AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
“Əsərləri” -
“Ədəbiyyat məcmuəsi”nin
xüsusi buraxılışı çapdan
çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun
“Əsərləri” - “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxmışdır.
İnstitutdan bildirmişlər ki,
1946-cı ildən nəşr edilən və sayca
24-cü cild olan elmi nəşrin xüsusi
buraxılışı Ədəbiyyat İnstitutunun
80 illik yubileyinə həsr olunmuşdur.
Xüsusi buraxılışın əvvəlində
ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin çoxəsrlik Azərbaycan ədəbiyyatı və
nəhəng ədəbi simaları barədə dəyərli
fikirləri yer almışdır. Kitabda, həmçinin “AMEA-nın Ədəbiyyat
İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqında”
akademiyanın rəyasət heyətinin 2013-cü il 17 oktyabr tarixli
qərarı da verilmişdir.
AMEA-nın
vitse-prezidenti, Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Nizami
adına Ədəbiyyat İnstitutu” məqaləsində
ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı
funksiyasını yerinə yetirən institutun
şərəfli tarixi, böyük
araşdırma ənənələri, görkəmli
yaradıcıları və
adlı-sanlı yetirmələri barədə müfəssəl
məlumat verilmişdir. Tarixi
oçerk səciyyəli bu
məqalə ingilis və rus
dillərinə də tərcümə edilmişdir.
Məcmuədə yer almış ikinci məqalə
“Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və
müasirləşmə yollarında (1933-2013)” (müəlliflər
akademik İsa Həbibbəyli
və filologiya üzrə elmlər doktoru Asif Rüstəmlidir)
adlanır. Tarixi qaynaqlar əsasında qələmə
alınmış bu tədqiqat işində
institutun keçdiyi
şərəfli yola nəzər
salınır, bu elmi-tədqiqat müəssisəsində
çalışmış görkəmli ədəbiyyatşünas
alimlərin həyat yolundan bəhs edilir, onların yaradıcılığı
barədə müfəssəl məlumat verilir.
On səkkiz çap vərəqi
həcmində nəşr olunmuş “Əsərlər”də
yer alan məqalələr
“Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları” və “Elmin yollarında” adlı iki
bölmədə paylanmışdır. Birinci
bölmədə 15, ikincidə isə 26 ədəbiyyatşünas
alim haqqında bioqrafik
oçerklər verilmişdir. Bu materiallar yığcam olsa da, əhatəlidir.
Materialların hazırlanmasında institutun
elmi əməkdaşlarının əksəriyyəti
iştirak etmişdir.
AMEA-nın
müxbir üzvü Teymur Kərimlinin “Nizami
adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri” məqaləsində
“Ədəbiyyat məcmuəsi” nəşrinin tarixinə nəzər
salınmış, akademik İsa
Həbibbəylinin rəhbərliyi ilə yeni
yaradılan “Ədəbi əlaqələr” və “Poetika.izm” jurnalları haqqında məlumat verilmişdir.
Xüsusi buraxılışın sonunda
AMEA-nın Humanitar və ictimai
elmlər bölməsi üzrə elmi-tədqiqat
institutlarının 2013-cü ilə dair reytinq cədvəli verilmişdir.
Bu cədvəldə Ədəbiyyat İnstitutunun yeri ön sıralardadır.
İsa Həbibbəylinin baş
redaktorluğu ilə “Elm
və təhsil” nəşriyyatında işıq üzü görmüş
elmi jurnalın məsul katibi
filologiya üzrə elmlər doktoru, professor Bədirxan
Əhmədov, nəşriyyat redaktoru
Töhfə Talıbovadır.
Ədəbiyyat qəzeti.- 2014.- 17 yanvar.- S.8.