünyada tanıdığı «ən yaxşı və ən qüvvətli adamın» xiffətini çəkirdi. Uzun müddət onun kirpikləri qurumadı.

Əziz kişi isə içərisində ağlayır, göz yaşlarını qəlbinə axıdırdı. O, daxili bir peşmançılıq hissi ilə başını əsdirir, qanı çəkilib qaxaca dönmüş dodaqları arasında pıçıldayırdı:

- Allah mərdiməzara lənət eləsin. Qoymadı kişi bir parça çörəyini qazansın, bizim də çörəyimizə bais oldu. Miralı ürəkli adam idi, hamının qaydına qalırdı, təsibini çəkirdi… Amma Miralının qana düşməsində mənim də günahım var. Səfeh sözlərimlə kişini hövsələdən çıxarmasaydım, o da hirslənib Qoston gorbagorun üstünə düşməzdi… Nə isə, Allah ona yar olsun, çətin işini asan etsin…

Əziz kişi beləcə öz-özünə danışır, sonra oğlunun nəmli gözlərinə baxıb təsəlli verirdi:

- Ay oğul, çox da qəm yemə. Miralı elə iyiddi ki, ölümə asanlıqla can verməz. Gec-tez qayıdıb gələr, yenə təsibkeşimiz olar…

 

Yusif KƏRİMOV

 

əməkdar jurnalist

 

Ədəbiyyat qəzeti.- 2014.- 17 yanvar.- S.5.